Məhkəmə qərarları › İş №1(008)-313/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-313/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-313/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq qarda, təmiz çəkisi 0,624 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini edib üzərində saxlamaqla daşımış və 22 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci inin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində saxladığı təmiz çəkisi 0,624 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən falqada çəkmə yolu istifadə edir. Narkotik vasitəni müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 22 oktyabr 2022-ci il tarixdə, təxminən saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostasiyasınm yaxınlığında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 18 manata istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli bükümündə kakos kimi tanıdığı narkotik vasitə heroin almış, həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, axşam istifadə etsin. Həmin gün, təxminən saat 18 radələrində yaşadığı evin yaxınlığında, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində piyada yaşadığı evə gedərkən, nömrəsiz fərdi evin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində kakos olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşlarından biri ona narkotik vasitələri qanunsuz olaraq əldə gəzdirilməsində, daşınmasında, istifadəsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən başqa çıxış yolu görmədiyindən, əynində olan boz rəngli şalvarının sağ yan cibindən içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd siqaretin gümüşü rəngli bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitənin olması aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin heroin olduğunu deyərək, Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 18 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inispektoru, polis leytenantı Şahid2 oğlu ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən nömrəsiz fərdi evin qarşısı ilə bir tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç bir sənədin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi işlədikləri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Şəxsin şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur.Sonra şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxardaraq masanm üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 18 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol akçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şahid Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inspektoru Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Fərid Sofuyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Nəzimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yanında tanımadığı şəxsdən 18 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 23 oktyabr 2022-ci il tarixli 6/6146 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 159” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi -iki imza; Tərtib etdi: X3 -imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,624 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.34-38). “Maddi sübut kimi tanıma haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edilmiş 0,05 qram nəzərə alınmaqla 0,574 qram qalıq saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v 86). Məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 7842 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.109-110). “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks etdirən DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.113-120). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə, saat 18:00-dan tutulmuş hesab edilmişdir (i.v.16). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.77-79). “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.80-81). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70ci maddəsi tətbiq edilməklə 01 il müddətə sınaq tətbiq edilməklə cəzası şərti hesab edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.99-100). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 1(005)- 199/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 28 fevral 2018-ci il tarixdən 02 mart 2018-ci il tarixədək həbsdə olduğu müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, AR CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2017-ci il tarixli hökmü ilə barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 801 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2007-ci il təvəllüdlü (X1) uşağı var (i.v.112). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “Amnistiya aktının tətbiq edilməsi barədə” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 04 ay 20 gün hissəsindən azad edilməsini, onun AR CM-nin 234.1-ci maddəsi ilə cəza çəkdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğunu bununla da “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən onun məhkumluğunun götürüldüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 126.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq onun əməlində cinayətin residivinin olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə və ona Dövlət tərəfindən göstərilmiş güzəştə baxmayaraq azad edildiy vaxtdan qısa müddət keçdikdən sonra yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 22 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,574 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar