Məhkəmə qərarları › İş №1(008)-307/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-307/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-307/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 8 aprel 2006-cı il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Təkəqaya kəndində qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən özgənin əmlakını gizli şəkildə ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 dekabr 2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda gündəlik kirayəşin yaşadığı evdə olan zaman həmin evdə gündəlik kirayəşin yaşayan Zərərçəkmiş şəxs yatmasından istifadə edib yataq çarpayısının altından üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 1.700 manat dəyərində “Samsung” markalı "S23” modelli mobil telefonu gizli olaraq talayıb zərəçəkmış şəxs Zərərçəkmiş şəxs Müşviq oğluna ümumilkdə 1.720 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu, Təkəqaya kəndində qeydiyyatda olmaqla, ünvan 2 yaşayır. ünvan 2 ailə üzvləri ilə birlikdə yaşasa da, müəyyən müddət ərzində gündəlik kirayə mənzillərdə yaşamışdır. Həmçinin Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən “Louvre Plaza” şadlıq sarayında ofisiant vəzifəsində çalışmışdır. X5 təxminən 2023-cü ilin oktyabr ayından tanınmışdır. Belə ki, həmin tarixdən etibarən o, X5 ilə birlikdə “Louvre Plaza” şadlıq sarayında ofisiant vəzifəsində çalışmışdır. Razi Məmmədov isə 17 dekabr 2023-cü il tarixində X1 qohumu kimi tanınmışdır. Əbil Məmmədov tərəfindən Razi Məmmədov vasitəsilə tanınmış, sonradan aralarında dostluq münasibətləri yaranmışdır. 14 dekabr 2023-cü il tarixində ailə üzvləri ilə aralarında yaranmış münaqişə səbəbindən müvəqqəti yaşayış yeri olmamış, o, bu barədə X2 məlumat vermişdir. X5 isə ona özünün gündəlik 2 manat ödənişlə kirayə qaldığı mənzildə müvəqqəti olaraq yaşaya biləcəyini bildirmişdir. o, 14 dekabr 2023-cü il tarixdən etibarən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən və gündəlik 2 manat ödənişlə kirayə verilən mənzildə yaşamağa başlamışdır. Qeyd olunan yaşayış yeri bir otaqdan ibarət olmuş, həmin otaqda tək nəfərlik üç ədəd çarpayı və iki nəfərlik bir ədəd çarpayı yerləşdirilmişdir. O, tək nəfərlik çarpayılardan birində qalmışdır. Onun 14 dekabr 2023-cü il tarixindən etibarən həmin ünvanda kirayədə yaşadığı müddətdə orada tanışı Həsənov Tahir, “Louvre Plaza” şadlıq sarayında ofisiant işləyən Zərərçəkmiş şəxs, eləcə də Sahib və Elşad adlı şəxslər də qalmışdır. 16 dekabr 2023-cü il tarixdə, təxminən saat 12 radələrində o, tanışı Həsənov Tahirlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “50 qəpik” çay evində olduqları zaman, Tahirin “Louvre Plaza” şadlıq sarayında işlə bağlı yaranmış problemi səbəbilə Tahir qohumu Razi Məmmədovu yanlarına çağırmışdır. X7 təxminən saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Pent House” kafesinin qarşısında görüşmüşlər. Həmin görüş zamanı Həsənov Tahir restoranda yaranmış problemini Razi Məmmədova izah etmiş, Razi Məmmədov isə məsələni araşdırmaq məqsədilə “Louvre Plaza” şadlıq sarayına getmişdir. O və X10 gözləmişlər. Bir müddət sonra Razi Məmmədov geri qayıdaraq problemin həll edildiyini və Həsənov Tahirin əvvəlki kimi həmin restoranda işləməyə davam edə biləcəyini bildirmişdir. Bu səbəbdən Həsənov Tahir həmin vaxt Razi Məmmədovu gündəlik 2 manata kirayə qaldıqları evə dəvət etmişdir. o, Həsənov Tahir və Razi Məmmədovla birlikdə təxminən saat 19 radələrində gündəlik kirayə qaldıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, İstixana Kombinatı, M.Şəbiyev küçəsində yerləşən nömrəsiz evə gəlmişdir. Evə daxil olduqları zaman həmin evdə digər şəxslər olmamışdır. Onlar bir müddət söhbət etdikdən sonra Həsənov Tahir söhbət zamanı onların iş yoldaşı Zərərçəkmiş şəxs özünə “Samsung S23” markalı bahalı mobil telefon aldığını bildirmişdir. Həmin vaxt Razi Məmmədov da söhbətə qoşularaq Vüsalın telefonunu gördüyünü və onun bahalı mobil telefona bənzədiyini demişdir. Bununla yanaşı, o, öz daxilində maddi vəziyyətinin ağır olması səbəbindən Vüsalın həmin mobil telefonunu oğurlayıb satmaqla pul əldə etmək barədə fikir formalaşdırmış, lakin bu niyyətini nə Tahirə, nə də Raziyə bildirməmişdir. Saat təxminən 20 radələrində Razi Məmmədov evdən çıxaraq getmiş, o və Həsənov Tahir evdə qalmışlar. Razi evdən getdikdən sonra onlar evdə istirahət etmişlər. 17 dekabr 2023-cü il tarixdə, təxminən saat 01 radələrində həmin evdə kirayədə qalan Elşad və Sahib adlı şəxslər də evə qayıtmışlar. Saat 02 radələrində isə Zərərçəkmiş şəxs evə gəlmişdir. Onlar bir qədər birlikdə söhbət etmişlər. Söhbət zamanı o, Vüsalın əlində qeyd olunan mobil telefonu görmüş və əvvəlki niyyətini həyata keçirmək barədə qəti qərar vermişdir. Təxminən saat 04 radələrində Zərərçəkmiş şəxs tək çarpayıda yatmağa uzanmış, daha sonra Tahir, Elşad və Sahib də yatmışlar. O isə oyaq qalmışdır. Saat təxminən 05 radələrində hamının yuxuda olduğunu müəyyən etdikdən sonra o, Zərərçəkmiş şəxs yatdığı çarpayının altında yerləşən “Samsung S23” markalı mobil telefonu heç kimin məlumatı olmadan götürmüş və 17 dekabr 2023-cü il tarixdə, təxminən saat 07 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığındakı dayanacağa gəlmiş, “Koroğlu” metrostansiyasının yaxınlığında dayanarkən oğurladığı mobil telefonu necə satmaq barədə düşünmüşdür. O, şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin telefonu mağazaya və ya lombarda birbaşa sata bilməyəcəyini əvvəlcədən bilirmiş. Bu səbəbdən dostu Əbil Məmmədova zəng edərək mobil telefonu satmaq istədiyini və ona bu məsələdə köməklik göstərməsini xahiş etməyi qərara almışdır. O, “Koroğlu” metrostansiyasının çıxışında saksafon vasitəsilə Əbil Məmmədovun istifadəsində olan və nömrəsi yadında qalmayan mobil nömrəyə zəng edərək bu niyyətini bildirmişdir. Əbil Məmmədov onunla razılaşmış və ona “Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Meduza” kafesinə gəlməsini demişdir. Həmin gün, təxminən saat 13 radələrində o, qeyd edilən kafeyə getmiş, bir qədər sonra Əbil Məmmədov da ora gəlmişdir. Onlar kafedə əyləşərək çay içmişlər. Bu zaman o, mobil telefonu Əbil Məmmədova təqdim edərək bildirmişdir ki, telefon ona məxsusdur, pula ehtiyacı olduğu üçün lombarda qoyaraq pul götürmək istəyir, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün bunu təkbaşına edə bilmir. Əbil Məmmədov ona problem olmadığını, öz şəxsiyyət vəsiqəsi ilə mobil telefonu lombarda qoya biləcəklərini demiş və telefonu özündə saxlamışdır. Bundan sonra onlar kafedən çıxaraq “Samsung S23” markalı mobil telefonu girov qoymaq üçün həmin ərazidə lombard axtarmağa başlamışlar. “Əcəmi” metrostansiyasının arxa hissəsində, “McDonald’s”ın yaxınlığında yerləşən lombardlardan birinə daxil olmuşlar. O, lombardın əməkdaşına mobil telefonun ona məxsus olduğunu bildirmiş, telefon isə Əbil Məmmədovun şəxsiyyət vəsiqəsi əsasında lombarda girov qoyulmuşdur. Aylıq 10 faiz əlavə ödəniş şərti ilə lombarddan 600 manat pul alınmış və lombard əməkdaşı pulu Əbil Məmmədova təqdim etmişdir. Daha sonra onlar bayıra çıxmış və Əbil Məmmədov həmin 600 manat məbləğini ona vermişdir. Bundan sonra onlar “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Kəndimiz” adlı kafeyə gedərək yemək sifariş etmiş, yeməyin 50 manat məbləğində olan hesabını o ödəmişdir. Yeməkdən sonra Əbil Məmmədov oradan uzaqlaşmış, o isə həmin ərazidən ayrılaraq Həsənov Tahirlə birlikdə başqa bir kafedə çay içmiş və saat təxminən 18 radələrində Razi Məmmədovun yaşadığı Keşlə qəsəbəsinə getmişlər. X8 evdə olmadığını görərək əvvəlcə Ağdam rayonunda Tahirin yaşadığı evə, daha sonra Tərtər şəhərinə getmişlər. Sonradan o və Tahir yenidən Keşlə qəsəbəsinə qayıdaraq bir müddət Razi Məmmədovun yaşadığı evdə qalmışlar. Onu heç kim cinayət törətməyə təhrik etməmiş, aldatmamış, hər hansı vəd verməmiş və ya hədə-qorxu yolu ilə cinayətkar fəaliyyətə cəlb etməmişdir. O, bu cinayəti tam şəkildə öz təşəbbüsü ilə və təkbaşına törətmişdir. Mobil telefonu lombarda qoymaqla əldə etdiyi 600 manat məbləğini heç kimə verməmiş, həmin pulu yalnız öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Müşviq oğlu ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayının sonlarından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, İstixana Kombinatı, M. Şəbiyev küçəsində yerləşən nömrəsiz ünvanda gündəlik 2 manat ödənişlə kirayədə yaşamış və hal-hazırda da həmin ünvanda qalır. Qeyd olunan yaşayış yeri bir otaqdan ibarət olub, otaqda tək nəfərlik üç ədəd çarpayı və iki nəfərlik bir ədəd çarpayı yerləşdirilmişdir. Evin gündəlik kirayə verilməsinə görə həmin ünvanda müxtəlif şəxslər mütəmadi olaraq yaşayış dəyişmişlər. 2023-cü ilin sentyabr ayının sonlarından o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Louvre Plaza” restoranında ofisiant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin restoranda işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs və X3 da ofisiant vəzifəsində çalışdıqları üçün tanımışdır. X5 isə 2023-cü ilin oktyabr ayından etibarən onunla birlikdə qeyd edilən ünvanda gündəlik kirayədə yaşamışdır. 12 dekabr 2023-cü il tarixdə o, “Music Gallery” mağazasından 1.700 manat dəyərində, **********09655 İMEİ kodlu “Samsung S23” markalı mobil telefon almış və həmin telefonda 20 manata əldə etdiyi ***-***-**-** nömrəli mobil xətti istifadə etmişdir. 14 dekabr 2023-cü il tarixindən etibarən Təqsirləndirilən şəxs da onunla birgə qeyd edilən ünvanda gündəlik 2 manata yaşamağa başlamışdır. 17 dekabr 2023-cü il tarixdə, saat təxminən 02 radələrində o, işlədiyi “Louvre Plaza” şadlıq sarayından çıxaraq gündəlik kirayə qaldığı ünvana qayıtmışdır. Evə qayıtdıqda orada Sahib və Elşad adlı şəxslər, həmçinin birlikdə işlədiyi Təqsirləndirilən şəxs və Tahir Həsənov olmuşlar. Onlarla bir qədər söhbət etdikdən sonra saat təxminən 04 radələrində yatmışdır. Yatmazdan əvvəl özünə məxsus “Samsung S23” markalı mobil telefonunu tək çarpayının altına qoymuşdur. 17 dekabr 2023-cü il tarixdə, saat təxminən 08 radələrində o, yuxudan oyandıqda çarpayısının altında saxladığı mobil telefonunun yerində olmadığını görmüş və telefonun oğurlandığını müəyyən etmişdir. Həmin vaxt otaqda Sahib və Elşad adlı şəxslər olmuş, lakin Tahir və Qəzənfərin evdən çıxdıqlarını aşkar etmişdir. Tahir və Qəzənfərin evdə olmamalarını görən zaman onların mobil telefonu oğurladıqlarından şübhələnərək bu barədə qohumu Elşən Şəbiyevə məlumat vermişdir. Elşən Şəbiyev də hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Zəng Xidmətinə məlumat vermişdir. O, oğurlanmış mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən götürüldüyündən şübhələnmişdir. Baş vermiş oğurluq hadisəsi 17 dekabr 2023cü il tarixdə, qeyd edilən ünvanda saat təxminən 04 radələrindən 08 radələrinədək olan müddət ərzində baş vermişdir. O, 12 dekabr 2023-cü il tarixdə “Music Gallery” mağazasından 1.700 manat dəyərində **********09655 İMEİ kodlu “Samsung S23” markalı mobil telefon almış və telefonun üzərində 20 manata aldığı ***-***-**-** nömrəli mobil xəttdən istifadə etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1.720 manat məbləğində maddi ziyan dəymişdir. O, mobil telefonunun oğurlandığı anı görməmiş, lakin yuxudan oyandıqda telefonun yerində olmadığını, Tahir Həsənov və Təqsirləndirilən şəxs evdən getdiklərini görmüşdür. Bu səbəbdən mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından şübhələndiyini ifadə etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Ağcabədi şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olmaqla, hal-hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2018-ci ildə ailə həyatı qurmuş və 5 yaşlı azyaşlı övladı vardır. X6 isə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P. Fərzəliyev küçəsində onunla qonşuluqda yaşayır. Təxminən iki ildir ki, onun Razi ilə dostluq münasibəti vardır. O, Təqsirləndirilən şəxs Razi Məmmədov vasitəsi ilə tanımış və sonradan onunla dostluq münasibətləri yaranmışdır. 17 dekabr 2023-cü il tarixdə saat təxminən 07 radələrində o, yaşadığı evdə olarkən istifadəsində olan mobil nömrəyə tanımadığı bir nömrədən zəng gəldiyini görmüş və zəngi cavablandırmışdır. Zəngi açdıqdan sonra danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs ona pul ehtiyacı olduğunu və mobil telefonunu satmaq istədiyini bildirmişdir. Qəzənfər qeyd etmişdir ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün telefonu mağaza və ya lombarda sata bilməyəcək və bu məsələdə ona kömək etməsini xahiş etmişdir. O, Qəzənfərə kömək edə biləcəyini bildirmiş və Qəzənfəri Əcəmi metrostansiyası yaxınlığında yerləşən “Meduza” kafeyə dəvət etmişdir. Həmin gün saat təxminən 13 radələrində o, Qəzənfər ilə “Meduza” kafesində görüşmüşdür. Orada onlar oturub çay içmişlər. Qəzənfər mobil telefonunu ona vermiş və bildirmişdir ki, telefon onun özünə məxsusdur, lakin pula ehtiyacı olduğu üçün ya sataraq, ya da lombarda qoyaraq pul götürmək istəyir. O, Qəzənfərə problem olmadığını, onun şəxsiyyət vəsiqəsi ilə telefonu lombarda qoyub pul götürə biləcəklərini demiş və mobil telefonu götürərək özündə saxlamışdır. Daha sonra onlar kafedən çıxaraq “Samsung S23” markalı mobil telefonu lombarda qoymaq üçün həmin ərazidə lombard axtarmağa başlamışlar. Əcəmi metrostansiyasının arxasında, “McDonalds” yaxınlığında yerləşən lombarda yaxınlaşmış və hər ikisi lombarda daxil olmuşlar. Qəzənfər lombard işçisinə mobil telefonun özünə məxsus olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edərək telefonu lombarda girov qoyaraq aylıq 10 faiz əlavə ödənişlə 600 manat pul götürmüşdür. Lombardın işçisi 600 manat pulu ona təqdim etmişdir. Onlar lombardan çıxdıqdan sonra o, 600 manat pulu Qəzənfərə vermişdir. Daha sonra Əcəmi metrostansiyası yaxınlığında yerləşən “Kəndimiz” kafeyə gedərək orada yemək sifariş etmişlər. Yeməyi bitirdikdən sonra hesab olan 50 manat Qəzənfər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs ona mobil telefonu oğurlamaq barədə əvvəlcədən heç bir məlumat verməmişdir. Onlar yalnız lombarda gedərək onun şəxsiyyət vəsiqəsini təqdim etməklə 600 manat pulu götürmüşlər. Qəzənfər ona mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs cinayət törədəcəyindən xəbərsiz olmuş və əgər xəbərdar olsaydı, bu əməli həyata keçirməyə imkan verməzdi. Təqsirləndirilən şəxs ona lombardan pul verməmişdir. Lombardan pul götürdükdən sonra kafedə oturub yemək yemişlər və yedikləri yeməyin hesabını 50 manat Qəzənfər ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2023-cü ilin may ayından Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən “Butik №1" lombardda icarəçi kimi fəaliyyət göstərmişdir. 17 dekabr 2023-cü il tarixdə, günorta saatlarında lombarda 2 nəfər yaxınlaşmış, həmin şəxslər cavan yaşlı olmuşlar. Onlardan biri, sonradan adını bildiyi Təqsirləndirilən şəxs, özünə məxsus “Samsung S23” markalı mobil telefonu lombarda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Lombard işçisi mobil telefonu yoxlamış, heç bir problem olmadığını görmüş və 600 manat ödəyə biləcəyini, aylıq 6 faiz əlavə ödənişlə ödənişin hesablanacağını bildirmişdir. Təqsirləndirilən şəxs razılaşmış və qeyd etmişdir ki, sənədləşdirmə Şahid1 adına aparılacaqdır. Şahid1 buna etiraz etməmişdir. Lombard işçisi Şahid1 tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surətini alaraq yoxlamışdır. Daha sonra Şahid1 ilə müqavilə bağlanmış, “Samsung S23” markalı mobil telefon lombarda götürülmüş və ona 600 manat nağd pul verilmişdir. Təqsirləndirilən şəxs da pulun alınmasına iştirak etmişdir. Həmin şəxslər lombarda ilk dəfə gəlmiş, qeyd olunan mobil telefonu Təqsirləndirilən şəxs ona təqdim edərkən, mobil telefonun oğurluq olmasına dair heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Lombard işçisi sadəcə mobil telefonu girov götürmüş və 600 manat pul ödəmişdir. Mobil telefonun girov götürülməsi ilə bağlı Şahid1 tərəfindən şəxsiyyət vəsiqəsinin surəti əsasında girov bileti tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v.1). "Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 17 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, ünvan 1 ünvanda baş vermişdir. (i.v. 5-7). Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 36). Axtarışda olan şəxsin tutulması haqqında 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə (Sabunçu RPİ-nin 15-ci PB-nin Ca üzrə baş əməliyyat müvəkkili Polis baş leytenantı Elvin Məmmədov tərəfindən verilmiş arayışda şəxsin saat 12:30 radələrində saxlanıldığı qeyd olunmuşdur.) Sabunçu RPİ-nin 15-ci PŞ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. (cild-1, i.v.42). “Vəsatətin müdafiə edilməsindən imtina haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.89-91). “Yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 mart 2024-cü il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.92-94). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, 11 mart 2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nin sabiq müstəntiq Ruhid Tağıyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə ibtidai istintaq aparılan ********* nömrəli cinayət işində seçilmiş qətimkan tədbirlərini pozduğu üçün axtarış elan edilmiş, həmin tarixdə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.122-123). “Təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” 24 mart 2025-ci il tarixli protokoldan görünür ki, Namazlı X4 RPİ-nin İŞ-nə könüllü şəkildə gəlmişdir. (i.v.144). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 24 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 fevral 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.148-150). "Sübutların qiymətləndirilməsi haqqında” 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (i.v. 155-165). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.130-131). Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 18 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17 iyul 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilmiş və şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, əməli yetkinlik yaşına çatmayan dövrdə törətdiyini və vurulmuş zərərdən ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmuşdur. Belə ki, o, CM-in 177.1-ci maddəsi ilə cinayət əməlini 17 dekabr 2023-cü il tarixində, yəni CM-in 177.1-ci maddəsinə edilmiş xx.xx.2025ci il tarixli dəyişikliklərdən əvvəl törətmişdir. Əməl törədilən zaman qüvvədə olan CM-nin 177.1-ci madddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. CM-yə edilmiş son dəyişikliyə əsasən isə CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilir. CM-in 10-cu maddəsinə görə əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. CM-in 85.3-cü maddəsinə əsasən, ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur. Cinayət əməli törədilən zaman CM-in 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici həm yetkinlik yaşına çatmış, həm də yetkinlik yaşına çatmayanlara ictimai işləri cəzasının aşağı və yuxarı hədlərini müəyyən etmiş, konkret əmələ görə isə ictimai işləri cəzasının aşağı və yuxarı hədləri CM-in Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən etmişdir. CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cii il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən, yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının tələbindən görünür ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxsə cəza təyin edilərkən, CM-in müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın müddəti və ya miqdarının aşağı həddi CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddindən yuxarı olduğu halda CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddi (azadlıqdan məhrum etmədə 10 il, ictimai işlərdə üç yüz iyirmi saat) təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. İşin halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2006-cı il təvəllüdlü olmaqla cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək 02 gün (saatlarla hesablanmaqla), 16 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək həbsdə olduğu 07 gün, ümumilikdə 09 gün müddət azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər olmaq hesabı ilə ona təyin edilmiş ictimai işlər növündə cəzasından çıxılsın və ona qəti olaraq, 248 (iki yüz qırx səkkiz) saat müddətinə ictimai işlər növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar