Məhkəmə qərarları › İş №1(008)-309/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-309/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-309/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 15, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisindən polis əməkdaşları tərəfindən Sabunçu XPŞ-nə gətirilərək üstünə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən kağıza bükülü vəziyyətdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,120 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdən tanımadığı şəxslərdən alaraq istifadə edir. xx xxxx 2020-ci il saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən, narkotik maddə qəbul etmək qərarına gəlmişdir. Ona görə də, Sabunçu rayonu, Balaxanı qəsəbəsində narkotik maddə almaq məqsədi ilə məscidin yanında 30-35 yaşlarında, orta boylu oğlanın dayandığını görərək sonuncuya yaxınlaşıb onda narkotik maddə olub-olmadığını soruşarkən həmin oğlan onun üçün narkotik maddə təşkil edə biləcəyini bildirmiş və harasa getmişdir. Təxminən 10-15 dəqiqədən sonra həmin oğlan qayıdaraq ona bir sellofan büküm vermişdir. O, sellofan bükümü açıb baxarkən bükümdə heroin olduğunu görmüş və həmin oğlana bunun müqabilində 50 manat pul vermişdir. Bundan sonra, həmin narkotik maddəni öz istifadəsi üçün özündə saxlamışdır. Həmin gün saat 18:15 radələrində Sabunçu dəmir yolu vağzalında olarkən iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Sabunçu dəmir yolu polis şöbəsinin işçiləri kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli qış gödəgcəsinin sağ yan cibində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində sellofana bükülmüş tünd qəhvəyi rəngli, bərkimiş formada, narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq üzərindən aşkar edilmiş bükülüdəki maddənin heroin olmasını, həmin heroini öz şəxsi istifadəsi üçün həmin gün Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Qeyd olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra o protokolun düzgünlüyün öz imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül jəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərmişdir ki, o, DYNPİ-nin Sabunçu XPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə «Nəcmuddin» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Nəcmuddin» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dəmiryol vağzalının ərazisinə gəlmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Nəcmuddin» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-nin əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək xx.xx.1985-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra, həmin şəxsi Sabunçu XPŞ-nə dəvət etmiş, XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülü vəziyyətdə bir ədəd sellofan bükümü masanın üzərinə qoymuş, sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitə heroini Balaxanı qəsəbəsində “Sahib” adlı şəxsdən 50 manata alaraq özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Sabunçu XPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan şəxsi axtarış və götürülmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid2 və A.Şirinovun iştirakı iləTəqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə işərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 32-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 33-34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/119 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs» yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi l,120 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,070 qramdır. Cinayət işinin 71-73-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-134/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-95-ci vərəqində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma və saxlanılmaya təqdim etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,120 qram çəkidə narkotik maddə heroincinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq 1,070 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu st.XPŞ-nə təhvil verilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxx 2020-ci il tarixli, 1326 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 116-119-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışın video görüntülərini əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 84-85-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və hazırki əməli törədən vaxt artıq məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1,070 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalan 1,070 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar