Məhkəmə qərarları › İş №1(008)-336/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-336/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-336/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağcabədi rayonu, Qaraxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, nömrəsiz evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 01:15 radələrində «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq sürət məhdudlaşdırılması 60 km/saat olan yerdə saatda 80-90 km/saat sürətlə Bakı şəhəri Sabunçu rayonu, Şəhər Şossesində üzü Zabrat istiqamətində hərəkətdə olarkən «X5» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkətə başlayarkən, yer dəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması nəticəsində idarə etməni itirərək onun hərəkət istiqamətində yolun sağ kənarında səkidən 0,6 metr aralıda dayanmış piyada X4 avtomobillə vuraraq ona başbeyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, İİİ-İV boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki bud sümüyünün yerini dəyişən qapalı, sağ said və sağ baldır sümüklərinin açıq sınıqları, başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası və sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə edir. 26 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Koroğlu” metrostansiyasından yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmək üçün hərəkət etmiş, saat 01:15 radələrində 80-90 km/saat sürətlə Bakı şəhəri Sabunçu rayonu, Şəhər Şossesində üzü Zabrat istiqamətində hərəkətdə olarkən yer yaş olduğu üçün onun qarşısında hərəkət edən “Mersedes Benz” markalı avtomobilin təkərlərindən çıxan su damcıları onun alın şüşəsinə dəydiyinə görə o, avtomobilin şüşəsini təmizləmək üçün şüşə silənləri qoşmuş, həmin avtomobilin təkərlərindən çıxan su damcılarından qaçmaq üçün həmin avtomobili ötmək məqsədi ilə yolun sol hərəkət hissəsinə çıxmışdır. Həmin hissədə avtomobil dayandığını görərək qeyd olunan avtomobil ilə toqquşmamaq üçün sükanı sağa çəkmiş, yer yaş olduğu üçün idarə etdiyi avtomobil sürüşmüş və o, idarəetməni itirmiş, yolun sağ kənarında piyadanın olduğunu görərək əyləci sıxmış, lakin, avtomobil fırlanaraq yol kənarında dayanmış piyadaya dəymişdir. Avtomobildən enərək xəsarət almış piyadaya yaxınlaşmış, xəsarət almış şəxs tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırmış, özü isə hadisə yerinə polislərin gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək 7.000 manat məbləğində pul təklif etməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi 12.000 manat məbləğində pul tələb etmişdir. Maddi imkansızlığı səbəbindən həmin pulu ödəyə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, mərhum Zaur Ağayev onun oğludur. Zaur Ağayev Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, nömrəsiz evdə onunla birlikdə yaşamışdır. 26 iyun 2022-ci il tarixdə, saat 01:15 radələrində oğlu ona zəng edərək evə gəldiyini vı yolda olduğunu bildirmiş, bir müddət sonra, oğlunun evə gəlmədiyini görərək oğlu Zaur Ağayevin istifadəsindən olan mobil nömrəyə zəng etmiş, tanımadığı şəxs telefon zənginə cavab verərək oğlu Zaurun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və 3 saylı klinik xəstəxanaya aparıldığını bildirmişdir. O, dərhal 3 saylı klinik xəstəxanasına getmiş, orada ona oğlu Zaur Ağayevin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən öldüyü bildirilmişdir. O, yol-nəqliyyat hadisəsinin şahidi olmamış, hadisənin kimlərin şahidi olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin DYPŞ-da polis inspektoru vəzifəsində işləyir və polis serjantıdır. O, 99-YP- 264 dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət edir. 26 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi ilə üzü Zabrat qəsəbəsində yol nəqliyyat hadisəsinin baş veridiyi, hadisə zamanı piyadanın xəsarət alması barədə məlumat daxil olmuş, bununla əlaqədar dərhal hadisə yerinə getmişdir. Orada olan zaman müəyyən olundu ki, “Toyota Prius” markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək səkidə dayanmış piyadanı vurmuş daha sonra isə yolun qırağında quraşdırılmış pul aparatına dəyərək dayanmışdır. Hadisə ilə əlaqədar dərhal Sabunçu RPİ-nin növbətçi hissəsinə məlumat vermiş və hadisə yerinə istintaq qrupu çıxana kimi mühafizəsini həyata keçirmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəldikdə o, hadisəni törətmiş şəxs və sənədləri müstəntiqə təhvil vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 26 iyun 2022-ci il tarixli, 1/3123 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 34-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X6 Sabunçu Rayon Şöbəsinin 13 iyul 2022ci il tarixli, 141 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sağ gicgah-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı. İİİ-İV boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma. Hər iki bud sümüyünün yerini dəyişən qapalı, sağ said və sağ baldır sümüklərinin açıq sınıqları. Başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası və sıyrıqları. Xəsarətlər həyatidir, Z.A.Ağayevin ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, 073-4714-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdə AE 056142 nömrəli sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 67-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 68-69-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 8/3508 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 91-92-ci vərəqəsində olan 28 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** nömrəli, 09 sentyabr 2022-ci il tarixli əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcə əlildir. Cinayət işinin 51-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “X5 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən İİİ dərəzəli əlil olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməyə cəhd etməsini, baş vermiş hadisədən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar