Məhkəmə qərarları › İş №1(008)-320/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-320/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-320/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-520/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,870 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi «Zabrat Dairəsi» adlanan əraziyədək daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 yanvar 2024-cü il tarixdə, saat 15:40-da həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində təmiz çəkisi 0,870 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadəyə görə məhkum olunmuşdur. Belə ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bak şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alır. 09 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. Həmin gün, yəni, 09 yanvar 2024-cü il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, «Zabrat Dairəsi» adlanan ərazidə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək adını və soyadını soruşmuş, özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 15-ci PB-yə dəvət etmişlər. Bundan sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİnin 15-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun yaradılmasından məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, qrup rəhbəri, Şahid2 qrup üzvü təyin edilmişdir. 09 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, həmin gün, yəni, 09 yanvar 2024-cü il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar olaraq Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə axtarışın keçirilməsinə etiraz olmadığını bildirdikdən sonra, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd büküm aşkar olunuraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, 09 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda baxış iştirakçılarnın imzası ilə təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 09 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqəsində olan 09 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf siqaret sellofanına bükülmüş qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/91 nömrəli, 10 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,870 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.820 qramdır. Cinayət işinin 54-cü vərəqəsində olan 11 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 81-86-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-14/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 11 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.820 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 115-116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 887 nömrəli, 12 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların maddələrin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-123-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-520/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 113-114-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 yanvar 2024cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-520/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alınmadığından cəzası çəkilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 09 yanvar 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-520/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.820 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-520/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.820 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar