Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-327/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, Füzuli rayonu Pirəhmədli ərazi dairəsi Pirəhmədli kəndində qeydiyyatda olan, ünvan 5də yaşayır, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə 22 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati ərazisi olan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “Kristal” adlı kafenin otağında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qeyri rəsmi olaraq yaşadığı kafenin işçisi Şahid1 ilə aralarında olan şəxsi münasibətlərinə müdaxilə edərək Zərərçəkmiş şəxs Şahid1 mobil telefon vasitəsi ilə mütəmadi olaraq ünvanına xoşagəlməz sözlərinin işlətməsinə narazılığını bildirərək bunu cuzi səbəb kimi bəhanə etməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib kafedə olan müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir edərək qəsdən bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə vurmaqla ona üst dodaq nahiyəsinin əzilmiş yarası-qançırı və sol diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə posulmasına səbəb olduqları üçün dərəcəsinə görə sağlamlığına yüngül zərər vuran xəsarətləri yetirməklə şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək, xuliqanlıq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o “Kristal” adlı kafeni işlətmişdir, o kafedə olarkən orada işləyən Əfasanənin ağladığını görmüş, səbəbini soruşduqda onun münasibətdə olduğu Zaurun ona pis söyüşlər işlətdiyini və Zaurun onun azyaşlı uşağına nalayiq sözlərlə təhqir etdiyini bildirmişdir. Əfsanə ilə birlikdə Zaurla görüşmək üçün Şamaxinka deyilən yerə getmiş, Şamaxinkada Zaura yaxınlaşmış, Zaur orada 3-4 nəfərlə dayanmışdır, Zaura gedib çay içməyi bildirmiş, orada bir yer tapmadıqları üçün Zaur Balaxanıya getməyi təklif etmiş, guya ki, Balaxanıdakı dostu bu hadisəyə şahiddir. Onlar sonra Məhəmmədiyə kafeye getmişlər, maşında getdikləri vaxt, Zaur Əfsanəyə qarşı pis-pis söyüşlər işlətmiş, kafeyə gəldikdə çay içməyə başlamışlar və Zaur söyüş söyməyə davam etmişdir, o, küçə söyüşləri söymüş, o kafedə Zaura stəkan atmamış, durub onun boğazından yapışıb itələmiş, azyaşlı uşağa niyə söyüş söydüyünü soruşmuş, o da yaxşı elədiyin demiş, daha sonra biraz əl-qol atmış, ona bir şillə vurmuşdur, sonra kafedən çıxmışlar, Zaurun cibində bir qəpikdə pulu olmadığından ona 10 manat pul verib yola salmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə axşam saat 11-ə işləmiş olmuş, Əfsanənin uşağını söydüyü üçün Zaura bir şillə vurmuşdur, Əfsanə onun yanında qabyuyan işləmişdir, həmin vaxtı kafedə bir-iki müştəri olmuşdur, hadisə vaxtı heç kim içkili olmayıb, hadisəyə Şahid3 şahidlik edib, həmin söyüşlərlə bağlı Zaurun Əfsanəylə vhatsapda danışıqlarını görmüşdür, ilk olaraq kafedə Zaurla tək danışmış, sonradan səs küyə kafedəki uşaqlar gəlmişlər, o yalnız Zaura bir sillə vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki,ailəsini dolandırmaq üçün 2023-cü ilin sentyabr ayının əvvəllərindən Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən «Kristal» kafesini icarəyə götürüb işlətməyə başlamışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Əfsanə adlı qadını icarə əsasında işlətdiyi «Kristal» kafesinə qab yuyan olaraq işə qəbul etmişdir. Həmin ərəfələrdə işdə olduğu zaman Əfsanənin tanışı tərəfindən mobil telefonla mütəmadi narahat edilməsini görüb ondan bu barədə maraqlandıqda Əfsanə ağlayaraq ona Zaur adlı şəxslə qeyri rəsmi olaraq yaşamasını, son zamanlar aralarında münaqişə olmasını və Zaurun onun, azyaşlı övladının ünvanına nalayiq sözlərlə təhqir etməsini bildirmişdir. Əfsanənin başına gələn hadisəyə görə kövrəlib Əfsanəyə tanışı Zaurla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Əfsanə onun Zaurla söhbət etməyinə etiraz etməmişdir. Həmin vaxtı hesab etmişdir ki, tanımadığı Zaurla görüşüb söhbət etdikdən sonra Zaur Əfsanəni rahat buraxar. Bu məqsədlə 22 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Əfsanə ilə tanışı Müşfiqin idarə etdiyi avtomobillə Zaurun olduğu yerə gəlmişdir. Zaurla Bakı şəhəri Moskva prospekti 75 ünvanında görüşüb Əfsanə ilə bağlı söhbət etmək istədiyini bildirib birlikdə işlətdiyi Abşeron rayonu Məmmədli qəbəsində yerləşən «Kristal» kafesinə gəlmişlər. Kafeyə çatdıqdan sonra Zaurla birlikdə kafenin kabinetinə keçmişdir, Əfsanə isə işi ilə bağlı kafenin mətbəxinə keçmişdir. O, Müşfiq və Zaur kafenin kabinetində oturub söhbət etməyə başlamışlar. Zauru Əfsanəyə qarşı etdikləri hərəkətə görə iradlarını bildirib ondan nə səbəbə görə Əfsanəni və azyaşlı uşağını söyməsini soruşduqda Zaur bunu etmədiyini bildirdikdə əsəbləşərək Zaurun ünvanına nalayiq sözlər işlədib yumruqla bədəninin müxtəlif yerlərinə zərbə vurmuşdur. Zaur onun vurduğu zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Əfsanəni olduğu otağa çağırmışdır. Əfsanə onların oturduğu masaya yaxınlaşdıqda Zaur Əfsanəyə bildirmişdir ki, ona öz ailəsi kimi baxmış, onu və övladını heç zaman təhqir eləməmişdir. Zaurun sözündən sonra Əfsanə ona Zaurun düz deməsini bildirmişdir. Bundan sonra Zaur kafedən çıxaraq getmişdir. Həmin hadisədən sonra Zauru bir daha görməmişdir. Zaurla aralarında baş vermiş hadisə zamanı Zauru yalnız o yumruqla vuraraq xəsarət yetirmişdir. Onun yanında olan şəxslərlərdən heç kim Zauru vurmamış və yaxud onu vurmağı üçün tutub saxlamamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 3 ildir ki, tanıyır, onunla qeyri rəsmi olaraq ailə kimi yaşamışdır. Son vaxtlar Əfsanə ilə aralarında münasibətlər pisləşdiyindən Əfsanə ilə aralarında tez-tez mübahisələr baş vermişdir. 21 oktyabr 2023-cü il tarixdə saat 23:15-də qeyri rəsmi olaraq münasibətdə olduğu Şahid1 tanışı əvvəllər tanımadığı Anar adlı şəxs ona zəng edərək harada olmasını soruşmuş, o Anara ünvan 2 ünvanının qarşısında olduğunu bildirdikdə Anar orada olmasını, onunla görüşəcəyini bildirmişdir. 22 oktyabr 2023-cü il tarixdə saat 00:15-də Anar adlı şəxs Əfsanə adlı şəxslə birlikdə sərnişini olduğu boz metalik rəngində olan “Toyota Prius” markalı avtomobili ilə avtobus dayanacağının yaxınlığında dayanmışlar və Anar ona avtomobilə əyləşməsini bildirmişdir. Avtomobildə əyləşdikdə Anar ondan Əfsanəni nə üçün söyməsini soruşduqda o Anara Əfsanəni söymədiyini bildirmişdir, sonra Anar ona söhbət etmək üçün birlikdə çay içməyi təklif etmişdir, avtomobil hərəkət etdikdən sonra Dərnəgül istiqamətində avtomobilin qapılarını bağlanmış və o hara getmələrini soruşduqda Anar sağ yan cibindən bıçaq çıxardaraq onu hədələyərək bu barədə söhbət edəcəklərini bildirmişdir. Avtomobildə Əfsanə də onu hədələyərək başına oyun açacaqlarını qeyd etmişdir. O onlara birlikdə saat təxminən 01 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Kristal kafesinə daxil olmuşdur, Anar kafedə qapısı olmayan otaqda 3 nəfər müştərinin oturduğu masaya oturmasını bildirmişdir. Anar yenə ondan Əfsanəni nə üçün söyməsini soruşduqda, o Anara söymədiyini bildirmişdir. Bundan sonra Anar masanın üzərində olan stəkanı ona tərəf atmış, lakin o cəld əyildiyindən stəkan ona toxunmayaraq divara dəymişdir. Anar onu söyüb təhqir etməyə başlamış, onun üzərinə hücum çəkərək sifətinə bir neçə yumruq zərbəsi endirmiş, o zərbələrin təsirindən oturduğu stuldan yerə yıxılmışdır. Yerdə olarkən bədəninin müxtəlif nahiyələrinə yumruq təpiklərin vurulmasını hiss etmişdir. Anarın həmin vaxt cibindən qara rəngli bıçaq çıxartmasını görmüşdür, Anar bıçağı açmaq istədikdə o cəld əli ilə bıçağı tutmuşdur, Anarın yanında olan tanıdığı şəxslərdən biri bıçağı onun əlindən almış və onları ayırmışlar. Bütün olanlardan sonra Anarla yenidən kafenin içərisində söhbət etmişdir, həmin vaxtda da Anar onu yenə təhqir edərək pis vəziyyətə salıb videogörüntünü çəkəcəyi ilə hədələmişdir. O Anarla mübahisə etməyə başladıqda Anar yenidən onu yumruq-təpiklə vurmağa başlamış, yenə orada olan şəxslər onları ayırmışlar. Daha sonra Anarla birlikdə gəldiyi taksi sürücüsü onu idarə etdiyi “Toyota Prius”markalı avtomobili ilə Abşeron rayonu, Məmmədli dairəsi yaxınlığına gətirib düşürmüş və o da oradan evə yollanmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla tanış olduqdan sonra onunla bir müddət qeyri rəsmi olaraq yaşamışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Anar adlı şəxsin icarə əsasında işlətdiyi Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən «Kristal» kafesinə qab yuyan olaraq işə düzəlmişdir. Həmin ərəfələrdə Zaurla münasibəti pisləşmişdir, onunla ayrı olaraq yaşamışdır. Həmin ərəfələrdə işdə olduğu zaman Zaur ona zəng edərək hədələmiş, onu və övladını nalayiq sözlərlə təhqir etmişdir. Kafedə işdə olarkən kafenin müdiri Anar onun Zaur tərəfindən narahat edilməsini bilib Zaurla görüşüb söhbət etmək istədiyini bildirmişdir. O Anarın Zaurla söhbət etməsinə etiraz etməmiş, fikirləşmişdir ki, Anar Zaurla görüşüb söhbət etdikdən sonra Zaur onu rahat buraxar. 22 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Anarla onun tanışı Müşfiqin idarə etdiyi avtomobillə Zaurun olduğu yerə gəlmişlər. Zauru Bakı şəhəri Moskva prospekti 75 ünvanından götürüb birlikdə Anarın işlətdiyi Abşeron rayonu Məmmədli qəbəsində yerləşən «Kristal» kafesinə gəlmişlər. Kafeyə çatdıqdan sonra o işi ilə bağlı kafenin mətbəxinə keçmişdir. Anar, Müşfiq və Zaur kafenin kabnetində oturub söhbət etməyə başlamışlar. Kafenin mətbəxində olarkən Anarın Zaurla birlikdə olduğu kabinetdən səs-küy səslərini eşitmiş, təxminən yarım saat sonra Anar onu olduqları yerə çağırmışdır. Onların oturduğu masaya yaxınlaşdıqda Zaur ona bildirmişdir ki, ona öz ailəsi kimi baxmış, onu və övladını heç zaman təhqir eləməmişdir. O söhbətin uzanmasın deyə Anara Zaurun düz deməsini bildirmişdir. Bundan sonra Zaur kafedən çıxaraq getmişdir. Ona sonradan Anardan məlum olmuşdur ki, o kafenin mətbəxində olarkən Anar Zaurla oturduğu kafenin kabenetində onu yumruq və təpiklə vuraraq xəsarət yetirmişdir. Anar onu çağırandan sonra kafenin zalına keçdikdə Zaurun Anarla birlikdə oturmasını görmüş, həmin vaxtı onun yanında Anarın və yaxud başqa şəxsin Zauru vurmasını görməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşında olarkən Zaur onu söyməmişdir, kafedə həmin vaxtı müştərilər olmuşdur, həmin vaxtı Zaurun üzündə xəsarət görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid3 ifadəsində göstərdi ki, 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində tanışı Anarın icarəyə götürdüyü Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən “Kristal” kafesinə istirahət etmək üçün getmişdir. 22 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində hələ də “Kristal” kafesində olan zaman Anar, Əfsanə, Zaur və Müşviq ilə birlikdə kafeyə daxil olmuşlar. Anar yanında olan şəxslərlə birlikdə onun oturduğu masanın qarşısında qapısı olmayan kabinetə daxil olmuşlar. Əfsanə isə kabinetdə oturmayaraq mətbəxtə getmişdir. Zaur, Müşviq və Anar birlikdə bir masada oturmuşdur. X3 tərəfindən əvvəllər təhqir olunması ilə bağlı Zaurla aralarında mübahisə yaranmış, oturduqları masada qarşılıqlı nalayiq ifadələr işlədildikdə Nərmin masadan durub mətbəxtə getmişdir. Anar ayağa qalxaraq Zaurun sinəsindən əli ilə itələyərək yerə yıxmışdır. X4 üzərinə hücum çəkdikdə, o Müşviqlə Anarın qolundan tutaraq saxlamışlar. Anarla Zaur arasında yenə mübahisə yarandıqda o yenə də araya girib Anarı sakitləşdirib onu Zaurdan kənarlaşdırmışdır. Həmin hadisə zamanı Zauru Anardan başqa heç kim vurmamışdır, yaxud da Anarın onu vurması üçün heç kim Zauru tutub saxlamamışdır. Anarın Zauru döyməməsi üçün Zaurun qolundan tutaraq kənara çəkmişlər. Anar kafedə Zauru hədələmək üçün bıçaq çıxarmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, üç ilə yaxındır ki, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Onun etibarnamə ilə idarə etdiyi Toyoto Prius markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 21 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışı Anarın icarə əsasında işlətdiyi Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən Kristal kafesində olan zaman Anar ona Bakı şəhəri Yasamal rayonu, ərazisində bir nəfər şəxslə görüşmək üçün onu və tanışı Əfsanəni aparmasını xahiş etmişdir. O Anarla razılaşmış və birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 75 ünvanının qarşısına gəlmişlər. Yolda olarkən Anar onun mobil telefonu ilə Zaurla əlaqə saxlamışdır. O avtomobilini yolun kənarında saxlamışdır. Anar avtomobildən düşüb Zaura yaxınlaşmışdır. Zaurun yanında iki nəfər tanımadığı şəxsdə olmuşdur. Anarla Zaur aralarında söhbət etdikdən sonra birlikdə avtomobilinə əyləşmişlər. X5 ərazisində dostlarının olmasını deyərək avtomobili Balaxanı qəsəbəsinə sürməsini təklif etmişdir. Yolda hərəkətdə olan zaman Zaur dostları ilə əlaqə saxlaya bilməmiş və Anara harada oturub söhbət edək sualını vermişdir. Anar bu məsələyə aydınlıq gətirmək üçün, Abşeron rayonu Məmmədi qəsəbəsində yerləşən “Kristal” kafesinə getməyi təklif etmişdir, Zaur Anarla razılaşmışdır. Onlar Anarın işlətdiyi “Kristal” kafesinə gələrək ara kəsməsi və qapısı olmayan kabinetlərdən birində əyləşmişlər. Həmin kafedə başqa tanımadığı müştərilər də olmuşdur. Masada əyləşdikdən sonra söhbət əsnasında Zaur Əfsanənin ünvanına nalayiq ifadələr işlətdiyi zaman Anarla Zaur arasında mübahisə yaranmış, mübahisə əsnasında Zaurla Anar masadan qalxmış, Anar Zaurun sinəsindən itələdiyi zaman araya girib Zaurun qolundan tutub onu sakitləşdirmişdir. Sonradan Zauru kafedən çıxardıb və avtomobilinə əyləşdirib Məmmədli dairəsinə aparmış və üzərində pulu olmadığı üçün ona 10 manat pul verib evinə yola salmışdır. Həmin hadisə zamanı Zauru Anardan başqa heç kim vurmamışdır, yaxud da Anarın onu vurması üçün heç kim Zauru tutub saxlamamışdır. Anar onun idarə etdiyi avtomobildə və eyni zamanda kafedə Zauru hədələmək üçün bıçaq çıxarmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində tanışı Anarın icarəyə götürdüyü Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən “Kristal” kafesinə qeyri rəsmi münasibətdə olduğu Nərmin ilə birlikdə istirahət etmək üçün getmişdir. Nərmin həmin kafedə işləyən Əfsanənin yaxın rəfiqəsi olmuşdur. Əfsanə də adı sonradan ona məlum olan Zaurla qeyri rəsmi olaraq birlikdə yaşamışdır. 22 oktyabr 2023cü il tarixdə saat 01 radələrində Nərmin ilə hələ də “Kristal” kafesində olan zaman Anar, Əfsanə, Zaur və Müşviq ilə birlikdə kafeyə daxil olmuşlar. Anar yanında olan şəxslərlə birlikdə onun Nərmin ilə əyləşdiyi qapısı olmayan kabinetə daxıl olmuşlar. Əfsanə isə kabinetdə oturmayaraq mətbəxtə getmişdir. Zaur, Müşviq və Anar onlarla bir masada oturmuşdur. X3 tərəfindən əvvəllər təhqir olunması ilə bağlı Zaurla aralarında mübahisə yaranmış, oturduqları masada qarşılıqlı nalayiq ifadələr işlədildikdə Nərmin masadan durub mətbəxtə Əfsanənin yanına getmişdir. Zaur nalayiq ifadələr işlətdikdə, Anar əsəbləşib masanın üzərində olan stəkanı yerə vurub sındırmışdır. Anar ayağa qalxıb, Zaurun sinəsindən əli ilə itələyərək yerə yıxmışdır. X4 üzərinə hücum çəkdikdə, Müşviq və əvvəllər tanıdığı Asim adlı şəxs Anarın qolundan tutaraq saxlamışlar, Anarın sakitləşmədiyini görüb kabinetdən çıxdıqda Anar əsəbi halda kabinetin işığını söndürib Zaura gör başına nə oyun açacam ifadəsini işlətmişdir, daha sonra dava dalaş səsləri gəlmişdir, o kabinetdən çıxdığından konkret olaraq nə baş verdiyini görə bilməmişdir. Anar Zaurun ünvanına nalayiq söyüşlər söymüş amma Zaurun Anara cavab qaytarmasını eşitməmişdir. Təxminən 2-3 dəqiqə sonra kabinetin işığı yanmışdır. Zaur kafedən çıxanda üzərində pulunun olmadığını bildirmişdir, Kafedə ona 10 manat pul verib Müşviq ilə yola salmışlar. O da Nərminlə birlikdə sonradan kafedən çıxıb getmişdir. O ancaq kabinetdə Anarın Zauru itələyib yıxmasını görmüşdür. Anarın Zauru itələməsi nəticəsində Zaurun oturduğu stul da aşmışdır. Ardınca Anar yerdə yıxılı vəziyyətdə olan Zaura hücum etmiş, lakin Anarın Zaurun harasından necə vurduğunu görə bilməmişdir. Həmin hadisə zamanı Zauru Anardan başqa heç kim vurmamışdır, yaxud da Anarın onu vurması üçün heç kim Zauru tutub saxlamamışdır.Anar kafedə Zauru hədələmək üçün bıçaq çıxarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Qoşqaroğlu servisin yanında yerləşən “Kristal” kafesinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v.12-15); məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli, 1250 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün uc hissəsinin yerdəyişməyən sınığı, boyunun, sağ kürək və sol kürəkaltı nahiyəlrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v.29-30); 24 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (i.v.52); Zərər çəkmiş şəxs qismində tanımaq haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v.53); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.63); Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutularaq istintaqa gətirilməsi qərara alınmışdır (i.v.67); Axtarışda olan şəxsin tutulması barədə 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.71); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.91-92); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.107-109); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.110); Sübutların qiymətləndirilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunmuşdur (i.v.124-129); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.131-132); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 adlı iki övladı var (146-147); Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü qismən təqsirli bilərək mübahisənin Zərərçəkmiş şəxs Əfsanənin azyaşlı uşağını söyməsi səbəbindən baş verməsini, onun Zaura bir şillə vurmasını göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verərək əvvəlcə maşında olarkən Zaurun Əfsanənin azyaşlı uşağını söyməsini göstərsə də, sonradan verilmiş suallara cavab olaraq həmin söyüşlərlə bağlı Zaurun Əfsanəylə vhatsapda danışıqlarını gördüyünü bildirmişdir. Bundan başqa şahid qismində dindirilmiş Şahid1 da ifadəsində maşında olarkən Zaurun onu söymədiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı Zaura bir şillə vurmasını göstərsə də, ibtidai istintaq zamanı vermiş olduğu məhkəmədə tədqiq edilən ifadəsində Zaurla aralarında baş vermiş hadisə zamanı Zauru yalnız o yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bundan başqa şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar bir daha təkzib olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-327/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-327/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver