Məhkəmə qərarları › İş №1(008)-325/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-325/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-325/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X9, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ucar rayonu, Alpout ərazi dairəsi, Alpout kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanboy Vəzirov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanboy Vəzirov küçəsində nömrəsiz ünvanda yerləşən evinin yaxınlığındakı yeraltı keçidinin qarşısından ötərkən X6 yemlədiyi sahibsiz itlərdən birinin ona hücum etməsi və yemlənən heyvanların yaxınlığından ötərkən sonuncunun ona heyvanları qorxutmasına etiraz bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əlləri ilə X5 üz və baş nahiyələrindən qəsdən vuraraq sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıaltı nahiyənin dərialtı hematoması və sıyrığı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən zərərçəkmiş şəxs X1 yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında qanuni nümayəndəsinin iştirakı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, 24 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində yaxınlıqda yaşayan rəfiqəsigilə getmək məqsədi ilə evdən çıxmış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanboy Vəzirov küçəsində nömrəsiz ünvanda yerləşən evinin yaxınlığındakı yeraltı keçiddən yolun digər hissəsinə keçmək istəyərkən X3 yaxınlığında küçə itlərini yemlədiyini, itlər ora toplaşdığı üçün keçiddən keçmək istəyən insanların qorxaraq orada dayandığını görmüşdür. O, tələsdiyi üçün iti addımlarla itlərin yanından keçməyə cəhd etmiş, həmin vaxt, orada olan itlərdən biri onun üzərinə hücum etdiyi üçün o, geri qaçmağa çalışmış, lakin, müvazinətini itirərək yerə yıxılmışdır. O, yerdən qalxaraq həyəcanlı şəkildə, ağlaya-ağlaya yenidən yoluna davam etmiş, X5 yemlədiyi heyvanların yanından keçərkən bu vəziyyətdən bezdiyini bildirmişdir. Onun sözləri X5 xoşuna gəlmədiyi üçün ona heyvanları qorxutmamasını bildirmiş, o, X8 əksinə itlərinin onu qorxuzduğunu bildirmiş, lakin, X10 onun yalnış anladığı üçün onu təhqir etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübhisə zamanı X10 onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, X2 əsəbləşdiyi üçün yumruğu ilə onun baş və üz nahiyəsinə bir neçə dəfə zərbə vurmuş, həmçinin, X10 onun yaxasından tutaraq saçını yonmuş, əlləri ilə onun sol gözünü, sinəsini, boynunu cızmışdır. Aralarında baş vermiş mübahisə bir neçə dəqiqə davam etmiş, ətrafda olan şəxslər müdaxilə edərək onları ayırmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs X10 izahatında göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. O, heyvanları çox sevdiyindən tez-tez yaşadığı evinin qarşısına çıxaraq küçədə olan sahibsiz heyvanlara yemək vermişdir. 24 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində heyvanları yemləmək üçün evdən çıxarkən heyvanlar üçün yem götürmüşüdür. O, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qanboy Vəzirov küçəsində yerləşən yeraltı keçidinin yaxınlığında heyvanlara yem verməyə başlamış, həmin vaxt, Təqsirləndirilən şəxs qışqıraraq piyada keçidinə doğru gəlmiş, Təqsirləndirilən şəxs yüksək səslə danışdığı üçün heyvanlar oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs öz iradını bildirərək onun yüksək səslə danışması səbəbindən yemlədiyi pişiklərin qaçdığını demişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətin doğru olduğunu, heyvanların onu qorxutduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs öz narazıçılığını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisə zamanı yumruqla onun sol göz və baş nahiyəsindən zərbələr vurmuş, onun üzərinə hücum çəkərək saçından tutmuşdur. Aralarında baş vermiş mübahisə bir neçə dəqiqə davam etmiş, ətrafda olan şəxslər müdaxilə edərək onları ayırmışdır. O, hadisə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 17-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X15 Sabunçu rayon şöbəsinin 27 noyabr 2023-cü il tarixli, 2907 saylı ekspert rəyindən görünür ki, X4 göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıaltı nahiyənin dərialtı hematoması və sıyrığı müəyyən edilir. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 72-73-cü vərəqəsində olan 12 mart 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 19 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs X10 da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət iş üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar