Məhkəmə qərarları › İş №1(008)-314/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-314/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-314/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Gülçülük sovxozunda fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivi, “Üç qardaş” marketin yaxınlığında yerləşən fərdi evin həyətyanı sahəsində qonşusu Zərərçəkmiş şəxs toyuğunun onun həyətinə keçməsi ilə bağlı kobud danışması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əli və ayağı ilə onun sifət nahiyyəsinə qəsdən zərbələr endirərək Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayət olunan alt çənənin sol şaxəsinin yerini dəyişən qapalı sınığı, sol çənə şaxəsi və sol gözaltı nahiyyələrinin qançırları, burun və sağ yanaq nahiyyələrinin sıyrıqları kimi Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsindənəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlər yetirərək sağlamlığının uzun müddətə pozulmasınasəbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, eyni zamanda qohumudur. Zərərçəkmiş şəxs qonşuluğunda yerləşən fərdi evdə kirayə yaşayır və yaşadığı evin yaxınlığında özünə ev tikdirir. xx xxxx 2020-ci il saat 14:00 radələrində yaşadığı evdə heç kimin olmaması səbəbindən qapını bağlayaraq yeznəsi Ramin və usta Şövqi ilə birlikdə yeni tikdiyi evə getmişdir. Yeni tikilən evdə işlədiyi zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həyat yoldaşı Kəmalənin kirayə qaldığı evin qapısını döydüyünü görmüş, orada onunla birlikdə işləyən Raminə həmin qadına evdə heç kimin olmamasını deməsini bildirmişdir. Ramin qapıya yaxınlaşaraq Zərərçəkmiş şəxs arvadı Kəmaləyə evdə heç kimin olmadığını bildirmiş, bundan sonra Kəmalə oradan çıxaraq getmişdir. Kəmalə getdikdən birneçə dəqiqə sonra Zərərçəkmiş şəxs ora gəlmiş, Zərərçəkmiş şəxs gəldiyi zaman o, tikilməkdə olan evin yuxarı hissəsində işləmişdir. Zərərçəkmiş şəxs nəlayiq ifadələr işlədərək ondan aşağı düşməyi tələb etmiş, o, Natiqə işinin olduğunu deyərək sözünü deməsini bildirmişdir. Bu zaman Natiq onu təhqir edərək aşağı düşməsini ondan tələb etmişdir. O, Natiqin nəlayiq ifadələr işlətdiyini görüb aşağı düşmüş və sözünü deməsini bildirmişdir. Bu zaman Natiq birlikdə kirayə qaldığı evə getməyi bildirərək orada sözünü deyəcəyini demişdir. O, Zərərçəkmiş şəxs nə üçün kirayə qaldığı evə getməyi tələb etdiyini bir neçə dəfə soruşsa da, Natiq onun sözlərinə məhəl qoymayaraq kirayə qaldığı evə getməyi tələb etmişdir. O, Natiqin təkid etdiyini görüb onunla birlikdə özünün kirayə qaldığı evə getmişdir. Kirayə qaldığı evin qapısını açdığı zaman həyətdə bir ədəd qara rəngli toyuq olduğunu görmüş, bu zaman toyuğun Natiqə məxsus olduğunu başa düşmüş və ona həyətə girməməyi tapşıraraq toyuğu tutaraq ona verəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs kirayə yaşadığı evin həyətinə daxil olmuş və qapının kilidini arxadan bağlamışdır. O, Zərərçəkmiş şəxs həyətə daxil olduğunu görüb onu çölə çıxarmağa çalışmışdır. Natiqi həyətindən çıxarmağa çalışdığı zaman Natiq onun ayağından tutub onu yerə yıxmaq istəmiş, o, Natiqin boynundan tutmuşdur. Onların səsinə yeznəsi Ramin və usta Şövqü gəlmişdir. Onlar həyətə daxil olmaq istəsələr də, giriş qapısının bağlı olduğunu görmüşlər. Bundan sonra, Ramin və Şövqü hasardan tullanaraq həyətə daxil olmuşlar, o, Natiqdən aralanmaq üçün onu geriyə itələmiş və bu zaman Natiq yerə yıxılmışdır. Natiq yerə yıxıldıqdan sonra Ramin və Şövqü araya girərək onları ayırmışlar. Ramin və Şövqü onları araladıqdan sonra Zərərçəkmiş şəxs nəlayiq ifadələr işlədərək evi ilə onun kirayə yaşadığı evin arasında olan hasarın kənarına getməyi tələb etmişdir. O, etiraz etməyərək onunla birlikdə hasarın yanına gəlmişdir. Hasarın yanına gəldiyi zaman Natiq orada bir dəlik göstərərək onun qarşısında olan taxtaları, kötüyü və dəmir parçasını onun götürdüyünü demişdir. O, Zərərçəkmiş şəxs həmin dəlikdən ümumiyyətlə xəbərinin olmadığını, onu birinci dəfə gördüyünü demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs yenidən nəlayiq ifadələr işlədərək oradan getmişdir. Getdiyi zaman barəsində polisə şikayət edərək problem yaradacağını bildirmişdir. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur və onun qonşuluğunda yaşayır. Onun yaşadığı evin sahibi hasarın aşağı hissəsindən dəlik açmışdır. Hal-hazırda onlar evlərini satıb getdiyindən və Tərlan yaşadığı evin həyətində it saxladığından itin həyətə keçib saxladığı toyuq-cücəni yeməməsi üçün o, öz tərəfindən həmin dəliyin içinə kötük qoymuş və mişar daşı ilə dəliyi bağlamışdır. xx xxxx 2020-ci il saat 14:00 radələrində ailəsi ilə birlikdə yaxın qohumlarının evinə getməyə hazırlaşmış, arvadı Kəmaləyə həyətdə olan toyuq-cücləri hinə yığmağı tapşırmışdır. Bir-neçə dəqiqədən sonra Kəmalə toyuqları yerinə yığmış, amma toyuqlardan birinin əksik olduğunu bildirmişdir. Arvadının bu sözündən sonra həyətə çıxaraq toyuğu axtarmış və bu zaman Tərlanın evinin hasarının yanında olan dəliyin açıldığını, mişar daşının onun həyəti tərəfdə olduğunu, kötüyün isə dəlikdən çıxarılaraq Tərlanın həyəti tərəfə düşdüyünü görmüşdür. O, dəlikdən Tərlanın həyətinə baxmış və bu zaman toyuğunun Tərlanın həyətində olduğunu görmüşdür. O, Kəmaləni toyuğu götürmək üçün Tərlanın evinə göndərmişdir. Bir-neçə dəqiqədən sonra Kəmalə yaşadığı evə qayıtmış və Tərlangilin evinin qapısının bağlı olduğunu, Tərlanın yeni tikdirdiyi evdə olan bir nəfər şəxsin evdə heç kimin olmadığını dediyini bildirmişdir. Bundan sonra, o, özü Tərlanın yeni tikdirdiyi evə tərəf getmiş, orada Tərlanın da ustalarla birlikdə işlədiyini görmüşdür. Tərlanı çağıraraq yanına gəlməsini xahiş etmiş, Tərlan isə vaxtının olmadığını, gələ bilməyəcəyini bildirmişdir. Tərlanın bu sözündən sonra o, ərkyana Tərlana beş dəqiqə söhbət etmək üçün gəldiyi halda canı çıxmayacağını bildirmişdir. Onun bu sözündən sonra Tərlan yerə düşmüş və onun yanına gəlmişdir. Tərlan gəldikdən sonra ona toyuğunun həyətinə keçdiyini bildirmiş və birlikdə gedərək toyuğu götürməyi xahiş etmişdir. Lakin, Tərlan onun toyuğunun həyətinə keçmə ehtimalının olmadığını bildirmişdir. Bu zaman Tərlana toyuğunun onların həyətində olmasını gözü ilə gördüyünü demişdir. Onun bu sözündən sonra Tərlan nəlayiq ifadələr işlədərək toyuğunun onların həyətində olmadığını demişdir. O, Tərlana birlikdə gedərək baxmağı təklif etmiş və Tərlan onun təklifi ilə razılaşaraq birlikdə onların hasar qonşuluğunda olan evinə getmişdir. Tərlanın hasar qonşuluğunda olan evinin həyətinə daxil olan kimi toyuğun orada olduğunu görmüşdür. O, toyuğu göstərərək toyuğun onun həyətində olması səbəbindən birneçə dəqiqə əvvəl işlətdiyi nəlayiq ifadələrin özünə getdiyini demişdir. Onun bu sözü Tərlanın xoşuna gəlməmiş və Tərlan münaqişə yaradaraq iki əli ilə boynundan tutmuşdur. Onların səs-küyünə Tərlanın bacısının əri Ramin və usta Şövqü də onlara yaxınlaşmışlar. Ramin və Şövqü yaxınlaşdıqdan sonra onlar onun əllərindən tutmuşlar. Onlara əlindən nə üçün tutduqlarını, nə üçün onu döymək istədiklərini soruşmuşdur. Bu zaman Tərlan toyuğu özünün qəsdən onların həyətinə atdığını demişdir. O, Tərlana toyuğu onların həyətinə atmadığını, hasarda olan dəliyin açıq olduğunu bildirmişdir. Onun bu sözündən sonra onlar onu buraxmış və birlikdə gedərək dəliyə baxmağı təklif etmişlər. Onlar birlikdə həmin dəliyin yanına getmiş və baxış keçirmişlər. Baxış keçirdikdən sonra Tərlan dəliyi itin açdığını demiş, yenidən nəlayiq ifadələr işlədərək dəliyin onun tərəfindən açılmadığını bildirmişdir. Tərlanın nəlayiq ifadələr işlətdiyini görüb ona işlətdiyi nəlayiq ifadələrin dəliyi açan şəxsə getməsini demişdir. Onun bu sözündən sonra Tərlan üzərinə hücum etmişdir. O, Tərlana müqavimət göstərməyə çalışdığı zaman onun bacısının əri Ramin saçından, usta Şövqü isə kürəyindən tutmuşdur. Tərlan onun müqavimət göstərə bilmədiyini görüb yumruqla sifətindən vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış və yerdə olduğu zaman Tərlan təpiklə bir-neçə dəfə sifət nahiyyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən o, huşunu itirmiş və bir-neçə dəqiqə sonra ayıldığı zaman Tərlanın, Ramin və Şövqünün ondan uzaqlaşdığını görmüşdür. O, yerdən qalxaraq evinə getmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 14-cü PB-dən bir-neçə polis əməkdaşı onlara gəlmişdir. Onlar gəldikdən sonra ərizə yazaraq Tərlan, Ramin və Şövqüdən şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 475 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayət olunan alt çənənin sol şaxəsinin yerini dəyişən qapalı sınığı, sol çənə şaxəsi və sol gözaltı nahiyyələrinin qançırları, burun və sağ yanaq nahiyyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən və şəxsin qeyd etdiyi 21,03.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v.21-23) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərər çəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar