Məhkəmə qərarları › İş №1(008)-321/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-321/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-321/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X22 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 14 saylı Təcili və X12 Stansiyasında sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Ağaəmi Rəhimov küçəsi, nömrəsiz ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Maştağa qəsəbəsidən üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Maştağa-Zabrat Şossesində “Təkər Kredit” mağazasının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunanlara əməl etməyib avtomobilin ön hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X4 vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyin maddəsinin və onurğa beyninin əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, İ-ll boyun və Vİ döş fəqərələrinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin əzilmiş-cırılmış yaraları, soltərəfli l-X, sağtərəfli ll-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasında cırılma, sol bazu sümüyünün, sol əlin l-ll barmaqlarının, sol bud və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla Şahverdi Məlikovun ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, sonuncunun almış olduğu xəsarətlərlə əlaqədar baş beyinin və onurğa beyninin əzilməsi nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 saylı TTYS-da sürücü işləyir. Hazırda 14 saylı TTYS-da “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 08:00-da 14 saylı TTYS-da iş yerində olmuşdur. Həmin vaxt 14 saylı TTYS-da “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobili yol-vərəqəsi əsasında təhvil almış və çağırışlar üzrə idarə etməyə başlamışdır. Avtomobildə heç bir nasazlıq olmamış və avtomobil saz vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 11-12 radələri olardı ki, çağırış əsasında “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsində yerləşən “İnsaf” marketin yanına getmişdir. Oradan xəstəni X18 hospitalizasiya etmək üçün idarə etdiyi avtomobilin arxa salon hissəsinə əyləşdirmişlər. Həmin gün saat təxminən 12:30 radələrində idarə etdiyi avtomobillə Maştağa-Zabrat şosesi ilə avtomobili saatda 90 km sürətlə Maştağa qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində sol hərəkət zolağı ilə hərəkət etdirmişdir. Maştağa-Zabrat şosesində yerləşən “Təkər kredit” mağazasının yaxınlığında bir nəfər əvvəllər tanımadığı kişinin yolun hərəkət hissəsinə daxil olaraq sağdan sola doğru adi yerişlə yolun hərəkət hissəsini keçməsini görmüşdür. Həmin şəxs onun hərəkət zolağının yarısından çox hissəsini adi yerişlə keçdikdən sonra dayanmadan adi qaçışla yolun hərəkət hissəsini keçməyə davam etmişdir. Həmin kişini vurmamaq üçün tormoz edib sükanı sağa doğru döndərmişdir. Lakin, avtomobilini saxlaya bilməyib avtomobilinin ön hissəsi ilə həmin kişini vurmuşdur. Sonra avtomobilini sağa doğru hərəkət etdirib yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən köməkçi hissədə avtomobilini saxlamışdır. Avtomobilində olan həkim Günel və tibb bacısı Aytən cəld avtomobildən enmişlər və xəstəyə tibbi yardım göstərməyə çalışmışlar. Lakin avtomobili ilə vurduğu piyada artıq ölmüşdür. Cəld 14 saylı TTSY-dan digər briqadanı çağırmışlar. 14 saylı TTYS-nın digər briqadası da avtomobili ilə vurduğu piyadanı xəstəxanaya aparmışlar. O isə hadisə yerində qalmış və polis əməkdaşları ilə birlikdə keçirilən baxışda iştirak etmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi Müdafiəçi2 ifadəsində göstərdi ki, X2 Davud Şahverdi oğlunun atasıdır. Davud Məlikovun söylədiklərinə əsasən, xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələri olardı ki, X19la birlikdə ona məxsus olan “Lexus” markalı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsində, Maştağa-Zabrat şosesində yerləşən “Ət dünyası” mağazasına ət almaq üçün getmişlər. Avtomobilini “Ət dünyası” mağazası ilə üzbəüz Maştağa-Zabrat şosesində “Təkər Kredit” mağazasının yaxınlığında yolun əks tərəfində yolun hərəkət hissəsinin kənarındakı köməkçi hissədə saxlamışdır. Atası Şahverdi də avtomobilindən enərək yolun hərəkət hissəsini adi yerişlə keçməyə başlamışdır. Atası Şahverdi yolun hərəkət hissəsini keçərkən “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı TTYS-nın avtomobili ön hissəsi ilə X19u vurmuşdur. X19 almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Sonra kimsə TTYS-na zəng etmişdir. TTYS-nın həkimləri gələrək X19u xəstəxanaya aparmışlar. Oradan da atasının meyitini Bibiheybət qəbirstanlığında dəfn etmişlər. Sürücü hadisədən sonra hadisə yerində olmuşdur. Hadisəni törətmiş TTYS-nın avtomobili hadisə zamanı yüksək sürətlə hərəkət etmiş və onun operativ avtomobil olmasını təsdiqləyən sayrışan işıqlar və səs siqnalları qoşulmuş vəziyyətdə olmamışdır. Atası yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən səki daşına 1-2 metr qalmış sözü gedən avtomobillə vurulmuşdur. O, avtomobilin sürətini bilməmiş, lakin “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil digər avtomobillərə nisbətən yüksək sürətlə hərəkət etmişdir. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi Müdafiəçi2 Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 14 saylı Təcili və X12 Stansiyasında həkim işləyir. 29 avqust 2024-cü il tarixdə saat təxminən 11-12 radələrində çağırış əsasında 14 saylı TTTYS-nin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsində yerləşən “İnsaf” marketin yanına gedərək çağırış ünvanında yaşayan xəstəyə ilkin tibbi yardım göstərmişlər, lakin, xəstənin vəziyyəti qənaətbəxş olmadığından xəstəni X18 hospitalizasiya etmək üçün həmin vaxt avtomobildə olan 14 saylı TTTYS-nin tibb bacısı Şahid2 köməyi ilə “İveco Daily” markalı avtomobilin arxa salon hissəsinə əyləşdirmişlər. Həmin gün saat təxminən 12:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “İveco Daily” markalı avtomobillə Maştağa-Zabrat şossesi ilə Maştağa qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində sol hərəkət zolağı ilə hərəkətdə olan zaman Maştağa-Zabrat şossesində yerləşən “Təkər kredit” mağazasının yaxınlığında bir nəfər kişi cinsli piyadanın yolun hərəkət hissəsinə daxil olaraq sağdan sola doğru adi yerişlə yolun hərəkət hissəsini keçməsini görmüşdür. Həmin vaxt o, sürücü Sultanın yanında ön sağ oturacaqda əyləşmişdir. Tibb bacısı Şahid2 isə arxa salonda çağırış əsasında hospitalizasiya etdikləri xəstənin yanında olmuşdur. Yolu keçən piyada hərəkət zolağının çox hissəsini adi yerişlə keçdikdən sonra dayanmadan adi qaçışla yolun hərəkət hissəsini keçməyə davam etmişdir. Sürücü Sultan piyadanı vurmamaq üçün əyləcdən istifadə edib sükanı sağa doğru istiqamətləndirsə də, avtomobili saxlaya bilməyib avtomobilin ön hissəsi ilə piyadanı vurmuşdur. Sultan yolun köməkçi hissəsində avtomobili saxladıqdan sonra o və tibb bacısı Şahid2 dərhal avtomobildən enib xəsarət almış piyadaya tibbi yardım göstərmişlər. Lakin, piyadanın artıq öldüyünü müəyyən etmişlər. Dərhal 14 saylı TTSY-dan digər tibbi yardım briqadasını köməyə çağırmışlar. Hadisə yerinə gələn 14 saylı TTYS-nın digər briqadası ölmüş piyadanı onun və tibb bacısı Şahid2 müşayiəti ilə Məhkəmə-Tibbi Ekspertiza və X11 Sabunçu rayon şöbəsinə aparmışlar. Sürücü Sultan isə hadisə yerində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 Xalıq oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 Xalıq oğlunun ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 3-8-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat şosesi, “Təkər Kredit” mağazasının qarşısıdır. Yolun hərəkət hissəsi – düz, örtüyün növü – asvalt beton, örtüyün vəziyyəti – quru, yol örtüyünün eni – 20 metr, hərəkət zolaqlarının sayı - 6, hərəkət hissəsinin eni – 10 metrdir. Cinayət işinin 9-cu vərəqində olan xx.xx.2024-cü il tarixli, 1/7835 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X23 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 198 nömrəli rəydən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin və onurğa beyninin əzilməsi. Ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı. İ-İİ boyun və Vİ döş fəqərələrinin yerini dəyişən qapalı sınıqları. İkitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması). Ağciyərlərin əzilmiş-cırılmış yaraları. Soltərəfli l-X, sağtərəfli İİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasında cırılma. Sol bazu sümüyünün, sol əlin l-ll barmaqlarının, sol bud və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub Ş.A.Məlikovun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş beyinin və onurğa beyninin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 48-ci vərəqində olan “DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞnin müstəntiqi X16 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub protokolu ondan ötrü tərtib etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat Şossesində yerləşən “Təkər Kredit” mağazasının qarşısında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini əks etdirən video müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərin köçürüldüyü DVD diskə baxış keçirilmişdir. Baxış zamanı görüntüdə nəqliyyat vasitələrinin hərəkətdə olduğu əks istiqamətli yolda Təcili və X12 avtomobilinin hərəkətdə olarkən yolun hərəkət hissəsində yolu sağdan sola keçən piyadanın avtomobilin ön hissəsi ilə vuraraq qarşısına atması görünür. Cinayət işinin 55-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 58-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 8/3315 nömrəli rəydən görünür ki, “İveco Daily” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 91-92-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan müvafiq olaraq AA3743420 və AA7197734 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən, həmçinin 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş müvafiq olaraq 10 dekabr 2016-cı il tarixli, AZ-İİİ seriyalı 882838 nömrəli və 07 iyun 2019cu il tarixli, AZ-İV seriyalı 295053 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X9 və X10 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 107-113-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsini əks etdirən video görüntünün köçürüldüyü 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 20-ci bəndinə əsasən operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, X24, qəzaxilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Həmin Qanunun 74-cü maddəsinin İ və İİ hisssələrinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Bundan başqa, məhkəmə qeyd edir ki, hadisə Təqsirləndirilən şəxs öz peşə fəaliyyətini həyata keçirən zaman, yəni idarə etdiyi operativ nəqliyyat vasitəsi olan X24 avtomobilində həyatı üçün təhlükə olan xəstəni ağır vəziyyətdə təcili və təxirə salmadan xəstəxanaya çatdırmağa çalışan zaman baş vermişdir ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd olunan halların nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan – yol-nəqliyyat hadisəsini əks etdirən video görüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülərin köçürüldüyü 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar