Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-34/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X19 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçilər: Abşeron rayon vəkil bürsounun vəkili Müdafiəçi2 və “Femida” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili 07 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X24 Limanı istiqamətinə saatda 80 km sürətlə idarə edərkən Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində Heydər Əliyev prospekti 323 ünvanının qarşısında yolu soldan sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ yan hissəsi ilə piyada X3 vurulmasına, nəticədə Qəriyfə Məmmədovaya ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş-cırılmış yara, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki mil-bilək və sağ tərəfli qabırğaların yerini dəyişən, qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) alm nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili 07 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X24 Limanı istiqamətinə saatda 86 km sürətlə idarə edərkən Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində Heydər Əliyev prospekti 323 ünvanının qarşısında ondan bir qədər qarşıda sol hərəkət zolağında hərəkətdə olan “Mercedes” markalı, sedan tipli avtomobilin sol görünüş dairəsini məhdudlaşdırması səbəbindən yolu soldan sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olmasını görməmiş və görmək imkanı olmamış, o, hərəkətini davam etdirərkən “Mercedes” markalı avtomobilin hərəkət zolağının mərkəzindən soldan sağa doğru qaçan piyadanı görmüş, bu zaman Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq və piyadanı vurmamaq üçün sükanı sola burmuş, lakin hadisənin qarşısını almağa texniki imkanı olmamış və idarə etdiyi avtomobilin qarşı sağ tərəfi ilə öz hərəkət zolağının mərkəzində piyadanı vurmuş, nəticədə Qəriyfə Məmmədovaya ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş-cırılmış yara, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki mil-bilək və sağ tərəfli qabırğaların yerini dəyişən, qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) alm nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə yolun soldan üçüncü zolağıyla Koroğlu metrostansiyası istiqamətindən, X24 Limanı istiqamətinə saatda 80 km sürətlə hərəkət edirmiş, sol və sağ cərgələrlə bir neçə avtomobillər onunla eyni istiqamətdə hərəkət edirmişlər. Həmin vaxt idarə etdiyi avtomobilin arxa oturacağında azyaşlı qızı X15 oturmuşdur. Bakı Olimpiya stadionunun yaxınlığından keçən hissəsində ondan sol cərgədə bir qədər irəlidə hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı, “Mercedes Benz” markalı avtomobilin qarşısından bir qadının qaça-qaça soldan sağa doğru onun hərəkət hissəsinə keçdiyini görmüş, həmin vaxt o, piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sola tərəf istiqamətləndirmiş, lakin avtomobilin qabaq sağ yan hissəsi ilə piyadanı vurmuş, həmin vaxt sağ cərgə ilə onunla eyni istiqamətdə hərəkət edən “Hyundai Elantra” markalı avtomobilin tormoz səsini eşitmiş və həmin avtomobilin sol yanı ilə irəli sürüşdüyünü görmüş, o, tez avtomobilini saxlayaraq yerə düşdükdə qadın piyadanın yolun ortasında uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt yoldan keçən avtomobillərin hərəkəti dayanmış, ətrafa bir neçə tanımadığı şəxslər toplaşmışlar. O, ətrafda olan tanımadığı şəxslərdən hadisə yerinə X22 briqadasının həkimlərini çağırmalarını xahiş etmişdir. Ətrafda olan tanımadığı şəxslərdən eşitmişdir ki, piyada hadisə nəticəsində ölmüşdür. Bir neçə dəqiqədən sonra hadisə yerinə X22 Briqadasının həkimləri və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, həmin baxışda o, da iştirak etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs piyadanın onun avtomobilinin qarşısına qəfildən qaçaraq çıxdığını, öz avtomobilinin onun solunda hərəkət edən avtomobildən alçaq olduğunu, həm öz boyunun, həm də piyada qadının boyunun alçaq olduğunu, piyadanı yolun hərəkət hissəsinə daxil olarkən deyil, onun avtomobilindən solda hərəkət edən “Mercedes” markalı avtomobilin qarşısından qaçaraq çıxarkən gördüyünü, bu zaman əyləcə basaraq avtomobilini piyadaya toxunmamaq üçün sola istiqamətləndirdiyini, lakin etdiyi bütün mümkün tədbirlərə baxmayaraq hadisənin qarşısını ala bilmədiyini və idarə etdiyi avtomobilin sağ tərəfinin piyadaya dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X6 onun doğma bacısıdır. 2002-ci ildə atası X7, 2017-ci ildə isə anası X12 ölmüşdür. X13 ölən günə qədər onunla eyni ünvanda, yəni ünvan 4 ünvanında yaşamışdır. X13 07 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Sabunçu rayon MTE-nin meyitxanasında bacısı Qəriyfənin meyiti müayinə oldunduqdan sonra ona təhvil verilmişdir. Lakin təqsirləndirilən şəxs bu günədək ona vurulmuş ziyanla bağlı hər hansı ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona pul təklif etsə də, həmin məbləğ onun çəkdiyi xərcləri qarşılamadığından qəbul etməmişdir. Onun tələb etdiyi zərəri ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə yolun soldan üçüncü zolağıyla Koroğlu metrostansiyası istiqamətindən, X24 Limanı istiqamətinə saatda 80 km sürətlə hərəkət edirmiş, onun sağ və sol tərəfində bir neçə avtomobillər onunla eyni istiqamətdə hərəkət edirmişlər. Bakı Olimpiya stadionunun yaxınlığından keçən hissəsində ondan bir qədər solda irəlidə hərəkət edən “Chevrolet Cruze” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə yolu soldan sağa keçməyə cəhd edən bir piyada qadını vurduğunu görmüş, zərbədən qadın yerə yıxılaraq onun idarə etdiyi avtomobilin qabağına düşmüş, o, piyadanı vurmamaq üçün idarə etdiyi avtomobilin tormoz əyləcini basmağa çalışmış və eyni zamanda sükanı sağa burmuşdur. Lakin yerə yıxılan piyada ilə idarə etdiyi avtomobilin ara məsafəsi yaxın olduğundan avtomobili saxlaya biləməmiş və avtomobilin sol qabaq təkəri ilə qadın piyadanın ayağının üzərindən keçmiş, həmin vaxt idarəetməni itirmiş və avtomobili bir qədər irəli sürüşərək dayanmışdır. Bundan sonra o, avtomobildən yerə düşərək piyadaya yaxınlaşdıqda onun öldüyünü görmüşdür. Bir neçə dəqiqədən sonra hadisə yerinə X22 Briqadasının həkimləri və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında verilmiş suallara Şahid sağ və sol hərəkət zolaqlarında avtomobillərin olduğunu, piyadanı görmək imkanının olmadığını, piyada yolda qəfildən göründüyündən nə onun, nə də “Chevrolet Cruze” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün onun görməsinin və hadisənin qarşısını almasının mümkün olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Əliyev prospekti, 323, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissədə baş vermişdir.Yol magistral yoldur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, piyada yolun sol tərəfindən 9.2 metr məsafədə 3-cü hərəkət zolağında vurulmuşdur. Piyadanın meyitinin 3-cü hərəkət zolağndan olması müəyyən edilmişdir. Yol örtüyünün hər iki istiqamət üzrə eni 43,2 metrdir. Yolun ümumi hərəkət zolaqlarının sayı 6, yolun işlək hissəsinin eni 21,6 metrdir. Yolun hərəkət zolaqlarının hər biri 3,6 metrdir. Yolda şin və tormoz izləri aşkar edilməmişdir (cild 01; i.v.07-15). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 07 noyabr 2022-ci il tarixli, 1/6308 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (cild 01; i.v.27). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli, 148280-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AD 106729 nömrəli sürücülük vəsiqəsi DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən 10 oktyabr 2013-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək aktivdir və sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur (cild 01; i.v. 71). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X23 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 268 saylı rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları, ağciyərlərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) sağ tərəfli çanaq, qasıq, sümüklərinin yerini dəyişən qəlpəli, sağ bud sümüyünün orta 1/3-dən açıq, hər iki mil-bilək və sol bud və sağ aşıq-baldır oynağı sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü əzilmiş- cırılmış yarası, alın və hər iki bud nahiyələrinin əzilmiş yaraları.Yuxarıda qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni hərəkətdə olan avtomaşının ayaqüstü vəziyyətdə olan piyadanı qabarıq hissələri (bamper, arakəsmə və s.) ilə vurub asvalt örtüyə çırpması və həmin istiqamətdə hərəkətdə olan digər avtomaşının onun üzərindən keçməsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa əlaqəlidir. Xarakter və lokalizasiyalarlna əsasən demək olur ki, Q.M.Məmmədovanm meyitində aşkar edilmiş xəsarətlərdən: İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, hər iki mil-bilək, qabırğaların qapalı, sağ bud sümüyünün açıq sınıqları, ağciyərin və qaraciyərin zədələnməsi, alm, sağ bud nahiyələrinin əzilmiş yaraları mərhum ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan avtomaşının onu qabarıq hissələri (bufer, arakəsmə və s.) ilə zərblə vurub asvalt örtüyə çırpması, digər xəsarətlərin isə eyni istiqamətdə hərəkətdə olan minik avtomaşınının onu yol örtüyünə sıxıb üzərindən keçməsi nəticəsində törənə bilərdilər. X1 ölümünə səbəb ağır travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Xəsarətlərdən istər İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi və sağ bud sümüyünün açıq sınığı, istərsə də qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərlərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması), sağ bud sümüyünün yerini dəyişən açıq sınıqları, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olduqlarından mərhumun ölümünə səbəb ola bilərdilər. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 01; i.v.101- 106). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 mart 2023-cü il tarixli, 8/618 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkəti üçün təhlükənin istintaq tərəfindən müəyyən edildiyi kimi yolu soldan sağa doğru keçən piyadanın “Chevrolet Cruze” markalı avtomobillə vurulduğu andan yaranması real hadisə mexaniziminə uyğun deyildir. “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01; i.v.107-111). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X23 tərəfindən verilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 04/268 saylı rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) sağ tərəfli çanaq, qasıq, sümüklərinin yerini dəyişən qəlpəli, sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş yara, hər iki mil-bilək, sağ aşıq-baldır oynağı sümüklərinin yerini dəyişən, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü əzilmiş-cırılmış yarası, alının əzilmiş yarası, sol budun yuxarı-orta 1/3-nin əzilmiş- cırılmış yaraları. Yuxarıda qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş-yolnəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Xarakter və lokalizasiyalarlna əsasən, eləcə də qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq demək olar ki, Q.M.Məmmədovanın meyitində aşkar edilmiş xəsarətlərdən sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş- cırılmış yara, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki mil-bilək və sağ tərəfli qabırğaların yerini dəyişən, qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) alın nahiyəsinin əzilmiş yarası Q.M.Məmmədovanın ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan avtomaşının onu qabarıq hissələri (bufer, arakəsmə və s.) ilə zərblə vurub asfalt örtüyə çırpınası nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Digər xəsarətlər- sağ tərəfli çanaq, qasıq, sağ aşıq-baldır oynağı sümüklərinin yerini dəyişən, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü və sol budun yuxarıorta 1/3-nin əzilmiş-cırılmış yaraları isə eyni istiqamətdə hərəkətdə olan digər minik avtomaşınının Q.M.Məmmədovanın aşağı ətrafları üzərindən keçməsi nəticəsində avtomaşının alt qabarıq hissələrinin təsirindən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AZ AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli deyildir (cild 01; i.v.122-127). “Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 03 ədəd fayl vardır. Həmin fayıllar aşağıdakılardır:
1. N052-001-2022-11-07
2. STA_TŞ9-065 1-2022-11-07
3. STA TŞ9-065 2-2022-11-07 - N052-001-2022-11-07 adlı faylda olan videogörüntüyə baxış zamanı müəyyən edildi ki, bir qadın piyada Heydər Əliyev prospektində beton ayrıcı zolağın üzərində dayanır, sonra yolun hərəkət hissəsinə çıxaraq sarı xəttin üzərində bir qədər dayandıqdan sonra yenidən adi addımlarla hərəkətə başlayaraq birinci cərgənin ortasından hərəkət tempini dəyişərək adi qaçışla hərəkətinə davam edərək ikinci cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Mercedes Benz” markalı avtomobilin qarşısından keçir və üçüncü cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Chevrolet Cruze” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ yan hissəsi ilə onu vurur, qadın zərbədən dördüncü zərgə istiqamətində asfalt örtüyünə yıxılır və həmin vaxt üçüncü cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil onun aşağı ətrafının üzərindən keçir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntüsü qeydə alınmış yol-nəqliyyat hadisəsi onun tərəfindən törədilmişdir, yolun üçüncü cərgəsində piyadanı vuran avtomobil həmin vaxt onun tərəfindən idarə edilən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobildir. STA_TŞ9- 065 1-2022-11-07, STA TŞ9-065 2-2022-11-07 adlı fayllarda olan videogörüntülərə baxış zamanı, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsinin görüntüsü uzaq məsafədən qeydə alındığından həmin görüntülərdə iş üçün sübut əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir (cild 01; i.v.152-153). “Sübutların qiymətləndirilməsi barədə” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, hadisənin videogörüntüsü əks olunmuş “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.196-205). Məhkəmə istintaqı zamanı keçirilmiş əlavə kompleks məhkəmə-videotexniki və yolnəqliyyat hadisələri ekspertizasınının 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-8/2819- 4/1541 saylı rəyindən görünür ki, videotexniki ekspertin apardığı tədqiqatın nəticəsinə görə videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahısına aid deyil. Ekspertizaya təqdim olunmuş 01 ədəd ZYEKLEN markalı, DVD-R diskə yazılmış “N052-001-2022-11-07_14H05min00s000ms” adlı videoyazıdakı görüntülərə əsasən “Chevrolet Cruze” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 86 km/saat olmuşdur. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan piyada-Qəriyfə Məmmədovanın yolun hərəkət hissəsinə çıxdığı andan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə vurulmasına kimi hərəkətinin xronologiyası rəyin tədqiqi hissəsinə cədvəldə göstərilmiş (həmin cədvələ əsasən piyada yolun hərəkət hissəsinin kənarındakı ağ bütöv xətdən hərəkətə başladığı andan vurulana kimi 6,66 san, piyada hərəkət istiqamətində soldan İ və İİ həərkət zolaqlarını ayıran qırıq xəttə çatdığı andan vurulana kimi 2,67 san, piyada “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən Sedan tipli avtomaşının hərəkət zolağının mərkəzinə çatdığı andan vurulana kimi 1,83 san, piyada hərəkət istiqamətində soldan İİ və İİİ hərəkət zolaqlarını ayıran qırıq xəttə çatdığı andan vurulana kimi 0,93 saniyə vaxt keçmişdir), yol-nəqliyyat hadisəninin iştirakçısı olan piyada Qəriyfə Məmmədova “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən sedan tipli avtomaşının hərəkət zolağının mərkəzindən vurulduğu yerə qədər 3,7 m məsafə qət etmişdir. Həmin rəyin ikinci hissəsinə əsasən rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfin vəsatətində göstərilən məlumatlar, yəni yolu soldan sağa doğru keçən piyadanın soldan 2-ci zolaqla hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşməsi, həmin andan vurulmaya kimi piyadanın bir hərəkət zolağının eni qədər məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Piyada soldan 1-ci zolaqla sağa doğru hərəkətdə olarkən “Chevrolet Cruze” markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşmüşdür. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 02; i.v.64-83). Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar yol-nəqliyyat ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-8/702 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, o cümlədən, video-texniki ekspertiza əsasında müəyyən edilmiş parametrlər əsasında, yəni 86 km/saat sürətlə hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun avtmobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomaşının mərkəzindən vurulduğu yerə qədər 3,7 metr məsafə qət etdiyi və videotexniki ekspert tərəfindən müəyyən edilmiş hərəkət xronologiyasına əsasən həmin vəziyyətdə keçən 1,83 saniyə vaxt ərzində “Chevrolet Cruze” markalı, **-FP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmin rəydə ekspert öz təşəbbüsü ilə göstərmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükənin piyadanın soldan 2-ci zolaqla hərəkətdə olan “Mercedes” markalı avtomobilin hərəkət zolağının mərkəzindən sürücü Nəsrəddinovanın görünüş dairəsinə düşməsi, həmçinin, qərarın sual hissəsində göstərildiyi kimi təhlükənin piyadanın sürücü Təqsirləndirilən şəxs avtomobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomobilin mərkəzindən çıxdığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, obyektiv araşdırmanın aparılmasının təmin edilməsi və obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə istintaq eksperimentinin keçirilməsi qərara alınmış, məhkəmə tərəfindən Bakı şəhəri BPİ DYPİ-nə məktub ünvanlanaraq hadisənin baş verdiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən X24 Limanı istiqamətinə gedən yolun Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində Heydər Əliyev prospekti 323 ünvanının qarşısındakı yolun 31 may 2024-cü il tarixdə, saat 14:30-dan saat 15:00-dək bağlatdırılması və istintaq eksprimentinin keçirilməsinin təmin edilməsinə şərait yaradılması xahiş olunmuş, həmin yol qeyd olunan tarixdə və saatda bağlatdırılsa da, axın formasında hərəkətdə olan avtomobillər arası məsafə, onlar arasındakı yan məsafələr, yerdəyişmə nöqtələri, avtomobillərin hər birinin qabarit ölçüləri müəyyən edilmədən hadisə mexanizmini bərpa etmək və bununla da istintaq eksperimentinin həyata keçirilməsini təmin etmək mümkün olmamış və bu barədə müvafiq akt tərtib edilərək hadisə yerində olan şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məlumdur ki, AR CM-nin 263.2-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. AR CM-nin 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a) cinayətkarcasına özünəgüvənmə; b) cinayətkarcasına etinasızlıq. AR CM-nin 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmununu təşkil edir. Cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olmadan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görmək və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. CM-in 263.2-ci maddəsində cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.2-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. «Yol hərəkəti haqqında» Qanunun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Həmin qaydalar «yol» termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyin tələbinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu hal mütləq qaydada müəyyən olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutları, o cümlədən, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edib, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları, dindirilmiş eskpertlərin onlara ünvanlanmış suallara cavablarını təhlil edərək hazırki iş üzrə təqsirləndirilən şəxsin hərəkətlərində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlığın olmaması qənaətinə gəlir. Məlum olduğu kimi, cinayətkarcasına özünəgüvənmənin iki əlamətindən biri əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi, cinayətkarcasına etinasızlığın iki əlamətindən biri isə şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması və ya görə bilmək imkanına malik olmasıdır. Lakin, hazırkı halda təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərsə belə qabaqcadan görə bilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra 27 may 2023-cü il tarixdə verdiyi ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək hazırda məhkəmə iclasında verdiyi ifadənin məzmununa uyğun ifadə vermiş və Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə yolun soldan üçüncü zolağı ilə Koroğlu metrostansiyası istiqamətindən X24 limanı istiqamətində saatda təxminən 80 km sürətlə hərəkət edərkən Olimpiya stasionunun yaxınlığından keçən hissədə ondan sol cərgədə bir qədər irəlidə hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı avtomobilin qabağından bir qadının qaçaqaça soldan sağa doğru onun hərəkət hissəsinə keçdiyini görmüş, həmin vaxt piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sola tərəf istiqamətləndirmiş, lakin avtomobilin sağ qabaq hissəsi ilə piyadanı vurmuşdur (cild 01; i.v. 149-151). Həmin ifadədən sonra təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, piyadanı “Mercedes Benz” markalı avtomobilin qabağından qaçaqaça çıxan anda görmüş, o vaxta qədər o, piyadanı görməmiş, sadəcə olaraq hadisədən sonra ətrafda toplaşan çoxsaylı tanımadığı şəxslərin sözlərindən eşitmişdir ki, qadın piyada əvvəlcə yolu adi yerişlə, sonra isə qaça-qaça keçməyə başlamış, lakin o, özü piyadanın adi addımlarla yolu keçməsini görməmişdir. “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Yol-nəqliyyat hadisələri ekspertizası”nın 29 mart 2023-cü il tarixli, 8/618 nömrəli rəyi ilə tanış olmuş, rəydən narazı olduğunu bildirərək göstərmişdir ki, ekspert tərəfindən aparılmış hesablama düzgün deyil, o, piyadanın adi addımlarla keçdiyini görməmiş, ona görə də hadisənin qarşısını ala bilməmişdir. Təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsini xahiş etmişdir (cild 01; i.v.159). Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək mərhum piyadanı onun idarə etdiyi avtomobildən sol cərgədə bir qədər irəlidə hərəkət edən “Mercedes Benz” markalı avtomobilin qabağından qaça-qaça soldan sağa doğru onun hərəkət etdiyi hissəyə keçərkən gördüyünü bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində mərhum piyadanı onun idarə etdiyi avtomobildən sol cərgədə bir qədər irəlidə hərəkət edən “Mercedes Benz” markalı avtomobilin qabağından qaça-qaça soldan sağa doğru onun hərəkət etdiyi hissəyə keçərkən gördüyünü təkidlə bildirməsinə və yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini xahiş etməsinə baxmayaraq müstəntiq təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları təkzib edə biləcək bir dənə də olsun sübut olmadığı halda təqsirləndirilən şəxsin ifadəsini nəzərə almadan, iş materiallarında olan videogörüntü üzrə videotexniki eskpertiza təyin etmək zərurəti görmədən öz şəxsi və heç bir əsasa dayanmayan mülahizələri əsasında mərhum piyadanın yolun hərəkət hissəsinə daxil olduğu vaxtdan sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi qənaətinə gəlmiş və həmin qənaət əsasında da hadisə mexanizmi müəyyən edərək yol-nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. Nəzərə alınsa ki, müstəntiq hadisənin videogörüntüsünü özündə əks etdirən diski də tədqiq etməmiş və “Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokolda “Videogörüntülərə baxış zamanı yol-nəqliyyat hadisəsinin görüntüsü uzaq məsafədən qeydə alındığından həmin görüntülərdə iş üçün sübuti əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir” yazmaqla kifayətlənmişdir, onun nəyin əsasında piyadanın məhz yolun hərəkət hissəsinə daxil olduğu vaxtdan sürücünün görünüş dairəsinə düşməsi qənaətinə gəlməsi müəmmalıdır. Halbuki, məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş hadisənin görüntülərini özündə əks etdirən diskdə olan videogörüntülərdən müəyyən olunmuşdur ki, piyada qadın 6 zolaqlı yolun soldan birinci zolağı ilə yolun hərəkət hissəsinə çıxan zaman sürətlə yeriyərək “Mercedes” markalı avtomobilin hərəkət etdiyi ikinci zolağın ortasında olan ağ zolağı keçib ikinci hərəkət zolağındakı ağ qırıq xətdən başlayaraq qaçmağa başlamış, bu zaman “Chevrolet Cruze” markalı avtomobil ondan çox az məsafədə solda hərəkətdə olan “Mercedes” markalı, sedan tipli avtomobilin sağ arxa hissəsindən çıxan zaman piyadanı görərək onu vurmamaq üçün avtomobilini mümkün qədər sol tərəfə doğru istiqamətləndirmiş, lakin avtomobilin sağ qabaq hissəsi ilə piyadanı vurmuş, piyada digər zolağa düşən zaman həmin zolaqda hərəkətdə olan “Hyundai” markalı avtomobil piyadanın üzərindən keçmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntü əsasında müəyyən edilmiş hadisə mexanizmi nəzərə alınmaqla iş üzrə əlavə kompleks məhkəmə-videotexniki və yolnəqliyyat hadisələri ekspertizası təyin edilmiş və müəyyən edilmiş mexanizm üzrə videotexniki ekspert tərəfindən müəyyən edilmişdir ki, videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahısına aid deyil. Ekspertizaya təqdim olunmuş 01 ədəd ZYEKLEN markalı, DVD-R diskə yazılmış “N052- 001-2022-11-07_14H05min00s000ms” adlı videoyazıdakı görüntülərə əsasən “Chevrolet Cruze” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 86 km/saat olmuşdur. Yol-nəqliyyat hadisəninin iştirakçısı olan piyada Qəriyfə Məmmədova “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən sedan tipli avtomaşının hərəkət zolağının mərkəzindən vurulduğu yerə qədər 3,7 m məsafə qət etmişdir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan piyada-Qəriyfə Məmmədovanın yolun hərəkət hissəsinə çıxdığı andan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə vurulmasına kimi hərəkətinin xronologiyası ekspert tərəfindən tərtib edilmiş cədvələ əsasən aşağıdakı kimi müəyyən edilmişdir: -piyada yolun hərəkət hissəsinin kənarındakı ağ bütöv xətdən hərəkətə başladığı andan vurulana kimi 6,66 saniyə; -piyada hərəkət istiqamətində soldan İ və İİ hərəkət zolaqlarını ayıran qırıq xəttə çatdığı andan vurulana kimi 2,67 saniyə; -piyada “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən Sedan tipli avtomaşının hərəkət zolağının mərkəzinə çatdığı andan vurulana kimi 1,83 saniyə; -piyada hərəkət istiqamətində soldan İİ və İİİ hərəkət zolaqlarını ayıran qırıq xəttə çatdığı andan vurulana kimi 0,93 saniyə vaxt keçmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə avtotexniki ekspert yolu soldan sağa doğru keçən piyadanın soldan 2-ci zolaqla hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşməsinin, həmin andan vurulmaya kimi piyadanın bir hərəkət zolağının eni qədər məsafə qət etməsinin real hadisə mexanizminə uyğun olmaması qənaətinə gələrək tədqiqat aparmaqdan imtina etmişdir. Rəyin tədqiqi hissəsində ekspert gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, piyada soldan 1-ci hərəkət zolağı ilə sağa doğru hərəkətdə olarkən soldan 1-ci və 2-ci zolaqlarda iri qabarit ölçülü avtomobillər hərəkətdə olmamış, həmin vaxtı soldan 2-ci zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobil piyadanın hərəkət trayektoriyasından kifayət qədər aralı məsafədə olmuş və soldan 3-cü zolaqla hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil isə “Mercedes” markalı avtomobilin arxa sağ bərabərliyində olmuş və piyada soldan 1-ci zolaqla sağa doğru hərəkətdə olarkən sürücünün görünüş dairəsinə düşmüşdür. Məhkəmə iclasında dindirilmiş eskpert X18 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqdim edilmiş diskdə olan videogörüntü əsasında tədqiqat aparmış, piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən edilməsi videotexniki ekspertin səlahiyyətinə aid olmamaqla hüquqi məsələdir, axın formasında hərəkətdə olan avtomobillər arası məsafə, onlar arasındakı yan məsafələr, yerdəyişmə nöqtələri, avtomobillərin hər birinin qabarit ölçüləri müəyyən edilmədən hadisə mexanizmini bərpa edərək təhlükə anını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə iclasında dindirilmiş ekspert X17 ona ünvanlanmış suallara cavab olaraq müdafiə tərəfin göstərdiyi mexanizmdə göstərilən nöqtədə piyadanın sürücünün görünüş dairəsinə düşmədiyini, həmin vaxt artıq sürücünün görünüş dairəsində olduğunu, sürücünün görünüş dairəsini məhdudlaşdıran iriqabaritli avtomobillər olmadığından piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan sürücünün görünüş dairəsinə düşməsi qənaətinə gəldiyini, hadisə mexanizminin və təhlükə anının müəyyən edilməsinin ekspertin deyil, istintaq orqanının və məhkəmənin səlahiyyətinə aid olduğunu, rəy verməkdən imtina etmədiyini, sadəcə hadisəni mexanizmini real hesab etmədiyindən həmin mexanizm üzrə tədqiqat aparmadığını, bunun isə rəy verməkdən imtina hesab olunmadığını, çoxsaylı avtomobil axınının qarşısından keçən piyadanın sürücünün görünüş dairəsinə hansı andan düşməsinin müəyyən edilməsi ilə bağlı məhkəmə avtotexniki ekspertizası sahəsində hər hansı bir ekspertiza metodikasının olmadığını bildirmişdir. Göründüyü kimi, videotexniki eskpert tərəfindən məhkəmə qərarında göstərilmiş hadisə mexanizmi üzrə suallar cavablandırılsa da, avtotexniki ekspert sadəcə bir hala- “Chevrolet Cruze” markalı avtomobilin görünüş dairəsini məhdudlaşdıran iriqabaritli avtomobillərin olmamasına istinad edərək tədqiqat aparmamaqla öz səlahiyyət hədlərini aşaraq dolayı yolla rəy verməkdən imtina etmişdir. Halbuki, ekspert məhkəmə iclasında dindirilərkən özü də qəbul etmişdir ki, hadisə mexanizminin və piyadanın sürücünün görünüş dairəsinə düşməsi anının müəyyən edilməsi məhz istintaq və məhkəmə orqanlarının səlahiyyətində olmaqla sırf hüquqi məsələdir. Buna baxmayaraq ekspert özü öz mülahizələri əsasında istintaq orqanı tərəfindən ehtimallar əsasında müəyyən edilmiş hadisə mexanizmini əsaslı hesab edərək sürücünün idarə etdiyi avtombilin qarşısında və ya ətrafında iriqabaritli avtomobillərin olmamasına istinad edərək istintaq orqanının məlumatları əsasında sürücünün hadisənin qarşısını almağa texniki imkanının olmasını göstərmiş və bu zaman hər hansı xüsusi biliyindən istifadə edərək gəldiyi qənaəti hər hansı elmi əsaslar və ya riyazi hesablamalar aparmadan sadəcə qeyd etməyi məqbul hesab etmişdir. Halbuki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Chevrolet Cruze” markalı avtomobilin qarşısında və ya ətrafında iriqabaritli avtomobilin olmamasını söyləmək üçün əlavə yol-nəqliyyat hadisələri ekspertizasını təyin etmək və ekspertin xüsusi biliyinə müraciət etməyə zərurət yox idi. Bunu məhkəmə özü də videodiskdə olan görüntülərdən görmək iqtidarında idi. Ekspertin heç bir əsasa dayanmayan mövqeyindən (məhkəmə bu hissədə ekspertin qeyd etdiklərini obyektiv rəy kimi deyil, məhz ekspertin şəxsi mövqeyi kimi qəbul edir) belə çıxır ki, əgər hər hansı yolda yol-nəqliyyat hadisəsi baş vermiş və piyada vurulmuşsa, bu zaman isə həmin yolda iriqabaritli avtomobillər olmamışdırsa, sürücü birmənalı şəkildə həmin piyadanı görməli idi və baş vermiş yol-nəqliyyat hadisəsində təqsirlidir. Və bunun üçün ekspertiza təyin etməyə də ehtiyac yoxdur. Məhkəmə avtotexniki ekspertin məhkəmənin qoyduğu suallara cavab verməkdən və “tədqiqat aparılmır” adı altında rəy vermək imtina etməsini nəzərə alaraq iş üzrə təkrar yol-nəqliyyat ekspertizası təyin etmiş və ekspert qarşısında məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə olan görüntülər və təqsirləndirilən şəxsin özünün ifadəsində xüsusatlar nəzərə alınmaqla, o cümlədən, videotexniki ekspert tərəfindən müəyyən edilmiş parametrlər əsasında müəyyən edilmiş hadisə mexanizmi əsasında “Chevrolet Cruze” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasına dair sual qoyulmuş və təkrar yol-nəqliyyat ekspertizası 02 aprel 2024cü il tarixli, 3-16-16/2-8/702 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, o cümlədən, video-texniki ekspertiza əsasında müəyyən edilmiş parametrlər əsasında, yəni 86 km/saat sürətlə hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun avtomobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomaşının mərkəzindən vurulduğu yerə qədər 3,7 metr məsafə qət etdiyi və videotexniki ekspert tərəfindən müəyyən edilmiş hərəkət xronologiyasına əsasən həmin vəziyyətdə keçən 1,83 saniyə vaxt ərzində “Chevrolet Cruze” markalı, **-FP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmin rəydə ekspert öz təşəbbüsü ilə göstərmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükənin piyadanın soldan 2-ci zolaqla hərəkətdə olan “Mercedes” markalı avtomobilin hərəkət zolağının mərkəzindən sürücü Nəsrəddinovanın görünüş dairəsinə düşməsi, həmçinin, qərarın sual hissəsində göstərildiyi kimi təhlükənin piyadanın sürücü Təqsirləndirilən şəxs avtomobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomobilin mərkəzindən çıxdığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X10 ona verilmiş suallara cavab olaraq hadisə mexanizminin və təhlükə anının müəyyən edilməsinin hüquqi məsələ olduğunu və bunun istintaq orqanı və məhkəmənin səlahiyyətinə aid olduğunu, lakin ekspertin real hesab etmədiyi hadisə mexanizmi ilə bağlı əlavə halları göstərməsinin mümkün olduğunu, hazırki iş üzrə istintaqın verdiyi hadisə mexanizmini hansı səbəbdən real hesab etməsinin əsaslandırılması üçün xüsusi biliyə və ya hər hansı metodikaya ehtiyac olmadığını, həmin vaxtı iriqabaritli avtomobillər hərəkətdə olmadığından istintaqın verdiyi mexanizmini daha real hesab etdiyini, xüsusi bilikdən istifadə etmədən videoya baxmaqla sürücünün piyadanı 1-ci zolaqdan görməsinin mümkün olmasının real olması qənaətinə gəldiyini, təhlükə anının dəqiq müəyyən edilməsi üçün hadisə yerində hərəkətdə olan hər bir avtomobilin sürət həddinin, ara məsafələri, yan məsafələrinin dəqiq müəyyən edilməsinin zəruri olduğunu, lakin hazırki halda bunlar müəyyən edilmədiyindən sadəcə videogörüntüyə baxmaqla rəy verdiyini bildirmişdir. Bu zaman ekspertə videogörüntüyə baxmaqla proses iştirakçılarının və məhkəmənin malik olmadığı hansı xüsusi biliyindən istifadə edərək, hansı hesablamalar əsasında piyadanın sürücünün görünüş dairəsinə onun yolun hərəkət hissəsinə daxil olan zaman düşməsi və istintaq orqanının verdiyi mexanizmin daha real olması qəanətinə gəlməsinə dair sual ünvanlandıqda ekspert belə cavab vermişdir: “Ekspert qeyri-adi şəxs deyil, mövcud yol-nəqliyyat hadisəsində xüsusi bilik tələb olunmur. Videogörüntüyə baxanda orada iriqabaritli avtomobillərin olmaması görünür. Mən bunu öz rəyimdə yazmışam. Başqa nə etməliyəm, cümləni qəşəng qurum, neyləyim?”. Göründüyü kimi, ekspertin mövqeyinə əsasən hazırki yol-nəqliyyat hadisəsini tədqiq etmək üçün xüsusi bilik tələb olunmamış və o, AR CPM-nin 97.6.4-cü maddəsinə istinad edərək öz fikrini bildirərkən xüsusi biliyindən istifadə etməmiş, sadəcə videogörüntüyə baxaraq ətrafda iriqabaritli avtomobillərin olmamasını görərək istintaq orqanının verdiyi mexanizmi daha real hesab etmişdir. Halbuki, AR CPM-nin 97.6.4-cü maddəsinə əsasən qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək ekspertin hüququdur. Hazırki halda ekspert özü hadisə mexanizminin və təhlükə anının müəyyən edilməsinin hüquqi məsələ olmaqla ekspert səlahiyyətinə aid olmadığını bildirməsinə baxmayaraq formal olaraq AR CPM-nin 97.6.4-cü maddəsinə istinad edərək öz səlahiyyətinə aid olmayan məsələyə münasibət bildirərək, özünün də etiraf etdiyi kimi xüsusi biliyindən istifadə etmədən səlahiyyətlərindən kənara çıxmaqla öz şəxsi fikrini yazmışdır. Ekspertin məhkəmə tərəfindən qoyulmuş 1,2,3,4-cü suallara cavabı isə onun şəxsi mülahizələri əsasında deyil, məhkəmə tərəfindən öz səlahiyyəti daxilində həm videogörüntü, həm də təqsirləndirilən şəxsin ifadəsi nəzərə alınmaqla müəyyən edilmiş və videotexniki ekspert tərəfindən hesablanmış parametrlər əsasında verilmiş hadisə mexanizmi üzrə verildiyindən məhkəmə verilmiş rəyi yalnız həmin hissədə mötəbər və işin həqiqi halları ilə uzlaşan sübut kimi qiymətləndirir. Həmin rəyin ekspert tərəfindən əsaslandırılmamış fikrini əlavə etdiyi hissəsinə, o cümlədən, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 mart 2023-cü il tarixli, 8/618 nömrəli rəyin və məhkəmə istintaqı keçirilmiş əlavə yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-8/2819-4/1541 saylı rəyinə (əgər həmin hissədə ona rəy demək mümkündürsə. Belə ki, ekspert məhkəmənin suallarına cavab verməkdən imtina etmişdir) münasibətdə isə məhkəmə hesab edir ki, həmin rəylərin və ya başqa sözlə ekspertlərin şəxsi mülahizələrinin cinayət işində olan digər sübutlara münasibətdə üstünlük qüvvəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 20-ci bəndində deyilir ki, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Ekspert rəyləri məhkəmə tərəfindən yoxlanılarkən və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilərkən həmin rəylərin əsaslı olmadığı, ekspertlərdən birinin (Hikmət İbişovun) ümumiyyətlə məhkəmənin qoyduğu suallardan yayınması və ekspert səlahiyyətlərini aşaraq məhkəmə tərəfindən müəyyən edilmiş mexanizm üzrə tədqiqat aparmaqdan imtina etməsi, digər ekspertin (Təhmasib Bağırov) isə məhkəmə iclasında verilmiş suallara cavab olaraq “Ekspertin qeyri-adi şəxs olmamasını, mövcud yolnəqliyyat hadisəsində xüsusi bilik tələb olunmadığını, videogörüntüyə baxanda orada iriqabaritli avtomobillərin olmaması görünməklə buna əsasən istintaq orqanı tərəfindən verilmiş mexanizmin daha real olması qənaətinə gəlməsini” göstərməsi ilə ekspertlərin öz şəxsi mülahizələri ilə, xüsusi biliklərindən istifadə etmədən sadəcə hadisə baş verən zaman “Chevrolet Cruze” markalı avtomobilin görünüş dairəsini məhdudlaşdıran məhz iriqabaritli avtomobillərin olmamasına istinad edərək istintaq orqanı tərəfindən verilmiş mexanizmin daha real olması, bununla da Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlmələri müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş hadisəni real olaraq özündə əks etdirən videogörüntülərdən aydın olur ki, yol altı zolaqlıdır, avtomobillərin altı zolaqda axını vardır, zərərçəkmiş şəxs altı zolaqlı yolun soldan birinci zolağı ilə yolun hərəkət hissəsinə çıxan zaman sürətlə yeriyərək “Mercedes” markalı avtomobilin hərəkət etdiyi ikinci zolağın ortasında olan ağ zolağı keçib ikinci hərəkət zolağındakı ağ qırıq xətdən başlayaraq qaçmağa başlamış, bu zaman “Chevrolet Cruze” markalı avtomobil ondan çox az məsafədə solda hərəkətdə olan “Mercedes” markalı sedan tipli avtomobilin sağ arxa hissəsindən çıxan zaman piyadanı görərək avtomobilini mümkün qədər sol tərəfə doğru istiqamətləndirmiş, lakin avtomobilin sağ qabaq hissəsi ilə piyadanı vurmuş, piyada digər zolağa düşən zaman həmin zolaqda hərəkətdə olan “Hyundai” markalı avtomobil piyadanın üzərindən keçmişdir. Məhkəmə nəzərə alır ki, ekspert rəyləri istintaq tərəfindən ehtimallarla müəyyən edilmiş hadisə mexanizmi üzərində qurulmuş, hadisənin real mexanizmini əks etdirməmiş, bundan fərqli olaraq məhkəmənın müəyyən etdiyi mexanizm təqsirləndirilən şəxsin ifadələri və hadisənin real görüntülərini özündə əks etdirən videogörüntülərlə uzlaşmışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ondan sağ və sol zolaqda nəqliyyat axının olmasını bildirmiş, piyadanın məhz onun sol hissəsində hərəkətdə olan “Mercedes” markalı avtomobilin qabaq hissəsində olduğu və qaçmağa başladığı an gördüyünü bildirmişdir. Maraqlı bir məqam da ondan ibarətdir ki, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi barədə 09 sentyabr 2022-ci il tarixli qərarında müstəntiq özü göstərmişdir ki, “Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə o, piyada X4 gördüyü andan yaranmışdır”. Təqsirləndirilən şəxs isə ifadələrində piyada qadını ondan sol cərgədə bir qədər irəlidə hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı, “Mercedes Benz” markalı avtomobilin qarşısından qaça-qaça soldan sağa doğru onun hərəkət hissəsinə keçərkən gördüyünü bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadələrindəki həmin xüsusatı, hadisənin videogörüntüsünü tədqiq edərək piyadanın görünməsini məhdudlaşdıran iriölçülü obyekt və ya iriqabaritli nəqliyyat vasitələrinin olmaması barədə nəticəni qəbul etmir və bunun yalnız ehtimallara dayandığı qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində ondan həm sağ, həm də sol zolaqda nəqliyyat axının olmasını bildirmiş, bu hal videogörüntü ilə təsdiq edilmiş, piyadanı məhz onun sol hissəsində hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına qaçaraq çatdığı an gördüyünü (Belə ki, o həmin vaxt “Mercedes” markalı avtomobilin arxa sağ hissəsindən sağ hərəkət zolağına yeni çıxmışdır), piyadanı birinci hərəkət zolağının başlanğıcından hərəkətə başlaması anında görə bilmədiyini göstərmişdir. Cinayət işinin materiallarında piyadanın təqsirləndirilən Təqsirləndirilən şəxs görünüş dairəsinə hansı andan, hansı nöqtədən düşməsini özündə əks etdirən heç bir sübut olmamış, bu hal ekspertlər tərəfindən belə müəyyən edilməmiş, istintaqın piyadanın hərəkət hissəsinə daxil olduğu andan sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi barədə gəldiyi nəticə isə tamamilə ehtimallara əsaslanmışdır. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, çoxsaylı avtomobil axnının qarşısından keçən piyadanın sürücünün görünüş dairəsinə hansı andan düşməsinin müəyyən edilməsi ilə bağlı yol-nəqliyyat hadisəsi ekspertizası sahəsində hər hansı bir ekspertiza metodikasının mövcud olmamış, hazırkı rəylər verilərkən də hər hansı metodikaya istinad edilməmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert Hikmət İbişov ona verilmiş suala cavab olaraq çoxsaylı avtomobil axınının qarşısından keçən piyadanın sürücünün görünüş dairəsinə hansı anadan düşməsinin müəyyən edilməsi ilə bağlı məhkəmə avto-texniki ekspertizası sahəsində hər hansı bir ekspertiza metodikasının mövcud olmadığını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında piyadanın sürücünün görünüş dairəsinə düşməsini müəyyən etməyə imkan verən digər hər hansı bir sübut, istintaq hərəkəti protokolu və sair sənəd olmamış, məhkəmə tərəfindən istintaq eksperimentini keçirilməsi barədə qərar qəbul edilsə də, axın formasında hərəkətdə olan avtomobillər arası məsafə, onlar arasındakı yan məsafələr, yerdəyişmə nöqtələri, avtomobillərin hər birinin qabarit ölçüləri müəyyən edilmədən hadisə mexanizmini bərpa etmək və bununla da istintaq eksprimentinin həyata keçirilməsini təmin etmək mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, bunun üçün yolda olan zolaqlarda hərəkət edən nəqliyyat vasitələrinin surətləri, kordinatları, istehsal ili, markası, modeli və s. məlumatları (onların hündürlüyünün, eninin və müəyyən edilməsi üçün) tələb olunur ki, həmin məlumatlar istintaq orqanı tərəfindən əldə edilmədiyindən iş üzrə istintaq ekspermenti keçirilməsi də mümkün olmamışdır. Ekspertlər özləri belə razılaşmışlar ki, təhlükənin yaranma anının qiymətləndirilməsi xüsusi bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən istintaq orqanlarının və məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin piyadanı görməsi anına dair göstərdiyi xüsusatı təkzib edən hər hansı bir sübut müəyyən etmədiyindən, əksinə həmin hal hadisəni real əks etdirən videogörüntü ilə uzlaşdığından məhkəmənin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hadisə mexanizmini qəbul etməməsi üçün bir səbəb yoxdur. Yuxarıda sadalananlar nəzərə alındıqda məhkəmə belə qənaətə gəlir ki, sürücü üçün təhlükə piyadanın yolu birinci hərəkət zolağının başlanğıcından deyil, soldan ikinci hərəkət zolağının otasında olan ağ qırıq xəttə çatan zaman yolun sağına doğru qaçmağa başladığı andan yaranmışdır. Həmin mexnizm üzrə videotexniki eskpert tərəfindən aparılmış hesablamalar nəzərə alımaqla (Yol-nəqliyyat hadisəninin iştirakçısı olan piyada Qəriyfə Məmmədova “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən sedan tipli avtomaşının hərəkət zolağının mərkəzindən vurulduğu yerə qədər 3,7 m məsafə qət etmişdir. Piyada “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə eyni istiqamətdə soldakı zolaqda hərəkət edən Sedan tipli avtomaşının hərəkət zolağının mərkəzinə çatdığı andan vurulana kimi 1,83 saniyə vaxt keçmişdir) təkrar keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən həmin şəraitdə Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin başqa hər hansı sübutla təkzib edilməyən ifadəsi və hadisənin videogörüntüləri əsasında məhkəmənin səlahiyyəti daxilində müəyyən edilmiş hadisə mexanizmi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması ekspert rəyi ilə də təsdiq olunmuş, ekspertin öz mülahizələri əsasında gəldiyi qənaətə isə məhkəmə tərəfindən yuxarıdakı abzaslarda ətraflı münasibət bildirmişdir. Beləliklə, məhkəmə, yol-nəqliyyat hadisəsi ekspertizasını həyata keçirən ekspertlərin hər hansı metodikadan istifadə etmədən şəxsi mülahizələri əsasında irəli sürdükləri fikirlərin heç bir sübutedici qüvvəsinin olmadığını, hadisə mexanizminin müəyyən edilməsinin ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olmasını, məhkəmə tərəfindən müəyyən edilmiş mexanizm üzrə videotexniki ekspert tərəfindən parametrlərin hesablandığını, həmin mexanizm və parametrlər nəzərə alınmaqla məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisəni qarşısını almağa texniki imkanının olmamasının müəyyən edildiyini, piyadanın sürücünün görünüş dairəsinə düşməsi anı ilə bağlı təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatı təkzib edəcək heç bir sübutun iş materiallarına əlavə edilmədiyini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlir. Bununla yanaşı, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Həmin qərarda göstərilir ki, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verilməlidir. Məhkəmə Plenum qərarında göstərilənləri nəzərə alaraq onu da qeyd edir ki, piyada X3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması da açıq-aşkar olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci hissəsinə əsasən piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqlarda gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər). Həmin Qanunun 2-ci hissəsində əsasən piyada dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, hadisə baş verən yerdə piyada keçidi-yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə olmamışdır. Beləliklə, məhkəmə ibtidai istintaq zamanı verilmiş ekspert rəyinin ehtimallara əsaslanmasını, məhkəmə istintaqı zamanı isə əlavə və təkrar keçirilmiş keçirilmiş ekspertizalar üzrə tərtib edilmiş rəydə ekspertlərin öz mülahizələri əsasında səlahiyyətləri xaricində öz şəxsi fikirlərinin hər hansı xüsusi biliyə əsaslanmadan sadəcə rəydə göstərildiyini, məhkəmə tərəfindən müəyyən edilmiş mexanizm üzrə təqsirləndirilən şəxsin hadisənin qarşısını alması üçün texniki imkanının olmamasının təkrar yolnəqliyyat hadisələri ekspertizasının rəyi ilə də təsdiq olunduğunu, iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və birinin digəri ilə uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxsnun cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində AR CM-in 263.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinin vəsaiti hesabından ödənilməli, iş üzrə maddi sübut olan hadisənin videogörüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X5 mülki iddia ərizəsi verərək hadisə nəticəsində ona dəymiş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat, cəmi 20000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsə AR CPM-nin 42.1.4-cü maddəsi ilə bəraət verildiyini nəzərə alaraq verilmiş mülki iddianın baxılmamış saxlanılmasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndində göstərilmişdir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut-hadisənin videogörüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 628 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Nigar İmanova