Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-312/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,683 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq ünvan 2 ünvana qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4nda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,683 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər müxtəlif narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxan qəsəbəsinə gələrək tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 20 manata 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək alaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Həmin tarixdə saat 14:20 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gələrkən, evin yaxınlığında 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd istəmişlər. Həmin vaxt üzərində narkotik vasitə tiryək olduğundan həyəcanlanaraq özünü şübhəli aparmış, üzərində heç bir sənədi olmadığını deyərək verilən suallardan yayınmışdır. Polis əməkdaşlarının dəvəti ilə Sabunçu RPİ 15-ci PB-yə gəlmiş, orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzfiələri izah edilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılacağı bildirilmişdir. Bundan sonra o, videoçəkiliş zamanı müdafəçisinin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə vermişdir. Belə ki, üzərində narkotik vasitə tiryək olduğundan, müdafiəçinin bunu görməsini istəməmişdir. Beləliklə videoçəkilişlə şəxsi axtarış aparılmış, bu zaman ona üzərində ola biləcək qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun üstü axtarılmış, lakin heç bir əşya aşkar edilməmişdir. O, üzərindən aşkar edilmiş bir ədəd bükülünün içərisində narkotik vasitə tiryək olduğunu bildirmiş, polis əməkdaşları həmin maddəni haradan və nə məqsədlə əldə etdiyini soruşduqda bildirmişdir ki, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 20 manata alaraq üzərində saxlamışdır. Onun təqdim etdiyi bükülü ekspertiza tədqiqatına göndəriləcəyi bildirilərək zərfə qoyulub Sabunçu RPİ 15-ci PB-nin zərflər üçün nəzərdə tutulan 161 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib daşıması barədə daxil olmuş məlumatların yoxlanılması, məlumat təsdiq olunduğu halda Təqsirləndirilən şəxs törətdiyi cinayətin ifşa edilərək qarşısının alınması məqsədi ilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra nəzərdə tutulan tədbirlər planına uyğun olaraq xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamışlar, həmin tarixdə saat 14:21-də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olarkən oraya məlumatda Təqsirləndirilən şəxs təsvir edilmiş zahiri əlamətlərinə uyğun olan bir nəfər şəxsin gəldiyini görüb ona yaxınlaşaraq əvvəlcə həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs özünün şəxsiyyəti barədə məlmatları soruşub sənəd təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra sonuncuya narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz olaraq əldə etməsindən, üzərində saxlayıb daşımasından şübhələndiklərini bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə onu 15-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 15-ci PB-yə gəlmiş və Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verib bu barədə bölmə rəisinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təqdim olunaraq sonuncunun iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, həmçinin bildirilmişdir ki, üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə və üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirsədə, həmin axtarış zamanı müdafiəçisinin iştirak etməsini istəmədiyini bildirərək bu barədə ərizə vermişdir. Bundan sonra təhqiqatçı tərəfindən PB-nin xidməti otağında onun və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlər vardırsa təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş qara rəngli, spesifik iyə malik, narkotik vasitəyə oxşar maddəni çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin maddə narkotik vasitə tiyrəkdir, onu həmin tarixdə saat 11 radələrində özünün istifadə etməsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alıb üzərində saxlayaraq daşıyır. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış lakin heç bir qanunsuz saxlanılan əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülü vəziyyətdə olan, narkotik vasitəyə bənzər maddə kağız zərfə qablaşdırılıb zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənib götürülmüş, sonda axtarış barədə protokol tərtib olunmuş və bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid1 Elşadoviç ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir.(i.v.90-92). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:21 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş qara rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə oxşar maddəni könüllü təqdim etmiş və həmin narkotik maddəyə oxşar vasitəni 20 manata Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürürlmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir. (i.v.29-30) məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 6/6305 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,683 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i.v.35-38); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükümü çıxardaraq masanın üzərinə qoymuş, bükülü açılarkən içərisindən qara rəngli, spesifik iyə malik maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərində aşkar edilmiş həmin maddə narkotik vasitə tiryəkdir və bu tiryəki həmin tarixdə saat 11 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır(i.v.53); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-908/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.81-83); maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1683 qram olan narkotik vasitə tiryək iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qərarlarla maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəki 1,633 qram olan tiryək saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.96); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 85 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODİDLƏRİN qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.98-99); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Orucov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 22 yanvar 2022ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(i.v.102-103); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 31 oktyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 1,683 qram olan narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasının əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-nin 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,683 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,633 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,683 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,633 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-312/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-312/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver