Məhkəmə qərarları › İş №1(008)-304/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-304/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-304/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 12 radələrində onunla qonşuluqda yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Rzazadə küçəsində fərdi nömrəsiz evin həyətində onunla internet xəttinin ondan icazəsiz çəkilərək onun həyətinin üzərindən keçməsinə narazılıq yaratmasına irad bildirməklə bunu bəhanə edərək, həmin gün saat 12 radələrində uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda yaşayan şəxslərin 10-15 dəqiqə narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Rzazadə küçəsində fərdi nömrəsiz evin həyətində silah qismində istifadə etdiyi üzərində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfüz etməyən bir ədəd, sağ saidin yuxarı 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaraları, boyun və sağ said nahiyələrinin cızıqları, döş qəfəsinin ön səthinin qançırından ibarət qəsdən sağlamlığa yüngül zərərvuran xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 23 aprel 2024-cü il tarixdə saat təxminən 12 radələrində yuxudan durmuş və həyətə çıxmış, həyətdə yerləşən sanitar qovşağının üzərindən internet xətti kabelinin keçdiyini görmüş və qardaşı Azada məlumat vermişdir. Qardaşı Azad kabelin onlarla qonşuluqda yaşayan bibisi X2 həyətindən çəkildiyini görmüş və qardaşına onu öz həyətlərində gözləməyini bildirmiş, Azadın özü isə bibisigilin yaşadığı evin qapısına getmişdir. O, qardaşı Azadın öz yaşadıqları evin həyətindən çıxdığını gördükdən sonra onun arxasınca bibisigilə getmişdir. Bibisigilin qapısını bibisi oğlu Rəvan açmış, o isə bibisinin həyat yoldaşı Cəmşidi çağırmışdır. Cəmşid evdən bayıra çıxmış və həyətə düşmüşdür. Bu zaman qardaşı Azad bibisinin həyat yoldaşı Cəmşidə internet xətti kabelini icazəsiz keçirməyinin səbəbini soruşmuş, Cəmşid isə Azada cavab olaraq kabelin yuxarıdan çəkildiyini bildirmişdir. Bundan sonra o, Cəmşidə kabelin onların həyətinin üzərindən keçməsinə narazı olmağı barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bildirmişdir. Bu zaman onların arasında söz mübahisəsi yaranmışdır. Bundan sonra Cəmşid qardaşı Azada ana söyüşü söyərək yumruq və sillə atmış, Cəmşidin vurduğu zərbələr onun qardaşı Azada dəymişdir. Qardaşı Azad isə özünü müdafiə etmək üçün Cəmişdə yumruq və təpik zərbələri atmışdır. Onun qardaşı Azadın arxası bibisigilin həyətində olan su quyusuna tərəf olduğu üçün o, qardaşının su quyusuna yıxılmasından ehtiyat edərək dərhal onlara yaxınlaşmış və onları ayırmağa çalışmışdır. O, qardaşı Azadla Cəmşidi ayırandan sonra Cəmşid həyətdəki evin divarına söykənmiş taxta sapdan ibarət lapatkanı götürmüş və onun üzərinə hücüm çəkmiş, bu zaman o, Cəmşidin onu lapatka ilə vuracağından qorxaraq özünü müdafiə etmək üçün şalvarının sağ yan cibində gizlətdiyi cib bıçağını çıxararaq həmin bıçağı açmış və sağa-sola hərəkət etdirməyə başlamışdır. Bu zaman onun arxasına keçən Rəvan onun arxasında duraraq onu boğmağa başlamış və badalaq verərək onu yerə yıxmışdır. O, da yerə yıxılan kimi Rəvan onu yumruq təpiklə vurmağa başlamışdır. Bu zaman qardaşı Azadın isə Cəmşid və onun əmisi oğlu Rizvan tərəfindən döyüldüyünü görmüşdür. O, yerdən durmaq üçün və Rəvanı özündən uzaqlaşdırmaq üçün əlində olan bıçaqla Rəvanın sinə və sağ qol nahiyəsinə 2 dəfə ardıcllıqla zərbə vurmuş, zərbənin təsirindən Rəvan yerə yıxılmış, Rizvan və Cəmşid qardaşı Azaddan əl çəkərək Rəvana kömək etmək üçün onun yanına qaçdılar. Bundan sonra Rizvan Rəvana yaxınlaşıb onu qucağına alaraq xəstəxanaya aparmış, o və qardaşı Azad dərhal bibisigilin həyətindən çıxaraq öz evlərinə getmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə bibisigilin həyətində baş vermiş və təqribən 10 dəqiqə davam etmiş, hadisə zamanı orada o, qardaşı Azad, bibisinin həyat yoldaşı Cəmşid, bibisi oğlu Rəvan və Cəmşidin əmisi oğlu Rizvan olmuş, başqa heç kim olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 aprel 2024-cü il tarixdə səhər satlarında atasının işdə olduğu zaman ona zəng edərək internet xətti çəkən işçilərin xətti çəkməyə gələcəklərini bildirmişdir. Həmin işçilər gəlib internet xəttini çəkib getdikdən sonra atası evə günorta yeməyinə gəlmiş, yemək yeyib yatdıqdan bir neçə dəqiqə sonra dayısı oğlu Azad onların həyətinə gələrək atasını çağırmışdır. Bu zaman o, həyətə çıxmış və Azad ona atasını çağırmağını bildirmişdir. Bundan sonra o, evə girərək atası Cəmşidi yuxudan oyatmış və atası həyətə çıxdıqdan sonra o, bacısı ilə birlikdə qonaq otağında yerləşən divanın üzərində oturaraq televizora baxmışlar. Bir neçə dəqiqə sonra həyətlərində səs-küy eşitmiş və pəncərədən baxdıqda isə dayısı oğlanları Azad və Vüsalın onların həyətində əllərində bıçaqla atasının üzərinə getdiklərini görmüş, atasının səsini eşitdikdən sonra dərhal həyətə çıxan zaman dayısı oğlu Vüsalın atasını arxadan bıçaqla vurmaq istədiyini gördükdə o, atasını qorumaq üçün onun üzərinə qaçaraq əlindəki bıçağı almaq istəyəndə Vüsal ona tərəf çevrilərək 3 dəfə ardıcıl olaraq 2 dəfə ürəyinə və 1 dəfə sağ qoluna bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. O, zərbənin təsirindən yerə yıxılmış və qorxudan özünü itirmişdir. Səs-küyə qonşuluqda yaşayan atasının əmisi oğlu Rizvan gəlmişdir. Rizvan həyətə girən kimi onu tez qucağına götürərək X9 aparmış və orada onu dərhal cərrahi əməliyyata götürmüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə onların evinin həyətində baş vermiş və təqribən 10-15 dəqiqə davam etmişdir, həyətdə isə o, bacısı Səbinə, atası Cəmşid, dayısı oğlanları Azad və Vüsalın olmuş, onun bıçaqlanmasından sonra isə atasının əmisi oğlu Rizvan gəlmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixdə işdə olan zaman internet xətti çəkən işçilər ona zəng edərək evdə olub-olmamasını soruşmuşlar. O, da işdə olduğunu nə səbəbə soruşduqlarını maraqlandıqda onlar internet xəttini çəkmək istədiklərini bildirmişlər. O, da həmin şəxsə “mən evdə deyiləm oğlum Rəvan evdədi, gedin mən uşağa deyəcəm çıxsın qapıya” demişdir. Təxminən 30 dəqiqə sonra oğlu Rəvan onunla telefon əlaqəsi saxlayaraq “ata internet xəttini çəkib getilər” demişdir. O, həmin günü saat təxminən 12 radələrində yaşadığı evə gəlmiş, günorta yeməyimi yeyib yatmış, bir az vaxt keçəndən sonra oğlu Rəvan onu yuxudan oyadaraq “ata səni Azad və Vüsal çağırılar” demişdir. O, həyətə çıxmış və qaynının uşaqları Azad və Vüsalın onun həyətində olduğunu görmüşdür. Azad ona “səni 1 dəqiqə olar” demiş, o, isə “niyə olmur lap 5 dəqiqdə olar” demiş, sonra Azad ona “gəl bura” deyib hasara tərəf çağırmışdır. O, da öz həyətində olan hasara tərəf getmiş, Azad əli ilə internet xəttini göstərib “bu internet xəttini kim burdan çəkib” deyərək soruşmuş, o, da Azada “dövlətin çəkdiyi internet xəttidir nə sözün var get onlara denən” demişdir. Bundan sonra Azad ona “mən dövlət zad tanımıram” demiş, o, da Azada “öz problemindi” deyərək cavab vermişdir. Bundan sonra Azad ona çıxıb həmin xətti kəsəcəyini demiş, o, da Azada cavab olaraq “zəng elə özləri gəlib kəssinlər” demişdir. Bundan sonra Azad ona “mən orada darvaza qoyacam” demiş, o, da Azada “sən darvaza qoyanda mənə deyərsən mən həmin xəttin istiqamətini dəyişərəm. Birdəki həmin internet xətti 30 metr hündürlükdən keçir” demişdir. Bu zaman Azad ona “yerdə mənimdir, göydə mənimdir” demişdir. O, Azada “get sözünü dövlətin işçilərinə de və mənim həyətimdən çıx get” dedikdən sonra Azad onun yaxasından tutaraq onu boğmaq istəmiş, o, da Azadı itələmiş, bu zaman Azad şalvarının üzərindəki qayışının altında gizlətiyi cib bıçağını çıxararaq bıçaqla əl hərəkətləri edərək onu vurmağa çalışmış, ondan yayınsa da Azad onun sağ qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Azadın qardaşı Vüsal əlində olan bıçaqla onun arxa tərəfindən üzərinə gəlmiş və sol diz nahiyəsinə bir bıçaq zərbəsi atmış və dizini sıyırmışdır. Bundan sonra oğlu Rəvan evdən həyətə çıxmış və Vüsala “atamı niyə bıçaqla vurmaq istəyirsən” demiş, Vüsal isə onun oğlu Rəvana “lazım gələn adamı vuracayıq” demiş, Rəvan Vüsala “çıxın həyətimizdən gedin” demiş Vüsal onun oğlu Rəvana 3 dəfə bıçaq zərbəsi vurmuş və xəsarət yetirmişdir. Onun oğlu Rəvan aldığı xəsarətdən yerə yıxılmış, səs-küyə qonşuluqda yaşayan əmisi oğlu Rizvan gəlmişdir. Rizvan həyətə girən kimi oğlu Rəvanı təcili olaraq qucağına götürmüş və X9 aparmışdır. O, evində 15 yaşlı qızı Səbinənin olduğundan qorxmuşdur ki, onlar qızına xəsarət yetirərlər. Səs-küyə gələn qonşuları Kənan həyətə girən zaman onlar qaçaraq həyətdən çıxıb getmişlər. Daha sonra o, qızı Səbinəni qonşuluqda yaşayan Adilə xalagilə aparıb təhvil vermiş və özüdə X9 getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 aprel 2024-cü il tarixdə səhər satlarında atası Cəmşid işə getmiş o, qardaşı Rəvanla birlikdə öz evlərində oturmuşlar. Atası qardaşı Rəvana zəng edərək internet xətti çəkən işçilərin xətti çəkməyə gəlməsini bildirmiş, bundan sonra həmin işçilər gəlib internet xəttini çəkib getdikdən sonra atası evə günorta yeməyinə gəlmişdir. Atası Cəmşid yemək yeyib yatdıqdan bir neçə dəqiqə sonra dayısı oğlu Azad onların həyətinə gələrək atasını çağırmış, qardaşı Rəvan həyətə çıxmış və Azad ona atasını çağırmağını bildirmiş, Rəvan evə girərək atasını yuxudan oyatmış və atası həyətə çıxmışdır. O, isə Rəvanla birlikdə qonaq otağında yerləşən divanın üzərində oturaraq televizora baxmışdır. Bir neçə dəqiqə sonra həyətlərində səs-küy eşitdikləri üçün qardaşı Rəvan pəncərədən həyətə baxmış, dayısı oğlanları Azad və Vüsalın həyətlərində əllərində bıçaqla atasının üzərinə getdiyini görmüşdür. Atasının səsini eşitdikdən sonra dərhal qardaşı Rəvan həyətə çıxmış, dayısı oğlu Vüsal atasını arxadan bıçaqla vurmaq istəyəndə Rəvan onun üzərinə qaçaraq əlindəki bıçağı almaq istəyəndə Vüsal qardaşı Rəvana tərəf çevrilərək ona 3 dəfə olmaqla bıçaq zərbəsi vuraraq xəsarət yetirdiyini görmüşdür. Bundan sonra qardaşı Rəvan aldığı xəsarətdən yerə yıxılmış, o, isə pəncərənin qarşısından qaçaraq həyətə çıxmış, yerə yıxılmış Rəvanın özünün əynində olan ağ rəngli qısaqol köynəyini yuxarı çəkməsini və onun sinəsinin qana boyandığını görmüşdür. Səs-küyə qonşuluqda yaşayan atasının əmisi oğlu Rizvan əmisi gəlmişdir. Rizvan həyətə girən kimi qardaşı Rəvanı tez qucağına götürmüş və xəstəxanaya aparmışdır. Rizvan əmisi xəstəxaya gedəndən sonra Vüsal və Azad onların həyətindən çıxmamış, əllərində bıçaqla həyətləridə fırlanaraq atasını nəlayiq küçə söyüşləri ilə söyüb təhqir etdiklərini görmüşdür. Bundan sonra səs-küyə qonşuları Kənan gəldikdən sonra dayısı oğlanları Azad və Vüsal hasardan keçərək öz evlərinə qaçıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Cəmşidin həyətindən səs-küy eşitdiyini və öz yaşadığı evin həyətindən küçəyə çıxanda digər qonşusu Rizavanın qucağında köynəyi qana bulaşan Rəvanın olduğunu görmüş, Rizvan Rəvanı özünün idarə etdiyi avtomobilin qabaq sərnişin tərəfinə uzadaraq aparmasını görmüşdür. Bundan sonra o, qonşuluqda yaşayan Adilə xalanın küçədə olduğunu və ondan nə baş verdiyini soruşduqda Adilə xala ona Rəvanın dayısı oğlu Vüsal tərəfindən bıçaqlandığını demişdir. O, tez Cəmşidin həyətinə girmiş, bu zaman Vüsalın əlində cib bıçağını görmüşdür. Bundan sonra onu görən Vüsal Azadla birlikdə həyətin hasarından aşaraq öz evlərinə tərəf qaçmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2024-cü il tarixdə saat 12 radələrində əmisi oğlu Cəmşidgilin həyətində səs-küy gəldiyini eşitmiş, o, da dərhal evdən çıxıb onların həyətinə getdikdə Cəmşid onun oğlu Rəvan ilə qohumları Vüsal və Azadın onların həyətində dalaşdıqlarını görmüş, o, təcili olaraq onları aralaşdıran zaman Cəmşidin qohumu Vüsalın əlində bıçaq olduğunu, Cəmşidin oğlu Rəvanın isə yerə yıxıldığını, döş qəfəsinin bıçaqla yaralandığını və qan gəldiyini görmüşdür. O, tez onlara yaxınlaşmış və Rəvanı qucağına alaraq özünün idarə etdiyi avtomobilin qabaq sərnişin tərəfinə uzadaraq X9 aparmış, yolda olan zaman onunla qonşuluqda yaşayan Kənan ona zəng edərək hara getdiyini soruşmuş, o, isə X9 getdiyini bildirmişdir. Cinayət işinin 18-20-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən həyət evidir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 916 nömrəli rəydən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sağ əlin iki (2) ədəd kəsilmiş yaraları; sağ təpə və sağ qalça nahiyələrinin qançırları müyyən edildi. Xəsarətlərin törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən sağ əlin iki (2) ədəd kəsilmiş yaraları kəsici alət (alətlər) təsirindən törənmişdir və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sağ təpə və sağ qalça nahiyələrinin qançırları isə küt əşya (əşyalar) təsirindən törənmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərdən sağ əlin iki (2) ədəd kəsilmiş yaraları müxtəlif şəraitlərdə özü və kənar şəxs tərəfindən yetirilə bilər. Digər xəsarətlərin isə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 917 nömrəli rəydən görünür ki, vətəndaş X1 əlin İV barmağının qançırı; sağ dirsək və sağ diz oynağı nahiyələrinin, sağ və sol bel nahiyələrinin qançır və sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 896 nömrəli rəydən görünür ki, vətəndaş Şahid2 qarın nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş səthi yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə, xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 899 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd, sağ saidin yuxarı 1/3-nin bir ədəd deşilmişkəsilmiş yaraları, boyun və sağ said nahiyələrinin cızıqları, döş qəfəsinin ön səthinin qançırı müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin və sağ saidin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər; boyun və sağ said nahiyələrinin cızıqları iti uca malik əşya (əşyalar) təsirindən, döş qəfəsinin qançırı isə bərk küt əşya təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 128-130-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 133-cü vərəqində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nə gələrək baş vermiş hadisə zamanı qohumu Zərərçəkmiş şəxs xəsarət yetirdiyi özünə məxsus olan 01 ədəd bıçağı istintaq orqanına könüllü təqdim etdi. Cinayət işinin 138-ci vərəqində olan “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli tiyə və dəstəkdən ibarətdir. Ümumi uzunluğu 198 mm-dir. Bıçağın tiyəsi – bozumtul gümüşü rəngli metaldan hazırlanmışdır. Tiyənin ülgünc tərəfi hər iki tərəfdən itilənmişdir. Tiyənin uzunluğu 87 mm, eni 10 mm-dir. Bıçağın dəstəyinin uzunluğu 111 mm, eni 12 mm-dir. Dəstəyin hər iki səthində qızılı rəngli metal lövhələr xırda ölçülü düzxətli və üçbucaq şəkilli oyma naxışlar vardır. Cinayət işinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 185-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6 və X4” X11 xx.xx.2024-cü il tarixli, 485-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 190-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6 və X4” X11 xx.xx.2024-cü il tarixli, 689/2024 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçağın tiyəsi üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni O(l) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş qatlanan bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. Cinayət işinin 224-227-ci vərəqələrində olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək daha ciddi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Cinayət işinin 234-247-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham tərəfinin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri təqsirləndirilən şəxsin əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxsin özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə təqsirləndirilən şəxsin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmiş, Təqsirləndirilən şəxs qonşuqluda yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Rzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində internet xəttinin ondan icazəsiz çəkilməsinə görə qohumlar arasında şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Halbuki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, təqsirləndirilən şəxsin əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi yerdə, yəni fərdi yaşayış evinin həyətində yalnız qohumluq münasibətində olan Təqsirləndirilən şəxs və onun qardaşı X8, həmçinin Zərərçəkmiş şəxs və onun atası Şahid2 olmuş, kənar şəxslərin diqqəti cəlb edilməmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da, müəyyən olunduğu kimi xuliqanlıq cinayəti motivsiz cinayətdir, yəni, təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi bilavasitə qohumlar arasında mübahisənin yaranmasına səbəb təqsirləndirilən şəxsin razılığı olmadan sonuncunun həyətinin üzərindən internet xəttinin çəkilməsi ilə bağlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Beləliklə, ittiham tərəfinin təqsirləndirilən şəxsin törətdiyi əməlin xuliqanlıq əməli kimi tövsif edilməsi ilə bağlı heç bir dəlili olmasa da, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsini yuxarıda adı çəkilən ekspert rəyi mövcud fakt kimi təsdiq edir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmçinin adı çəkilən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər—təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxsin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması, cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və gənc olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağı məhv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağı məhv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar