Məhkəmə qərarları › İş №1(008)-340/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-340/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-340/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)- 92/2025 saylı hökmü ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər YYM yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 0,281 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 14 avqust 2024-cü il tarixdə saat 20:00-da Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yeni yaşayış massivində olan zaman saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,281 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. 14 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yeni yaşayış massivində üzdən tanıdığı şəxsdən 10 manata istifadəsi üçün bir bükümdə “kokos” alıb üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. Həmin gün saat 20:00-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yeni yaşayış massivində küçədə dayanan zaman iki nəfər polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini göstərdikdən sonra onun adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından və cibində “kokos” olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları ona imkan verməmiş və onunla bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirərək, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə getməyi təklif etmişlər. O təklifdən sonra həmin polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə getmişdir. Yolda gedərkən o, üzərindəki narkotiki tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməyərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmiş, bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmiş, o, da müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı “kokos” aşkar edilmişdir. Polis əməkdaşı onun təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, da səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kokos” olduğunu deyərək Çiləgərdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmiş bu barədə protokol tərtib edilmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü öz imzasıyla təsdiq etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 avqust 2024-cü il tarixdə iş yoldaşı 14-cü polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman saat 20:00-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yeni yaşayış massivində bir nəfər kişi cinsindən olan şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istədiksə həmin şəxs üzərində heç bir sənədinin olmadığını və onlardan yayınmağa çalışdığını hiss etdikdə həmin şəxsi Sabunçu RPı-nin 14-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsdə etiraz etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kokos” olduğunu deyərək Maştağa qəsəbəsi Çiləgər yeni yaşayış massivindən üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin otşəkilli bitki təhqiqatçı tərəfindən qablaşdırılmış DİN-nin möhürü ilə möhürlənmiş, həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir(i.v.97-100); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.12); şəxsi axtarış və götürmə aparılması haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünün içərisində heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, heroini Maştağa qəsəbəsi, Çiləgər y/m-də adını və yaşadığı ünvanı bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayınb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən digər maddə, əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüş və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir(i.v.24-25);; Məhkəmə ekspertiza mərkəzinin 15 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün Nq100” möhür əksi X2 üzərindən....” və s. əl yazıları, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0, 281 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ ) daxildir(i.v.30-34); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, baxış keçirilərkən müəyyən edilmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs iki nəfər mülki geyim formasında olan polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə təhqiqatçı özünü təqdim edir, sonra isə əməkdaşlar və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Daha sonra qanunla dövriyyəsi əldə edilməsi,üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyərək, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün içərisində aşkar olunmuş maddənin “kokos” olduğunu deyərək, Çiləgərdən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır(i.v.62-63); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və onun dərhal azadlığa buraxılması qərara alınmışdır(i.v.72-74); Qətimkan tədbirinin seçilməsi haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.74-75); Maddi sübut kimi tanıma haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,281 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,231 qram hissəsi Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır(i.v.80-81); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7692 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psıxostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.133-134); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 144 M 4 Hissəsi ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR MM xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3 bəndinə əsasən azad edilmişdir(i.v.117-118); Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən Sabunçu RPİ-nin 14-cü PB-də qeydə alınmış videogörüntülər olan disk iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.154-161); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 1(003)-92/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CMnin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025cü il tarixli 1(003)-92/2025 saylı hökmü və onun icrası barədə göstərişi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş, ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 14 avqust 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,281 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-92/2025 saylı hökmünün hazırki cinayət əməlinin törədilməsindən sonra qanuni qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-92/2025 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-92/2025 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5, 68.1.1-1), Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-92/2025 saylı hökmü üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 110(yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçidövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-92/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində 01 (bir) il 01(bir) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,281 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,231 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar