Məhkəmə qərarları › İş №1(008)-301/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-301/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-301/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Qüdrət qızının, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri, A.Abdullayev küçəsi ev 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Şahid sonuncunun oğlu X1 barəsində Sabunçu rayon Məhkəməsində olan cinayət işi üzrə maddəsinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, arvadı Zərərçəkmiş şəxs Qüdrət qızına məxsus pul vəsaitindən 2023-cü ilin dekabr ayında 600 manat və 500 manat, 05 yanvar 2024-cü il tarixdə 200 manat pulun 4169 7388 1305 3794 nömrəli kart hesabına köçürülməsinə nail olub, sonuncu dəfə 2024-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasının qarşısında 500 manat olmaqla, ümumilikdə 1.800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs X2 1.800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid ilə ortaq tanışları vasitəsilə tanış olmuşdur. 2023-cü ilin dekabr ayının əvvəllərində Natiq ona zəng vurub oğlu Nicatın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sabunçu polis əməkdaşları tərəfindən tutulduğunu, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi aparıldığını bildirmişdir. X4 məhkəmədə köməklik göstərmək olarmı deyə maraqlanmağını xahiş etmişdir. Həmin vaxt ona maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Təxminən bir iki saat sonra Natiqə zəng vurub bu barədə tanışlarından maraqlandığını, məhkəmədə oğlu Nicatın maddəsini CM nin 234.1-ci maddəyə tövsif olunmasına və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə qərar çıxarılmasına köməklik göstərə biləcəyini, bunun üçün isə 1800 manat pul lazım olduğunu demişdir. Natiq də onunla razılaşmışdır. Əslində isə bu barədə heç kəslə maraqlanmamışdır. Sadəcə pula ehtiyyacı olduğu üçün özü Natiqə bu cür demişdir. Bundan sonra Natiq onun 4169 7388 1305 3794 nömrəli kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1300 manat pul göndərmişdir. 2024-cü ilin yanvar ayında isə onunla Bakı İstintaq Təcridxanasının qarşısında görüşən zaman Natiq ona qalan 500 manat pulu vermişdir. Həmin vaxt Natiqə narahat olmamasını, oğlu Nicatın işini danışdığını bildirmiş və ayrılmışlar. X5 işi ilə bağlı heç bir köməklik edə bilməmişdir. Natiqdən aldığı pulları isə öz şəxsi ehtiyacları üçün xərclədiyindən, onun pulunu geri qaytara bilməmişdir. Əməlindən peşmandır. Vurulmuş ziyandan 500 manat məhkəmə iclasında ödəniş etmişdir. Qalan ziyanı ödəyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Qüdrət qızı ifadəsində göstərdi ki, oğlu X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2023-cü ilin sentyabr ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin faktla bağlı barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi başlanılaraq həbs qətimkan tədbiri seçilmişdir. 2023-cü ilin dekabr ayında həyat yoldaşı Natiq bildirmişdir ki, bir nəfər tanışının vasitəsilə Novruz adlı şəxslə tanış olmuş, Novruzla oğlu Nicatın işi ilə bağlı söhbət edən zaman sonuncu Nicatın maddəsini CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsinə və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə köməklik göstərəcəyini vəd vermişdir. Həyat yoldaşı bildirmişdir ki, Novruz qeyd olunan məsələ ilə bağlı Nicata köməklik göstərməsi üçün 1800 manat pul istəmişdir. Həmin vaxt Natiqə demişdir ki, əgər köməklik edəcəksə həmin pulu verə bilər. Bundan sonra həyat yoldaşı Natiqin vasitəsilə Novruz adlı şəxsə ümumilikdə 1800 manat pul vermişdir. Belə ki, Natiq 2023-cü ilin dekabr ayında hissə-hissə olmaqla, 600 manat və 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pulu Novruzun 4169 7388 1305 3794 nömrəli kart hesabına göndərmiş, sonuncu dəfə 500 manat pulu isə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasının qarşısında Novruza vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, Novruz onları aldatmışdır. Belə ki, oğlu Nicat Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda 1800 manat ziyandan ona 500 manat ödənilmişdir, 1300 manat dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs Qüdrət qızı ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi və götürmə haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu İ Zabrat qəsəbəsi Kərpic zavodun yaxınlığında yerləşən FF marketə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v.7-10); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Qüdrət qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 oktyabr 2024-cü il tarixdə tutulmuşdur(i.v.67); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsindəqətimkan tədbiri seçilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır(i.v.88-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 69.4-cü maddəsinə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 320.1, 67.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.1, 69.3, 67.1, 68.2-ci maddəsinə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 2500 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir(i.v.105-107); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, onun olduğu yer müəyyən edilənə qədər iş üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməlinin törədilməsində təqsirləndirilmiş, vurulmuş ziyanı ödədiyindən barəsində olan cinayət işi üzrə icraata xitam verilmiş, lakin buna baxmayaraq islah olunmayaraq hazırki cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının və məhkəmənin çağırışlarına gəlməmiş, barəsində axtarış elan edilərək iş üzrə icraat bir neçə dəfə dayandırılmışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xaraxterizə edən hallar kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 16 may 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs Qüdrət qızına mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Qüdrət qızına mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 07 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar