Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-316/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Ucar rayonu, Əlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvəllər məhkum olunmamış, Ucar rayonu Əlikənd ərazi dairəsi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi «Fazenda» yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamağa, soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi «Fazenda» deyilən ərazidə 105 saylı avtobus dayanacağının qarşısında olan zamanı həmin ünvana gələn və evinə tərəf yaxınlığda yerləşən qəbirstanlığın qarşısından keçən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs piyada hərəkət etdiyini görüb onun arxası ilə hərəkət edərək Zərərçəkmiş şəxs hərəkət etdiyi yolun qaranlıq olduğundan istifadə edib onun arxasına yaxınlaşaraq sol əli ilə saçından dartıb sağ əli ilə Zərərçəkmiş şəxs ağzını bağlayaraq üzərinə sıxmaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə içərisində 4 manat nağd pul saxlanılan 45 manat dəyərində olan əl çantasının dartıb ələ keçirmək istəyən zamanı Zərərçəkmiş şəxs özünü müdafiə edərək onun sağ əlinin ovuc hissəsini dişləyib ayağından təpiklə vurduğuna, həmçinin zərərçəkmiş şəxsin aktiv müqaviməti ilə qarşılaşdığına görə bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin əmlakını açıq talamağa, soyğunçuluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 noyabr 2022-ci il tarixdə saat 16-17 radələrində o qonşuluqda yaşayan və işləyən tanışları Rafiq, Səfər və elektrik Rəfaellə birlikdə yaşadığı evinin yaxınlığında yəni Fazenda yaşayış massivində yerləşən «8 noyabr» kafesində oturub yemək yeyib araq içmişdir, sonra isə kafedən çıxaraq onlardan ayrılmışdır, içkili olduğundan sonrakı hadisələri xatırlamır, zərərçəkmiş şəxsə etdiyi hərəkətə görə ondan üzr istəyir əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını, yaşlı olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «Fazenda» adlanan ərazidə ailəsi ilə birlikdə 20 ilə yaxındır ki, yaşayır. «Laçın Ticarət Mərkəzində» qızıl alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs və Tofiqin ailə üzvlərini o uzun illərdir ki, tanıyır. Aralarında yaxın münasibətləri olmasa da o Tofiqin arvadını küçədə görəndə salamlaşıb hal əhval tutur, Tofiqin özü ilə heç vaxt əlaqəsi olmamışdır. 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində o taksi ilə yaşadığı evinin yanına gəlmiş və Fazenda adlanan yerdə 105 saylı avtobus dayanacağının qarşısında taksidən düşmüşdür. Taksidən düşəndə o görmüşdür ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs küçədə ağacın yanında dayanmışdır. Tofiqin əynində qara rəngli idman papağı və boz rəngli gödəkçə olmuşdur. Evinə getmək üçün o qaranlıq tinə daxil olub orada yerləşən qəbirstanlığın kənarı ilə yolunu davam etdirmişdir. Onun evi qəbirstanlıqdan təxminən 100 metr aralı məsafədə yerləşir. Həmin vaxtı mobil telefon aparatı əlində olmuşdur. O asta addımlarla piyada evinə tərəf gedəndə görmüşdür ki, qəflətən arxadan kimsə sol əli ilə saçından tutaraq sağ əli ilə ağzını tutmuşdur. Həmin şəxs onu özünə tərəf sıxıb əlində olan qara rəngli əl çantasını əlindən dartıb almaq istəmiş, o isə həmin şəxsə müqavimət göstərərək çantasını əlindən buraxmamışdır. Həmin şəxs ona heçnə deməmiş, səsini çıxartmamışdır. O da həmin vaxtı özünü müdafiə etmək məqsədi ilə həmin şəxsin sağ əlinin ovuc hissəsini dişləmiş və həmin şəxs onu buraxanda o çönüb əlində olan mobil telefon aparatının işığı ilə həmin şəxsin sifətinə tutmuşdur ki, baxsın görsün ki şəxs kimdir. Həmin şəxs ondan 10-15 santimetr hündür olmuşdur, gödəkçəsinin burnuna qədər bağlamışdır və başında olan idman papağını gözlərinə qədər çəkmişdir. Həmin şəxsin o ancaq yanaqlarını və gözlərini görmüş, ilkin olaraq kim olduğunu bilməmişdir. Həmin şəxs onu itələyib divara sıxmış və o müqavimət göstərəndə tanımadığı şəxs onun əynində olan qarg rəngli dəri gödəkçəsinin kəmər hissəsindən dartaraq gödəkçənin bel hissəsində olan kəmərin qulpunu qopartmış, o isə həmin şəxsin ayağından təpiklə vurmuş, bundan sonra şəxs əl çantasını buraxıb qəbirstanlıq tərəfə qaçmağa başlamış, o da həmin şəxsin arxası ilə qaçmışdır ki, onu yaxalayıb kim olduğunu müəyyən etsin. Həmin adam ondan qaçıb getdiyinə görə o onu yaxalaya bilməmiş, evə gələrək dərhal mobil telefon vasitəsi ilə DİN 102 xidmətinə məlumat vermişdir. Bundan sonra o taksidən düşdüyü yerə qayıtmışdır. Orada yaxınlıqdakı alqı-satqı ofisinə müraciət etmişdir ki, kamerala baxaraq hadisəni törədən şəxsi müəyyən etsinlər. Kameraya baxanda o görmüşdür ki, o taksidən düşən zamanı ağacın yanında dayanmış şəxs yəni Təqsirləndirilən şəxs onun arxası ilə getməyə başlayır, Tofiqin əynində boz rəngli uzun gödəkçə olmuş, başındada qara rəngli idman papağı olmuşdur. Bundan sonra onu 12-ci polis şöbəsinə dəvət etmişlər və orada o hadisə barədə məlumat vermişdir. O əminlikə deyə bilər ki, həmin şəxs qonşusu Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxtı əl çantasında heç bir qiymətli əşya olmamış, çantasında 4 manat nağd pul olmuşdur, çantasının qiyməti 45 manatdır. Hadisə nəticəsində ona maddi ziyan dəyməmiş və heç bir bədən xəsarəti almamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 15 noyabr 2022-ci il tarixdə nahardan sonra əri Təqsirləndirilən şəxs evdən yoldaşları ilə yeyib içmək üçün getmiş, evdən gedərkən əynində boz rəngli gödəkçə və qara rəngli idman papağı olmuşdur. Axşam saatlarında evə içkili vəziyyətdə gəlmiş, kurtkasını və papağını çıxararaq asmış, bir neçə dəqiqə sonra küçəyə çıxmışdır. Hadisə barədə əri Təqsirləndirilən şəxs ona heç nə deməmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xidmət etdiyi inzibati ərazi Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən «Fazenda» adlanan yaşayış sahəsini əhatə edir. 15 noyabr 2022-ci il tarifdə saat 20 radələrində xidmətdə olduğu zamanı DİN-nin 102 xidmətindən gələn məlumatda göstərilmişdir ki, naməlum şəxs Zərərçəkmiş şəxs çantasını alıb qaçmaq istəmişdir. Baş vermiş hadisə xidmət etdiyi ərazidə baş verdiyinə görə o hadisənin dəqiq ünvanını öyrənmişdir. Bundan sonra o həmin əraziyə getmiş, orada tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Fazenda deyilən yerdə qəbirstanlığın ətrafında Zərərçəkmiş şəxs arxasından saçından tutub əl çantasını dartıb qaçmaq istəyən şəxs qonşuluqda yaşayan 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs həmin cinayəti Zərərçəkmiş şəxs qarşı törədən zamanı sərxoş halda olmuşdur. Polis şöbəsində olarkən Zərərçəkmiş şəxs da ona təsdiq etmişdir ki, ona qarşı həmin cinayəti törədən şəxs qonşuluğunda yaşayan Təqsirləndirilən şəxsdur. Tofiqin yaşayış yerini müəyyən edərək evinə getmiş və Tofiqi həmin günü yəni 15 noyabr 2022-ci il tarixdə saat 23 radələrində 12-ci PŞ-nə dəvət etmişdir. Tofiq sərxoş halda olmuş və Tofiqin sərxoşluğunun dərəcəsini müəyyən etmək məqsədi ilə tibbi müayinəyə aparmışlar, tibbi müayinə zamanı müəyyən olunmuşdur ki, Tofiq cinayəti törədən zamanı yüngül dərəcəli sərxoş halda olmuşdur(i.v.97-98). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 29,180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda adlanan yaşayış massivində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.08-10); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2022-ci il tarixli, 1/2642 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olmuşdur(i.v.14); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.20); şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur(i.v.34); xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.48-51); 17 noyabr 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi “Fazenda” adlanan ərazidə yerləşən 105 saylı marşrut avtobusun dayanacağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə getməyini göstərən 01 ədəd DVD diskdə qeydə alınmış videoyazısı götürülmüşdür(i.v.53); video yazıya baxış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskdə olan «Video TS» faila daxil olandan sonra «Video TS12kb»adlı faila daxil olub 5 ədəd vildeogörüntü müəyyən olunur. 1-ci videogörüntü 12 dəqiqə 55 saniyədən ibarətidir, Həmin disk görüntüsünün 07.40 dan - 08.02 qədər olan müddətdə (çəkilən monitorun üzərində göstərilən xx.xx.2022-ci il 19 saat 08-09 dəqiqələr (hadisə yerinin görüntüləri) ) olan müddətdə görünür ki, X2 başında qara rəngli idman papağı ilə və boz rəngli uzun gödəkçə ilə 105 saylı marşrut avtobusun dayanacağı tərəfə gedir və orada ağacın yanında dayanır. Disk görüntüsünün 11 dəqiqə 12 saniyədə görünür ki, Təqsirləndirilən şəxs dayanacaqda durur (çəkilən monitorun üzərində göstərilən xx.xx.2022-ci il 19 saat 12 dəqiqə (hadisə yerinin görüntüləri)), disk görüntüsünün 11.35 dən - 12.55 qədər olan müddətdə (çəkilən monitorun üzərində göstərilən xx.xx.2022-ci il 19 saat 12- 14 dəqiqələr (hadisə yerinin görüntüləri) Təqsirləndirilən şəxs hadisə yerini çəkən kameranını qarşısında dayanır. 5-ci videoda görünür ki, videogörüntü 08 dəqiqə 44 saniyədən ibarətdir. Disk yazısındä göstərilən 07.31-08.23 olan vaxtda (çəkilən monitorun üzərində göstərilən xx.xx.2022- ci il 19 saat 30-31 dəqiqə (hadisə yerinin görüntüləri) Zərərçəkmiş şəxs Abduləli qızı taksi kimi fəaliyyət göstərən qara rəngli avtomobildən düşüb piyada hərəkət etməyə başlayır, avtobus dayanağinda dayanmış Təqsirləndirilən şəxs isə onu izləyərək arxası ilə gedir və arxası ilə qaranlıq tinə daxil olur(i.v.54); götürmə haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan qara rəngli dəri materiala oxşar olan materialdan olan gödəkçəsi götürülmüşdür(i.v.58); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29, 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 60); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-941/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmaqla, 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 75- 78); məhkəmə tibbi ekspertizasının 2677 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsarət müəyyən olunmamışdır(i.v.82-83); məhkəmə tibbi ekspertizasının 2676 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin ovuc səthinin qançırı müəyyən edilmiş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 15 noyabr 2022-ci il tarixdə yetirilməyə uyğun əlir, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin olunmur(i.v.84-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 96); kompleks məhkəmə trasoloji və lifli materialların kimyəvi ekspertizasının 26 dekabr 2022-ci il tarixli 6/7007 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qara rəngli gödəkçəsinin üzərində kənar lif mikrohisşəçikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 N-li cədvəlində göstərilmişdir. Həmin rəyə əlayə olunmuş 1-N-li cədvəldən görünür ki, Zərərçəkmiş şəxs gödəkçəsinin üzərində aşkar edilmiş kənar liflərin rəngi göy, a/boz, açıq qırmızı rənglidir(i.v.99-102); məhkəmə trasoloji ekspertizasının 06 yanvar 2023-cü il tarixli 3/1745 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş gödəkçənin sol yan hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb qoparılma zədəsidir. Həmin zədə müxtəlif şəraitdə həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilərdi(i.v.103-106); maddi sübut kimi tanınması haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs aşkar olunaraq götürülmüş qara rəngli dəri materiala oxşar olan materialdan olan gödəkçəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmış, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi «Fazenda» adlanan ərazidə yerləşən 105 saylı marşrut avtobusun dayanacağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə getməyini göstərən 01 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.107-108); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 23-cü bəndinə əsasən həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, yaşlı olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 63.3-cü maddəsinə əsəsən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cu bəndinə əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona CM-nin 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdilmişdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən tutularaq həbsdə sахlаnılmışdır. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60.1 və 63.3), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs götürülmüş qara rəngli dəri materiala oxşar olan materialdan olan gödəkçənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi «Fazenda» adlanan ərazidə yerləşən 105 saylı marşrut avtobusun dayanacağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə getməyini göstərən 01 ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 194 (yüz doxsan dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs aşkar olunaraq götürülmüş qara rəngli dəri materiala oxşar olan materialdan olan gödəkçənin Zərərçəkmiş şəxs qaytarılması və 1 ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-316/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-316/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver