Məhkəmə qərarları › İş №1(008)-305/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-305/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-305/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 22 dekabr 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə 23 dekabr 2024-cü il tarixdə saat 01:45-də üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə 22 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər ərazisindən üzdən tanıdığı lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyim şəxsə 30 (otuz) manat pul verməklə şəxsi istifadəsi üçün 01 (bir) büküm narkotik vasitə olan kakos almış və onu əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuş, narkotik vasitəni özü üçün almış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır, 22 dekabr 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, qəbirstanın yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya vasitənin olmasından şübhə edildiyi üçün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirmişlər, polis şöbəsində olarkən 2 yaşından bəri Azərbaycanda yaşadığı üçün latın qrafikasıyla sərbəst yazıb oxumağı bacarması, bu səbəbdəndə tərcüməçinin iştirakından imtina etməsi barədə ərizə ilə 12-ci Polis şöbəsinə müraciət etmiş, daha sonra Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, vəkilinin həmin şəxsi axtarışda iştirak etməsini istəməmiş, çünki üzərində narkotik vasitə olan “heroin” saxlanılırmış, vəkil Polis Şöbəsinin xidməti otağından çıxdıqdan sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə “kakos” kimi tanıdığı kütləni təqdim etmiş, polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni üzdən tanıdığı lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Nizami rayonu, Neftçilər ərazisindən 30 (otuz) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü ımzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. Ruhi və psixi cəhətdən sağlamdır, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitə heroini heç bir şəxsə satmaq niyyətində olmamışdır. Ona verilmiş sullara cavabında isə bildirmişdir ki, vətən müharibəsinin iştirakçısı olduğu üçün müharibə almış olduğu xəsarət və psixoloji gərginliklərlə bağlı narkotik vasitələri qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsindədir. 22 dekabr 2024-cü il tarixdə iş yoldaşı, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə, yəni Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, qəbirstanlığın yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etdikdə həmin şəxs sənədinin üzərində olmadığını bildirərək onlardan yayınmağa cəhd etmiş, bundan sonra iş yoldaşı Şahid2 ilə birlikdə həmin şəxsi Sabunçu Rayon Polis idarəsinin 12-cı Polis Şöbəsinə gətirilmiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs Xalıq oğlu olduğu müəyyən edilmiş, Polis Şöbəsinə gətirildikdən sonra o Sabunçu RPl-nin 12-ci PŞ-nin xidməti otağında şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmiş, videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünün içərisindəki narkotik maddəyə bənzər kütlə aşkar edilib götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu deyərək, həmin kütləni üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Neftçilər adlanan ərazidən 30 (otuz) manat verməklə şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunaraq düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili İsmayılov X5 Əli Vilayət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilərək üzərində olması ehtimal edilən narkotik vasitələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş içərisindəki narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Nizami rayonu, Neftçilər ərazisindən tanımadığı şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. əlavə suallara cavab olaraq 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir(i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 159” dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə (imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir.Qeyd: Herolnin təmiz çəkisi - 0,835 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,785 qram.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-ın İ siyahısına daxildir (i.v.34-38). “Diskə baxış keçirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Şahid3 özünü təqdim edir, sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyədə əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün 23 dekabr 2024-cü il tarixdə saxlanılaraq 12-ci Polis şöbəsinə gətirildiyini bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirir, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs açıq mavi rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təhqiqatçıya təqdim edir. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində açıq qəhvəyi rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükülüdən aşkar olunmuş kütləni “kakos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni 30 manat pul verməklə Neftçilər adlanan ərazidən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır(i.v.91-92). “Maddi sübut kimi tanıma haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut hesab olunmuş, tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0,785 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 23 dekabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.123-125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 yanvar 2025-ci il tarixli 349 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.129-130). “Diskə baxış keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir(i.v.134). “Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 31 yanvar 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd diskin 31 yanvar 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu rayon Polis İdarəsinin 12ci Polis şöbəsinə.göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 3-16-16/2-6/5539 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 yanvar 2025-ci il tarixli 349 rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir (i.v.136-142). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 23:30-dan tutulmuş hesab edilmişdir (i.v.17). “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AZərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.56-57). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Sabunçu RPİ MSY-dən azad edilmişdir(i.v.82-85). “Qətimkan tədbiri seçilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.86-88, 90). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli hömkünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 26 gün müddətinə azadlığı məhdudlaşdırılmışdır. Bundan başqa qeyd olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hömkünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-cı maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılmışdır (i.v.99-100). Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,835 qram olan tünd boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertizanının tədqiqatından sonra narkotik vasitə heroinin 0,785 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v 123-125, 127). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-517/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və onun barəsində 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (i.v.101-107). Məhkəmənin sorğusuna cavabında Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-35-84/2-20617/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə məhkum cəzasının 01 il 06 ay 10 gününü çəkmiş, çəkilməmiş hissəsi 11 ay 12 gün təşkil edir. Məhkəmənin sorğusuna cavabında Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-35-84/2-21788/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə məhkum cəzasının 01 il 06 ay 18 gününü çəkmiş, çəkilməmiş hissəsi 11 ay 08 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X6 şəhid ailə üzvü statusu var. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsi surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin bir-birini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində onun saxlanılması yerinin həyət evinin daxilində olması ilə bağlı hissədə qeyd edir ki, məhkəmə istintaqınadək olan dövrdə bununla bağlı hər hansı formada məlumat verməmiş, şahidlər ifadəsində Sabunçu rayonu, E.Mehdiyev küçəsi, qəbirstanlığın yaxınlığında piyada olarkən saxlanılmasını qeyd etmişlər. Yekunda ona ünvanlanmış suallara cavabında isə həmin həyət evinin göstərilən ünvanda olmasını, ola bilsin ki, səhv saldığını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi), əməlindən peşman olmasını, Qarabağ müharibəsi iştirakçısı olmasını, medalla təltif olunmasını, qardaşının müharibədə şəhid olmasını, ailəsi olmasını(59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır(Qarabağ müharibəsi iştirakçısı olmasını, medalla təltif olunmasını, qardaşının müharibədə şəhid olmasını, şəhid ailəsi üzvü olmasını) və onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə cəzaçəkmə müddətinin əvvəlinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı probasiya İdarəsində qeydiyyata alınmaqla cəza çəkdiyindən, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzası, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(011)-517/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 ay 08 gün müddət azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 22 dekabr 2024-cü il tarixdən 24 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik maddə olan 0,785 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut–01 ədəd “DVD” disk materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar