Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-306/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2 AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarıda həddində cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət törətməsi onunla izah olunur ki, anası Zeybə Hacıyeva xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında (Hacıyeva Zeybənin mənzilində) tik tok şəbəkəsində açmış olduğu canlı yayında Mikayılzadə Arif, anası Zeybə Hacıyevaya onun adını çəkərək məni tutduracağını, bunların olmaması üçün onun anası Zeybənin və özünün ayaqlarını yalayacağı təqdirdə bəlkə bağışlayacağını, anası Zeybə Hacıyeva isə ayağını yalayacağı təqdirdə belə bağışlamayacaqlarını kütləvi informasiya vasitəsində, kütlə qarşısında mənim barəmdə Arif Mikayılzadənin işlətdiyi ifadələr onun şərəfini, ləyaqətini ləkələmişdir. Bu hadisə Hacıyeva Zeybənin ünvan 2 ünvanında yerləşən mənzilində, xx.xx.2022-ci il tarixində, gecə saat 00.34 radələrində baş vermişdir. X11-tok sosial informasiya şəbəkəsindəki kütləvi çıxışında onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqir etmiş, bununla da AR cinayət məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X3 xx.xx.2022-ci il tarixində, gecə saat 00.34 radələrində ünvan 1 ünvanında Arif Mikayılzadə anası Zeybə Hacıyevaya məxsus tik tok şəbəkəsində açmış olduğu canlı yayında onun adını çəkərək tutduracağını bildirərək, anası Zeybənin və özünün ayaqlarını yalayacağı təqdirdə bəlkə onu bağışlayacağını, anası Zeybə Hacıyeva isə ayağını yalayacağı təqdirdə belə bağışlamayacaqlarını kütləvi informasiya vasitəsində, kütlə qarşısında işlətdiyi ifadələrlə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqir etmişlər. Bunu iş materiallarına əlavə edilmiş 1 saylı videogörüntü təsdiq edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək, məhkəməyə təqdim edilmiş video diskdəki görüntüləri izləyərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması qənaətinə gəlir. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmunundan və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində cinayət əlamətlərinin olmasını təsdiq edən sübut kimi təqdim edilmiş video diskdəki görüntülərdən müəyyən olunur ki, X2 anası tərəfindən canlı yayım açılsa da, həmin videogörüntüdə ümumiyyətlə Arif Mikayılzadə görüntülənməmiş, kənardan bir şəxsin gələrək Ramal adlı şəxslə bağlı onu tutduracağı, yalnız anasının ayağına düşərək yalvaracağı təqdirdə onu bağışlayacağı səsləndirilsə də, həmin kənardan gələrək video görüntüdə kimliyi görünməyən şəxsin Arif Mikayılzadə olması, Ramal adlı şəxsin adını çəkməsinin birmənalı olaraq məhz X6 nəzərdə tutmasını və həmin şəxsin anası ilə dialoq quran zaman anasının canlı efirdə olub-olmamasını bilməsi, bunu bilərək qəsdən müvafiq işlətməsi müəyyən edilməmişdir. Bununla yanaşı, video görüntüdə işlədilmiş “Ramal adlı şəxsi tutduracam, onu yalnız anamın ayağına düşərək yalvaracağı təqdirdə onu bağışlayaram” ifadəsində cinayət əlamətləri olmamaqla xüsusi ittiham qaydasında şikayət vermiş şəxs də şikayətində nəyə əsasən həmin ifadədə cinayət əlamətlərinin olması qənaətinə gəlməsini əsaslandıra bilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X5 şərəf və ləyaqətini nalayiq formada alçaltmamışdır ki, belə olan halda sadəcə X2 anası tərəfindən canlı yayım zamanı kənardan bir şəxsin Ramal adlı şəxsin adını çəkməsi və onunla bağlı təhqir xarakterli hesab edilməyən ifadələr işlətlməsi özü-özlüyündə həmin hərəkətdə cinayət əlamətlərinin olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Bundan savayı, məhkəmə xüsusi ittiham qaydasında şikayətin məzmununu nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi nədə, konkret hansı əməldə ittiham etməsi qeyri-müəyyəndir. Belə ki, şikayət ərizəsində X2 AR CM-nin 148-ci (Təhqir) maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, şikayətin ikinci vərəqində X8 ona qarşı AR CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədildiyini də iddia etmiş, şikayətin sonunda isə “onun şərəf və ləyaqətini ləkələyən, cinayətdə əsassız olaraq ittiham etməklə onun barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X2 AR CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi”ni xahiş etmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin məzmununda onun haqqında böhtan xarakterli məlumatların yayılmasını və bununla da AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərinə xas olan əlamətləri sadalasa da, şəxsin AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmun baxımından da qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bununla yanaşı, şikayət ərizəsində onun tərtib edildiyi tarix göstərilsə də, tərtib edildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması, qeyri-müəyyən formada tərtib edilməsi, xüsusi ittiham qaydasında şikayətdə cinayət əlamətlərinin olmasını təsdiq edən sübutların əlavə edilməməsi verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-306/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-306/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver