Məhkəmə qərarları › İş №1(008)-34/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-34/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-34/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 döngə 4, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 2 döngə 4-də yerləşən evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə taxta materialdan olan yazı masasını vuraraq ona sol dirsək sümüyünün bizvari çıxıntısının sol mil-bilək oynağının daxili yerini dəyişən qapalı təzə sınığı; alt dodağın, sol saidin, sağ dirsək oynağının və sağ əlin əzilmiş yarası, sıyrıq və qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına “az ağır” zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvan 3 döngə 4, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, 24 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evin qonaq otağında olan televizorun peyk siqnalları qəbul edən cihazı “Tv Box”-u götürmək istəmiş, lakin, anası Zərərçəkmiş şəxs etiraz edərək cihazı televizordan çıxarmasına icazə verməmişdir. O, anasının sözlərinə əhəmiyyət verməyərək cihazı çıxarmağa davam etmiş, anası ayağa qalxaraq cihazı onun əlindən almağa çalışmışdır. O, anasının ona mane olmasından əsəbləşərək otaqda olan çaydanı götürərək Zərərçəkmiş şəxs vurmaq istəmiş, lakin, fikrini dəyişərək qonaq otağındakı kiçik taxta masasını götürüb, anasının qoluna zərbə endirmişdir. Zərbənin təsirindən masanın ayağı sınaraq əlində qalmışdır. Zərərçəkmiş şəxs xəsarət aldığı üçün ona mane olmamış, o, cihazı götürərək oradan uzaqlaşmışdır. Aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, evdə onlardan başqa heç kim olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs onun oğludur. 24 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində yaşadıqları evin qonaq otağında olarkən oğlu Babək televizorun peyk siqnalları qəbul edən cihazı “Tv Box”-u götürmək istəmiş, lakin, o, etiraz edərək Babəkə cihazı televizordan ayırmamasını bildirmişdir. Babək onun sözlərinə əhəmiyyət verməyərək cihazı televizorun üzərindən çıxarmağa davam etmiş, o, ayağa qalxaraq Babəkə mane olmağa çalışsa da, gücü çatmamış, Babək cihazı televizordan ayırdıqdan sonra qonaq otağında olan kiçik yazı masasını götürərək onun üzərinə hücum etmişdir. Babək həmin masa ilə ona müxtəlif bədən xəsarətləri yetirmiş, daha sonra, otaqda olan çaydanı əlinə alaraq onu vuracağını bildirmişdir. O, qorxduğu üçün Babəkə müqavimət göstərməmiş, Babək getdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, evdə onlardan başqa heç kim olmamışdır. Cinayət işinin 21-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu rayon şöbəsinin 06 aprel 2022-ci il tarixli, 577 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol dirsək sümüyünün bizvari çıxıntısının sol mil-bilək oynağının daxili yerini dəyişən qapalı təzə sınığı, alt dodağın, sol saidin, sağ dirsək oynağının və sağ əlin əzilmiş yarası, sıyrıq və qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmişdir. Müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması qeyd edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 05 aprel 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 400/2022 saylı, 05 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 542/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsetmənin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanılmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 416/2023 saylı, 24 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3cü maddəsi ilə həbsetmənin əvvəli 22 may 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsi ilə, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə həbsdə saxlama müddətinin başlanğıcını müəyyən edrəkən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-542/2022 saylı, 22 iyun 2022-ci il tarixli və 4(008)-416/2023 saylı, 24 may 2023-cü il tarixli qərarları ilə hazırkı cinayət işi üzrə deyil, digər cinayət işləri üzrə həbs qətimkan tədbirinin seçilməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar