Məhkəmə qərarları › İş №1(008)-330/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-330/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-330/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il saat 01:00-da Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2486 K nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçərək qanunsuz daxil olub orada tikilmiş evin zirzəmisindən 30 manat dəyərində bir qutu əlcək, həmin zirzəmidən və anbardan 142 manat dəyərində mis naqillər, 40 manat dəyərində bir ədəd arabanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 212 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il saat 01:30-da Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2488 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq orada tikilmiş evdən bir ədəd 20 manat dəyərində “Tiffany” markalı elektrik çaynik, 45 manat dəyərində mis naqillər, 60 manat dəyərində bir ədəd eynəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 125 manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusat məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxslərin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz evdə tək yaşamış və heç bir yerdə işləməmişdir. O, maddi vəziyyətinin pis olması səbəbindən oğurluq etmək qərarına gəlmiş, əlverişli şəraitdə oğurluq etmək məqsədilə xx xxx 2020-ci il saat 23:50-də Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhic bağları” kimi tanıdığı ərazini gəzmişdir. xx xxx 2020-ci il saat 01:00 radələrində orada hasarlanmış və qapısı olan, lakin yaşayış üçün tam hazır olmayan tikili diqqətini cəlb etmiş, ətrafa və həyətyanı sahəyə baxıb kimsənin olmadığından tam əmin olduqdan sonra hasardan həyətə daxil olaraq, orada tikilmiş evin nəfəsliyindən zirzəmiyə keçmişdir. Zirzəmidən bir qutu əlcək və elektrik naqilləri götürdükdən sonra zirzəminin nəfəsliyindən çıxaraq həyətdə tikilmiş anbara daxil olub oradan elektrik naqilləri və araba götürmüşdür. O, bundan sonra xx xxx 2020-ci il saat 01:30 radələrində qonşuluqdakı fərdi yaşayış evinin həyətinə baxmış, orada kimsənin olmadığını görüb hasardan keçməklə həmin həyətyanı sahəyə daxil olub, orada tikilmiş evin pəncərəsini açmaqla pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra oradan bir ədəd “Tiffany” çaynik, bir ədəd eynək və elektrik naqillərini oğurlayaraq həmin əşyalarla birlikdə ilk oğurluq etdiyi həyətə qayıtmış, “Tiffany” çayniki, eynəyi və elektrik naqillərini əvvəlki oğurladığı əşyaları qoyduğu arabaya yığaraq həmin həyətin darvazasını açmaqla qapıdan çıxaraq oradan uzaqlaşmışdır. Daha sonra, elektrik naqillərini yandıraraq əldə etdiyi mis metalı Sabunçu rayonu, Zabrat dairəsi kimi tanıdığı yerdə metal qəbulu məntəqəsində tanımadığı şəxsə təhvil vermiş, həmin şəxs ona 12 kiloqram mis metalına görə 62 manat pul ödəmiş, aldığı 62 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Oğurladığı bir ədəd eynək və bir qutu əlcək araba ilə gedərkən düşüb itmiş, arabanı Sabunçu rayonu, Zabrat dairəsi kimi tanıdığı ərazidə tullamış, “Tiffany" çayniki yaşadığı ünvana aparmışdır.xx xxx 2020-ci il saat 16 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək ona Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi təklif etmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə getmişdir. Törətdiyi əməldən peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağ massivində yerləşən 2488 nömrəli bağ evi ona məxsusdur. Evinin həyətyanı sahəsi daş hasarla hasarlanmış və dəmir darvaza qoyulmuşdur. Evin həyətyanı sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilir. xx.xx.2020-ci il saat 20:00 radələrində Sabunçu rayonu, Ləhic Bağ massivində yerləşən 2488 nömrəli bağ evindən çıxıb Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən mənzilinə getməmişdən əvvəl bağ evinin pəncərələrini bağlamış və qapısını kilidləmişdir. O, xx.xx.2020-ci il saat 13 radələrində sözü gedən bağ evinə gəldiyini zaman naməlum şəxslərin bağ evinin həyətyanı sahəsinə daxil olaraq orada tikilmiş fərdi yaşayış evinin pəncərəsini açmaqla evə daxil olub oradan bir ədəd “Tefal” markalı elektrik çaynikinin, bir ədəd eynəyin və 50 metr uzunluqda mis naqilləri oğurladıqlarını aşkar etmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə 42-ci PB-nin əməkdaşları gəlmiş, hadisə ilə bağlı onun ərizə və izahatı alınmış, sonra isə hadisə yerinə baxış keçirilmişdir. Ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi X4ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağ massivində yerləşən 2486K nömrəli bağ evi onlara məxsusdur. Bağ evinin həyətyanı sahəsi daş hasarla hasarlanmış, dəmir darvazası olmasa da, həmin hissə dəmirlə bağlanmışdır. Bağ evinin həyətyanı sahəsinin giriş qapısı darvaza üçün müəyyən edilmiş hissənin yanında yerləşmiş, giriş qapısının üzərində kilid olmuş, bununla da, kənar şəxslərin giriş çıxışında məhdudiyyət olmuşdur. Evin həyətyanı sahəsində bir mərtəbəli fərdi yaşayış evi ilə yanaşı anbar kimi istifadə edilən sahə mövcuddur. Atası X3 xx.xx.2020-ci il saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağ massivində yerləşən 2486 K nömrəli bağ evinə gələrkən naməlum şəxslərin bağ evinin həyətyanı sahəsinə daxil olaraq zirzəminin nəfəsliyini açmaqla həmin pəncərədən evə daxil olduqlarını, evin dağıdılmış vəziyyətdə olduğunu, zirzəmidən bir qutu əlcəyin və elektrik naqillərinin, həyətyanı sahədə olan anbardan isə elektrik naqillərinin və arabanın oğurlandığını aşkar etmişdir. Bundan sonra, ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 42-ci PB-nə məlumat verilmişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 212 manat ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin etməyi xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahidifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. xx xxx 2020-ci il saat 09 radələrində iş yerində olarkən əvvəllər tanımadığı bir nəfər şəxs ona mis metaldan olan elektrik naqilləri satmaq istədiyini bildirmiş, həmin şəxsin satdığı mis metaldan olan elektrik naqillərinə baxdıqda yanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxs ona mis naqillərinin özünə məxsus olduğunu, evində istifadə etdiyini, yararsız vəziyyətə düşdüyü üçün satmaq qərarına gəldiyini demişdir. O, naqilləri tərəzidə çəkdikdən sonra 12,4 kiloqram olmasının müəyyən etmiş, mis metalın bir kiloqramını beş manata aldığından həmin şəxsə 62 manat pul vermiş və bununla bağlı müvafiq qeydiyyat işləri aparılmışdır. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə iş yerinə gələrək Təqsirləndirilən şəxs ona satdığı mis metaldan olan elektrik naqillərinin Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin ərazisində yerləşən fərdi yaşayış evlərindən oğurladığı demişlər. O, polis əməkdaşlarına həmin mis metaldan olan elektrik naqillərini Təqsirləndirilən şəxs 62 manat pul ödəməklə aldığını bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən 42-ci Polis bölməsinə dəvət edilmiş, orada hadisə ilə bağlı izahatı alınmışdır. Cinayət işinin 19-20-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokoldan görünür ki, Ə.Məmmədovun, Ə.Teymurovun, Zərərçəkmiş şəxs1, R.Səlimovun, Zərərçəkmiş şəxs1 və K.Ələkbərovanın iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2486 K nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı bir qutu əlcək, mis naqillərin və bir ədəd arabanın oğurlandığı aşkar edilmişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli baxış keçirilməsi protokoldan görünür ki, F.Babayevin, P.Daşdəmirovun, Zərərçəkmiş şəxs1, R.Səlimovun və Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2488 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı bir ədəd “Tiffany” markalı elektrik çaynikin, mis naqillərin və 60 manat dəyərində bir ədəd eynəyin oğurlandığı aşkar edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 105-107-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 263/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-148-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2019-cu ildə təyin edilmiş şərti cəzanı tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 152-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları massivi 2488 saylı bağ evi ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus bağın həyətində olan köməkçi tikilidə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan səxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankına Zaqatala RPŞ və BƏSİİ-dən daxil olmuş), xx.xx.1993-cü ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə), şəhadət və orta barmaqları ilə eynilik təşkil etmişdir. Cinayət işinin 174-176-cı vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 197-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1979 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 25,00 manat müəyyən edilir. O, cümlədən: 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, yaşıl rəngli əl arabası -10 manat, 1 ədəd “Tiffany” markalı, 2 litr su tutumlu, 2000 W-luq şüşə materialından olan elektrik çaydan - 15 manatdır. Cinayət işinin 200-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik müəyyən edilmişdir. Cinayət işinin 201-202-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/647 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4,6,7 saylı daktilentlərin səthindəki əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri və 7,8 saylı daktilentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 9,10 saylı daktilentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi və 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi və 5 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından, 3 və 4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri onun sol əlinin orta barmağından, 6 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından və 7 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 7 və 8 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental ovuclarından qalmamışdır. Cinayət işinin 226-227-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2486K nömrəli fərdi yaşayış evindən gizli olaraq taladığı və araşdırma müddətində müəyyən edilmiş bir ədəd araba, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində yerləşən 2488 nömrəli fərdi yaşayış evindən oğurladığı, araşdırma müddətində müəyyən edilmiş bir ədəd “Tifanny” markalı elektrikli çaynik, Şahid qeyd olunan fərdi yaşayış evlərindən gizli olaraq taladığı mis naqilləri satması ilə bağlı sonuncunun qeydiyyat apardığı dəftər, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə baxış keçirilərkən götürülmüş əl-barmaq və ovuc izləri köçürülmüş daktilolentlər və Təqsirləndirilən şəxs əl-barmaq və ovuz izləri köçürülmüş daktiloxəritə cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd araba, Zərərçəkmiş şəxs2 məxsus “Tiffany” markalı elektrik çayniki sahiblərinə qaytarılmışdır. Cinayət işinin 230-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, bir ədəd araba Zərərçəkmiş şəxs1 tərəfindən qəbul edilmişdir. Cinayət işinin 231-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, “Tiffany” markalı elektrik çayniki Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahid ifadəsi və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil və bu səbəbdən qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı məhkəmə nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxx 2020-ci il tarixdən məhdudlaşdırılmış, bu səbəbdən də, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda, məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış - hadisə yerinə baxış zamanı götürülmüş əl izləri, Şahid qeyd olunan fərdi yaşayış evlərindən gizli olaraq taladığı mis naqilləri satması ilə bağlı sonuncunun qeydiyyat apardığı dəftər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd arabanın və Zərərçəkmiş şəxs2 məxsus “Tiffany” markalı elektrik çayniki sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış - hadisə yerinə baxış zamanı götürülmüş əl izləri, Şahid qeyd olunan fərdi yaşayış evlərindən gizli olaraq taladığı mis naqilləri satması ilə bağlı sonuncunun qeydiyyat apardığı dəftər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd arabanın və Zərərçəkmiş şəxs2 məxsus “Tiffany” markalı elektrik çayniki sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar