Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-328/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, iştirakları ilə, xx.xx.1983-cü ildə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan bir şəxsin ölümünə, bir şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə etmək hüquq «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Zaz Lanos TF” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 avqust 2022-ci il tarixdə saat 00:15 radələrində Bakı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə Bakıxanov stansiyası istiqamətindən, Bakıxanov Ticarət Mərkəzi istiqamətinə saatda 60 km sürətlə edərkən Sakit Qocayev küçəsi 13A ünvanında yerləşən “Kapital Bank”ın qarşısında nizamlanmayan piyada keçidinə yaxınlaşarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yolu soldan-sağa piyada keçidinə daxil olmuş piyadalara yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirilməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs və X3 vurulmasına, nəticədə Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ oturaq sümüyünün dəyişən qapalı sınığı, alın nahiyəsinin və sağ budun əzilmiş-cırılmış yaraları, üzün sağ yarısının, sol əlin, sol ayağın sıyrıqları, sağ gözyuvasıətrafı nahiyənin və qarın nahiyəsinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, E.R.Abdullayevə isə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişalarına və mədəciklərinə qansızma, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, ağciyərlərə və köklərinə qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən ölməsinə səbəb olmuş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin - nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X14” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə, təxminən saat 00:15 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi Zaz Lanos TF 69Y066 markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyası istiqamətindən, Bakıxanov Ticarət Mərkəzi istiqamətinə saatda 40-50 km sürətlə yolun sağ tərəfi ilə hərəkət edərkən, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mail” Ticarət Mərkəzinin yaxınlığından keçən hissəsində onunla eyni istiqamətdə hərəkət edən, yəni arxadan gələn Tayota Pirus markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirməyərək onun idarə etdiyi avtomobilin qabaq sol güzgüsündən vurub qaçmış, o, həmin avtomobilin sürücüsünə həm siqnal, həm də avtomobilinin işıqlarını yandırıb söndürməklə avtomobili saxlamasına işarə vermiş, lakin həmin avtomobil dayanmamışdır. O, sürətini təxminən 60 km saat sürətə qaldırıb həmin avtomobilin arxası ilə sürmüşdür ki, saxladaraq sürücüdən nəyə görə onun avtomobilini vurub qaçmasının səbəbini soruşsun. Hərəkətdə olarkən yolda olan işıqfor yaşıl yanmış, ünvan 2 ünvanında yerləşən “Kapital Bank”ın qarşısına çatdıqda yolda maşını nəyəsə vurmuş, həmin vaxt bərk səs gəlmiş, ancaq nə vurduğunu bilməmiş və həmin avtomobilin arxası ilə sürməyə davam etsə də çata bilməmişdir. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtomobilinin qabaq buferinin sağ tərəfi qabaq sağ təkərə ilişmiş, həmin vaxt avtomobilinin sürəti azalmış və hərəkət edə bilməmişdir. Avtomobili yolun sağ tərəfində yerləşən ara məhllələrə sürüb orada saxlayaraq avtomobildən yerə düşmüşdür. Avtomobildən düşdükdən sonra avtomobilin qabaq hissəsinə göz gəzdirmiş, həmin vaxt avtomobilinin qabaq buferinin sol və sağ tərəfinin sındığını və aşağı düşdüyünü görmüşdür. O, bir qədər avtomobilin buferini düzəltməyə çalışsa da, lakin düzəldə bilməmişdir. Fikirləşmişdir ki, “görəsən yolda nə vurdum ki, avtomobilin buferi sınıb”. Bundan sonra avtomobili həmin yerdə saxlamış, təxminən 2 saatdan sonra avtomobili nəyə vurmasını görmək üçün yoldan keçən taksi maşını ilə Bakıxanov qəsəbəsində yerləşən “Kapital Bankın qarşısına gəlmiş və taksidən düşmüşdür. Təxminən 15-20 dəqiqə, yola baxmış, lakin yolda heç bir iz aşkar edə bilməmiş, yenə də avtomobili ilə nə vurduğunu anlaya bilməmişdir. Bundan sonra yaşadığı evə getmişdir. Səhəri gün Qaraçuxur qəsəbəsinə gedərək avtomobilini saxladığı yerdən götürüb yaşadığı evin həyətinə aparmışdır. Hadisə günü axşam olduğu üçün avtomobilinin qabaq örtüyünün, yəni kapotunun sağ tərəfində olan əziyi görməmiş, avtomobili yaşadığı evə gətirib saxlayan zaman qabaq örtüyün sağ tərəfinin əzildiyinidə müəyyən etmişdir. Bundan sonra o, avtomobilinin qabaq örtüyünün, yəni kapotunun əziyini əli ilə düzəltmiş, sonra isə buferin sağ və sol tərəfini yapışqanla düzəltmişdir. 19 avqust 2022-ci il tarixdə yaşadığı evin qarşısında küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirərək, adını və soyadını soruşmuşlar, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları 17 avqust 2022-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında iki nəfər şəxsi avtomobillə vurub hadisə yerindən qaçdığnı və həmin şəxslərdən birinin öldüyünü bildirmişlər. Həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, “bəli düz deyirsiniz, 17 avqust 2022-ci il tarixdə “Kapital Bank”ın qarşısında avtomobilimlə nəsə vurmuşam, ancaq piyadalar vurduğumu bu günə kimi bilməmişəm”. O, 20 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nə getmək istəmişdir ki, 17 avqust 2022-ci il tarixdə “Kapital Bank”ın qarşısında avtomobili ilə nəsə vurması barədə maraqlansın, lakin 19 avqust 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt bilmişdir ki, o, həmin gün ikli nəfər şəxsi vurmuşdur. Törətdiyi əmələ görə çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə saat 00:15 radələfində əri Şahid və baldızı X4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən “Kapital Bank”ın qarşısında dayanıb piyada keçidi ilə yolu keçmək istəyirmişlər, həmin vaxt onların sol tərəflərində tanımadıqları 30-35 yaşlarında olan kişidə dayanıb yolu keçmək istəyirmiş, onlar əvvəlcə işıqforun qırmızı işığının yanmasını gözləmişlər ki, yol boşaldıqdan sonra yolu sərbəst keçə bilsinlər, işıqforun qırmızı işığı yanmış, hər iki istiqamət üzrə gələn avtomobillərin hərəkəti dayanmış, bundan sonra onlar piyada keçidi ilə yolu adi yerişlə keçməyə başlamışlar. Yolun yarsından çoxunu keçmişlər ki, həmin vaxt Bakıxanov stansiyası istiqamətindən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürətlə gəldiyini görmüşlər, əri Məhəmməd və baldızı Mehparə cəld yolu keçmişlər, o, avtomobilin ona yaxınlaşdığını görüb qaçmağa başlamış, lakin onlarla birlikdə yolu keçmək istəyən kişi və o, yolu keçə bilməmişlər, həmin avtomobil ikisinidə piyada keçidinin üzərində vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış və huşunu itirmişdir. Bundan sonra nə baş verməsini xatırlamır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, mərhum əri X7 ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir azyaşlı oğlan və bir qız övladları var. X7 ölən günə qədər onunla eyni ünvanda ünvan 4mışlar. Elçin yol-nəqliyyat hadisəsi nəticəsində öldükdən sonra o, azyaşlı övladları ilə birlikdə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evlərinə köçmüşlər. 16 avqust 2022-ci il tarixdə axşam saatlarında işdən çıxaraq əvvəl yaşadıqları Əhmədli qəsəbəsi, M.Hadi küçəsi 5 ünvanına gəlmiş, evə gələrkən əri Elçinin evdə olmadığını görmüş, həmin vaxt Elçinin istifadə etdiyi mobil telefonuna zəng vurmuş, Elçin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olduğunu deyərək, bir nəfər şəxslə görüşüb evə qayıdacağını bildirmişdir. Lakin bir müddət keçsə də Elçin gəlməmişdir. Bundan sonra o, Elçinin evə gəlməməsindən narahat olmuş və dəfələrlə Elçinin istifadə etdiyi mobil telefonuna zəng vursa da Elçin telefonuna cavab verməmiş və evə gəlməmişdir. 17 avqust 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin qapısı döyülmüş, o, qapını açdıqda Elçinin dostu Qasımı görmüş, həmin vaxt Qasım ona gecə saatlarında Elçini maşın vurduğunu və vəziyətinin ağır olduğunu bildirmişdir. Həmin gün məlum olmuşdur ki, Elçin Bakıxanov qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb və meyiti Sabunçu rayon MTE-nın meyitxanasındadır. Bundan sonra ailə üzvləri ilə birlikdə Sabunçu rayon MTE-nın meyitxanasına getmişlər, Elçinin meyiti onlara təhvil verilmişdir. Bundan əlavə bildirmişdir ki, əri Elçin öldükdən sonra o, azyaşlı övladları ilə birlikdə demək olar ki, küçələrdə qalmış, Elçinin yas mərasimini özləri keçirmişlər, qohumlar tanışlar yığışıb köməklik etmişlər və Elçinə məzar daşı qoydurmuşlar. Lakin Elçinin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs və onun yaxınları bu günə qədər ona heç bir köməklik etməmişlər.(i.v.173-175) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə saat 00:15 radələrində arvadı Zərərçəkmiş şəxs və bacısı X4 ilə birlikdə ünvan 5 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında dayanıb piyada keçidi ilə yolu keçmək istəmişlər, həmin vaxt onların sol tərəflərində tanımadıqları 30-35 yaşlarında olan bir kişidə dayanıb yolu keçmək istəmiş, onlar işıqforun qırmızı işığının yanmasını gözləmişlər. İşıqforun qırmızı işığı yanmış, hər iki istiqamət üzrə gələn avtomobillər dayanmışlar. Bundan sonra onlar piyada keçidi ilə yolu soldan sağa doğru adi yerişlə keçməyə başlamışlar. Yolun yarısından çoxunu keçmişlər ki, həmin vaxt Bakıxanov stansiyası istiqamətindən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürətlə gəldiyini görmüşlər, bacısı Mehparə və o cəld yolu keçmiş, lakin arvadı Zeynəb və onlarla birlikdə yolu keçmək istəyən şəxs yolu keçə bilməmişlər.Sürətlə gələn həmin avtomobil onları piyada keçidinin üzərində vurmuş, avtomobili idarə edən sürücü avtomobili hadisə yerində saxlamadan qaçmışdır. Bundan sonra ətrafda olan tanımadıqları şəxslər hadisə yerinə gələrək onlara köməklik etmişlər, bir qədər sonra hadisə yerinə X14 Briqadasının həkimləri gəlmişlər, arvadı Zeynəbi və xəsarət alan tanımadığı şəxsi ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə X14 maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yola salmışlar. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, o, hadisə barədə polis əməkdaşlarına danışmış, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 avqust 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 06-13); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AE 823932 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.30); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:15-də tutma protokolu tərtib olunmuşdur. (i.v.43); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilin xarici zədələri “Samsung” markalı mobil telefon vasitəsi ilə şəkilləri çəkilərək protokola əlavə edilmişdir.(i.v 59-64); ifadənin yerində yoxlanılması haqqında 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmiş, fotoşəkil çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.65- 67); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72-73); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-681/2022 saylı 21 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.102- 107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 avqust 2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 108); zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.111-112); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 Sabunçu Rayon Şöbəsinin 22 avqust 2022-ci il tarixli, 1934 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi; sağ oturaq sümüyünün yerini dəyişən qapalı sınığı; alın nahiyəsinin və sağ budun əzilmiş-cırılmış yaraları; üzün sağ yarısının, sol əlin, sol ayağın sıyrıqları, sağ göz yuvası nahiyəsinin və qarın nahiyəsinin qançırları bər küt əşyanının təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti, qərarda göstərilən 17 avqust 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.122-124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 Sabunçu Rayon Şöbəsinin 12 sentyabr 2022-ci il tarixli, 200 saylı rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişalarına və mədəciklərinə qansızma, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, ağciyərlərə və köklərinə qansızma, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları. Xəsarətlər həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən E.R.Abdullayevin ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hisəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, qişalarına və mədəciklərə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir (i.v.125- 129); Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 4(008)-929/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (i.v. 149- 155); zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə ölmüş əri X3 hüquqi varisi qismində tanınmışdır (i.v.166-167); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.190-191); məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 8/3505- 8/3547-3/1765 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qırıq hissələr nəqliyyat vasitəsinə məxsus detallarının (plamas) hissələri olmadığından onların tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş qırıq hissələr formasına morfoloji quruluşuna, rənginə, ölçüsünə və s. əlamətinə görə “LAZ LANOS TF” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamperin üzlüyünün hissəsi ilə uyğunluq təşkil etdilər. Eyni zamanda “1” rəqəmi ilə nömrələnmiş hissə təqdim edilmiş “LAZ LANOS TF” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamperin üzlüyünün hissəsi ilə vahid bütövlük təşkil etdi və eyni predmetin hissəsidir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “LAZ LANOS TF” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqana məlumat vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.202-203); maddi sübut kimi tanıma haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərkən aşkar edilib götürürlmüş 1 ədəd qablaşdırılmış kağız paketin içərisində 3 ədəd plastmas qırıntıları maddi sübut hesab olunmuş və saxlanılması üçün Sabunşu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 204-205); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012 və 2016-cı il təvəllüdlü iki azyaşlı övladı vardır(i.v.208); sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, hadisə yerinin sxemi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması protokolları, maddi sübut, kompleks məhkəmə nəqliyyat-trosoloji və yol-nəqliyyat hadisələri və məhkəmə-tibbi ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 209-216); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-328/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin qüvvəsində qaldığını bildirərək ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən bu məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 15-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «X14» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Təqsirləndirilən şəxs ifadəsində 17 avqust 2022-ci il tarixdə hadisə zamanı nəyisə vurduğunu aydınlaşdırmaq üçün hadisədən təxminən 2 saat sonra hadisə yerinə gəldiyini, heç bir iz aşkar etmədiyini göstərmişdir. Eyni zamanda 20 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nə gedərək 17 avqust 2022-ci il tarixdə “Kapital Bank”ın qarşısında avtomobili ilə nəsə vurması barədə maraqlanmaq istədiyini, lakin 19 avqust 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar zərərçəkmiş şəxs və şahid ifadələri, iş materiallarında olan sənədlərlə təkzib olunduğundan məhkəmə özünü müdafiə xarakterli kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs maşının qabaq hissəsi ilə iki şəxsi vurmasını hiss etməməsi inandırıc deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli(CM-66.2, 66.4), məhkəməyədək icraat dövründə 19 avqust 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) ay 27(iyirmi yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 185 (yüz səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərkən aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində 3 ədəd plastmas qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 19 avqust 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək 02(iki) ay 27(iyirmi yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərkən aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində 3 ədəd plastmas qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-328/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-328/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver