Məhkəmə qərarları › İş №1(008)-327/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-327/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-327/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Boranıkənd kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib olunmuş yekun protokolun ittiham irəli sürülməsinə dair hissəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə, saat 16:40-radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində idarə etdiyi **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusun içərisində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, dayanacağa gec gəlməsini irad bildirən sərnişin Zərərçəkmiş şəxs ilə avtobusda olan kənar şəxslərin gözü qarşısında mübahisə edib qəsdən əlləri ilə boğazından tutub sıxmaqla, boyun nahiyəsinin bağ və əzələ aparatının gərilməsi ilə müşayiət olunan, dərialtı hematomalarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar 76 saylı xətt üzrə hərəkət edən **-TG-*** dövlət nömrə nişanlı avtobusda sürücü işləmişdir. İşlədiyi avtobusun intervalı 10 dəqiqədir. xx.xx.2025-ci il tarixdə saat 17:40-da idarə etdiyi ona təhkim olunmuş 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Mədinə” mərasim evinin yanında dayanacağa çatıb avtobusu saxlamış, düşən sərnişinlər düşmüş və minən sərnişinlər minən zaman onlardan biri, adını polis şöbəsində bildiyi Zərərçəkmiş şəxs avtobusa minən kimi ona kobud şəkildə iradını bildirib nə üçün gec gəldiyini soruşmuşdur. O, həmin şəxsə bildirmişdir ki, o, ayrılmış 10 dəqiqəlik intervalla gəlir, əgər narazılığı varsa şikayətini ona yox, 141 saylı qaynar xəttə zəng edib bildirsin. Həmin şəxs isə ona “qudurmusunuz” sözünü deyib kobud danışmağında davam edən zaman həmin şəxsə keçib əyləşməsini bildirmişdir. Hətta sərnişinlərdən bir nəfər də həmin şəxsə bildirmşdir ki, “sürücülük burda nə var ki?”. Buna baxmayaraq Qənbər təhqirlərini davam etdirən zaman o, artıq çox əsəbləşmiş və avtobusu yolun sağına çəkib saxlamış, həmin sərnişinə yaxınlaşıb əlini atıb əvvəlcə boynundan tutmuş, nə dediyini soruşmuş və sonra digər əlini atıb boğazından tutub bir qədər sıxmışdır. Bu zaman avtobusda olan tanımadığı kişi sərnişinlərdən bir neçəsi araya girib onları aralaşdırmışlar. O, sükan arxasına keçib yoluna davam etmiş, Qənbər də bir neçə dayanacaqdan sonra düşüb getmişdir. Sonra ona polisdən zəng olunduqda məlum olmiş ki, Qənbər ondan şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Əsəbi olduğu üçün bu hərəkəti etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki tikintilərdə mühafizəçi işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 17:40-da işə getmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Mədinə” mərasim evinin yanında dayanıb 76 saylı xətt üzrə hərəkət edən **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusunu gözləmişdir. Bu vaxt gözlədiyi 76 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu gəlmiş, o, avtobusa qabaq qapıdan minmiş və sürücüdən belə gec gəlməsinin səbəbini soruşmuşdur. Sürücü kobud cavab verərək “özüm bilərəm” deyə cavab vermişdir. O, həmin şəxsə qudurduğunu demişdir. Sonra gedib oturacaqda əyləşmişdir. Bu zaman sürücü həmin sözü onun böyüklərinin ünvanına deyə qaytarmışdır. O, ayağa qalxaraq sürücüyə tərəf gəlmiş və ona bura böyüklərini niyə qatdığını, həmin sözü özünə qarşı deyə biləcəyi ilə bağlı irad bildirmişdir. Geri qayıdıb oturmuşdur. Sürücü avtobusu yolun kənarına verib saxlamış və sükan arxasından qalxıb üzərinə gələrək onu nəlayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Sonra isə həmin sürücü ilk olaraq sol əlini atıb onun boynundan möhkəm tutub sıxmağa başlamış, ardı ilə sağ əli ilə də boğazından tutub hər iki əlləri ilə boğazını sıxmağa başlamışdır. Bu vaxt avtobusda olan tanımadığı və hər hansı anket məlumatlarını bilmədiyi sərnişinlər gələrək həmin şəxsi ondan ayırmışlar. Sürücü aralaşıb gedib sükan arxasında əyləşmiş, o da avtobusda əyləşmiş və bir neçə dayanacaqdan sonra düşüb getmişdir. Həmin şəxsin etdiyi hərəkət ona təsir etdiyi üçün bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı o, həmin avtobusun sürücüsünə hər hansı formada fiziki zor tətbiq etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs avtobus sürücüsü tərəfindən döyülməsi ilə bağlı etdiyi şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsidir. Eyni zamanda 76 saylı xətt üzrə hərəkət edən **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış keçirilmiş, avtobusun videomüşahidə kamerasının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli 529 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - boyun nahiyəsinin bağ və əzələ aparatının gərilməsi ilə müşayiət olunan dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, əllə yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində qeyd olunan 16 mart 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmarta aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə tərəfindən avtobusda olan videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sərnişin qismində avtobusda sürücünün arxasındakı cərgədə, orta qapının yanında əyləşən Zərərçəkmiş şəxs sürücüyə yaxınlaşır və nə isə dedikdən sonra sürücü Təqsirləndirilən şəxs avtobusu yolun sağına çəkib saxlayır, Zərərçəkmiş şəxs yaxınlaşır, əvvəlcə sol əli ilə sonuncunun boynuna əl atıb sıxır, sonra hər iki əli ilə boğazından tutub sıxır. Avtobusda əyləşən kişi sərnişinlərdən bir neçəsi araya girib onları aralayır. Elektron məhkəmə informasiya sistemində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsi məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2011-ci il təvəllüdlü X1 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, hadisənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin məhkəməyədək icraat zamanı və xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hadisənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 15 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 90 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 123 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar