Məhkəmə qərarları › İş №1(008)-321/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-321/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-321/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Ucar şəhəri, Pambıq zavodu yaşayış evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 1, mənzil 22də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,944 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 30 iyul 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mətbəx kağızının içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,371 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 1,201 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,322 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,944 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən yalnız marixuanadan istifadə edir, 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manat verərək narkotik vasitə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. 30 iyul 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığından, həmçinin üzərində narkotik vasitə və psixotrop maddə metamfetamin olduğundan o, özünü şübhəli aparmağa başlamış və polis əməkdaşlarından yayınmağa çalışmışdır. Həmin vaxt polis əməkdaşları ondan şübhələndikləri üçün onu saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə razılaşmışdır. Belə ki, o, polis şöbəsinə aparılana kimi polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olan narkotik vasitəni və psixotrop maddəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğu üçün istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ və göy rəngləri olan mətbəx kağızının içərisində olan 03 ədəd büküm qızılı rəngli kağızın içərisində olan ot kütlələrini və 03 ədəd büküm şəffaf sellofana bükülmüş ağ kristal şəklində spesfik iyə malik olan maddələri təqdim etmişdir. Daha sonra əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus 01 ədəd “Samsung A21” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümlərin içərisində "nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda, həmin maddələri şəxsi istifadəsi üçün 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarına təqdim etdiyi 03 ədəd bükümdə olan qızılı rəngli kağızın içərisində olan ot şəklində maddələr və 03 ədəd bükümdə şəffaf sellofana bükülmüş ağ kristal şəklində spesfik iyə malik maddələr qablaşdırılaraq götürülüb möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddələr ekspertiza mərkəzinə göndəriləcəkdir. Həmçinin ona məxsus “Samsung A21” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır, kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sms mətnləri ilə bağlı onu bildirmişdir ki, həmin sms mətnlərini o, yazmamışdır. Onun rəhmətlik qardaşı Mirağa sağ olarkən qeyd edilən nömrələri bir müddət işlətmiş, həmin nömrələr rəhmətlik qardaşında olmuş, qardaşı həmin smsləri yazmışdır. Bəzi smslərdə onun adı çəkilsə də, rəhmətlik qardaşı istifadə etmişdir. Qardaşı 2023-cü ilin oktyabr ayı rəhmətə getmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 30 iyul 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində inzibati ərazidə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək verilən suallara yayındırıcı cavablar verərək onlardan yayınmaq istəmişdir. Onlar həmin şəxsdən şübhələndikləri üçün həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla polis bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsinə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mətbəx kağızının içərisində 03 ədəd bükümdə içərisində marixuanaya bənzər ot kütlələrini və 03 ədəd bükümdə ağ kristal şəklində spesifik iyə malik maddələri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümlərin içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bükümlərin içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın arxa sağ cibindən özünə məxsus 01 ədəd “Samsung A21” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri nə məqsədlə əldə edildiyi sual edildikdə həmin maddələri şəxsi istifadəsi üçün 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bundan başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Həmçinin təqdim etdiyi 01 ədəd “Samsung A21” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır, ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə həmin şalvarın sol yan cibindən bir ədəd ağ və göy rəngləri olan əl silən məətbəx kağızının içərisindən 03 ədəd bükümdə qızılı rəngli kağızın içərisində olan ot şəklində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütlələrini və 03 ədəd bükümdə şəffaf sellofana bükülmüş ağ krsital şəklində, spesifik iyə malik maddələri təqdim edərək həmin bükümlərin 03 ədədinin içərisində “şüşə” kimi tanıdığı maddələr və 03 ədəd bükümlərin içərisində isə “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2023-cü il səhər saatlarında Bakıxanov qəsəbəsindən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manata alıb üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş 03 ədəd büküm şəffaf sellofana bükülmüş içərisində ağ kristal şəklində olan maddələr və 03 ədəd bükümlərdə spesifik iyə malik ot kütlələri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürüldü, Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ arxa cibindən 01 ədəd mobil telefonu təqdim etmişdir. Həmin Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb edildiyindən qablaşdırılaraq götürüldü. Bundan başqa şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyətə malik olan əşya və predmet aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi (i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 31 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1099 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər” yazılar və imzalar olan zərfdə 3 (üç) ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayırılıqda təmiz çəkiləri - 0,337 qram; 0,322 qram; 0,285 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 0,944 qramdır (i.v.32-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 31 iyul 2023-cü il tarixli 3-16-16/1-6/4087 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qr., 0,371 qr., 0,407 qr., ümumi təmiz çəkisi 1,201 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.37-41); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.60-61); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.79-81); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.82-83); Diskə baxış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 30 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mətbəx kağızının içərisində 03 ədəd bükümdə içərisində marixuanaya bənzər ot kütlələrini və 03 ədəd bükümdə ağ kristal şəklində spesifik iyə malik maddələri çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümlərin içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bükümlərin içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın arxa sağ cibindən özünə məxsus 01 ədəd “Samsung A21” markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri nə məqsədlə əldə edildiyi sual edildikdə həmin maddələri şəxsi istifadəsi üçün 30 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində alaraq üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, bundan başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülür. Həmçinin təqdim etdiyi 01 ədəd “Samsung A21” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür (i.v.88); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65-66); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1 X2 Komissiyasının 04 oktyabr 2023-cü il tarixli 6291 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.94-95); Sübutların qiymətləndirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,944 qram narkotik rasitə qurudulmuş marixuana və 03 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram prixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra narkotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 0,884 qram hissəsi və tədqiqatdan sonra psixotrop maddə metamfetamindən qalıq qalmış 1,101 qram hissəsi təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A21” markalı mobil telefonun özünə geri qaytarılmasının nəzərə alınması, ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış seçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınması qərara alınmışdır (i.v.97-103); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-958/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (i.v.176-179); Diskə baxış keçirilməsi haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2023, 06.xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə daxil olmuş sms-lərin məzmunu belə olmuşdur: “Sabahin xeyir, yadından çıxmasın brat, işə gedəndə mənlə görüş get, gecə yatmamışam qardaşımsan. bele eleme də brat, bir kəlmə cavab ver, gecə yatmamışam özüm ölüm, sroçnu lazımdı mənə, brat biz tərəfdən keçəndə ora qoy götürəcəm, evə gələndə, həkimdəyəm, saat 8-di, alınmırsa, niyə uzadırsan pulu kartima geri vur, 2 gündü draznit eləmisən, bu nə hərəkətdi eləyirsən. İndi yenə pulu gözləməliyəm, demək alınmır da, pulu qaytar gözləyirəm. Zornan borc elədim ki, dünən bəhrəsini görəm təmiz içinə elədin. Brat dünəndən pul göndərmişəm, gözlətmə də məni, 5 manat da indi atdım”. “Sabahın xeyir, qaqa pulu göndər, göndərmirsənsə, 15 manat da göndərim, 2 dənə qoyarsan qapıya götürərəm”. “Qaqa 27 manat var, qadanalım, gör əgər, alınırsa, işdəyəm, üstümdədi nağd, qaqa nə qalırsa, günorta ataram karta”. “Kntr, yoxdu məndə. Sabah biz tərəfden keçə bilərsən? 10 atim kartına çaxır qoyarsan, götürərəm. Səhər 8-də razində olacam. “6997 nən bitən karta gonderim?” Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən çıxan smslərdən görünür ki, “4169 7385 6822 5431..A..kapital” bank kartı xx.xx.2023-xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müxtəlif abonentlərə göndərilmişdir. Həmçinin, sms-lərdə göstərilmişdir ki, “Pulu at bu 4169 7385 6822 5431", “15 at mənim kartıma 5431”, “mənə götürüb verməliydim 1,5 olmalı idi”, mən sənə qram yarım artıq vermişəm, onun ya pulunu, ya da temanın özünü ver”, “Qaqa onun pulu, 90 manat eliyir, at, ya da temanı saxla, götürüm”, “Qaqa vassapı silmişdim, itlər bizi qovdu, bayaq gəldim razinə, şükür yaxşı qurtardıq, sənə nə qədər zəng elədim, açmırsan”, “Əli, at bu karta 4098 5844 6251 5170”, Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: “Saleh, çıxaq, gələk, bir söz de”, “4169 7388 5859 6244”, “qardaşnan yolunu gözləyirəm, qonaq-qara var, nətər eliyim, bir şey de, bilim” Eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***- **-** saylı mobil nömrədən çıxan sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: xx.xx.2022, xx.xx.2022 və 21,04.2023-cü il tarixlərdə “4169 7385 6822 5431”, bank kartı müxtəlif abonentlərə göndərilmişdir. Bunlardan əlavə, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil nömrələrə daxil olan digər çoxsaylı sms-lərin məzmunundan görünür ki, bir çox şəxs Təqsirləndirilən şəxslə əlaqə yaratmağa cəhd edir, dəfələrlə ondan nömrələrini blokdan çıxartmalarını tələb etməklə yanaşı onu təcili gözlədiklərini, nə səbəbə onlara geri zəng etmədiyini bildirirlər (i.v.193); Qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.215-217); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v.229-230); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrələr vasitəsilə ayrı ayrı şəxslər tərəfindən narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu yuxarıda göstərilmiş sms mətnləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq rəhmətlik qardaşı Mirağa sağ olarkən qeyd edilən nömrələri bir müddət işlətdiyini, həmin nömrələrin rəhmətlik qardaşında olduğunu, qardaşının həmin smsləri yazdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms-lərin məzmununa baxış zamanı “Saleh, çıxaq, gələk, bir söz de” məzmunda sms mətni ilə bir daha təsdiq olunur ki, həmin nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs öz ifadəsində narktik vasitə olan marixuanadan istifadə etdiyini, psixotrop maddə metamfetamindən istifadə etmədiyini bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1 X2 Komissiyasının 04 oktyabr 2023-cü il tarixli 6291 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar olunmuş, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,201 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən təmiz çəkisi 0,944 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarında hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,944 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,884 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 1,101 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 153 (yüz əlli üç) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,944 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,884 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 1,101 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar