Məhkəmə qərarları › İş №1(008)-34/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-34/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-34/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozu, E.Hüseynli küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə, saat 07:40 radələrində etibarnamə ilə idarə etdiyi «Opel Vectra» markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ə.Əliyev küçəsində hərəkətdə olarkən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ə.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin arxa qapısının yaxınlığında olan yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomaşının qabaq sağ tərəfi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ bazu və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol dirsək oynağı nahiyəsinin dərialtı hematoması və sağ gözyuvasıaltı nahiyənin qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 dekabr 2023-cü il tarixdə, saat 07:40 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «Opel Vectra» markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsində saatda 60 km surətlə hərəkət edərkən əks yolda üzü ona tərəf dayanmış avtobusun qabaq hissəsinə yaxınlaşarkən piyadanın avtobusun arxa tərəfindən qaçaraq yolu düzünə soldan sağa doğru keçdiyini görmüşdür. O, həmin vaxtı hadisənin qarşısını almaq üçün dərhal ayağını tormoz pedalına basmış, lakin piyada ilə aralarında çox az məsafə olduğundan həmin anda hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. O, idarə etdiyi avtomobili dərhal saxlayıb avtomobillə vurduğu piyadaya köməklik göstərib onu yaxınlıqda yerləşən tibb müəssisəsinə aparmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə günü hadisə baş verən vaxt avtomobili saatda 60 km/saatla idarə etdiyini, piyada avtobusun arxasından çıxdığı üçün piyadanı görmək imkanının olmadığını, havanın çiskinli olduğunu, o, piyadanı vuran zaman avtobusun hələ orada olduğunu, piyadanı vurduqdan sonra avtobusun getdiyini, piyadanı təxminən 12-13 metr məsafədən piyada avtobusun arxa hissəsindən çıxan zaman gördüyünü, dərhal tormoz pedalını bassa da, hadisənin qarşısını ala bilmədiyini, piyadanı görən zaman onun idarə etdiyi avtomobilin ön hissəsinin avtobusun ön hissəsi ilə paralel dayandığını, həmin vaxt avtobusun yan hissəsi ilə aralarında məsafənin 1 metr, bəlkə də daha az olduğunu, zərərçəkmiş şəxsə əməliyyat olunan zaman 4300 manat pul ödədiyini, lakin zərəçəkmiş şəxs ondan 20- 25000 manat pul tələb etdiyindən onunla barışıq əldə edə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 14 dekabr 2023-cü il tarixdə, səhər saat 07:40 radələrində iş yerinə getmək üçün Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Ə.Əliyev küçəsində yerləşən avtobus dayanacağında avtobusdan düşüb avtobusun arxa hissəsinə keçərək avtobusun arxasında dayanaraq avtobusun hərəkətini gözləyən gümüşü rəngli minik avtomobilini buraxıb yolun digər tərəfinə iti və iri addımlarla keçməyə başlamışdır. O, yolu keçmədən öncə avtobusun və onun arxasında dayanan gümüşü rəngdə sedan avtomobilin getməsini gözləmiş, hər iki nəqliyyat vasitəsini buraxdıqdan sonra yolun əks istiqamətinin boş olmasını görüb hərəkətinə davam edib yolu keçməyə başlamış və yolu keçib bitirdikdən sonra sol ayağını səkiyə qoyduğu zaman sağ tərəfdən həmin küçə ilə üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan «Opel Vectra» markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə vurulmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Onu vuran sürücü ona yardım göstərib hadisə yerinə təcili yardım çağırmış və o, xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisə günü hər zaman işə gedib-gəldiyi yolu keçdiyini, yolu keçən zaman sağa və sola baxdıqda heç bir avtomobil görmədiyini, hadisə yerinə sonradan iş yoldaşlarının gəldiyini, lakin işlədiyi şirkət böyük olduğundan həmin şəxsləri tanımadığını və adlarını bilmədiyini, sadəcə üzlərindən eyni şirkətdə işlədiklərini bildiyini, təqsirləndirilən şəxsin hadisə ilə bağlı dediklərinin real olmadığını, əks halda onun yolun bitdiyi, ayağının biri səkidə olan vaxt deyil, yolun ortasında vurulmalı olduğunu, yolu qaçaraq deyil, iti addımlarla yeriyərək keçdiyini, ona Əmirxan tərəfindən 4300 manat ödəniş edildyini, lakin xəstəxana xərclərinin həmin məbləğdən artıq olduğunu, ona dəymiş zərərin tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə günü, səhər radələrində o, həyat yoldaşı Təqsirləndirilən şəxs və övladları uşaqları məktəbə qoyub işə getmək üçün yola çıxmışlar. Əks istiqamətli yolun kənarında avtobus dayanmış, Əmirxanın idarə etdiyi avtomobil qarşı hərəkət zolağında dayanmış avtobusa çatanda avtobusun arxa hissəsindən bir piyada yola baxmadan qaçaraq yola çıxmışdır. O, “yavaş adam” dedikdə həyat yoldaşı tormoza basmış, lakin hadisənin qarşısını ala bilməyib piyadanı vurmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid avtomobildə ön oturacaqda əyləşdiyini, üzü onlara tərəf yolun kənarında saxlayan avtobusun uzunluğunun ortasına, təxminən avtobusun qabaq təkərinin bitdiyi hissəyə yaxınlaşdıqda piyadanın avtobusun arxasından çıxıb sağa-sola baxmadan qaçaraq yolu keçdiyini, piyadanın avtomobilin ön sağ hissəsinə dəydiyini, piyadanı görən zaman refleks olaraq “yavaş adam” deyə səsləndiyini, panikada olduğundan Əmirxanın tormoza basdıqdan sonra avtomobilin sürüşüb-sürüşməməsi və ya dərhal dayanmasını xatırlamadığını, piyadanın yola baxmadan hərəkət etdiyini gördüyünü, yolu keçən zaman piyadanın tək olduğunu, yanında heç kəsin olmadığını, avtobusdan kiminsə hadisə ilə əlaqədar düşübdüşmədiyini bilmədiyini, hadisədən sonra piyadaya cəmi bir nəfər şəxsin yaxınlaşdığını, avtobusun hadisə baş verən zaman orada olsa da, onlara görə yolu saxlamadığını və sürüb getdiyini, Rauf vurulan zaman yaxınlaşan bir nəfər şəxsin kənardan gəldiyini və ya avtobusdan düşüb gəldiyini bilmədiyini, təcili yardım gəldikdə artıq avtobusun dayandığı yerdə olmadığını və getdiyini, avtobusdan sərnişinlərin kömək məqsədi ilə yaxınlaşdığını görmədiyini, həyat yoldaşının xəsarət almış piyadanı təcili yardım vasitəsi ilə xəstəxanaya apardığını, özünün isə övladları ilə taksi sifariş edərək geri döndüklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saatlarında işə getmək üçün hadisə yerindən keçirmiş. Zərərçəkmiş şəxs avtobusun arxasından çıxaraq sağa baxmadan, yalnız sola baxaraq yolu keçən zaman təqsirləndirilən şəxsin avtomobilinin sağ hissəsinə dəyərək səkinin kənarına yıxılmışdır. O, dərhal yaxınlaşaraq zərərçəkmiş şəxsə su təklif edib kömək etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid hadisə yerinə ondan 6-7 dəqiqə sonra Azgerneftin işçilərinin gəldiyini, ondan başqa hadisəni yolun digər tərəfində işə gedən qadının da gördüyünü, Raufun özünün də Azgerneftdə işlədiyini, Raufun özünü şəxsən tanımasa da, Azgerneftin işçisi kimi üzdən tanıdığını, avtomobillərin markalarından məlumatsız olduğundan Raufu vuran maşının markasını bilimədiyini, zərərçəkmiş şəxs maşına dəydiyi an avtobusun yola düşmək üçün tərpənməyə başladığını, onun iş yeri ilə hadisənin baş verdiyi yer arasında 11 metr məsafə olduğunu, hadisənin baş verdiyi yolun eninin təxminən 7 metr olduğunu, sürücüdən başqa avtomobildə bir qadın və iki uşaq olduğunu, zərərçəkmiş şəxs yıxıldıqdan sonra onu səkinin kənarına uzatdıqlarını, özünün zərərçəkmiş şəxsə su təklif etdiyini, zərərçəkmiş şəxsin onu görəcəyi halda xatırlayacağından əmin olduğunu, daha sonra təcili yardım maşınının gələrək zərərçəkmiş şəxsi xəstəxanaya apardığını, zərərçəkmiş şəxs vurulan an avtobusun getmək üçün tərpəndiyini, zərərçəkmiş şəxsin yolu yeriyərək keçdiyini və həmin vaxt qaçmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, eni 7-7.50 metr olan yolda eni 2,45 metr olan avtobusun arxasından çıxan piyadanın vurulma yerinə qədər 3-4 metr məsafə qət etməsi real deyildir. Belə ki, elə olan halda avtobus sürücüsü avtobusun bir hissəsi əks hərəkət zolağına çıxmaqla avtobusu saxlamalı idi. Görünüş dairəsinin yenidən ekspertin özü tərəfindən müəyyən edilməsi mümkündür. Lakin bunun üçün dəqiq formada piyada ilə avtobusun arxa hissəsi arasında olan məsafə, piyadanı vuran avtomobil ilə avtobus arasındakı yan məsafəsi ekspertə təqdim edilməlidir, əks halda ekspert tərəfindən görünüş dairəsinin müəyyən olunması mümkün deyil. Təqsirləndirilən şəxsin göstərdiyi parametrlər isə piyadanın vurulma yeri də nəzərə alınmaqla reallığa uyğun deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ə.Əliyev küçəsində baş vermiş, hadisə yerində tormoz izləri yoxdur, yolun örtüyü asfaltdır (i.v.6-11). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 14 dekabr 2024-cü il tarixli, 1/4781 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.15). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X18 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 3099 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol dirsək oynağı nahiyəsinin dərialtı hematoması və sağ gözyuvasıaltı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.24-26). İş materiallarında olan 14 fevral 2024-cü il tarixli, 8/182 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən göstərildiyi kimi “Opel Vectra” markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan andan piyadanın vurulana kimi 3-4 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və reallıqda həmin məsafə 3- 4 metrdən böyük olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlar real hadisə mexanizminə uyğun olmadığından “Opel Vectra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır (i.v.42-45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-13-16/2-52501/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə BB 135751 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin vəsiqə 13 oktyabr 2033-cü il tarixədək aktiv olmaqla sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır (i.v.59). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 may 2024-cü il tarixli, 3-16- 16/2-8/1043 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Vectra” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur (i.v.72-75). Məhkəmə tərəfindən hadisə mexanizminin və ölçülərin düzgün müəyyən olunması üçün müdafiə və ittiham tərəfin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı yolda hərəkətdə olan 204 nömrəli sərnişin avtobusu saxlanılaraq avtobusun eni və uzunluğu, avtobusla piyadanın vurulduğu yer arasında olan məsafə ölçülmüş, ölçmələr nəticəsində müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yol iki əks istiqamətli hərəkət zolağından ibarətdir. Yolun ümumi eni 7,50 metr, avtobusun eni 2,45 metr, avtobusun uzunluğu 8,71 metr, avtobus yolun sağında saxlayan zaman avtobusun yola tərəf hissəsində eninin bitdiyi yerdən piyadanın vurulduğu yerə qədər olan məsafə 4,80 metr olmuşdur. Hadisə yerində zərərçəkmiş şəxs avtobus getdikdən və onun arxasında olan sedan markalı avtomobili ötürdükdən sonra yolu iti addımlarla keçməyə başladığını, qarşı tərəfdəki yola çatıb sol ayağını səkiyə qoyduğu zaman sağ tərəfdən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurulduğunu bildirmişdir. Hadisə yerində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin anidən avtobusun arxasından çıxaraq yolu iti addımlarla keçməyə başladığını, zərərçəkmişin qarşı tərəfdə olan səkiyə çatmasına bir addım qalmış avtomobili saxlaya bilməyərək onu vurduğunu, zərərçəkmiş şəxsi avtobusun arxasından çıxan zaman gördüyünü, bu səbəbdən də avtomobili saxlaya bilmədiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək piyadanı əks hərəkət zolağında dayanmış avtobusun arxasından çıxarkən gördüyünü, bu zaman hadisənin qarşısını almağa texniki imkanının olmadığını bildirsə də, məhkəmə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək təqsirləndirilən şəxsin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxsin özünün müxtəlif vaxtlarda verdiyi ifadələrin həm ayrı-ayrılıqda, həm də iş üzrə dindirilmiş digər şəxslərin (zərərçəkmiş şəxs və şahidin) ifadələri ilə əlaqəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixli ilkin izahatında göstərmişdir ki, o, 14 dekabr 2023-cü il tarixdə, saat 07:40 radələrində qeyd olunan “Opel Vectra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmirulla Əliyev küçəsi ilə üzü Sabunçu qəsəbəsi istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətinə davam edirmiş. Hərəkətdə olarkən yolun sol hissəsində dayanmış sərnişin avtobusunun arxa hissəsində, təxminən 4-5 metr məsafədə anidən kişi cinsli piyadanın adi yerişlə yolun sol hissəsindən sağ hissəsinə doğru keçməsini gördükdə əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməyərək idarə etdiyi avtomobilin qabaq sağ ön hissəsi ilə piyadanı vurduqda piyada zərbədən avtomobilin alın şüşəsinə dəyib avtomobilin sağ yan hissəsinə doğru yerə yıxılmışdır (i.v.12-13). Təqsirləndirilən şəxsin müdafiəçisi işə qoşulduqdan sonra onun vəsatəti əsasında 25 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs yenidən dindirilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 14 dekabr 2023-cü il tarixdə, saat 07:40 radələrində özünə məxsus “Opel Vectra” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmirulla Əliyev küçəsi ilə 60 km/saat sürətlə hərəkətdə olarkən ondan qabaqda yolun əks istiqamətində sol tərəfdə avtobus dayanmışdı. O, həmin avtobusun qabaq hissəsinə yaxınlaşarkən qəflətən həmin avtobusun arxa tərəfindən təxminən 1 metr aralı məsafədən bir kişi piyadanın çıxaraq qaça-qaça soldan sağa tərəf düzünə hərəkətdə olduğunu görmüş, hadisənin qarşısını ala bilmək üçün ayağını tormoz pedalına basmış, lakin aralarındakı məsafə çox az olduğundan həmin anda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. İdarə etdiyi avtomobillə yolun əks istiqamətində dayanan avtobusun yan tərəfləri arasında az, təxminən 1 metr (bəlkə bundan da az) məsafə olduğundan o, avtomobildə oturduğu yerdən piyadanı ancaq yolun əks istiqamətində sol tərəfdə dayanan avtobusun arxa tərəfindən çıxdığı anda görmüş, həmin ana qədər piyada onun görünüş dairəsində olmamışdır (i.v.29). Müstəntiqə verilmiş izahatında təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə verdiyi izahatında göstərilmiş xüsusatları təsdiq edərək müstəntiq tərəfindən ünvanlanmış suala cavab olaraq piyadanın sərnişin avtobusunun arxasından çıxaraq yolu keçməyə başladığı andan onun idarə etdiyi avtomobillə aralarında məsafənin təxminən 8-10 metr olduğunu, həmin vaxt onun avtomobilinin qabaq hissəsinin əks istiqamətdə dayanmış vəziyyətdə olan avtobusun qabaq hissəsi ilə paralel vəziyyətdə olduğunu bildirmişdir (i.v.46-47). Məhkəmə iclasında təqsirləndirilən şəxs eyni məzmunlu ifadə vermiş, ona ünvanlanmış suala cavab olaraq sərnişin avtobusunun arxasından çıxaraq yolu keçməyə başladığı andan onun idarə etdiyi avtomobillə aralarında məsafənin təxminən 12-13 metr, piyadanı görən zaman onun idarə etdiyi avtomobilin ön hissəsinin avtobusun ön hissəsi ilə paralel dayandığını, həmin vaxt avtobusun yan hissəsi ilə aralarında məsafənin 1 metr, bəlkə də daha az olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 20 dekabr 2023-cü il tarixli ilkin izahatında göstərmişdir ki, 14 dekabr 2023-cü il tarixdə 204 nömrəli sərnişin avtobusu ilə Ramana qəsəbəsi, Əmirulla Əliyev küçəsində yerləşən “Azgerneft” idarəsinin arxa qapısı yaxınlığında yerləşən avtobus dayanacağında düşüb avtobusun arxasından yolun digər hissəsinə doğru iti addımlarla təxminən 7 metr məsafə qət edib yolu yekunlaşdırmaq üzrə olarkən anidən həmin küçə ilə üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan qımızı rəngli, “Opel” markalı avtomobil sağ ön hissəsi ilə onu vurmuş, o, zərbənin təsirindən avtomobilin alın şüşəsinə dəyib avtomobilin sağ yan hissəsinə doğru yerə yıxılmışdır (i.v. 21-22). Zərərçəkmiş şəxs 22 fevral 2024-cü il tarixli ilkin izahatında göstərmişdir ki, 14 dekabr 2023-cü il tarixdə 204 nömrəli sərnişin avtobusu ilə Ramana qəsəbəsi, Əmirulla Əliyev küçəsində yerləşən “Azgerneft” idarəsinin arxa qapısı yaxınlığında yerləşən avtobus dayanacağında düşmüş, avtobusun arxa hissəsinə keçmiş, avtobusun arxasında dayanmış və avtobusun hərəkətini gözləyən minik avtomobilini buraxıb yolun digər hissəsinə iti və iri addımlarla keçməyə başlamışdır. O, yolu keçməyə başlayan zaman avtobus artıq getmiş, o, əks istiqamətli yolun boş olduğunu görüb hərəkətini davam etdirmiş, səkidə olan dayanacağa çatıb bir ayağını səkiyə qoyduğu anda həmin küçə ilə üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qabaq sağ hissəsi ilə onu vurmuş, o, zərbənin təsirindən avtomobilin alın şüşəsinə dəyib avtomobilin sağ yan hissəsinə doğru yerə yıxılmışdır (i.v.48-49). Zərərçəkmiş şəxs 14 iyul 2024-cü il tarixli ifadəsində də göstərilən xüsusatları qeyd etmiş, müstəntiq tərəfindən verilmiş suala cavab olaraq yolun hərəkət hissəsinin sol kənarından hərəkətə başlayaraq yolu sağa doğru keçməyə başladığı andan avtomobillə vurulduğu vaxtadək düzünə iti və iri yerişlə 7 metr məsafə qət etdiyini bildirmişdir (i.v.93.-95). Məhkəmə iclaslarında da zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmuna uyğun ifadə verərək hadisə yerində olan və özünün endiyi avtobus hərəkətə başladıqdan və avtobusun arxasında dayanmış avtomobilin də getməsindən sonra yolu keçməyə başladığını, əks hərəkət zolağında olan yolu keçərək bitirib səkiyə çatdığı zaman sağ tərəfdən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurulduğunu, vurulduğu ana qədər təxminən 7 metr məsafə qət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ona ünvanlanmış suallara cavab olaraq Əmirxanın idarə etdiyi avtomobil üzü onlara tərəf yolun kənarında saxlayan avtobusun uzunluğunun ortasına, təxminən avtobusun qabaq təkərinin bitdiyi hissəyə yaxınlaşdıqda piyadanın avtobusun arxasından çıxıb sağa-sola baxmadan qaçaraq yolu keçdiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs ibtidai istintaqın ilk günündən hadisə baş verən yolu iti addımlarla keçərək yol-nəqlyyat hadisəsinin baş verdiyi yerədək 7 metr məsafə qət etdiyini, avtobus hərəkətə başladıqdan və avtobusun arxasındakı minik avtomobili keçdikdən sonra yolu keçməyə başladığını bildirmiş, təqsirləndirilən şəxs isə ilkin izahatında avtomobili 40 km/saat sürətlə idarə etdiyini, piyadanın yolu adi yerişlə keçdiyini bildirməsinə baxmayaraq sonrakı ifadələrində avtomobili 60 km/saat sürətlə idarə etdiyini, piyadanın yolu qaçaraq keçdiyini bildirmiş, ibtidai istintaq zamanı hadisə yerində piyadanın yolun bitdiyi yerdə səkinin yanında vurulduğunu göstərməsinə baxmayaraq məhkəmə istintaqı zamanı piyadanın səkiyə çatmadan vurduğunu bildirməklə hər dəfə öz müdafiəsi naminə fərqli xüsusatlara toxunaraq hadisənin mexanizmini öz xeyrinə dəyişməyə cəhd etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs ifadəsində piyadanı avtomobilinin ön hissəsinin qarşı hərəkət zolağında üzü ona tərəf dayanmış avtomobilin ön hissəsinə paralel dayandığı zaman gördüyünü bildirsə də, şahid qismində dindirilmiş X1 idarə etdiyi avtomobil üzü onlara tərəf yolun kənarında saxlayan avtobusun uzunluğunun ortasına, təxminən avtobusun qabaq təkərinin bitdiyi hissəyə yaxınlaşdıqda piyadanı gördüklərini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların onun xeyrinə ifadə vermiş yaxın qohumu olan şahidin ifadəsindəki xüsusatla da tam uzlaşmamasına dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, hətta təqsirləndirilən şəxsin və ya onun həyat yoldaşının ifadəsindəki merxanizm real hesab olunsa idi belə, qeyd olunan məsafədən (təxminən 8-12 metr arası) 60 km/saat sürətlə idarə olunan avtomobil tərəfindən piyadanın yolun artıq bitdiyi, piyadanın bir ayağını səkiyə qoyduğu yerdə vurulması real və inandırıcı deyildir. Təqsirləndirilən şəxsin ifadəsindəki parametrlər və onun avtomobili idarə etdiyi sürət nəzərə alınmaqla həmin şəraitdə piyada yolun ortasında və ya piyada hələ səkiyə çatmadan vurulmalı idi. Lakin zərərçəkmiş şəxsin ibtidai istintaqın ilk günündən verdiyi ifadələri, təqsirləndirilən şəxsin hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi yerlə bağlı göstərdikləri (hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs piyadanı məhz yolun bitdiyi yerdə düz yolun kənarında olan səkinin yanında vurduğunu əyani olaraq göstərmişdir), yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə aşkar edilmiş zədələrlə (Belə ki, hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkildən piyadanın avtomobilin sağ qabaq yan hissəsi ilə vurulması mübahisəsizdir) piyadanın yolun bitdiyi yerdə yerləşən səkinin yanında vurulması şübhəsizdir. Məhkəmə iclasında müdafiə tərəf şahid təqdim edərək həmin şəxsin hadisəyə şahidlik etdiyini bildirmiş, məhkəmə iclasında həmin şahid X6 zərərçəkmiş şəxsin iştirakı olmadan dindirilən zaman ona ünvanlanmış suallara cavab olaraq zərərçəkmiş şəxsin yolu qaçaraq deyil, adi yerişlə keçdiyini, həmin vaxt avtobusun hələ yenicə yerindən tərpəndiyini, zərərçəkmiş şəxs yıxıldıqdan sonra onu səkinin kənarına uzatdıqlarını, özünün zərərçəkmiş şəxsə su təklif etdiyini, zərərçəkmiş şəxsin onu görəcəyi halda onu xatırlayacağından əmin olduğunu bildirmişdir. Növbəti məhkəmə iclasında həm şahidin, həm də zərərçəkmiş şəxsin iştirakı təmin olunmuş, həmin məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hadisə yerində görmədiyini, həmin şəxsin hadisədən sonra ona kömək göstərmədiyini bildirmişdir. Məhkəmə sözügedən şahidin naməlum şəkildə hadisədən 01 ildən artıq vaxt keçdikdən sonra təqdim edildiyini, zərərçəkmiş şəxsin həmin şahidin hadisə yerində olmadığını iddia etdiyini, onun həqiqətən də hadisə yerində olduğunu təsdiq edən hər hansı mötəbər sübutun olmadığını, hətta onun ifadəsindəki bəzi xüsusatların (məsələn piyadanın yolu adi yerişlə keçməsinə dair) hadisə yerində olmaları mübahisəsiz olan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri ilə uzlaşmaması sözügedən şahid ifadələrinə sübut kimi istinad olunmasını istisna edir. Bununla yanaşı, müdafiə tərəfə bu qədər uzun müddətdən sonra X3 01 ildən artıq müdddət öncə hadisəyə şahid olduğunu necə müəyyən etmələri barədə sual ünvanlandıqda müdafiə tərəf hadisə günü və vaxtı 204 nömrəli avtobusu idarə edən sürücünü tapmaq üçün yenidən hadisə yerinə getdikləri zaman təsadüfən Mərdan Məmmədovu görərək 2023-cü ilin dekabr ayında baş vermiş yol-nəqliyyat hadisəsini görüb-görmədiyini soruşduqlarını, Mərdan Məmmədovun isə hadisəni görərək şahid kimi ifadə verə biləcəyini bildirdiyini göstərsələr də, məhkəmə ilk növbədə, hadisədən uzun illər sonra avtobus sürücüsünün hadisə yerində axtarılmasına dair müdafiə tərəfin arqumentini absurd hesab edir. Bundan savayı, məhkəmə tərəfindən hadisə günü və vaxtı 204 nömrəli avtobusu idarə etmiş sürücünün aşkar olunması istiqamətində zəruri tədbirlər görülərək həmin avtobusun məxsus olduğu “Kənan 2000” şirkətinin hər üç ünvanına (ünvan 3nı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 1; AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo, ev 14, mənzil 13) müvafiq sorğu ilə müraciət olunmuş, hətta müvafiq sorğular təqsirləndirilən şəxs tərəfindən birbaşa da həmin şirkətin ünvanlarına təqdim olunsa da, məhkəmənin sorğusunun icrası istiqamətində şirkət tərəfindən hər hansı addım atılmamış və həmin soğrulardan şirkətin Sabunçu rayonu ərazisində ünvanının olmaması açıq-aşkar görünməkdədir ki, bu da müdafiə tərəfin guya avtobus sürücüsünü axtarmaq üçün hadisə yerinə getmələri və bu zaman hadisəni görən şahidi aşkar etmələrinə dair arqumentlərinin inandırıcı və real olmamasının göstəricisidir. Məhkəmə iclasında müdafiə tərəf X2 başqa da hadisəni görən bir qadını aşkar etdiklərini bildirsə də, məhkəmə iclasında həmin şahidin hadisə vaxtı hadisə yerində olması səbəbi ilə bağlı müdafiə tərəfə sual ünvanlandıqda müdafiəçi qadının hadisə olan ərazidəki dayanacaqda olan zaman hadisəni gördüyünü, təqsirləndirilən şəxs isə həmin qadının dayanacaqda dayanan zaman deyil, nəvəsini məktəbə apararkən hadisəni gördüyünü, həmin gün məhkəmə iclasında olan Mərdan Məmmədov isə həmin qadının işə gedərkən hadisəni gördüyünü bildirmişlər ki, elə bu hal özü müdafiə tərəfin səmimi olmamasının və təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalması üçün məhkəməni yanıltmağa cəhd etməsinin bariz nüməsidir. Maraqlıdır ki, təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında iştirak edən müdafiəçisi hadisədən 8 gün sonra Təqsirləndirilən şəxsla müqavilə bağlayaraq həmin vaxtdan bu günədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, ibtidai istintaq zamanı hadisəni görən şahidlərin müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı müstəntiq qarşısında hər hansı vəsatət qaldırmamış, hadisədən 01 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə vəsatətlə müraciət edərək uzun müddət sonra müəmmalı şəkildə müəyyən edilmiş şahidlərin dindirilməsini xahiş etmişdir. Bundan savayı, iş materiallarında olan hadisə yerinə baxış protokollarına əlavə edilmiş fotoşəkildən piyadanın avtomobilin sağ tərəfi ilə vurulması nəticəsində avtomobildə məhz həmin hissədə zədələrin olması müəyyən olunaraq həmin hal həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsi ilə təsdiq olunaraq hadisə vaxtı hadisə yerində olmuş həmin şəxslər tərəfindən həmin xüsusatı təkzib edəcək hər hansı xüsusata toxunulmasa da məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilən zaman təqsirləndirilən şəxsin müdafiəçisi avtomobilin sağ yan hissəsində olan zədənin əslində hadisədən öncə yarandığını, piyadanın vurulması nəticəsində yaranmadığını, piyadanın avtomobilin nisbətən sağdan ortaya doğru hissəsi ilə vurulduğunu bildirmişdir. Halbuki, müdafiə tərəf nə ibtidai istintaq zamanı, nə də hadisə yerinə baxış keçirilənədək keçirilmiş məhkəmə iclaslarının hər hansı birində bu halı vurğulamamışlar. Göstərilən bu hal özü müdafiə tərəfin məhkəmədə səmimi olmasına şübhə yaratmaqla təqsirləndirilən şəxsin müdafiəsi naminə işin həqiqi hallarına uyğun gəlməyən hallara istinad etməsinə və işin mübahisəsiz hallarını əsassız olaraq mübahisələndirməyə cəhd etməsinə dəlalət edir. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün əyləcə basdığını bildirsə də, 14 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilən zaman hadisə yerində tormoz izləri aşkar edilməmiş və həmin protokol heç bir qeyd və ya etiraz olmadan təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Göstərilən bu hallar hamısı müdafiə tərəfin hər keçən gün təqsirləndirilən şəxsin xeyrinə onun məsuliyyətdən kənarda qalması naminə real və inandırıcı olmayan arqumentlərə sığınmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı proses iştirakçılarının hər birinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı yolda hərəkətdə olan 204 nömrəli sərnişin avtobusu saxlanılaraq avtobusun eni və uzunluğu, avtobusla piyadanın vurulduğu yer arasında olan məsafə ölçülmüş, ölçmələr nəticəsində müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yol iki əks istiqamətli hərəkət zolağından ibarətdir. Yolun ümumi eni 7,50 metr, avtobusun eni 2,45 metr, avtobusun uzunluğu 8,71 metr, avtobus yolun sağında saxlayan zaman avtobusun yola tərəf hissəsində eninin bitdiyi yerdən piyadanın vurulduğu yerə qədər olan məsafə 4,80 metr olmuşdur. Hadisə yerində zərərçəkmiş şəxs avtobus getdikdən və onun arxasında olan sedan markalı avtomobili ötürdükdən sonra yolu iti addımlarla keçməyə başladığını, qarşı tərəfdəki yola çatıb sol ayağını səkiyə qoyduğu zaman sağ tərəfdən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurulduğunu bildirmişdir. Hadisə yerində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin anidən avtobusun arxasından çıxaraq yolu iti addımlarla keçməyə başladığını, zərərçəkmişin qarşı tərəfdə olan səkiyə çatmasına bir addım qalmış avtomobili saxlaya bilməyərək onu vurduğunu, zərərçəkmiş şəxsi avtobusun arxasından çıxan zaman gördüyünü, bu səbəbdən də avtomobili saxlaya bilmədiyini bildirmişdir. Məhkəmə hadisənin baş verdiyi yolda sağ tərəfdə yoldan kənar nahamar hissənin olduğunu, avtobus saxlayan zaman piyadaların həmin hissəyə enərək yola daxil olaraq yolu keçməyə başladıqlarını, zərərçəkmiş şəxsin ilk gündən etibarən avtobus hərəkətə başladıqdan sonra yolu keçməyə başladığını və vurulduğu yerədək təxminən 7 metr məsafə qət etdiyini göstərdiyini, zərərçəkmiş şəxsin yolun bitdiyi yerdə vurulduğunu, bu halın avtomobildə aşkar edilmiş zədələrin lokalizasiyası əsasında da təsdiq edildiyini, təqsirləndirilən şəxsin ifadələrindəki xüsusatlarla nəinki zərərçəkmiş şəxsin, hətta şahid Nərmin Ağacanovanın ifadələri arasında da uyğunsuzluqların olduğunu nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsində təsvir edilmiş hadisə mexanizminin real hadisə mexanizminə uyğun olması qənaətindədir. Göstərilən bu hal 14 fevral 2024-cü il tarixli, 8/182 saylı ekspert rəyi və həmin rəyi vermiş ekspertin dindirilməsi zamanı göstərdiyi xüsusatlarla da təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş ekspert Təhmasib Bağırov eni 7-7.50 metr olan yolda eni 2,45 metr olan avtobusun arxasından çıxan piyadanın vurulma yerinə qədər 3-4 metr məsafə qət etməsinin real olmadığını, elə olan halda avtobusunun bir hissəsinin əks hərəkət zolağına çıxmaqla avtobusu saxlamalı olduğunu, görünüş dairəsinin yenidən ekspertin özü tərəfindən müəyyən edilməsinin mümkün olduğunu, lakin bunun üçün dəqiq formada piyada ilə avtobusun arxa hissəsi arasında olan məsafə, piyadanı vuran avtomobil ilə avtobus arasındakı yan məsafəsinin ekspertə təqdim edilməli olmasını, əks halda ekspert tərəfindən görünüş dairəsinin müəyyən olunmasının mümkün olmadığını, təqsirləndirilən şəxsin göstərdiyi parametrlərin isə piyadanın vurulma yeri də nəzərə alınmaqla reallığa uyğun olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 09 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.53). 2834 və 2834 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü (X11) və 26.ı07.2020-ci il təvəllüdlü (X8) uşaqları var (i.v.120-121). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 iyul 2024-cü kil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.122). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (AR CM- 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar