Məhkəmə qərarları › İş №1(008)-32/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-32/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-32/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,890 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 01 aprel 2024-cü il tarixdə, saat 14:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanındakı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 15-ci PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik maddələrdən metamfetamini əridib tüstüsünü iyləməklə qəbul edir. Narkotik maddələrə ehtiyacı olanda Sabunçu rayonu və ya başqa rayonun ərazisində gəzərkən orada üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi şəxsdən pul müqabilində narkotik əldə edir və gizlin yerdə istifadə edir. 01 aprel 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, Balaxanı qəsəbəsində məhəllələrin arasında bir fərdi evin yaxınlığında üzdən tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsi görmüş və ondan bir istifadəlik “patı” yəni narkotik maddə olan metamfetamin istəmişdir. O da ona üzərində narkotik olmasını demiş və 20 manata həmin narkotiki ona satmışdır. O, həmin narkotiki gizlin yerdə istifadə etmək üçün əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün günorta saatlarında yaşadığı evdən çıxıb məhəllədə olan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, daşıması və saxlamasında şübhəli olmağını deyib, onu polis bölməsinə gətirmişlər. Orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə o etiraz etmədən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülü halda içərisində “patı” kimi tanıdığı maddəni təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25-də yaşayan olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat barədə Sabunçu RPİ-nin əməkdaşları ilə aidiyyəti üzrə Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin tarixdə saat 14:35 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanının yaxınlığına getdikdə, orada xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək xx.xx.1970-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə izah verib onu 15-ci PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra bu barədə bölmə rəisi adına raportla müraciət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən o, müşahidə altında saxlanılmış və bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitələri hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı, polis leytenantı Ramil Mehdizadə tərəfindən ona hüquqları izah edilib, müdfaiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Daha sonra PB-də xidməti otaqlardan birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni həmin gün, yəni 01 aprel 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən ümumillikdə 20 manat pula öz istifadəsi üçün alıb öz üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli spesifik iyə malik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, 161 saylı möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sabunçu RPİ 15-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqda Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:35 dəqiqədə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni həmin gün, yəni 01 aprel 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən ümumillikdə 20 manat pula öz istifadəsi üçün alıb öz üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, 161 saylı möhürlə möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, iştirakçılar tərəfindən imzalandı və götürülmüşdür. məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs götürülmüş..” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Tutulmuş şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal həbs yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkət həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni həmin gün, yəni 01 aprel 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən ümumillikdə 20 manat pula öz istifadəsi üçün alıb öz üzərində gəzdirdiyini bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, 161 saylı möhürlə möhürlənməsi, üzərində müvafiq qeydlər aparılması, iştirakçılar tərəfindən imzalanıb və götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. xx.xx.2015ci ildə cəzanın sonu ilə azad edilmişdir. məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2169 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,890 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqat zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,840 qram metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd “CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.890 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,840 qram hissədə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,840 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar