Məhkəmə qərarları › İş №1(008)-341/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-341/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-341/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır vurmuşdur. Belə ki, Əliyev X3 Rəfail Ənvər oğlu və Şahid1 ilə bir qrup şəxs halında 18 iyul 2021ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “X1”-nın avtomobil dayanacağında “İİ Qarabağ, Vətən Müharibəsi” qazisi və ayağından yaralanmış Şahid3 dəniz kənarından götürmək məqsədilə Zərərçəkmiş şəxs sifarişi əsasında çağırılmış taksini dayanacağa buraxmamış, Zərərçəkmiş şəxs xahiş etməsinə baxmayaraq ona kobud surətdə cavab verərək ünvanına uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib, nalayiq ifadələrlə onu söyüb təhqir edib, xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifətinə zərbə endirib ona burun dəlikləri vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvumaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurub qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 01 iyul 2021-ci il tarixdən “Bilgəh Kardioloji” sanatoriyasının avtomobil dayanacağında nəzarətçi vəzifəsində işləmişdir. 18 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində işdə olarkən qara rəngli taksi avtomobilin dayanacağa gəldiyini görmüşdür. Həmin avtomobilin sürücüsü dəniz kənarında qazilərin olduğunu, sifariş əsasında onların arxasınca gəldiyini demişdir. O və Şahid2 axşam saatlarında sanatoriyanın həyətinə maşın buraxılmadığını bildirmişlər. Bir neçə dəqiqədən sonra sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşaraq uca səslə maşının içəri buraxılmasına təkid etmiş, Şahid2la Zərərçəkmiş şəxs bir birini söyüb təhqir etməyə başlamışlar, o bir az kənarda olmuş, yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs içkili olduğundan onu təhqir edərək “sən kimsən? burada qanunsuz olaraq pul yığırsan” demiş, nalayiq ifadələr işlədərək söyüş söymüş, o da qarşılığında Nəsimini söyərək mübahisəyə qoşulmuşdur, Rəfail və Nəsimi bir birinin yaxasından yapışaraq mübahisə edərkən o yaxınlaşıb onları aralamış, həmin vaxt Nəsimi onu vurduğu üçün o da Nəsiminin sifət nahiyyəsindən zərbə ilə vurmuşdur. Maraqlanıb dəniz kənarında yerləşən restoranda qazi olduğunu dəqiqləşdirdikdən sonra avtomobilin sürücüsünə avtomobili ilə dəniz kənarına getməsinə icazə vermişdir. Təxminən 5 dəqiqədən sonra həmin taksi avtomobil içərisində 2 nəfər sərnişinlə sanatoriyanın giriş qapısına yaxınlaşmışdır. Həmin vaxtı Nəsimi avtomobildən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Nəsimiyə rəhbərliyin göstərişi əsasında sanatoriyanın ərazisinə gecə saat 12-dən sonra heç kim buraxılmadığını, lakin onun qazi olduğunu nəzərə alıb avtomobili sanatoriyanın həyətinə buraxdığını izah etməyə çalışsa da, Nəsimi onun sözlərinə əhəmiyyət verməyib onu söyüb təhqir etməkdə davam etmiş, o da qarşılığında Nəsiminin ünvanına söymüşdür. Həmin vaxt Şahid1 da səs küyə oraya gəlmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 17 iyul 2021-ci il tarixdə saat 18 radələrində dostu Şahid3 ilə birlikdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən «Kardioloji Sanatoriyası»nın çimərliyinə getmişdir. Dəniz kənarında oturub çörək yemişlər. Axşam saat 12-dən sonra Xəzərlə evə getmək qərarına gəlib istifadə etdiyi ***- ***-**-** nömrəsindən «2111» taksi xidmətinə zəng edib taksi sifariş vermişdir. Taksi “Kardioloji Sanatoriyası”nın dayancağına gəldikdən sonra, sürücü ona zəng edib mühafizəçilərin avtomobili qapıdan buraxmadıqlarını demişdir. Taksi sürücüsünə orada dayanmış mühafizəçilərə qazi dalınca gəldiyini deyib buraxmalarını xahiş etməsini bildirsə də, icazə verilmədiyi üçün özü məcbur olub dayanacağın qapısı istiqamətində gəldikdə orada mühafizəçilərin dayandığını görmüşdür. Mühafizəçilərə dəniz kənarında ayağından yaralı olan qazi olduğunu deyib, taksi ilə aşağı düşüb həmin şəxsi götürüb çıxmasına icazə vermələrini xahiş etsə də, mühafizəçilər icazə verməmiş, onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar,o da qarşılığında onların ünvanına söyüş söymüş, bu zaman Təqsirləndirilən şəxs də gələrək onu söyməyə başlamış, münaqişə zamanı o Təqsirləndirilən şəxs vurmamış, Təqsirləndirilən şəxs onun sifətindən yumruqla vurmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «Kardioloji Sanatoriyasın»nın ərazisində fəaliyyət göstərən restoranda kababçı işləmişdir. Təqsirləndirilən şəxs və Şahid1 oradan tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid1 «X2»nın avtodayanacağında gözətçi işləyirlər, həmçinin Emin həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxslə və Şahid1la ədavət və düşmənçiliyi olmamış və yoxdur. Zərərçəkmiş şəxs və Şahid3 isə əvvəllər tanımamışdır. 18 iyul 2021-ci il tarixdə saat 01 radələrində «Kardioloji Sanatoriyası»da Ziyanın işlədiyi avtodayancaqda oturub Ziya ilə yemək yemişdir. 18 iyul 2021-ci il tarixdə saat təxminən 02:30 radələrində qara rəngli taksi avtomobil dayanacağa gəlmiş və sürücü Ziyaya dəniz kənarında qazilərin olduğunu və onların sifarişi əsasında gəldiyini bildirmişdir. Ziya maraqlanıb həqiqətən dəniz kənarında yerləşən restoranda qazilərin olduğunu müəyyən etdikdən sonra taksi sürücüsünə sanatoriyanın ərazisinə buraxmışdır. Təxminən 5 dəqiqdən sonra həmin taksi 2 nəfər sərnişinlə qayıdıb qapıya yaxınlaşmışdır. Bu zaman avtomobildən əvvəllər tanımadığı, sonradan adını bildiyi Nəsimi taksidən düşmüş, digər sərnişin isə avtomobildən düşməmişdir. Nəsimi avtomobildən düşən kimi «mən qaziyəm, sən kimsən ki, mənim arxamca gələn taksini buraxmırsan, sən burada qanunsuz olaraq pul yığırsan» deyib, Ziyanın ünvanına nalayiq ifadələr işlətmişdir. Ziya isə Nəsimiyə sanatoriyanın ərazisinə gecə saatlarında kənar şəxsin girişinə qadağan olduğunu, qazi olduğunu nəzərə alıb taksi avtomobili buraxdığını izah etməyə çalışsa da, Nəsimi qulaq asmayıb onları yenə söyüb təhqir etməyə davam edərək Ziyanın üstünə gəlmişdir. Nəsimi yumruqla Ziyanın sifət nahiyəsinə vurduğu üçün, Ziya da Nəsimini yumruqla sifət nahiyəsindən vurmuşdur. Nəticədə Ziya burnundan və gözündən xəsarət almışdır. Hadisə yerində o, Nəsimi, Nəsimin yanında olan adını bilmədiyi şəxs və taksi sürücüsü olmuş, sonradan isə Emin gəlmişdir. Hadisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Şəxsən heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 1993-1994-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, «Kardioloji Sanatoriyası»nın yataqxanasında yaşayır. Zərərçəkmiş şəxs və Şahid3 18 iyul 2021-ci il tarixdə gecə saatlarında Ziya ilə mübahisə edərkən görüb tanımışdır. Belə ki, 18 iyul 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı «Kardioloji Sanatoriyası»nda yataqxanada olarkən sanatoriyanın əsas girişi istiqamətindən ucadan nalayiq söyüşlər söyüldüyünü eşidib, nə baş verdiyini öyrənməkdən ötrü yataqxanadan həyətə çıxmışdır. Həmin vaxtı sanatoriyanın giriş qapısının qarşısında gözətçi işləyən Ziya, sanatoriyanın ərazisində fəaliyyət göstərən kafedə kababçı işləyən Rəfail və əvvəllər tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs dayandıqlarını görmüşdür. Onlara yaxınlaşıb nə üçün söyüş söyüb ətrafda yaşayan sakinlərin narahatçılığına səbəb olduqlarını soruşduqda Zərərçəkmiş şəxs yaxşı etdiyini deyib onun da ünvanına nəlayiq ifadələr işlətmişdir. Əsəbləşib Nəsiminin ünvanına söyüş söymüş və çıxıb getməsini tələb etmişdir. Nəsiminin sərxoş vəziyyətdə olduğunu görüb artıq heç bir söz deməmiş və onu sanatoriyanın qapısının qarşısına gəlmiş dövlət qeydiyyat nişanına və markasına diqqət yetirmədiyi taksi avtomobilə əyləşdirmişdir. Həmin vaxtı Şahid3 də onların dayandığı yerə gəlmişdir. Xəzər Nəsiminin içkili olduğunu ona əhəmiyyət verməməyi, sakitləşməyi xahiş edib, taksi avtomobilə əyləşib çıxıb getmişdirlər. Nəsimi və Xəzər qazi olduqlarını deyirdilər, hər ikisinin əyinlərində hərbi geyim olmuşdur. Nəsimini avtomobilə əyləşdirən zaman Nəsimi onun istiqamətində təpik atmış, lakin təpik ona dəyməmiş və xəsarət almamışdır. Sonradan Ziyadan eşidib bilmişdir ki, Nəsimi onu söyüb təhqir etdiyi üçün aralarında mübahisə düşmüşdür. Nəsimi ilə Ziya arasında baş vermiş mübahisə və davadalaşın şahidi olmamışdır. Şəxsən Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Rəfail adlı şəxs də Nəsimini sakitləşdirməyə çalışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 17 iyul 2021-ci il tarixdə saat 20 radələrində işlədiyi «Kordioloji Sanatoriya»nın həyətində yerləşən restorana 2 nəfər, birinin əlində əsa olmuş hərbi geyimli şəxslər gəlmişdirlər. Həmin şəxslər restoranda oturub yemək yemiş, əlində əsa olmuş şəxs spirtli içki qəbul etməsə də, digəri spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə ayaq üstə güclə durmuş, mənasız hərəkətlər edib, ofisiantları öpüb qucaqlamış, uca səslə mahnı qoyaraq rəqs etmişdir. Özlərini Qarabağ müharibəsinin qaziləri kimi təqdim etdikləri üçün onların xətrinə dəyməmək məqsədi ilə həmin şəxsləri yeməkxanadan qovmamışdırlar. Saat 00:00-da yeməkxananı bağlayıb çıxıb getmiş və heç bir dava-dalaş görməmişdir. Səhərisi günü işə gəldikdə eşidib bilmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən «Kardiloji Sanotoriya»nın həyətində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə ona xəsarətlər yetirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, 2-ci qrup əlil olaraq Qarabağ Müharibəsi qazisidir. Həkim məsləhəti ilə 17 iyul 2021-ci il tarixdə saat 18 radələrində dostu Zərərçəkmiş şəxs ilə birlikdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Kardioloji Sanatoriya»nın çimərliyinə getmişdir. Dəniz kənarında oturub çörək yemiş, lakin spirtli içki qəbul etməmişdir. Saat təxminən 23:30 radələrində Nəsimi ilə evə getmək qərarına gəlib Nəsimi istifadə etdiyi ***-***-**-** nömrəsindən «2111» taksi xidmətinə zəng edib taksi sifariş vermişdir. Taksi «Kardioloji Sanatoriyası»nın dayanacağına gəlmişdir. Taksi sürücüsü Nəsimiyə zəng edib qapıdan onu buraxmadıqlarını dedikdə Nəsimi taksi sürücüsünə orada olan şəxslərə qazi dalınca getdiyini deməsini və avtomobili buraxmalarını xahiş etməsini demişdir. Lakin gözətçilər avtomobili içəri buraxmadıqları üçün Nəsimi özü məcbur olub dayanacağın qapısı istiqamətində getmiş, təxminən 30 dəqiqə gözlədikdən sonra Nəsimi taksi ilə gəlmişdir. Həmin vaxtı Nəsiminin yanında bir nəfər əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadığı Ziya adlı şəxs olmuşdur. Nəsiminin sifəti qana bulaşdığını görüb, ondan nə baş verdiyini soruşduqda Nəsimi bildirmişdir ki, avtomobil dayanacağının mühafizəçiləri onunla dalaşıb onu döymüşdürlər. Nəsimi ilə birlikdə taksi ilə geri qayıdan zaman dayanacaqda əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadığı Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 adlı şəxslər Nəsiminin üzərinə hücum edib Nəsimini əl və ayaqları ilə vurmuşdurlar. Oradan uzaqlaşdıqdan sonra 18 iyul 2021-ci il tarixdə saat 03 radələrində Nəsimi istifadə etdiyi mobil nömrədən DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün əl və ayağı ilə Təqsirləndirilən şəxs və ona qarşı fiziki zor tətbiq etmiş digər 2 nəfər şəxsi özündən kənara itələmişdir. Qeyd olunan hadisənin şahidləri o, dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes C» markalı taksi avtomobilin sürücü olmuşdur. Həmin sürücünün adını və anket məlumatlarını bilmir. Ziya adlı şəxs və onun yanında olmuş iki nəfər adlarını bilmədiyi şəxslər hər üçü əl və ayaqları ilə Nəsiminin bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarətlər yetirmişdirlər. Onları görsə tanıya bilər. Şəxsən Ziyanı və onunla birlikdə olmuş 2 nəfər şəxsi Nəsimidən aralamağa çalışırdı. Dava-dalaşı başlayan Nəsimini söyüb təhqir edən və döyən Ziya və iki nəfər tanışları olmuşdurlar(i.v.44-46); Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir(i.v. 50-52); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir(i.v.1-3); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 22 iyul 2021-ci il tarixli 1083 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ almacıq nahiyəsinin və sağ gözün üst qapağının qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 18-19); məhkəmə-tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli 1077 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs burun dəlikləri vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən, sağ ayağın qançırı ilə müşayiət olunan V barmağının əsas falanqasının yerini dəyişməyən, qapalı sınıqları, ənsə nahiyəsinin dərialtı hematoması, sol qaşüstü nahiyənin əzilmiş yarası, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları və döş qəfəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti 18 iyul 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən burun dəlikləri vasitəsi ilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən, qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, ənsə nahiyəsinin dərialtı hematoması, sağ ayağın qançırı ilə müşayiət olunan V barmağının əsas falanqasının xətti sınığı və sol qaşüstü nahiyənin əzilmiş yarası ümumilikdə və hər bir ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançır və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.24-26); ifadənin yerində yoxlanması haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı əyani təsvir etmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.30-32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 29, 177.3.1 və 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə üzərində 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 11 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır(i.v.33-34, 61-63); “Respublika Psixatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamış, Zərərçəkmiş şəxs isə xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “üzvi şəxsiyyət pozuntusu davranış pozuntuları tez-tez baş verən dekompensasiyalarla psixotip epizodlar və intihar cəhdləri ilə, yaddaş-intellektin enməsi ilə” diaqnozu ilə ambulator müalicədə olmuşdur(i.v.36); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.37); götürmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Kordioloji Sanatoriya»nın həyətində ona qarşı zor tətbiq edilməklə baş vermiş mübahisə və dava-dalaşın müəyyən bir hissəsini istifadəsində olmuş mobil telefonun videokamerası ilə qeydə aldığını, həmin görüntüləri sonradan 01 ədəd DVD yaddaş daşıyıcısına köçürdüyünü qeyd edib, yaddaş daşıyıcısını istintaqa təqdim etmiş, yaddaş daşıyıcısı götürülərək cinayət işinə əlavə olunmuşdur(i.v.42); əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə «Bilgəh Kardeoloji sanatoriyası»nın dayanacağında nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur(i.v.56); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.57-59); Baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısına ********* nömrəli cinayət işi üzrə baxış keçirdikdə diskdə «WQOİ3912» adlı bir ədəd faylın, fayl açıldıqda 30 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış keçirdikdə görüntüdə əynində göy rəngli qısaqol mayka olan qısa saçlı kişinin Zərərçəkmiş şəxs saxlayaraq, «bəsti-bəsti» deməsi, həmin şəxsin yanında yarı çılpaq vəziyyətdə, əynində ağ-göy qarışıq rəngli şortik olan kök bədən quruluşlu digər kişinin isə Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlətməsi görünür və eşidilmişdir. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin görüntü onun tərəfindən istifadəsində olmuş mobil telefonun videokamerası ilə 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Kordioloji Sanatoriya»nın həyətində ona qarşı zor tətbiq edilməklə baş vermiş mübahisə və dava-dalaş zamanı qeydə alınmış, sonradan görüntü 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülmüşdür. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, görüntüdə onu saxlayan və əynində göy rəngli qısaqol mayka olan şəxs Təqsirləndirilən şəxs, onun ünvanına nalayiq ifadələr işlədən, yarı çılpaq vəziyyətdə, əynində ağ qara rəngli şortik olan kök bədən quruluşlu şəxs isə Şahid1dur(i.v.72); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək həmin xüsusatları təsdiq etmişlər(i.v.82-83); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək həmin xüsusatları təsdiq etmişlər(i.v.82-83); xx.xx.2021-ci il tarixli notariat qaydada əsdiq olunmuş ərizədən görünür ki, Dadaşlı X4 Rəfail Ənvər oğlu, Təqsirləndirilən şəxs və Şahid1 qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir(i.v.91); sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir(i.v.97-107); Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq saxlanılmışdır(i.v.125); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir(i.v.144); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, dərhal MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.168- 171); Qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.172-173); xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından görünür ki. Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir(i.v.205-215); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 CM-nin 221.2.1-ci maddəsi ilə qəti olaraq 01 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şahid2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.288-299); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmışdır(i.v.303-308); xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.2.1-ci maddəsindən CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmiş, 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır(i.v.334-342); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, əməlinin CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 18 iyul 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs 17 iyul 2021-ci il tarixdə saat 18 radələrində dostu Şahid3 ilə birlikdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən «Kardioloji Sanatoriyası»nın çimərliyinə getmişdir. Dəniz kənarında oturub çörək yemişlər. Axşam saat 12-dən sonra Xəzərlə evə getmək qərarına gəlib istifadə etdiyi ***- ***-**-** nömrəsindən «2111» taksi xidmətinə zəng edib taksi sifariş vermişdir. Taksi “Kardioloji Sanatoriyası”nın dayancağına gəldikdən sonra, sürücü ona zəng edib mühafizəçilərin avtomobili qapıdan buraxmadıqlarını demişdir. Taksi sürücüsünə orada dayanmış mühafizəçilərə qazi dalınca gəldiyini deyib buraxmalarını xahiş etməsini bildirsə də, icazə verilmədiyi üçün özü məcbur olub dayanacağın qapısı istiqamətində gəldikdə orada mühafizəçilərin dayandığını görmüşdür. Mühafizəçilərə dəniz kənarında ayağından yaralı olan qazı olduğunu deyib, taksi ilə aşağı düşüb həmin şəxsi götürüb çıxmasına icazə vermələrini xahiş etsə də, mühafizəçilər icazə verməmiş, bu zaman mübahisə yaranmış, həmin zaman Zərərçəkmiş şəxs ilə Şahid2, Şahid1 bir birilərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişlər, bu zaman Təqsirləndirilən şəxs də gələrək mübahisəyə qoşulmuş, nalayiq ifadələr işlətmiş, münaqişə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifətindən yumruqla vuraraq ona az ağır xəsarət yetirmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurması müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində ilk olaraq Zərərçəkmiş şəxs onun sifət nahiyyəsindən vurduğunu göstərmişdir. Bu halı məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş bilavasitə hadisənin iştirakçısı olmuş Şahid2 və Şahid1 da təsdiq etmişdir. Zərərçəkmiş şəxsin yanında olmuş Şahid3 isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin üzündən yumruqla vurma anını, yəni az ağır xəsarət yetirmə anını görməmiş, sonradan hadisə yerinə gələrkən Zərərçəkmiş şəxs üzünün qan olduğunu, Zərərçəkmiş şəxs ilə hər üç şəxsin bir birlərini vuraraq söyüb təhqir etdiklərinin şahidi olmuşdur. Məhkəmə qeyd edir ki, hadisənin real şahidləri olmuş şəxslərdən yalnız Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmadığını, Təqsirləndirilən şəxs onu səbəbsiz vurmasını qeyd etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin bu ifadəsinə tənqidi yanaşaraq bildirir ki, həmin hadisə zamanı Təqsirləndirilən şəxs özü də xəsarətlər almış, bu hal 22 iyul 2021-ci il tarixli 1083 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır. Həmin rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xəsarətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Bundan başqa hadisə zamanı Zərərçəkmiş şəxs içkili vəziyyətdə olmuş, özünü idarə edə bilməmişdir. Bu hal iş üzrə şahidlər Şahid4 və Şahid5 ifadələri ilə də öz təsdiqini tapmışdır. Sadalanan hallar özlüyündə zərərçəkmiş şəxsin verdiyi ifadəyə şübhə ilə yanaşmağa əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs 18 iyul 2021-ci il tarixdə baş vermiş hadisədən az müddət əvvəl yəni xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “üzvi şəxsiyyət pozuntusu davranış pozuntuları tez-tez baş verən dekompensasiyalarla psixotip epizodlar və intihar cəhdləri ilə, yaddaş-intellektin enməsi ilə” diaqnozu ilə “Respublika Psixatriya Xəstəxanası”-da ambulator müalicədə olmuşdur Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 18 iyul 2021-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə Zərərçəkmiş şəxs və hazırki iş üzrə şahidlər Şahid2, Şahid1 arasında başlamış, Təqsirləndirilən şəxs sonradan gəlib mübahisəyə müdaxilə etmiş, Zərərçəkmiş şəxs rəhbərliyin göstərişi əsasında sanatoriyanın ərazisinə gecə saat 12-dən sonra heç kim buraxılmadığını bildirsə də Zərərçəkmiş şəxs israr etmiş, bir birlərinin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişlər, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzündən yumruqla vurmuş, qarşılığında Təqsirləndirilən şəxs da onun sifət nahiyyəsindən yumruqla xəsarət yetirmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə xuliqanlıq etsə də, zərərçəkmiş şəxsə az ağır xəsarət yetirərkən onun niyyəti xuliqanlıq olmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsə mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 127.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar