Məhkəmə qərarları › İş №1(008)-333/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-333/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-333/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Gədəbəy rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayonu, Arıqıran kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə ona görə verilmişdir ki, o, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə qəza şəraiti yaratmasını bəhanə edərək, əsaslı səbəb olmadan digərlərinin gözü qarşısında ona qarşı fiziki zor tətbiq edib əli ilə sifət nahiyəsinə bir neçə dəfə vuraraq ona sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması və sağ gözün ağlı qişasına qansızma kimi sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərərvuran xəsarətlər yetirib, yolda tıxacın yaranmasına səbəb olan hərəkətlər edərək nəqliyyatın fəaliyyətini və bununla da ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, oradakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib digər şəxslərin gözü qarşısında ətrafdakıların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edərək, xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobili ilə ötmə hərəkəti həyata keçirdikdən sonra yolun sağ zolağına keçmiş, həmin vaxt, yolun sağ zolağı ilə ötmə əməliyyatı edən “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobili görməmişdir. “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü siqnal verərək idarə etdiyi avtomobilin ön fara işıqlarını yandırıb-söndürmüş, avtomobilinin şüşəsini endirərək ona nə isə demişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü onun avtomobilin qarşısını kəsərək, avtomobildən enərək onun üzərinə gəlib ondan yol verməməsinin səbəbini soruşmuş, o, öz yolu ilə hərəkətdə olduğunu digər avtomobillərin hərəkətinə mane yaratmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun yaxasına əl atmış, əynində olan pencək cırılmışdır. O, özünü müdafiə məqsədi ilə Zərərçəkmiş şəxs yaxasından tutaraq onu “Toyota Prius” markalı avtomobilə doğru sıxıb, etdiyi hərəkətin yanlış olduğunu bildirərək onu avtomobilinə mindirməyə çalışmışdır. Zərərçəkmiş şəxs avtomobilə minmək niyyətinin olmadığını görərək o, özü idarə etdiyi avtomobilə minərək oradan uzaqlaşmışdır. İbtidai araşdırma zamanı ifadəsini oxumadan imza etdiyi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyyət yaranır. O, Zərərçəkmiş şəxs ümumiyyətlə vurmamış, sadəcə yaxasından tutaraq avtomobilinə doğru sıxmışdır. Zərərçəkmiş şəxs ekspert rəyində göstərilən xəsarətləri hansı şəkildə və hansı şəraitdə alması barədə məlumatı yoxdur. Odur ki, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində hərəkətdə olarkən “Man” markalı **- JX-*** dövlət nömrə nişanlı yük avtomobilin sürücüsü qəza vəziyyəti yaratmış, o, digər avtomobilin sürücüsünə siqnal verərək qəza vəziyyəti yaratmasının səbəbini soruşmuş, həmin avtomobilin sürücüsü ona məhəl qoymamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda hər ikisi avtomobildən enmiş, o, Təqsirləndirilən şəxs yol verməməsinin və qəza vəziyyəti yaratmasının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs haqlı olduğunu, öz yolunda hərəkət etdiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onu müxtəlif bədən xəsarətləri yetirmişdir. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X1” X2 12 mart 2024-cü il tarixli, 524 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması və sağ gözün ağlı qişasına qansızması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarının 54-56-cı vərəqəsində olan 27 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarının 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 mart 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş 01 ədəd diskdə olan “Təhlükəsiz Şəhər" kameralarının qeydə aldığı videogörüntülərə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, **-JX-*** dövlət nömrə nişanlı yük avtomobilin qarşısını kəsib, avtomobildən enərək digər sürücünün üzərinə getdiyi, tərəflər arasında mübahisə yarandığı, “Man” markalı, **-JX-*** dövlət nömrə nişanlı yük avtomobilin sürücüsünün digər sürücüyə fiziki təzyiq göstərməsi və daha sonra avtomobilinə minərək oradan uzaqlaşdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və sadələşdirilmiş icraat materiallarında mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, təhqiqat orqanının cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyidir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələri şəxsin əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, təhqiqat orqanı tərəfindən əməl xuliqanlıq cinayəti kimi tövsif edilmişdir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi özünün, eləcə də, zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan və iş materiallarından ilk növbədə o hal müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamış, lakin, təhqiqat orqanı bu xüsusatlara diqqət yetirmədiyi üçün şəxsin əməlində xuliqanlıq motivinin olmamasını və ictimai qaydaya qəsd edilmədiyini nəzərindən qaçırmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntülərdən aydın görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, **-JX-*** dövlət nömrə nişanlı yük avtomobilin qarşısını kəsib, avtomobildən enərək digər sürücünün üzərinə getdiyi, tərəflər arasında mübahisə yaranmışdır. Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai araşdırma orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Beləliklə, ittihamın əsas tutarlı dəlilləri olan cinayət təqibində iştirak edən şəxslərin ifadələri təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas vermir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. İş materiallarından şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Mübahisə zamanı məhz ilkin olaraq zərərçəkmiş şəxs digər avtomobilin qarşısını kəsərək, avtomobildən enib sürücünün üzərinə gedərək əlbəyaxaya keçmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cavabında ona bədən xəsarətləri yetirmişdir.. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə hesab edir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində sağlamlığa zərər vurma, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi qiymətləndirilə bilməz. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, məhkum edilmiş şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və baş vermiş hadisənin görüntüləri ilə tam təsdiq edilir. Onun zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə ifadəsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilərək yuxarıda qeyd olunan sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətlənidirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin görüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin görüntülərini əks etdirən 01 ədəd disk işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar