Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-311/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, ev 27-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Qaya-üstü» deyilən ərazidə yerləşən ət kəsimi və satışı mağazasında Zərərçəkmiş şəxs borclu olduğu pulu başqa şəxsin yanında istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, bununla kifayətlənməyib cinayət hərəkətlərini inadla davam etdirib mağazadakı masanın üzərindən götürdüyü silah qismində istifadə edilən istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol əlindən qəsdən bir dəfə vuraraq, ona sol əlin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, qəssab kimi iri və xırda buynuzlu heyvanların kəsimi ilə məşğul olub ailəsini dolandırır, Zərərçəkmiş şəxs uzun illərdir ki, həmyerlisi kimi tanıyır, onunla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, əksinə Akifin atası və əmiləri ilə yaxın münasibəti olmuş, bir birlərinə gəlib getmişlər. Akif taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin yayında kənd sakini Rizvan adlı şəxs tanışı Kazıma zəng edərək xəstə iri buynuzlu heyvanı olduğunu və satmasını bildirmiş, sonra Kazım ona zəng edib Rizvanda heyvan olduğunu demiş, onunla birgə gedib heyvana baxmış və 200 manata razılaşmış, həmin vaxt maşın çağırıb heyvanı birbaşa Güzdək qəsəbəsində yerləşən kolbasa sexinə aparmış, orada heyvanı çəkmiş və 130 kq olmuş, lakin həmin vaxt heyvanın pulu ona verilməmiş, sonra veriləcəyi bildirilmiş, həmin heyvanın pulunu təxminən bir il sonra almış, ancaq Rizvana verməmiş, Rizvan dəfələrlə onu görüb pulunu tələb etsə də pulunu Kazımın verəcəyini bildirmişdir. 05 mart 2022-ci il tarixdə təxminən saat 12 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qayaüstü deyilən ərazidə Kazıma məxsus ət dükanında olarkən Zərərçəkmiş şəxs dükana gəlmiş, onu görüb Rizvanın pulunu nəyə görə vermədiyini soruşmuş və Kazımın da yaxınlıqda olduğunu görüb «əgər pulu Kazım verəcəksə burdadı, mənə deyin işimi bilim» demiş, həmin vaxt Akifə bu məsələyə qarışmamağı, Rizvan ilə aralarında bu məsələni özləri həll edəcəklərini demiş, lakin Akif sakitləşməyərək Rizvanın pulunu tələb etmiş və yenə bu barədə soruşduqda əsəbiləşmiş və aralarnda mübahisə yaranmış, ət doğradığı üçün əlində olan bıçağı yuxarı qaldırmış və Akifin əli bıçağa dəyib xəsarət almışdır. Hadisə ət dükanında baş vermiş, hadisə vaxtı onlardan başqa kimsə olmamışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, münasibətləri yaxşı olmuşdur. Fərhad da onun kimi Bakı kəndləri ərazisindən iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən iki il bundan əvvəl Təqsirləndirilən şəxs qohumu və həmyerlisi olan Rizvandan iri buynuzlu heyvanı 200 manata almış, malı aparmış və aralarında olan razılaşmaya əsasən Fərhad apardığı malın pulunu satdıqdan sonra verəcəyini bildirmiş, bu barədə Rizvan ona danışdığı üçün olanlardan məlumatlı olmuş, Rizvan ondan xahiş etmişdir ki, Fərhaddan pulunu alıb ona versin. O da Fərhadın olduğu ət dükanına gələrək Rizvanın malının pulunu istədiyini bildirmiş, Rizvanın pulunu nəyə görə vermədiyini soruşmuş, Fərhad da həmin vaxt Akifə bu məsələyə qarışmamağı, Kazımın ona borcu olmasını, Kazım onun pulunu verdiyi halda Rizvanın pulunu verəcəyini bildirmiş, Rizvan ilə aralarında bu məsələni özləri həll edəcəklərini demişdir. O da Kazımın yaxınlıqda olmasını gördüyündən bir daha soruşmurşdur ki, “indi Rizvanın pulunu kim verəcək sən yoxsa Kazım? De mən işimi bilim”. Fərhadda əsəbləşərək ona bayıra çıxmasını bildirmiş, o da çıxmaq istəmədiyindən aralarında münaqişə yaranmış, münaqişə nəticəsində Fərhad əlində ət doğradığı bıçaqla sol əlindən bir dəfə vurmuşdur. Hadisə ət dükanında baş vermiş, mübahisə zamanı orada kənar heç kim olmamış, sonradan Kazım dükana gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq olmadığını, ona sadəcə olaraq yüngül xəsarət yetirdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Qayaüstü» deyilən ərazidə yerləşən ət mağazası və yem dükanını icraəyə götürüb işlədir. 2021-ci ilin yay aylarında kənd sakini Rizvan adlı şəxs ona zəng edərək xəstə iri buynuzlu heyvanı olmasını və satmaq istəməsini bildirmiş, sonra Fərhada zəng edib Rizvanda heyvan olduğunu demiş və onunla birgə gedib heyvana baxmış, orada Fərhad heyvanı 200 manata alması barədə Rizvanla razılaşmış və həmin vaxt Fərhad maşın çağıraraq heyvanı birbaşa Güzdək qəsəbəsində yerləşən kolbasa sexinə aparıb təhvil vermiş, lakin heyvanın pulu sexdən ona verilməmiş, həmin heyvanın pulunu təxminən bir il sonra Fərhad alsa da Rizvana verməmiş, bu səbəbdən Rizvan pulunu alması üçün hərdənbir ona zəng edib Fərhadın maddi durumunu soruşurmuşdur. 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Fərhad dükanda olarkən Akif gəlmiş və ondan «Rizvanın pulu kimlikdi» deyə soruşduqda, ona «pul mənlik deyil» deyə cavab vermiş, sonra müştəri gəldiyi üçün küçəyə çıxmış, təxminən beş dəqiqə sonra Akifin əlindən qan axmasını görmüş, ondan nə baş verdiyini soruşduqda az əvvəl Fərhadın bıçaqla əlindən vurub xəsarət yetirməsini bildirmiş, bu zaman onların hər ikisini danlamış və Fərhadı evlərinə göndərmiş, Fərhadın bıçaqla Akifin əlindən vurmasını görməmiş, sadəcə onun əlindən qan axmasını görmüş, hadisə mağazanın içərisində olmuşdur, həmin vaxt mağazada heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qayaüstü ərazidə yerləşən ət mağazasına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.10-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 09 iyun 2022-ci il tarixli, 1132 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sol əlin kəsilmiş yarası kimi xəsarət aşkar edilmiş, həmin xəsarət kəsici kənara malik əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti müayinə olunan şəxsin məhkəmə-tibbi ekspertizasından 3-4 ay əvvələ uyğun olmaqla qərarda göstərilən 05 mart 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir(i.v.21-22); 03 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir(i.v.34-37); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 41); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 60); toplanmış sübutların qiymətləndirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir(i.v.66-71); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 75-76); qətimkan tədbirinin seçilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 86-87); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində CM-nin 128-ci maddəsi tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 05 mart 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 05 mart 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Maştağa qəsəbəsi, “Qaya-üstü” deyilən ərazidə yerləşən ət kəsimi və satışı mağazasına gələrək qohumu və həmyerlisi Rizvanın malının pulunu uzun müddətdir tanıdığı, yaxın münasibətləri olduğu Fərhaddan istədiyini bildirmiş, Rizvanın pulunu nəyə görə vermədiyini soruşmuş, Fərhad da həmin vaxt Akifə bu məsələyə qarışmamağı, Kazımın ona borcu olmasını, Kazım onun pulunu verdiyi halda Rizvanın pulunu verəcəyini bildirmiş, Rizvan ilə aralarında bu məsələni özləri həll edəcəklərini demişdir. O da Kazımın yaxınlıqda olmasını gördüyündən bir daha soruşmuşdur ki, “indi Rizvanın pulunu kim verəcək sən yoxsa Kazım? De mən işimi bilim”. Fərhadda əsəbləşərək ona bayıra çıxmasını bildirmiş, o da çıxmaq istəmədiyindən aralarında münaqişə yaranmış, münaqişə nəticəsində Fərhad əlində ət doğradığı bıçaqla onun sol əlindən bir dəfə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə, yəni Zərərçəkmiş şəxs özünə məxsus olmayan pulu Fərhaddan tələb etməsi ilə başlanmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 05 mart 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə mübahisənin ilk olaraq Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törədildiyinə dəlalət edir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Qaya üstü” deyilən ərazidə yerləşən ət kəsimi və satışı mağazasında baş verməsi, həmin dükanda kənar heç kimin olmaması iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Məhkəmə qeyd edir ki, digər şəxsə olan borcun Zərərçəkmiş şəxs tərəfindən istənilməsi, borca heç bir aidiyyəti olmayan şəxsin bu məslə ilə bağlı Təqsirləndirilən şəxsla mübahisəyə girməsi özlüyündə münaqişənin sırf Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində başlanmasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “ətrafdakı şəxslərin gözü qarşısında” zərərçəkmiş şəxsə bıçaqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü və hər ikisinin tanışı Şahidla məhdudlaşdırmış, həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Şahid qismində tanınsa da həm istintaq dövründə həm də məhkəmədə verdiyi ifadələrində o hadisənin bilavasitə şahidi olmadığını qeyd etmiş, hadisə zamanı mağazada heç kimin olmadığını bildirmişdir. Həmçinin, ittihamda istinad olunan bıçaq da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-311/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-311/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver