Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-330/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,835 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,088 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkisi 0,835 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istehlak miqdarında təmiz çəkisi 0,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bak şəhəri ərazisində tanımadığı şəxslərdən alır. O, 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə heroin alaraq istifadə etmək üçün üzərində daşımışdır. 11 oktyabr 2022-ci il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPl-nin 14-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı telefon, həmin gödəkcənin sol yan cibindən 02 ədəd “Mobitel” və “Makvel” markalı mobil telefon, 01 ədəd elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükümlər çıxararaq təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, narkotik vasitə alarkən onu çəkidə aldatmamaları üçün üzərində elektron tərəzi gəzdirib. Bundan sonra üzərindən aşkar olunan bükümlər, elektron tərəzi və mobil telefonlar zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 14-cü PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, yəni, 11 oktyabr 2022-ci il tarixdə, saat 20:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət edilmişdir. 14-cü Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı telefon, həmin gödəkcənin sol yan cibindən 02 ədəd “Mobitel” və “Makvel” markalı mobil telefon, 01 ədəd elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükümlər çıxararaq təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər, elektron tərəzi və mobil telefonlar zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 həmin ifadəsində digər Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 11 oktyabr 2022 il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı telefon, həmin gödəkcənin sol yan cibindən 02 ədəd “Mobitel” və “Makvel” markalı mobil telefon, 01 ədəd elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə və bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 38-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 39-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 6/5873 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 1 N-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,835 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0.088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 N-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0.785 qram, narkotik vasitə heroinin qalıq çəkisi 0.038 qramdır. Cinayət işinin 56-cı vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli telefon ilə aparılmış əməliyyatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Mobitel” və “Makvel” markalı mobil telefonların yaddaşında olan məlumatlara baxış keçirilmiş istintaq üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan 1/2281 nömrəli, 12 oktyabr 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Babayev X1 OPİ+, THC+ və AMP+ aşkar edilmişdir. Cinayət işinin 78-80-ci vərəqələrində olan 13 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqələrində olan 13 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 104-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 105-107-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli, 6/6027 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Şübhəli şəxs X3 (imza)...." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində“....Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.038 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.018 qramdır. Cinayət işinin 98-ci vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan 10 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 115-116-cı vərəqəsində olan AZ İİİ seriyalı, 316871 nömrəli, AZ İİ seriyalı, 312518 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 120-122-ci vərəqələrində olan 10 dekabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan 10 dekabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-131 vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 10 dekabr 2022-ci il tarixli, 7514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-138-ci vərəqəsində olan 21 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.785 qram olan metamfetamin və 0.018 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 oktyabr 2022 il tarixdən 13 oktyabr 2022-ci il tarixədək, 09 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X2 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.785 qram olan metamfetamin, 0.018 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 0.785 qram olan metamfetamin, 0.018 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-330/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-330/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver