Məhkəmə qərarları › İş №1(008)-314/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-314/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-314/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 Bağ sahəsi, 31 A saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət edilən ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca nörmətsızlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-cı ıl tarixdə saat 18.20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi tərəfdən Zabrat qəsəbəsi istiqamətinə idarə etdiyi BMW markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən /amanı Zabrat dairəsinin yaxınlığında avtomobilini saxlayaraq yolu keçən piyada Zərərçəkmiş şəxs guya onun avtomobilinin kapotuna əli ilə vurmasını bəhanə gətirib Zərərçəkmiş şəxs söyüb şəxsiyyətini alçaldan ifadələri işlədərək heç bir əsaslı səbəb olmadan qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək zor tətbiq edib, ətrafda toplaşan yoldan keçən şəxslərin narahatçılıqlarına səbəb olmuş ucadan nolayiq ifadələri işlətməklə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruqla zərbə endirib sonuncuya sol gözün konyukvasına və ağlı qişasına qansızıma ilə müşaiət olunan sol gözyuvasıətrafı almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə sol ağız dəhlizinin yumşaq toxumalarının qansızması ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan olan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə, saat 18:20 radələrində o idarə etdiyi avtomobili ilə Kürdəxanı qəsəbəsi istiqamətindən şəhərin mərkəzi istiqamətinə hərəkət edirmiş. Avtomobili o idarə etmiş, avtomobilin qabağ oturacaqda Bəxtiyar adlı usta, arxa oturacaqda isə bacısı X1 ilə anası X4 əyləşmişlər. Zabrat qəsəbəsinə «Luvr» şadlıq sarayının qarşısına çatanda o, yol keçidində avtomobilini saxlamışdır ki, yolu keçən piyadalara şərait yaratsın ki, yolu keçə bilsinlər. Bu zaman o görmüşdür ki, yolu keçən piyada, sonradan adını bildiyi Zərərçəkmiş şəxs yolu keçən zamanı əli ilə qəflətən avtomobilinin kapotundan vurub onun ünvanına nalayiq ifadə işlədərək “hara mənim üstümə maşın sürürsən» sözlərini demişdir. O, Anarın bu hərəkətindən əsəbləşmiş və avtomobildən düşüb ona yaxınlaşaraq mübahisə etmiş və mübahisə əsnasında Anarı sifət nahiyyəsindən əlinin içi ilə vurmuşdur. Bir qədər sonra polis əməkdaşları yaxınlaşaraq onları bölməyə aparmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özü avtomobildən endikdən sonra Anarla qarşılıqlı olaraq biri-birilərini söydüklərini, Anarın ilkin oıaraq əlini onun avtomobilinin kapotuna vuran zaman işlətdiyi nalayiq ifadəni avtomobildə olan anası və bacısının eşidib-eşitmədiyini bilmədiyini, bu barədə onlardan heç nə soruşmadığını, Anarı vurduqdan sonra Anarın onu cavab olaraq vurmadığını, hadisə yerinin avtobus dayanacağına yaxın olduğunu, hadisə baş verən zaman heç kəsin onlara yaxınlaşmadığını və hadisəyə hər hansı şəxsin şahid olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə, saat 18:20 radələrində o «Luvr» şadlıq sarayının yaxınlığında yeriəşən bankomata yaxınlaşıb əmək haqqının bank hesabına yüklənib yüklənilməməsini yoxlamış, hesabda pul olmadığına görə o, oradan evinə getməyə hazırlaşanda piyada keçidi ilə yolu «Luvr» şadlıq sarayı tərəfindən «50 qəpik» restoranı istiqamətinə keçməyə hazırlaşmışdır. Piyada keçidi ilə yolu keçməyə başlayanda o görmüşdür ki, Kürdəxanı qəsəbəsi tərəfdən şəhərin mərkəzi istiqamətinə hərəkət edən ağ rəngli «BMW» markalı **-PF-*** nömrəli avtomobilin sürücüsü sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs onun piyada keçidi ilə yolu keçməyini görüb avtomobilim saxlamışdır ki, o, yolu keçə bilsin. O yolu keçən zamanı həmin sürücü Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbə görə ona siqnal verərək avtomobilini bri qədər qarşıya doğr hərəkət etdirmiş, bu zaman o, avtomobilin ona toxunmasından qorxaraq ani olaraq əli ilə avtomobilinin kapotuna toxunmuş və sürücü Bəxtiyarın ona qarşı etdiyi bu təhlükəli hərəkətlərinə görə əli ilə ona etiraz işarəsini etmişdir ki. «maşını mənim üstümə niyə sürürsən?». Bəxtiyar həmin vaxtı avtomobilini yolun kənarında saxlamış, avtomobildən düşüb əsəbi halda heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir edərək demişdir ki, «ə, işverən, özünü maşınımın altına atırsan? O, həmin vaxt Bəxtiyarın ona qarşı bu hərəkətlərinin etdiyini gözləməmiş və Bəxtiyardan soruşmuşdur ki, hansı səbəbə görə onu söyür? Bəxtiyar isə ona yaxınlaşaraq gözlədilmədiyi halda sağ əlinin içi ilə sifətindən vurub ona bədən xəsarətlərini yetirmişdir. Həmin zərbədən o, arxaya çəkilmiş və Bəxtiyar onu vurandan sonra o, Bəxtiyara heç bir fiziki müqavimət göstərə bilməmiş, Bəxtiyara demişdir ki, «sən kimsən ki, məni vurursan?» Bəxtiyar ona demişdir ki «mən bomba oğlanam». Həmin vaxt Bəxtiyarın bu hərəkətlərinə görə ətrafda 10-15 nəfər vətətndaş toplaşıb onlara tamaşa etmişlər. Yolda hərəkət edən avtomobillərin sürücüləri avtomobillərini saxlayıb onlara baxırmışlar. Lakin yolun hərəkəti dayanmamışdır. Mübahisəni görən ətrafda xidmət edən çevik polis əməkdaşları bunu görüb onlara yaxınlaşmışlar və onları Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparmışlar. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin söylədiklərinin həqiqəti əks etdirmədiyini, onun Təqsirləndirilən şəxs siqnal verərək avtomobili bir qədər irəli hərəkət etdirən zaman Bəxtiyarın ünvanına nalayiq ifadə işlətmədiyini, sadəcə əli ilə işarə edərək nə etdiyini soruşduğunu, bu zaman Təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlayaraq ona tərəf gəldiyini hətta həmin zaman Bəxtiyarın üzürxahlıq etmək üçün gəldiyini düşündüyünü, lakin Təqsirləndirilən şəxs ona nalayiq söz deyərək sifət nahiyyəsinin əlinin içi ilə vurduğunu, özü polis əməkdaşı olduğundan vətəndaşı söymədiyini və cavab olaraq ona əl qaldırmadığını, onların mübahisəsinə təxminən 10-15 nəfər şəxsin şahidlik etdiyini, bəzi sürücülərin avtomobili saxlayaraq mübahisəni telefona çəkdiklərini, hadisənin baş verdiyi yerə təhlükəsizlik şəhər kamerasının olduğunu, dəfələrlə həmin görüntünün götürülməsi ilə bağlı təhqiqatçıya müracitə etməsinə, AR DİN-nin ünvanına müraciət ünvanlamasına baxmayaraq həmin görüntünün təhqiqatçı və müstəntiq tərəfindən götürülmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə, saat 18.20 radələrində o iş yoldaşı polis serjantı Şahid2 ilə birlikdə AP 9751 çağırışlı avlopatrulla Zabrat qəsəbəsində «Luvr» şadlıq sarayının yaxınlığında xidmətlə olduğu zaman həmin yolda yaranmış səs-küyə görə təxminən 5-6 nəfər vətəndaşların toplandığını görmüşlər. Yaxınlaşanda onlar görmüşlər ki, iki nəfər şəxs bir-biri ilə mübahisə edir. Onlardan biri sonradan adını Təqsirləndirilən şəxs kimi məlum olan şəxs digər şəxsi sonradan adını bildiyimiz kimi Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir edirmiş. Onlar dərhal həmin şəxsləri xidməti avtomobilinə otuzdurub Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Hadisə günü onlar konsertə gedirdilər. Avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə edirdi. Zabrat dairəsi yaxınlığında piyada keçidinə çatan zaman piyadalar yolu keçdiklərindən qardaşı avtomobili saxlayaraq piyadalar yol vermişdir. O, avtomobildə telefonda danışdığı zaman piyadalardan birinin maşının kapotuna əli ilə vurduğunu görmüş, bu zaman qardaşı avtomobili kənarda saxlayaraq həmin şəxsin üzərinə getmiş, onlar avtomobilin arxa tərəfinə keçərək mübahisə etməyə başlamışlar. Bir qədər sonra o, avtomobilin arxa şüşəsindən baxan zaman oraya insanların yığışdığını görmüş, həmin şəxslər toplu halında olduqlarından qardaşının zərərçəkmiş şəxsi vurduğu anı görə bilməmişdir. Daha sonra polis əməkdaşları yaxınlaşaraq qardaşını və zərərçəkmiş şəxsi polis bölməsinə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 zərərçəkmiş şəxsin maşının kapotuna əlini vuran zaman söyüş işlətdiyini eşitmədiyini, qardaşı avtomobildən endikdən sonra qardaşı ilə zərərçəkmiş şəxs maşından bir qədər aralanaraq maşının arxa tərəfinə keçdiklərindən onların nə danışdıqlarını, söyüş işlədib- işlətmədiklərini eşitmədiyini, hadisə yerinə təxminən 5-6 nəfər şəxsin yığışdığını, yolun sağında avtobus dayanacağının olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə günü onlar konsertə gedən zaman oğlu avtomobili idarə etmiş, piyada keçidinə çatan zaman piyadalar yolu keçdiyindən oğlu avtomobili saxlayaraq onlara yol vermişdir. Oğlu siqnal vermiş, bu zaman bir nəfər şəxs əli ilə avtomobilin kapotuna vurmuşdur. Daha sonra oğlu avtomobili kənarda saxlayaraq həmin şəxslə kənara çəkilərək mübahisə etməyə başlamışlar. Bundan sonra onların arasında nə baş verdiyini görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab lolaraq şahid X3 zərərçəkmiş şəxsin əlini avtomobilin kapotuna vuran zaman söyüş işlətdiyini eşitmədiyini, oğlu avtomobildən enəndən sonra mübahisənin avtomobilin arxa tərəfində davam etdiyini və orada nə baş verdiyini görmədiyini, ümumiyyətlə arxaya çevrilib baxmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 19 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi istiqamətində yerləşən asfalt yolun kənarında baş vermişdir (i.v.7-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 24 iyun 2022-ci il tarixli, 1261 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün konyuktivasına və ağiı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyədə sol ağız dəhlizinin yumşaq toxumalarının qansızması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmiş, əllə yetirilə bilər, yetirilmə müddəti qərarda göstərilən 19 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.16-17). “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadəsinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 92-95). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq zamanı, o cümlədən, məhkəmə iclasında təqsirləndirilən şəxs ilkin olaraq yolu keçən piyada Zərərçəkmiş şəxs siqnal verən zaman həmin şəxsin avtomobilin kapotuna əli ilə vuraraq onun ünvanına nalayiq ifadə işlətdiyini, avtomobilinin qabaq yan pəncərələri açıq olduğundan avtomobildə olan anası və bacısının həmin söyüşü eşitdiyini düşündüyünü, bu səbəbdən avtomobildən enərək zərərçəkmiş şəxslə mübahisə etdiklərini və zərərçəkmiş şəxsin söyüşlərini davam etdirməsi səbəbindən onu vurduğunu göstərsə də, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin o, piyada keçidini keçən zaman siqnal verərək avtomobili bir qədər onun üzərinə sürdüyünü, bu səbəbdən də əli ilə avtomobilin kapotuna vuraraq sürücüdən əli ilə nə etdiyini soruşduğunu, lakin sürücünün ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, Təqsirləndirilən şəxs heç bir əsas olmadan avtomobildən enərək ona tərəf gəldiyini, onunla mübahisəni davam etdirərək onun sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirmiş, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş və hadisə baş verən zaman təqsirləndirilən şəxsin avtomobilində olmuş anası və bacısı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin kapotuna əli ilə vurmasını təsdiq etsələr də, Zərərçəkmiş şəxs hər hansı söyüş və ya nalayiq ifadə işlətməsinin şahidi olmadıqlarını bildirmişlər ki, bu da təqsirləndirilən şəxsin məhz zərərçəkmiş şəxsin onun və ailəsinin ünvanına söyüşlər söyməsi və həmin söyüşləri avtomobildə olan anası və bacısının eşitdiyini düşünməsi səbəbindən zərərçəkmiş şəxslə mübahisə edərək onu vurmasına dair irəli sürdüyü arqumentin öz təsdiqini tapmamasına, hətta onun yaxın qohumları olan anası və bacısının ifadələri ilə təkzib edilməsinə dəlalət edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs hadisə zamanı hadisə yerinə kənar hər hansı şəxsin gəlmədiyini, hadisə yerində yalnız onunla zərərçəkmiş şəxsin olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bu arqumenti yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə deyil, həm də hadisə yerinə gəlmiş polis əməkdaşı Şahid1 və şahidlərin ifadələrindəki xüsusatlarla tamamilə təkzib edilmiş, həm zərərçəkmiş şəxs, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər hadisə yerinə kənar şəxslərin toplaşdığını təsdiq edərək biri digərinə uyğun gələn ifadələr vermişlər. Bunun əksinə olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilən xüsusatla bağlı tamamilə başqa məzmunda ifadə verərək hadisə zamanı hadisə yerinə xeyli sayda insanın toplaşdığını və hadisəyə şahid olduqlarını bildirmişdir. Bundan savayı, məhkəmə hadisənin avtomobillərin hərəkətdə olduğu yol kənarında baş verdiyini, proses iştirakçılarının ifadələrində göstərdiklərinə əsasən həmin yol kənarında sağ tərəfdə avtobus dayanacağının, hadisənin baş verdiyi tərəfdə isə mağazaların olduğunu nəzərə alaraq yay aylarında, saat 18 radələrində göstərilən ərazidə kənar şəxslərin olmamasının real və inandırıcı olmaması qənaətindədir. Göstərilən bu hallar qeyd olunan hissədə təqsirləndirilən şəxsin məhz ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin həqiqi halları və digər proses iştirakçılarının ifadələri ilə uzlaşmasının göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə kənar şəxslərin toplaşması ilə əlaqədar ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.32). “Axtarışda olan şəxsin tutulması barədə” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə Sabunçu rayonunda saxlanılaraq 15-ci PB-nə gətirilərək MSY-nə təhvil verilmişdir (i.v.43). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Orucov X2 RPİ-nin MSYdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.88-89). Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək tutularaq saxlandığı 01 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək ona qəti olaraq 500 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar