Məhkəmə qərarları › İş №1(008)-335/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-335/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-335/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızınına katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyub oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Çöhranlı Ərazi Dairəsi, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 oktyabr 2022-ci il tarixdə, saat 16:00-da ünvan 2 ünvanının qarşısında olan zaman saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 01 bükümdə təmiz çəkisi 0,351 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri adətən sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından «online» satış qaydasında alır. Həmin narkotik vasitələri almaq üçün o, əvvəlcədən həmin şəxsin telefon nömrəsi ilə «whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq ona lazım olan narkotik vasitənin miqdarını yazmış, həmin şəxsin göndərdiyi bank kartının hesabına ödəniş etdikdən sonra ona narkotik vasitəni gizlətdiyi yerin şəklini göndərmişdir. O, dəqiq xatırlamadığı tarixdə özünə məxsus «whatsapp» tətbiqində istifadə etdiyi ***-***-**- ** nömrə ilə İran İslam Respublikası vətəndaşının istifadə etdiyi nömrəyə mesaj yazaraq narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. Həmin şəxs təxminən ona cavab yazaraq sifariş etdiyi narkotik vasitəyə görə 30 manat pul ödəməli olduğunu bildirərək ona hansı banka məxsus olduğunu dəqiq xatırlamadığı plastik kartın şəkilini göndərmiş, o, həmin bank hesabına 30 manat ödəniş etdikdən sonra İran İslam Respublikası vətəndaşı ona sifariş etdiyi narkotik vasitən qoyduğu yerin şəklini çəkərək atmışdır. Bundan sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən dəqiq xatırlamadığı yerdən ağacın dibindən narkotik vasitəni götürərək üzərində saxlamışdır. 26 oktyabr 2022-ci il tarixdə, saat 16:00-da ünvan 2 ünvanının qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etmə, saxlama və qəbulunda şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PB-yə getmişdir. Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında polis əməkdaşları xidməti otaqların birində ona hüquq və vəzifələri izah etdikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əlində olan şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən “online” satış qaydasında ümumilikdə 30 manata aldığını bildirmiş, üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənib ekspertizaya göndərilmişdir. Daha sonra Sabunçu RPİ-nin əməkdaşları tərəfindən onun kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına baxış keçirilmiş, lakin, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənəd aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 26 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “Totu” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması, qəbulu və dövriyyəsi ilə məşğul olması barədə işlədiyi Sabunçu RPİ-nin 13-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və 13-cü polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni, 26 oktyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində ünvan 4 ünvanının qarşısında “Totu” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək, bir qədər onunla söhbət etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gəlmişdir. Polis bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında qərar ona elan edilərək hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş aparılmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs etiraz etməmiş və bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əlində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşına “online” qaydada 30 manat ödəniş edərək əldə etdiyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik maddə olan büküm qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına baxış keçirilmiş, lakin, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-ci vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 38-39-cu vərəqəsində olan 26 oktyabr 2022-ci il tarixli mənzilə axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına baxış keçirilmiş, lakin, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 6/6231 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N160” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar” sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.301 qramdır. Cinayət işinin 77-79-cu vərəqələrində olan 28 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan 28 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqələrində olan AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 97-ci vərəqəsində olan Sabunçu RPİ-nin 13-cü PB-nin 20 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə aparılmış əməliyyat tədbirləri müsbət nəticə verməmişdir Cinayət işinin 98-ci vərəqəsində olan 22 dekabr 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş üzərində ***-***- **-** Azərfon GSM nömrəsi olan “Samsung” markalı mobil telefonda məlumatlara baxış keçirilmiş, lakin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 101-102-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X1 ekspert komissiyasının 19 yanvar 2023-cü il tarixli, 279 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-114-cü vərəqəsində olan 26 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.301 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-445/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.301 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.301 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar