Məhkəmə qərarları › İş №1(008)-332/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-332/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-332/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Masallı rayonu, Xıl ərazi dairəsi, Xıl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində fəaliyyət göstərən kababçı işlədiyi “Səma” restoranının qarşısında həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı yumruq zərbələri ilə iki dəfə qəsdən üz nahiyəsinə zərbələr vuraraq ona ağrı simptomu və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan alın-təpə və sol gözyuvasıaltı-almacıq nahiyələrinin dərialtı hematomaları müəyyən edilən ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Rəsul onu təhqir etmişdir. Mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs qəsdən üz nahiyəsindən iki dəfə yumruq zərbəsi ilə vuraraq qəsdən xəsarət yetirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində ofisiant işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Səma” restoranında olarkən müdürü Cümşüd uzun müddətdir ki, tanıdığı və tanışlıq əlaqəsi olan kababçı işləyən Təqsirləndirilən şəxs işdən çıxardığı üçün Tural müdür ilə mübahisə etməyə başlamış, həmin vaxt Turalı mübahisə etməsin deyə oradan uzaqlaşdırmışdır. Bir qədər sonra siqaret çəkmək üçün restoranın qarşısına çıxdıqda Turalın da restoranın qarşısında olmasını görmüş və müdürlə niyə mübahisə etməsini bildirmişdir. Bundan sonra Tural onun yanına yaxınlaşaraq qəsdən iki dəfə yumruq zərbəsi ilə üz nahiyəsindən vuraraq ona qəsdən xəsarət yetirmiş və oradan çıxıb gedərək uzaqlaşmışdır. Baş vermiş hadisə Səma restoranının qarşısında baş vermiş, 1 dəqiqədən az müddətdə davam etməklə həmin yerdə başa çatmış, kənar şəxslər hadisənin şahidi olmamışlar. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Akkord binalarının həyət sahəsində yerləşən “Səma” restoranının qarşısına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2025-ci il tarixli 551 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs ağrı simptomu və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan alın-təpə sol gözyuvasıaltı-almacıq nahiyələrinin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; 27 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Qafarov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 02 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa, Sumqayıt ŞPİ tərəfindən xx.xx.2019-cu ildə CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin 12 iyun 2019-cu il tarixli qərarından görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qərarın surətinin Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyinə təqdim olunması qərara alınmışdır. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 08 ay 9 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 04 ay 1 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.” Beləliklə, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ tərəfindən xx.xx.2019-cu ildə CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM-59.1.12), əməlindən peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarədə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 08 ay 9 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 04 ay 1 gün təşkil edir. Barəsində hökm çıxarılan tarixə onun çəkilməmiş cəza müddəti 03 ay 25 gün təşkil edir. Məhkəmə qeyd edir ki, sözügedən hökm üzrə olan məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CMnin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-104/2023 saylı hökmü ilə təyin olunmuş 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 ay 25 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.1.12, 59.2) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, AR CM-nin 67-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-104/2023 saylı hökmü ilə təyin olunmuş 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 ay 25 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin məhkəməyədək icraat zamanı və xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-104/2023 saylı hökmü ilə təyin olunmuş 2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 03 ay 25 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 16 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 96 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 129 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar