Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-331/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və hazırda ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,315 qram miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2024cü il tarixdə saat 12:30-da Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında saxlanılıb, 15-cü PB-nin inzibati binasına aparılaraq xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,315 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən alır, narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmur. 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroini 10 manata alıb üzərində saxlamışdır. 18 yanvar 2024-cü il tarixdə saat 12:30-da Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi “Ayxan” marketin yaxınlığından piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərdikdən sonra, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı əməliyyat yolu ilə məlumat əldə etdiklərini deyərək barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Üzərində heç bir sənəd olmadığını bildirdiyi üçün polis əməkdaşları Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə birlikdə getməyi təklif etmişlər. O da etiraz etməyərək Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqların birində hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağını, bununla əlaqədar ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişlər. Siyahıdan vəkil seçmiş, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri təhqiqatçı tərəfindən ona izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü üzərində heroin olduğundan vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olmuş narkotik vasitə heroini çıxarıb təqdim edərək bildirmişdir ki, heroini öz istifadəsi üçün 10 manata Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Təqdim etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, o və axtarışda iştirak edən şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində alqı-satqısı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovniki Samir Həsənova məruzə olunmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayıb daşıması, alqı-satqısı ilə məşğul olması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, 15-ci PB-nin təhqiqatçısına bu barədə məlumat verilmiş, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən 18 yanvar 2024-cü il tarixdə saat 12:30-da yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Özlərini təqdim edib, narkotik vasitələrin satışı və üzərində saxlayıb daşıması barədə əməliyyat məlumatı əldə etdiklərini, bu səbəbdən birlikdə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə 15-ci PB-yə gəlmişdir. Toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçi təqdim olunub, onun iştirakı ilə hüquq və vəzifələri, saxlanılmasının səbəbi izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edib, sellofanın içərisində narkotik vasitə heroin olduğunu, heroini özü istifadəsi üçün 18 yanvar 2024-cü il tarixdə saat 09-10 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində alqı-satqısı ilə məşğul olması barədə əldə olunsa da, Təqsirləndirilən şəxs saxlanılıb barəsində araşdırma aparıldığı dövrdə onun narkotik vasitələrin satışı məşğul olması faktı təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, 15-ci PB-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən fadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); şəxsi axtarış və götürmə aparılması haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, sellofanın içərisində bu narkotik maddəni 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.28-29); məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №161» dairəvi möhür əksi, «vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...» şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,315 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(i.v.37-40); DVD yaddaş daşıyıcısında baxış keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, sellofanın içərisində narkotik vasitə heroin olduğunu, heroini özü istifadəsi üçün 18 yanvar 2024-cü il tarixdə saat 09-10 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, üzərində olmuş narkotik vasitə heroini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirmişdir (i.v.53-54); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.71-73); qətimkan tədbirinin seçilməsi haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.74-75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.90); Diskə baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, «Azerfon MMC»-nin 04 mart 2024-cü il tarixli AZF/LGL-2495/24 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, özündə 18 yanvar 2023-cü il tarixdən 18 yavnar 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adına qeydə alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD disk yaddaş daşıyıcısına «HP» markalı «kompyuterin oxuyucusuna daxil etməklə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (i.v.108); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 456 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.109-110); sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -1,315 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq - 1,265 qram heroin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.113-118); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 18 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,315 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,265 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,315 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,265 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz ön dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-331/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-331/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver