Məhkəmə qərarları › İş №1(008)-329/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-329/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-329/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4 şikayətində qeyd etmişdir ki, X8 ilə "xxxx" MMC (bundan sonra “Şirkət”) arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır və o, həmin tarixdən Şirkətdə tərcüməçi vəzifəsində işləməyə başlamışdır. Bundan sonra Şirkətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığı, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğu müşayiət olunmuşdur. Bu səbəbdən Şirkətin Müşahidə Şurasının 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli iclas protokolu ilə qeyd olunan hallar müəyyən olunaraq, Şirkətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Tərcüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır. Sonra işçilərin ixtisarı ilə bağlı 02 iyul 2024-cü il tarixli bildiriş X6 təqdim edilmişdir. Bununla bağlı, C.Paşayev bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödənc verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, Şirkət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında kompensasiya ödənilməsi, eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq, Şirkət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Sonra Şirkətin 155/K saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən C.Paşayev tutduğu vəzifədən azad edilmişdir. X3 tutduğu vəzifədən azad edildikdən sonra, "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə ödənc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şirkətdə xx.xx.2023-cü il tarixdən tərcüməçi kimi işlədiyi dövr ərzində daim işinin öhdəsindən gəlmiş və tərcüməçi kimi ona verilən bütün tapşırıqların öhdəsindən gəlmişdir. Şirkətin icra orqanın rəhbərinin dəyişməsindən sonra quya yeni rəhbər tərəfindən hər hansı əsas göstərilmədən işdən azad olunmağı barədə ona ərizə yazmağı tələb olunmuş və bununla razılaşmayacağı təqdirdə ixtisarla işdən çıxaracağı bildirilmişdir. O, təzyiqlərə boyun əyməmiş və ərizə yazmaqdan imtina etmişdir və bundan sonra yeni rəhbərin göstərişi ilə “formal ixtisar” görüntüsü yaradılmaqla işdən azad edilmişdir. X3 tərəfindən göstərilən hallar sübuta yetirilməmiş və onun verdiyi iddia əsassız olduğundan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-430/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (hakim: Şəbinə Nuriyeva) Qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin məhkəmə başa çatdıqdan sonra X8 Linkedin sosial şəbəkəsində özünə məxsus Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçdiyi səhifəsində paylaşım edir: “Əvvəlki adı MKT İK MMC indiki adı isə Prime Cotton olan şirkətin yeni gələn direktoru Rovshan Mahmudov da orda çalışan və müşahidə şurasının üzvü olan şərəfsiz, əclaf bir qoca ingilisə yarınıb yaltaqlanmaq, Prezidentimizin təbirincən dəsək dabanyalıyanlıq etmək üçün məni onun xahişi ilə işdən azad etmək istəyirdi. Öz ərizəmi yazmadım, məcbur qalıb ixtisar maddəsi ilə çıxartdı. Verdim məhkəməyə. Geri tarix ilə protokol hazırlamaq da daxil bildiyin hər cür saxtakarlığa əl atdılar. Məhkəməyə belə təsir etdilər. İndi iş qalıb apellyasiyaya. ” Bununla da, X8 məni təhqir edərək yaltaq və daban yalayan adlandırır. Həmçinin Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən mötəbər hesab olunan sübutlara şübhə ilə yanaşaraq, məni saxtakarlıqda və məhkəməyə təsir etməkdə ittiham edir və bu yalan olan böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirərək internet informasiya ehtiyatında yaymışdır (iki fərqli istifadəçilərin səhifələrindən edilmiş şəkillər ərizəyə əlavə olunur). Bununla kifayətlənməyən C.Paşayev Linkedin sosial şəbəkəsində özünə məxsus Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçdiyi səhifəsində növbəti paylaşım edərək yazır ki: “Bu mesajı növbəti yazılarımın “qəhrəmanlarından” biri olacaq, inanılmaz dərəcədə şərəfsiz, mənəviyyatsız, qeyri-sağlam və iki üzlü bir tip, ölkəmizə xarici mütəxəssis adı ilə sırınmış qoca əcnəbi yaramazlardan sadəcə biri olan Richard Morgana yazmışdım. Yenə də qaçdı. Qaçacaq əlbət. Amma hara qədər? Saxta protokol hazırladıb imzaladıb məhkəməyə göndərəndə bunun məsuliyyəti olacağını bilmirdin məyər? Yoxsa bizi o dərəcədə geri zəkalı Azərbaycanı isə cəngəllik dövlət hesab edir bu yaramaz? Bu yazını oxuyan ortaq tanışlardan xahiş, o şərəfsizə deyin ki, inşAllah geri qayıdacam və törətdiyi əməllərə görə onu məsuliyyətə cəlb elətdirəcəm. Yeri gəlsə bu məsələ ictimayələşdiriləcək. Şələ-şüləsini yığışdırıb rədd olsun bu məmləkətdən. ” Göründüyü kimi, X8 Şirkətin müşahidə şurasının üzvü olan Richard Morganın da barəsində sosial şəbəkələrdə təhqir edici ifadələri işlətməkdən çəkinməmişdir (şəkil əlavə olunur). Həmin paylaşıma C.X13 xitabən ingilis dilində kommentariya yazaraq bildirmişdir ki, “Ümid edirəm ki, siz saxta İclas Protokolların geri tarixlə imzalanmasının (MKT-nin Müşahidə Şurası tərəfindən xx.xx.2024 tarixdə keçirildiyi ehtimal olunan, hansı ki, fiziki olaraq bu qurum mövcud deyildir) və bu sənədlərin məhkəməyə göndərilməsinin mümkün nəticələrini başa düşürsünüz. Bu, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halıdır (vəzifənin kobud şəkildə pozulması). Çox güman ki, MKT-yə (indiki Prime Cotton-a) qarşı məhkəmə işini udacam (əgər işin gedişatında rüşvətxorluğa yol verilməzsə). Əgər rüşvətxorluğa yol verilərsə və məhkəmə təqdim edilən faktlara baxmayaraq qərəzli qərar qəbul edərsə, bu zaman iş ictimailəşəcək. Hər iki ssenaridə siz və sizin oyuncağınız Mahmudov vəzifə səlahiyyətlərindən sui-istifadəyə, vəzifənin kobud şəkildə pozulmasına və hətta rüşvətxorluğa görə layiqli cəzanızı alacaqsınız. Sənin kimi faydasız, axmaq və paranoyalı, iyrənc bir insanı cəzalandırmaq üçün əlimdən gələni edəcəyəm.”. Bundan da görünür ki, mülki iş üzrə məhkəməyə təqdim edilən sübutla – X11 Protokolları ilə bağlı C.X14 sənədlərin guya geri tarix imzalamasında və vəzifələrindən sui-istifadə edilməsində ittiham edir və onu fırıldaqçı adlandırır. Eyni zamanda onu da alçaldaraq, onun oyuncağı adlandırıb onu da vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində, hətta heç bir əsas olmadan rüşvətxorluqda ittiham edir. Bundan sonra hər ikimizi faydasız, axmaq və paranoyalı, iyrənc insanı adlandıraraq onları cəzalandırmaqla hədələyir (şəkillər tərcümə ilə ərizəyə əlavə olunur). Həmçinin məhkəməyə təqdim edilən sübutla bağlı X8 özünə məxsus Jeyhun PElektron ünvan 1 elektron poçt ünvanından Şirkətin əməkdaşı Fərhad Əliyevin Elektron ünvan 2 və Elektron ünvan 3 elektron poçt ünvanına eyni məzmunlu məktub ünvanlayaraq, məhkəməni aldatmaqda və geri tarix ilə saxta sənədin hazırlanmasında, bununla da onu vəzifə saxtakarlıqda ittiham etmişdir. Həmçinin F.Əliyevə məhkəməyə verilmiş protokolu geri götürülməsini və ləğv edilməsini tələb etməyi tövsiyə edib, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunması və kütləvi informasiya vasitələrində ictimayələşdiriləcəyi ilə hədə-qorxu gəlmişdir (elektron poçtdan edilən şəkillər ərizəyə əlavə olunur). Qeyd etmək istəyir ki, Ceyhun Paşayev hələ tutduğu vəzifədən azad edildiyi tarixdən başlayaraq, onun barəsində təhqiramiz və böhdan xarakterli məlumatları internet ehtiyatlarında yaymağa başlamışdır. Belə ki, 2024-cü ilin 9-11 avqust tarixlərində Shabrab Wellbeing otelində rəhbər heyət üçün “Liderlik düşərgəsi” təşkil edilmişdi. Bununla bağlı Linkedin sosial şəbəkəsində MKT Cotton LLC - The cotton brand name of Azerbaijan səhifəsində paylaşım edilmişdir. Həmin paylaşım altında X8 özünə məxsus Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçdiyi səhifəsindən kommentariya yazaraq bildirmişdir ki: “Maliyyə durumunun pisləşməsini əsas gətirərək, optimallaşdırma adı altına xeyli sayda işçilərini işdən çıxaran bir şirkətin rəhbərinin belə təmtəraqlı və bahalı bir ziyafət təşkil etməsi məncə ən azından qeyri-etikdir. Optimallaşdırma hara, bu hara? Bu ziyafətə sərf olunmuş pullarla onlarla işçinin bir neçə illik iş ilə təmin edib əmək haqqını ödəməklə ölkə əhalisinin rifahının və sosial iqtisadi durumunun yaxşılaşdırılmasına və ümumilikdə şirkətin imicinə müsbət töhfə vermək olardı. Amma yox, görünür MKT-nin yeni rəhbərinin daha önəmli prioritetləri var. Məsələn, şirkətin külli miqdar vəsaitini sərf edib özünə bu tip “tanıtım” kompaniyaları təşkil etmək kimi. ” (şəkil tərcümə ilə ərizəyə əlavə olunur). Həmin paylaşıma C.X13 xitabən ingilis dilində kommentariya yazaraq bildirmişdir ki, “İşçinin hüquqlarını və Əmək Məcəlləsini açıq şəkildə pozan, qanunsuz əməllərini qanuniləşdirmək üçün sənədləri saxtalaşdıran birinin belə vacib bir tədbirdə nəinki çıxış etmək, onun ümumiyyətlə Prime Cotton şirkətini ümumilikdə təmsil etmək üçün heç bir mənəvi haqqı yoxdur.” (şəkil tərcümə ilə ərizəyə əlavə olunur). X1 tədbirin təşkil olunmasında onu qeyrietik hərəkətlər edən şəxs adlandırıb təhqir edir və Şirkətin yeni rəhbəri deyərək, onu nəzərdə tutub küllü miqdarda Şirkətin pul vəsaitlərini özünə “tanıtım” kompaniyalarını təşkil etməkdə ittiham edir. Həmçinin Linkedin sosial şəbəkəsində Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçmiş səhifəsindən həmin paylaşım altında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 və 313-cü maddələrinin dispozisiyasını və sanksiyasını qeyd edir (külli miqdarda vergiləri ödəməkdən yayınma) və (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə). Bununla da, X8 onu külli miqdarda vergiləri ödəməkdən yayınmada və vəzifə saxtakarlığında ittiham edir, (iki fərqli istifadəçilərin səhifələrindən edilmiş şəkillər ərizəyə əlavə olunur). Bundan başqa, Linkedin sosial şəbəkəsində Elnur Qasımov adı ilə qeydiyyatdan keçmiş istifadəçinin “Rövşən bəy rəhbərlik etdiyiniz şirkətinin uğurları davamlı olsun” kommentariyasına X8 özünə məxsus Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçdiyi səhifəsindən cavab olaraq, qeyd etmişdir ki, “Mən də Prime Cotton-a layiqli, vicdanlı, şərəfli, ciddi və səriştəli rəhbər arzu edirəm.”. Bununla da, C.Paşayev əsassız olaraq qeyd edir ki, Şirkətin onun timsalında layiqli, vicdanlı və şərəfli olmayan, qeyri-ciddi və səriştəsiz rəhbəri vardır (şəkil ərizəyə əlavə olunur). Həmçinin, Linkedin sosial şəbəkəsində Asif Badalov adı ilə qeydiyyatdan keçmiş istifadəçinin “Nəhayət, işçilərdən özlərini ayırmayan, normal 2 ay kommunikasiya quran bir rəhbərlik gəldi, Avand olsun” kommentariyasına X8 özünə məxsus Jeyhun Pashayev adı ilə qeydiyyatdan keçdiyi səhifəsindən cavab olaraq, qeyd etmişdir ki, “Məncə yanılırsınız. Sadəcə imitasiyadır. Adam rəsmən marionetdir. Əcnəbi mütəxəssis kimi barmağı ilə işarə etsə, tanımaza bilməzə, onun şirkətə verdiyi töhfələri nəzərə almadan, heç bir izah vermədən, adamın özü ilə bir kəlmə belə danışmadan işdən azad edilməsi barədə göstəriş verir. Burdakı görüntülər isə sadəcə publikaya oynamaq, müasir yanaşmalı rəhbər obrazını imitasiya etməkdir. Adamın üzündəki gülüşü belə saxtadır.”. Bununla da, X8 onun barəsində ictimaiyyətdə olan müsbət fikri dəyişib yalan məlumatlar yayaraq, onu təhqir edərək marionet və saxtakar adlandırır. Nəticədə C.Paşayev internet informasiya ehtiyatında kütləvi olaraq nümayiş etdirdiyi kommentariyası ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır (şəkil ərizəyə əlavə olunur). Göründüyü kimi, tədbirin əsas məqsədi rəhbərlik arasında kommunikasiyanın yaxşılaşdırılmasının olması aşkar görünsə də, X8 onunla əmək müqaviləsinin xitam verildikdən sonra, qərəzli olaraq bilə-bilə istehza ilə, qeyri-ciddi xarakter daşıyan məzmunla onun şərəf və ləyaqətini ləkələyən və onu Şirkətdə nüfuzdan salan böhtan olaraq, yalan məlumatları kütləvi nümayiş etdirərək internet informasiya ehtiyatında yaymışdır. Qeyd olunanları nəzərə alaraq, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 (altı) ayadək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, hazırda X4 ilə X8 arasında barışıq əldə olunmuşdur. Barışığa əsasən Rövşən Mahmudov tərəfindən Ceyhun Paşayevə qarşı verilmiş xüsusi ittihamda qeyd olunanlar Ceyhun Paşayev tərəfindən qəbul edilmişdir. X15, Rövşən Mahmudovdan və X7 sosial şəbəkəsində yazdıqlarına görə üzr istəyərək bu halın birdə təkrarlanmayacağına söz vermişdir. Qeyd olunanlara əsasən, X4 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina edir, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir və bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs X8 MKT İK MMC, indiki adı isə Prime Cottonun rəhbəri Rövşən Mahmudov və Richard Morgan barəsində internet informasiya ehtiyatlarında yazdığı təhqirlərə görə peşman olduğunu, onlardan üzr istədiyini və bir daha belə paylaşımlar etməyəcəyinə söz verərək, X4 tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, prosess iştirakçılarını dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.9-cu maddəsinə əsasən, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə tərəflər barışdığından X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 314, 321, 344-349, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar