Məhkəmə qərarları › İş №1(008)-338/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-338/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-338/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1950-ci ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, ev 4, mənzil 27-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində sürücülük vəsiqəsi əsasında arvadı Şahid məxsus sonuncunun yanında idarə etdiyi «Hyundai Elantra minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə Qaraçuxur qəsəbəsindən Bakıxanov qəsəbəsinin mərkəzi istiqamətində yolun sağ tərəfdən 1-ci hərəkət zolağında 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək, hərəkətini davam etdirib həmin küçədə 23 nömrəli binanın qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi, kəllə əsasında sol gözyuvasıüstü damın xətti sınığı, alın nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıətrafı nahiyənin, sağ əlin İ barmağının, sol bazu və sağ diz oynağı nahiyələrinin, sağ baldırın, hər iki ayağın İ barmağının qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Hyundai Elantra minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı Şahid adına qeydiyyatdan keçmişdir. Avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. “B” dərəcəli sürücülük vəsiqəsi vardır və aktivdir. 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə hərəkətdə olmaqla yaşadığı evə gedərkən arvadı Şahid da avtomobildə olmuşdur. Hərəkətdə olarkən yolun sol tərəfindən əks istiqamətdə hərəkətdə olan zolaqdan bir nəfər şəxsin hərəkətdə olduğu zolağa daxil olduğunu görmüş, o, tormoz etməyə imkan tapa bilmədən həmin şəxsi avtomobillə vurmuşdur. Dərhal avtomobili saxlayıb yerə düşmüş və həmin şəxsə yaxınlaşmışdır. Avtomobillə vurduğu piyada yerə yıxılmış və huşunu itirmişdir. Hadisə yerinə yaxınlaşan şəxslərin köməkliyi ilə həmin şəxsin üzünə su vurmuşlar. Təcili tibbi yardım maşını çağırılmış və həmin şəxsi xəstəxanaya aparmışlar. O da arvadı Səkinə ilə birlikdə xəstəxanaya getmişdir. Sonradan o, “X7” PHŞnə getmiş və sonradan adını bildiyi Zərərçəkmiş şəxs Mirhəsən oğluna baş çəkmişdir. Maddi imkanı çatdığı qədər dərmanlarını alıb vermişdir. Verilmiş mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 04 sentyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb avtobus dayanacağına tərəf getmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yaşadığı binanın qarşısında yolu piyada keçməyə başlamışdır. Saat təxminən 20 radələrində yolun sol tərəfdən gələn avtomobillərin hərəkətinə yol verib yolun həmin zolağının boş olduğunu görüb həmin zolağa, bundan sonra da yolun digər hərəkət zolağına daxil olmuşdur. Həmin hərəkət zolağına daxil olan kimi sağ tərəfdən gələn, yəni Qaraçuxur qəsəbəsi istiqamətindən hərəkətdə olan bir minik avtomobili onu həmin zolaqda vurmuş və o, yerə yıxılmışdır. Huşunu itirmiş, üzünə su töküldükdə bir anlıq ayılmış və hadisə yerinə toplaşan şəxslərin ayıltmaq üçün onun üzünə su tökdüklərini görmüşdür. Lakin çox keçmədən yenə də özündən getmiş, gözünü açdıqda “X7” PHŞ-nin reanimasiya şöbəsində olduğunu görmüşdür. Onu tibbi əməliyyat etmişlər. Orada olarkən onu avtomobillə vuran avtomobilin sürücüsü, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs yanına gəlmiş və onunla 5-10 dəqiqə söhbət edib hal-əhvalını soruşduqdan sonra çıxıb getmiş, sonra isə onunla maraqlanmamışdır. Hazırkı dövrə qədər də Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş və onun müalicəsi ilə bağlı heç bir köməklik göstərilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, “Hyundai Elantra minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili əri Təqsirləndirilən şəxs idarə edir. O, avtomobili idarə etməsi üçün əri Mürşüdə etibarnamə verməmişdir. Çünki həmişə Mürşüd avtomobili onun yanında idarə etmişdir. 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində o, əri Mürşüdlə birlikdə ona məxsus “Hyundai Elantra minik” markalı, 90- BE-170 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Qaraçuxur qəsəbəsinə gedərkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə hərəkətdə olarkən yolun sol tərəfindən əks istiqamətdə hərəkətdə olan zolaqdan bir nəfər şəxsin hərəkətdə olduqları zolağa daxil olduğunu görmüşlər. Mürşüd tormoz etməyə imkan tapa bilmədən həmin şəxsi avtomobi ilə vurmuşdur. Dərhal avtomobili saxlayıb yerə düşmüş və həmin şəxsə yaxınlaşmışlar. Piyada yerə yıxılmış və huşunu itirmişdir. Hadisə yerinə yaxınlaşan şəxslərin köməkliyi ilə həmin şəxsin üzünə su vurmuşlar. Çağırılan təcili tibbi yardım maşını gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışlar. O da Mürşüdlə birlikdə “X7” PHŞ-nə getmiş, maddi imkanları çatdığı qədər xəstəxana xərclərini ödəmiş və dərmanlarını alıb vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8- 11); xx.xx.2022-ci il tarixli, 1/4857 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır(i.v.12); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 4saylı Asan xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə 02 il müddətinə sürücülük vəsiqəsi verilmişdir (i.v. 61); xx.xx.2023-cü il tarixli AB № 831388 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid adına qeydiyyatdan keçmişdir (i.v.14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X8 Sabunçu rayon Şöbəsinin 12 sentyabr 2022-ci il tarixli, 2125 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin orta dərəcəli əzilməsi, kəllə əsasında sol gözyuvasıüstü damın xətti sınığı; alın nahiyəsinin əzilmiş yarası; sol gözyuvasıətrafı nahiyənin, sağ əlin İ barmağının, sol bazu və sağ diz oynağı nahiyələrinin, sağ baldırın, hər iki ayağın İ barmağının qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (i.v. 24-26); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 8/3207 saylı rəyindən görünür ki, Hyundai Elantra markalı, 90BE170 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.57-60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsoğ olunun əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.64); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsoğ olunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 96); Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 8000 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs Mirhəsən oğluna ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs Mirhəsən oğlunun günahı üzündən hadisənin baş verməsini hesab etməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Bundan başqa, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 19-cu bəndində göstərilir ki, İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. İş üzrə 06 dekabr 2022-ci il tarixli, 8/3207 saylı rəyindən görünür ki, Hyundai Elantra markalı, 90BE170 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud vəziyyətdə Hyundai Elantra markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona dəymiş ağır xəsarətlə bağlı ziyanın əvəzi kimi 8000(səkkiz min) manatın və 110(yüz on) manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş məxaric sənədindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 3616 manat Turan Hospitala köçürülmüşdür. Bakı Medical Plazanın xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, xəstə Zərərçəkmiş şəxs beyin MRT və diz MRT müayinəsi üçün 330 manat köçürülmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu zərərin əvəzi kimi 3946(üç min doqquz yüz qırx altı) manat təqdim olunmuş sənədlərlə təsdiq edilmiş, 4054(dörd min əlli dörd) manat məbləğində vurulmuş ziyanla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 3946(üç min doqquz yüz qırx altı) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kapital Banka məxsus 2803 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sisteminin dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 3946(üç min doqquz yüz qırx altı) manat iddia məbləğinə münasibətdə ödənilməli dövlət rüsumu 59,46(əlli doqquz manat qırx altı qəpik) təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq 59.46(əlli doqquz manat qırx altı qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Beləliklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 3946(üç min doqquz yüz qırx altı) manat maddi ziyan və 59.46(əlli doqquz manat qırx altı qəpik) manat dövlət rüsumu, cəmi 4005,46 (dörd min beş manat qırx altı qəpik) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 3946(üç min doqquz yüz qırx altı) manat maddi ziyan və 59.46(əlli doqquz manat qırx altı qəpik) manat dövlət rüsumu, cəmi 4005,46 (dörd min beş manat qırx altı qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar