Məhkəmə qərarları › İş №1(008)-333/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-333/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-333/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkoitk vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,450 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 oktyabr 2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,450 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, 11 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞnin və Sabunçu RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi evin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqlarının birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 0,450 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (i.v.1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.17). Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkoitk vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,450 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 oktyabr 2022-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,450 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür(i.v.58). Cinayət işinin materiallarında olan ittiham aktından görünür ki, hazırki cinayət hadisəsinin törədilmə vaxtı 10 oktyabr 2022-ci il tarixdə saat 00:10 olaraq göstərilmişdir (i.v.122-130). Göründüyü kimi, cinayət işinin başlanması haqqında qərarda və şübhəli şəxsin tutulması haqqında protokolda hadisənin 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində baş verdiyi göstərilsə də, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının nəticəvi hissəsində cinayət hadisənin 10 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində baş verdiyi göstərilmişdir. Eyni zamanda, şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 11 oktyabr 2022-ci il tarixdə saat 01:00 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, şəxsin tutulmasında müdafiəçi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, saat 01:15 dəqiqədə başlanmış həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı müdafiəçi iştirak etməmişdir(i.v.29-30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir(i.v.28) Yuxarıda göstərilən halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs hər hansı istintaq hərəkətinin həyata keçirilməsi zamanı müdafiəçinin iştirakından imtina etmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 01:00 dəqiqədə tutulması zamanı iştirak etmiş müdafiəçinin, təqsirləndirilən şəxs imtina etmədiyi halda 15 dəqiqə sonra həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməməsi başa düşülən deyil. Bundan başqa, cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında, eləcə də xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0.450 qram narkotik vasitə olan heroin, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür(i.v.46). xx.xx.2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarında göstərilmişdir ki, şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0.450 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Diskə baxış keçirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofana bükülmüş bükümü və əynində olan gödəkcənin sol yan cibindən bir ədəd ekranı nasaz vəziyyətdə olan Samsung markalı mobil telefonu təqdim edir(i.v.101). Göründüyü kimi cinayət işinin materiallarında olan sənədlər bir birinə uyğun gəlmir. Eyni zamanda, 25 dekabr 2022-ci il tarixli Sabunçu RPİ-nin müstəntiqi Ruhid Tağıyev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış, o bədən hərarətinin yüksək olması, tez-tez öskürməsi, bədənində ağrıların olmasını, hazırda yataq xəstəsi olduğunu deyərək üzrlü olaraq gələ bilməyəcəyini bildirmişdir. Cinayət işinin icraatının dayandırılması haqqında 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası CPM-nin 53.3.4-cü maddəsinə əsasən həmin Məcəllənin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda cinayət təqibi dayandırıla bilər. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarına təqsirləndirilən şəxsin xəstəliyini təsdiq edən tibbi rəy və ya hər hansı bir digər sənəd əlavə edilməmişdir. Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X1 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin: 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar