Məhkəmə qərarları › İş №1(008)-305/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-305/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-305/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının əvvəllərində saat 02 radələrində özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir parçasıyla çıxardaraq pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub oradan ümumilkdə iki ədəd olmaqla bir ədədinin dəyəri 800 manat, digərinin dəyəri 600 manat olan “Sony” markalı televizorları, bir ədəd 300 manat dəyərində olan “Samsung” markalı tozsoranı, 01 ədəd “Samsung” markalı DVD aparatını, cəmi dəyəri 1000 manat təşkil edən spirtli içkiləri və ümumilikdə dəyəri 1200 manat təşkil edən və məişətdə istifadə olunan qab-qacaq, bıçaq və qaşıq dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, xx xxxx 2019-cu il saat 09:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çapayev küçəsi, 3A saylı evin 1 saylı ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində bir ədəd “Lenova” markalı noutbook markalı kompüteri, 40 manat dəyərində bir ədəd “Rich İnteryer” brendinə aid Pommerbankı, 50 manat dəyərində bir ədəd kompüter üçün nəzərdə tutulmuş “Firizover” markalı mouseni, 9000 manat dəyərində qadın üçün bir cüt birliyant qaşlı sırğaları, bir ədəd birliyant qaşlı qızıl klonu və qızıl boyunbağı ilə birlikdə, bir ədəd qızıl bilərziki, 200 manat dəyərində Svarovski brendinə aid bir ədəd gümüş boyunbağı klonu ilə birlikdə, bir cüt gümüş sırğıları, bir neçə gümüş metaldan olan qadın üçün zinyət əşyalarını, 70 manat nəğd pulu, 400 manat dəyərində uşaq üçün yeni paltarları, 60 manat dəyərində kişi üçün cins şalvarı, 250 manat dəyərində bir ədəd “LG” markalı 82 ölçüdə plazma televizorunu və sair geyim paltarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 10.570 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusat məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxslərin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti pis olduğuna görə oğurluq edərək qazanc əldə etmək qərarına gəlmişdir. O, 2019-cu ilin mart ayının əvvələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində piyada gəzərəkən oğurluq etmək məqsədi ilə fərdi yaşayış evlərinə nəzər yetirmiş, həmin zaman bir bağ evinin yanında dayanmış və evin işıqlarının yanmadığını görmüşdür. O, bir qədər gözlədikdən sonra həmin evdə heç kəsin olmadığına əmin olmuşdur. Bundan sonra o, həmin bağ evinin hasarından həyətə keçmiş, üzərində gətirdiyi dəmir mıx çıxardan ilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq çıxarmış və pəncərədən evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra evdən qiymətli əşya axtarmağa başlamış, daxil olduğu otaqdan “Sony” markalı televizor, bir ədəd “Samsung” markalı tozsoran, evin 3-cü mərtəbəsindən spirtli içki olan viskilər, müxtəlif qablar, bıçaqlar, qaşıq və bir ədəd “Samsung” markalı “DVD” aparatı oğurlayaraq evdən tapdığı sumkaya yığıb oradan uzaqlaşmışdır. O, səhəri gün oğurladığı əşyaların hamısını Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “Sabunçu bazarı” deyilən yerdə tanımadığı şəxsə 500 manata satmış, spirtli içkiləri isə özü içmişdir. Əldə etdiyi 500 manat pulu isə özü üçün xərcləmişdir. Bundan başqa, o, ilkin olaraq törətmiş olduğu oğurluq cinayətinə görə tutulmadığı üçün və maddi imkanı yaxşı olmadığına görə təkrarən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, qonşuluqda yaşan Zərərçəkmiş şəxs2 səhərlər işə getdiyini və axşam saatlarında işdən qayıtdığını bir-neçə dəfə müşahidə etmiş, buna görə də, Fərhadın evdindən oğurluq etməyi düşünmüşdür. Bu məqsədlə xx xxxx 2019cu il saat 09 radələrində Fərhadın evinin yaxınlığında dayanmış, həmin vaxt Fərhad və həyat yoldaşı evdən çıxaraq getmələrini görmüşdür. O, bir qədər gözləyərək küçədə heçkimin olmadığını gördükdən sonra saat 09:30 radələrində evin hasarından həyətə keçmişdir. Həmin zaman üzərində gətirdiyi mıx çıxardan ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını çıxardaraq pəncərədən evə daxil olmuşdur. O, evdə qiymətli əşya axtarmaq məqsədi ilə evi dağınıq hala salmışdır. Daha sonra o, evdən bir ədəd noutbook, bir ədəd “Pommerbank”, bir ədəd kompüter üçün nəzərdə tutulmuş «mouse», bir cüt briliyant qaşlı sırğalar, bir ədəd briliyant qaşlı qızıl klon və qızıl boyunbağı ilə birlikdə, bir ədəd qızıl bilərzik, bir ədəd gümüş boyunbağı klonu ilə birlikdə, bir cüt gümüş sırğalar, bir neçə gümüş metaldan qadın üçün zinyət əşyaları, 70 manat nəğd pul, uşaq üçün yeni paltarlar, kişi üçün cins şalvar, bir ədəd «LG» markalı plazma televizor və geyim paltarları oğurlamışdır. O, həmin əşyaları evdən tapdığı sumkalara yığaraq oradan çıxıb dərhal uzaqlaşmış, oğurladığı bütün əşyaları bir-neçə gün ərzində ardıcıllıqla Sabunçu rayonunda yerləşən “Rus bazarı” kimi tanınan bazarda tanımadığı şəxslərə müəyyən qiymətlərə satmışdır. Oğurladığı ev əşyaları və qızıl ziynət əşyalarını sataraq 2000 manat məbləğində pul əldə etmiş və əldə etdiyi pulların hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki, ünvan 4 B ünvanında onun üç mərtəbəli fərdi yaşayış evi var, lakin, həmin evdə yaşamır. 2019-cu ilin mart ayının 11-də o, ailəsi ilə birlikdə özünə məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş və görmüşdür ki, evin birinci mərtəbəsində olan plastik pəncərənin üzərindəki dəmir barmaqlıq sındırılmış və plastik pəncərə açılmışdır. Bundan sonra, evə daxil olduqda evdən ölçüsünü tam dəqiq bilmədiyi 01 ədəd 800 manat dəyərində, 01 ədəd isə 600 manat dəyərində “Sony” markalı televizorların, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı tozsoranın, 01 ədəd 100 manat dəyərində DVD aparatının, cəmi dəyəri 1000 manat təşkil edən spirtli içkilərin və ümumi dəyəri 1200 manat təşkil edən məişətdə istifadə olunan qabların, bıçaqların, qaşıq dəstlərinin oğulanmasını aşkar etmişdir. Bundan sonra o, bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il saat 09 radəsində arvadı ilə birlikdə evdən çıxaraq işə getmiş, həmin gün saat 22 radələrində evə qayıtdıqları zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığının və evdən oğurluq edilməsini aşkar etmişlər. O, həmin zaman evə nəzər yetirmiş və müəyyəndir etmiş ki, evdən 500 manat dəyərində bir ədəd noutbook, bir ədəd 40 manat dəyərində Powerbank, 50 manat dəyərində bir ədəd kompyuter üçün nəzərdə tutulmuş «mousen», 9000 manat dəyərində qadın üçün bir cüt brilliantt qaşlı sırğalar, bir ədəd brilliant qaşlı qızıl klon və qızıl boyunbağı ilə birlikdə, bir ədəd qızıl bilərzik, 200 manat dəyərində bir ədəd gümüş boyunbağı, klonu ilə birlikdə, bir cüt gümüş sırğa, bir neçə gümüş metaldan olan qadın üçün zinyət əşyaları, 70 manat nağd pulu, 400 manat dəyərində uşaq üçün yeni paltarlar, 60 manat dəyərində kişi üçün cins şalvar, 250 manat dəyərində bir ədəd “LG” markalı 82 ölçüdə plazma televizorunu və sair geyim paltarları oğurlanmışdır. Bundan sonra, o, bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 10.570 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin etməyi xahiş etmişdir. Cinayət işinin 144-145-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 993 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmuş, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 127-130-cu vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-266/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan AZE 11806780 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 140-142-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 04 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadəsi və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil və bu səbəbdən qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları məhkəmə nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxx 2020-ci il tarixdən məhdudlaşdırılmış, bu səbəbdən də, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar