Məhkəmə qərarları › İş №1(008)-309/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-309/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-309/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən nömrəsiz fərdi evin pəncərəsini açaraq içəri qanunsuz daxil olaraq yataq otağındakı dolabın siyirtməli rəfində olan 500 manat nağd pulu, paltar dolabından 100 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzüyü, 30 manat dəyərində 01 ədəd qol saatını və 70 manat dəyərində parfumeriaya xonçasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,915 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 16 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində Sabunçu RPİ-nin 42-ci PB-nin PPXB-nın polis nəfərləri tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi 42-ci PB-də 17 yanvar 2024-cü il tarixdə, saat 03:15-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,915 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə ilk öncə oğurluq cinayətinə münasibətdə özünü təqsirli bilməsə də sonradan özünü təqsirli bildiyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ifadəsində isə göstərmişdir ki, o, təxminən iki il müddətində narkotik vasitə olan "kakos"dan istifadə etmişdir. Əvvəllər müxtəlif işlərdə fəhləlik etməklə məşğul olsa da, sonradan iş tapmaqda çətinlik çəkmiş və maddi vəziyyəti pisləşmişdir. 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 90 manat müqabilində narkotik vasitə heroin alaraq əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində daşımışdır. Həmin gün, yəni, 16 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində iş yoldaşı Əhməd Talıbzadə ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPl-nin 42-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, polis əməkdaşı tərəfindən büküm açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümdə nə olduğu soruşulduqda o, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 90 manat müqabilində alaraq üzərində daşıdığını bildirmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda 3 sot torpaq sahəsi alaraq, həmin ərazidə bir mərtəbəli, həyətində 2 otaqlı ev tikmiş və orada ailəsi ilə birlikdə yaşamışdır. 06 iyun 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində, yaşadığı evdən çıxaraq Bakı şəhərində ev təmiri ilə məşğul olduğu iş yerinə getmişdir. 06 iyun 2022-ci il tarixdə, saat 18:50 radələrində o, yaşadığı evə qayıdarkən, evin giriş qapısının üstündə yerləşən plastik pəncərənin yerindən sökülərək çıxarıldığını müşahidə etmişdir. Evə daxil olaraq baxış keçirdikdə, otaqlarda və mətbəxdə dağınıqlıq olduğunu, həmçinin evdən oğurluq hadisəsinin baş verməsini aşkar etmiş, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək oğurluq faktı barədə məlumat vermişdir. Hadisə yerinə gələn Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə evdə baxış keçirilmiş, məlum olmuşdur ki, yataq otağındakı termo güzgülü dolabın siyirməsində saxlanılan 500 manat (100 manat və 50 manatlıq əskinaslar şəklində), tumba-dolabın içindəki sandıqçadan 100 manat dəyərində 01 ədəd 585 əyyarlı qızıl kişi nişan üzüyü, 30 manat dəyərində sadə dəmir materialdan hazırlanmış, markası yadında olmayan qol saatı, 70 manat dəyərində parfumeriya xonçası (ətir, duş geli, şampun, üz qırxmaq üçün krem) oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarından Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakini, gül satan şəxs kimi tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 6 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqəsini icarə əsasında işlədərək, həmçinin həmin dükan çərçivəsində zərgərlik fəaliyyəti ilə məşğuldur. 2022-ci il sentyabrın 6-da, saat təxminən 16:00 radələrində iş yerində olarkən Təqsirləndirilən şəxs onun işlədiyi qızıl dükanına gəlmiş, özünə məxsus olduğunu bildirdiyi bir ədəd sadə, qaşsız qızıl kişi üzüyünü və bir ədəd sadə metaldan hazırlanmış kişi qol saatını qardaşının xəstəliyi səbəbindən pula ehtiyacı olduğunu bildirərək satmaq istədiyini ifadə etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etdikdə, Təqsirləndirilən şəxs həmin andaca şəxsiyyət vəsiqəsi olmadığını və vəsiqə təqdim edə bilməyəcəyini bildirmiş, lakin satdığı əmlakların özünə məxsus olduğunu və problem olmayacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs sadə və zəhmətkeş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakini olduğunu düşündüyündən ona inanmış və satılan qızıl kişi üzüyünü yoxladıqdan sonra lom qiyməti olaraq 60 manat, qol saatını isə 10 manat qarşılığında almağa razılıq vermişdir. Hər iki əşyanın dəyəri üzrə ümumilikdə 70 manat pul Təqsirləndirilən şəxs ödənilmiş və o, həmin əşyaları alaraq dükanı tərk etmişdir. Sonradan həmin qızıl üzüyü əridərək zərgərlik işlərində istifadə etmiş, qol saatını isə başqa, tanımadığı bir müştəriyə xoşuna gəldiyi üçün hədiyyə olaraq vermişdir. Bundan sonra həmin qızıl üzük və saatla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sorğu-sual aparılmış, üzüyü zərgərlik işlərində istifadə etdiyini, qol saatını isə hədiyyə verdiyini bildirmişdir. Qeyd edilən əmlakların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, həmçinin bu barədə Təqsirləndirilən şəxs ilə aralarında əvvəlcədən hər hansı sövdələşməsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. 16 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri Rzaquliyev Elvin Hicran oğlu ilə xidmət apararkən bir nəfər şəxsin davranışları onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmiş, həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 42-ci PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, polis əməkdaşı tərəfindən büküm açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümdə nə olduğu soruşulduqda o, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 90 manat müqabilində alaraq üzərində daşıdığını bildirmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Rzaquliyev Elvin Hicran oğlu Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şübhəli şəxsin tutulması haqqında” 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.14). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin PPXB-nin polis nəfərləri Şahid1 və Rzaquliyev Elvin Hicran oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd şəffaf sellofan bükümdə toz şəkilli, qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 25-26). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. (i.v.37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/279 nömrəli, 17 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N°241 dairəvi möhür əksləri olan, “...N°) Şübhəli şəxs "imza” Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,915 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,865 qramdır. (i.v.38-39). DVD diskinə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin PPXB-nin polis nəfərləri Şahid1 və Rzaquliyev Elvin Hicran oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaret qutusunun içindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxararaq təqdim etmişdir. (i.v.59). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.74-76). “Qətimkan tədbiri seçilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.77-78). Hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 06 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus olan nömrəsiz fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış keçirilmiş, müvafiq izahatlar alınmış və cinayət-prosessual qanunvericiliyə uyğun araşdırmalara başlanılmışdır. (i.v.98-99). "Şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.129). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.153-155). “Qətimkan tədbiri seçilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.156-157). İfadənin yerində yoxlanılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə verdiyi ifadə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə yerində yoxlanılmış, onun göstərdiyi hallar faktiki vəziyyətlə uyğunluq təşkil etmişdir. (i.v.170). "Maddi sübut kimi tanıma haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.865 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v.186-187). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X1 ekspert komissiyasının 19 mart 2024-cü il tarixli, 1847 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.199-200). Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 22 mart 2024-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.201-202). Axtarışda olan şəxsin tutulması haqqında 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v.207). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulmaqdan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.230-231). "Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 235-241). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 197- 198). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib - verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, və ümumi sözlərlə polis əməkdaşı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini və sonradan məhkəmə istintaqı zamanı etirafını nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında ilk öncə irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında ilk öncə verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslr yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək, 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək və 18 iyun 2024cü il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan səhər saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün,16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, 18 iyun 2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,865 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar