Məhkəmə qərarları › İş №1(008)-342/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-342/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-342/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçı) – Zərərçəkmiş şəxs1 Oktay oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1960-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, alı təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayında işlətdiyi ünvan 2 ünvanda yerləşən ofisdə özünü vəkil fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışları vasitəsilə 5000 manat müqabilində dayandırılmış təqaüdünün bərpa edilməsi və 4000 manat müqabilində sonuncunun yaşadığı fərdi yaşayış evinə dair daşınmaz əmlakın çıxarışının alınması işlərini həll edəcəyinə dair Zərərçəkmiş şəxs2 Xəqani oğluna yalan vəd verib aldadaraq, qazanılmış etibarından suiistifadə edərək 2021-ci ilin mart ayında qeyd olunan ünvanda yerləşən ofisdə ümumilikdə 9000 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 9000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayınının ortalarında işlətdiyi ünvan 2 ünvanda yerləşən ofisdə özünü vəkil fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışları vasitəsilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nə aid Cəzaçəkmə müəssisəsində cəza çəkən qohumunun azadlığa buraxılmasını təmin etdirəcəyinə dair Zərərçəkmiş şəxs3 yalan vəd verib aldadaraq, qazanılmış etibarından sui-istifadə edərək 2021-ci ilin aprel ayının ortalarında qeyd olunan ünvanda yerləşən ofisdə ümumilikdə 7000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayınının son günlərində işlətdiyi ünvan 2 ünvanda yerləşən ofisdə özünü vəkil fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışları vasitəsilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nə aid Cəzaçəkmə müəssisəsində cəza çəkən əri Əzizbala Rəcəbovun azadlığa buraxılmasını təmin etdiəcəyinə dair Zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq, qazanılmış etibarından sui-istifadə edərək 2021-ci ilin aprel ayının əvvəllərində qeyd olunan ünvanda yerləşən ofisdə ümumilikdə 5000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 ilə aralarında olan tanışlıq münasibətindən istifadə edərək digər şəxsə məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini özününki kimi təqdim edərək həmin evi dəyəri 23000 manat olmaqla hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, dəyəri tam ödənildikdən sonra fərdi yaşayış evinin Zərərçəkmiş şəxs5 övladı Zərərçəkmiş şəxs1 Oktay oğluna adına rəsmiləşdiriləcəyini bildirib qazanılmış etibardan sui-istifadə etməklə 2021-ci ilin iyun ayının ortalarında ünvan 4 ünvanda 10000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 ilə aralarında olan tanışlıq münasibətindən istifadə edərək X2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini özününki kimi təqdim edərək həmin evi dəyəri 23000 manat olmaqla hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, dəyəri tam ödənildikdən sonra fərdi yaşayış evinin Zərərçəkmiş şəxs5 övladı Zərərçəkmiş şəxs1 Oktay oğluna adına rəsmiləşdiriləcəyini bildirib qazanılmış etibardan sui- istifadə etməklə 2021-ci ilin may ayının əvvəllərində ünvan 4 ünvanda ilkin ödəniş adı ilə 5300 manat və 24 sentyabr 2021-ci ildə yaranmış borclarının bağlanması məqsədilə həmin mənzilin pulunun qalan hissəsindən çıxmaq adı ilə ünvan 5 ünvanda 5500 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs5 10800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İnsan hüquqlarının X4 qeyri-hökumət təşkilatının sədri vəzifəsində çalışıb. İttiham aktında göstərilənlər ona qarşı atılan şər və böhtandır. O, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən işlədiyi ofisdə olduğu zaman Zərərçəkmiş şəxs1 Oktay oğlu və Zərərçəkmiş şəxs5 yanlarında olan bir neçə şəxslə birlikdə onun işlədiyi ofisə gələrək onu məcburi şəkildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evlərdən birinə aparmış, həmin yerdə ona hədə-qorxu gəlinib, təzyiq göstərilərək videoçəkiliş zamanı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evə alqı-satqı ilə bağlı danışıq aparması, Zərərçəkmiş şəxs5 verdiyi pulu götürməsi tələb olunmuşdur. O, təzyiqə məruz qaldığı üçün videoçəkiliş zamanı evin alqısatqısına dair danışıq aparmış, Zərərçəkmiş şəxs5 verdiyi pulu götürmüşdür. Bundan əlavə, Bakı şəhəri 16 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs5 ilə aralarında 5500 manatın verilməsinə dair kredit müqaviləsi bağlanılmış, Zərərçəkmiş şəxs5 kassaya pul ödəyərək ona həmin pulu qəbul etməsini bildirmiş, lakin, notariat ofisindən çıxdıqdan sonra ödənilən məbləği ondan geri almışdır. Zərərçəkmiş şəxs3 onun qonşusu, həmçinin sədri olduğu qeyri-hökumət təşkilatının üzvüdür. O, Zərərçəkmiş şəxs3 özünü vəkil fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışları vasitəsilə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nə aid Cəzaçəkmə müəssisəsində cəza çəkən qohumunun azadlığa buraxılmasını təmin etdirəcəyinə dair vəd verməmiş, həyat yoldaşı vəfat etdikdən sonra Zərərçəkmiş şəxs3 ona evlənməyi təklif etmiş, lakin, rədd cavabı aldığı üçün onu evliliyə məcbur etmək məqsədi ilə ona qarşı dələduzluq etməsi ilə bağlı şərləmiş, digər zərərçəkmiş şəxsləri ona qarşı ifadə verməyə məcbur etmişdir. O, Zərərçəkmiş şəxs4 ilə onun həbsdə olan ərinə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlayaraq 500 manat pul almış, lakin, sonradan həbs olunduğu üçün işi tamamlaya bilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı müstəntiq tərəfindən Zərərçəkmiş şəxs4 ilə üzləşdirilmiş, həmin vaxt, Zərərçəkmiş şəxs4 ona 5000 manat məbləğində pul verdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs4 qeyd olunan məbləği ona verməsi ilə bağlı and içməsini təklif etmiş, lakin, Zərərçəkmiş şəxs4 and içməkdən imtina etmişdir. İttiham aktında göstərilənlərin ona qarşı atılan böhtan olunmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Oktay oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşamış, atası Zərərçəkmiş şəxs5 ilə yaxın münasibətləri olmuşdur. Onun atası Zərərçəkmiş şəxs5 tanışı Təqsirləndirilən şəxs ev almaq istədiyni bildirmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evini onlara atmağı təklif etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq özünə məxsus evi 45000 manat satdığını bildirmişdir. Daha sonra onlar 23.000 manata razılaşmışlar. Onlar 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ilə birlikdə evə baxmaq üçün ünvan 6 ünvanına getmiş, evi bəyəndikləri üçün Təqsirləndirilən şəxs evin satış məbləğini tam şəkildə ödəyə bilməyəcəklərini bildirmiş, ilkin olaraq 10000 (on min) manat ödəməyi geri qalan məbləği isə hissə-hissə ödəməyi təklif etmişlər. Bundan sonra 2021-ci ilin iyun ayının ortalarında Mirvarinin yaşadığı mənzildə o, Elməddin, atası Oktay və Əlikram görüşmüş, həmin vaxt videoçəkiliş ilə 10000 (on min) manat pulu o, atası Oktaya, atası isə Əlikrama vermişdir. Əlikram onlara mənzili verməmiş, əksinə olaraq onlara başqa adamın adına olan çıxarış verərək bildirmişdir ki, həmin çıxarışın əsasını 2 gün sonra verəcəkdir. Həmin vaxtdan 4 ay sonra Əlikram həbs olunmuşdur. Bundan bir qədər sonra atası ona bildirmişdir ki, Əlikrama vermiş olduğları 10000 (on min) manat puldan öncə Əlikram atasından 5300 manat ilkin ödəniş almışdır. Atasından ilkin ödəniş kimi 5300 manat, ondan isə 10000 manat pul almış, daha sonra isə notarial qaydada 5500 manat əlavə pul almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, qeyd olunan ev sonuncuya yox başqa şəxsə aiddir. Bununla əlaqədar mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı Əzizbala Rəcəbov 2015-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci ildə tanışı Zərərçəkmiş şəxs3 ilə söhbət əsnasında sonuncu qohumu olan İlkin adlı şəxsin azadlığa buraxılacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs3 məsələni hansı şəkildə həll etdiklərini soruşduqda, Zərərçəkmiş şəxs3 məsələnin həllində Təqsirləndirilən şəxs onlara köməklik edəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarında o, Zərərçəkmiş şəxs3 ilə əlaqə saxladığı zaman, Zərərçəkmiş şəxs3 qohumunun cəzasının Təqsirləndirilən şəxs Ali Məhkəmədə olan tanışı vasitəsi ilə azaldıldığını bildirmişdir. O, bir müddət sonra Zərərçəkmiş şəxs3 ilə görüşdüyü zaman Zərərçəkmiş şəxs3 cəzanın azaldılmasına dair Ali Məhkəmənin qərarını görmüş, bundan sonra onda Təqsirləndirilən şəxs qarşı inam yaranmışdır. O, Zərərçəkmiş şəxs3 onu Təqsirləndirilən şəxsyla tanış etməsini xahiş etmiş, bir neçə gün sonra Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən ofisinə getmişdir. Aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs ondan ərinin məhkum olunmasına dair məhkəmə hökmünü istəmiş, o, həmin hökmün surətini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs Ali Məhkəmədə işləyən tanışı ilə bu barədə danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək məsələnin həlli üçün 12000 manat tələb olunduğunu bildirmiş, o, həmin məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs tələb olunan məbləğin azaldılması üçün Ali Məhkəmədə işləyən tanışı ilə yenidən danışacağını demişdir. Təqsirləndirilən şəxs bir müddət sonra yenidən ona zəng edərək Ali Məhkəmədə işləyən tanışı ilə danışdığını, işin həlli üçün 5000 manat tələb olunduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi ofisə gedərək 5000 manat pulu Zərərçəkmiş şəxs3 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra məhkəmə prosesi ilə bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu məhkəmə iclasının 2021-ci ilin iyul ayında olacağını bildirmiş, lakin, sonradan məhkəmə iclasının 2021-ci ilin sentyabr ayına təxir edildiyni bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs kağıza məhkəmə iclasının tarixini və işə baxacaq hakimin adını yazaraq vermişdir. Təqsirləndirilən şəxs bildirdiyi vaxt tamam olmasına baxmayaraq həyat yoldaşının işinə baxılmamış, həyat yoldaşı ona zəng edərək Təqsirləndirilən şəxs yalan danışdığını bildirmişdir. O, Ali Məhkəməyə gedərək Təqsirləndirilən şəxs ona verdiyi kağızı məhkəmə işçilərinə təqdim etmiş, ona icraatda həyat yoldaşı barəsində məhkəmə işinin olmadığı bildirilmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşərək ona verdiyi geri qaytarmasını tələb etmiş, lakin, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında özündə olan bəzi sənədlərin kserosurətlətini çıxarmaq məqsədilə ünvan 7 ünvanda yerləşən üzərində “Vəkil” və “Sosial yardım” yazılan ofisə daxil olmuşdur. Orada ona lazım olan sənədlərinin kserosurətlərini çıxarmış və söhbət zamanı orada işləyən Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşadığını öyrənmişdir. Daha sonra qudası Mətanətin bacısı oğlu İlkinin həbsdə olmasını və sonuncuya köməklik göstərilməsi barədə söhbət açılan zaman Əlikramın ona özünü vəkillik fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etməsini və onun ofisində masanın üzərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının çox sayda qərarlarının olmasını xatırlamışdır. Daha sonra o, Əlikramın ofisinə gedib sonuncudan qudasının bacısı oğlu İlkinin həbsdə olmasını və həbsdən buraxılmasına köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin zaman Əlikram ona hazırda heç nə deyə bilinəcəyini, bəzi yüksək vəzifəli məmur tanışları ilə görüşüb danışdıqdan sonra dəqiq bir cavab deyəcəyini bildirmişdir. Həmin zaman Əlikramdan həmin şəxslərin kimlər olmasını soruşduqda Əlikram ona Ali Məhkəmənin hakimlərinin və Ədliyyə Nazirliyinin əməkdaşlarının adlarını sayaraq bildirmişdir ki, onlar bir qrupdurlar və hər zaman görüşüb bu cür məsələləri həll edirlər. Belə olduğu halda o, Əlikrama inanaraq ehtiyac olmamasını bildirmiş və İlkinin həbsdən azad olunması üçün nələrin lazım olduğunu soruşmuşdur. Bu zaman Əlikram ona bu cür məsələlərin 10.000 manata həll edildiyini bildirmişdir. Lakin o, sonuncuya həmin məbləğə imkanlarının çatmayacağını, maddi sıxıntılarının olduğunu və məbləğin aşağı salınmasını bildirmişdir. Bundan sonra Əlikram onun yanında guya Ali Məhkəmənin hakiminə zəng vurub maddi vəziyyətlərinin yaxşı olmamasını və qiymətdə köməklik göstərilməsini xahiş etmiş və söhbət əsnasında guya qarşı tərəfdəki hakimin «mən tək deyiləm prokurorla da razılaşmalısan» dediyini eşitdirmişdir. Daha sonra Əlikram danışığını bitirib yenidən guya Azərbaycan Respublikası Baş Prokurorluğunda dövlət ittihamı idarəsinin prokuroru X3 zəng etmiş və danışıq zamanı həmin şəxsə onların maddi imkanının zəif olmasını və köməklik göstərilməsini xahiş etmişdir. Həmin şəxslə danışığını bitirdikdən sonra ona qeyd olunan işin 7.000 manata həll edəcəyini demişdir. Təxminən bir həftə sonra yəni, 2021-ci ilin aprel ayının ortalarında o, Əlikramın işlədiyi Sabunçu qəsəbəsində S.Hüseynov küçəsi 87 ünvanda yerləşən üzərində “Vəkil” və “Sosial yardım” yazılan ofisə daxil olub həmin ofisdə 7.000 manat pulu Əlikrama vermişdir. Həmin zaman orada ikisindən başqa heç kəs olmamışdır. Əlikram pulu götürüb qısa zaman ərzində İlkinin həbsdən buraxdıracağını demişdir. 2021-ci ilin may ayının əvvəllərində Əlikram ona yaşadığı evdə İlkinin barəsində guya xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarını vermiş və 2021-ci ilin sentyabr ayına qədər həbsdən azad olunacağını demişdir. Daha sonra İlkinin qeyd olunan müddətdə buraxılmadığını görüb məsələni araşdıran zaman ona məlum olmuşdur ki, Əlikramın ona verdiyi xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı saxtadır və belə bir qərar qəbul edilməmişdir. Bundan sonra o, bilmişdir ki. Əlikram onun etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə aldadıb 7.000 manat pulunu ələ keçirmişdir. Həmin vaxtdan hazırki müddətədək Əlikramdan pulunu tələb etsə də, sonuncu pulunu qaytarmamışdır. Saxta xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı da ona yaşadığı evdə Əlikram vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 il müddətdir ki, tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 2021-ci ildə Əlikram təcili mənzilini satdığı üşün iki dəfə gedib sonuncunun mənzilinə baxmışdır. Əlikram evini 45000 manata satsa da, onlar 23.000 manata razılaşmışlar. O, ilkin beh olaraq Əlikrama 2021-ci ilin may ayının əvvəllərində ofisində 5300 manat pul vermişdir. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində Elməddin, tanımadığı qohumları ilə birlikdə Əlikramdan vermiş olduğu vədi yerinə yetirməyi tələb edirmişlər. Həmin vaxt Əlikrama o, təklif etmişdir ki, mənzilinin 10000 (on min) manat hissəsini versin, sonuncu Elməddinə olan borcunu versin qalan pulunu da sənədləşmədən sonra verər. Əlikram onunla razılaşmışdır. 2021-ci ilin iyun ayının ortalarında Mirvarinin yaşadığı mənzildə o, Elməddin, oğlu Ramin və Əlikram görüşmüşlər. Həmin vaxt videoçəkiliş ilə 10000 (on min) manat pulu Əlikrama vermişdir. Bundan sonra onlar oranı tərk edib getmişlər. Əlikram onlara mənzili verməmiş, əksinə olaraq onlara başqa adamın adına olan çıxarış vermiş və bildirmişdir ki, həmin çıxarışın əsasını 2 gün sonra verəcəkdir. Əlikram mənzili onlara verməyi uzatdığı üçün fikirləşmişdir ki, sənədləşmədə problem var. Əlikram isə bildirmişdir ki, yenə pula ehtiyac var. Bundan sonra ona bildirmişdir ki, əgər ona inanmırsa gedib notariusda müqavilə bağlasınlar. Bundan sonra o, Əlikramdan nə qədər pul lazım olduğunu soruşmuşdur. Əlikram 5500 manat pul lazım olduğunu demişdir. İki-üç gün sonra o, Əlikrama Bakıxanov qəsəbəsində olan notariusda 5500 manat vermiş və bununla bağlı müqavilə bağlamışlar. Həmin vaxtdan 4 ay sonra Əlikram həbs olunmuşdur. Təqsirləndirilən şəxs 10800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 122 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Xəqani oğlu ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayında sosial yardım almaq üçün elektron qaydada müraciət etmək məqsədilə ünvan 2 ünvanda yerləşən ofisə getmişdir. Həmin zaman həmin ofisdə nümayəndə kimi vəkillik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs söhbət zamanı sonuncu ona İ qrup əlil olduğunu və müddət keçdiyi üçün əlilliyinin bərpası üçün komissiyadan keçməli olduğunu bildirmişdir. Həmin zaman Əlikram bildirmişdir ki, əlilliklə bağlı komissiyadan keçməkdə və əlliyinin bərpa edilərək vəsiqə almaqda köməklik edə bilər, bunun üçün 5.000 manat pul lazımdır. Eyni zamanda o, sonuncuya bildirmişdir ki, ünvan 8 ünvanda yerləşən yaşadığı evə çıxarış çıxarış almaq istəyir. Həmin vaxt Əlikram evinin sənədlərini də düzəltdirib çıxarış çıxarış alıb verə biləcəyini, bunun üçün isə 4.000 manat pul lazım olduğunu demişdir. Həmin zaman orada Əlikramın oğlu Rafiq də orada olmuş, Rafiq də bildirmişdir ki, bu işlərlə özü də məşğul olur, pulu gətirəcəyi təqdirdə atası Əlikramla birlikdə köməkləşib ona əlillik vəsiqəsi və evinə çıxarış alıb verə biləcəklərini demişdir. Bundan sonra o, sonunculara inanmış və razılaşmışdır. Təxminən 3-4 gün sonra o, 9.000 manat pulu hazırlayıb aparıb Əlikramın işlədiyi ofisdə yəni, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 87 ünvanda Əlikrama vermişdir. Həmin zaman orada Əlikram, o, və sonuncunun oğlu Rafiq olmuşlar. Başqa orada heç kəs olmamışdır. Pulu verdikdən sonra Əlikram və oğlu Rafiq bildirmişlər ki, təxminən üç ay ərzində ona əlillik vəsiqəsinin verilməsini və yaşadığı evə çıxarış alınması məsələsini həll edəcəklər. Aradan üç dörd ay keçdikdən sonra o, sonunculardan bu barədə maraqlandıqda ona hər dəfə müxtəlif bəhanələr gətirmişlər, sonradan eşitmişdir ki, Əlikram onun kimi başqa tanımadığı şəxslərdən də müxtəlif vədlərlərdə dələduzluq yolu ilə pullar alıb ələ keçirmişdir. O, sonuncuların hər dəfə onu yubatdıqlarını görüb aniamışdır ki, Əlikram və oğlu Rafiq onu da aldadıb etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pulunu ələ keçirmişlər. Bundan sonra o, hüquq-mühafizə orqanlarına bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 23 il müddətdir ki, Azərbaycan Respublikası FHN-də Sabunçu rayon Dövlət Yanğından mühafizə hissəsində növbə rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs onun atasıdır. Atası 11 dekabr 2021-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun atası ilə münasibəti olmadığından sonuncunun törətmiş olduğu cinayət əməllərindən məlumatsızdır. Zərərçəkmiş şəxs2 Xəqani oğlu yalan danışır. O, Elnuru bir dəfə görmüşdür. Onun övladı Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən 170 saylı tam orta məktəbin şagirdidir. Atasının isə ofisi həmin məktəbin yaxınlığında olmuşdur. Bir dəfə o, övladını məktəbdən götürən vaxt Elnuru uzaqdan bir dəfə atası ilə görmüşdür. Onun həmin şəxslə heç bir ünsiyyəti olmamışdır. Elnurun hansı səbəbdən belə bir ifadə verməsi ona məlum deyil. Cinayət işinin 1-ci cildinin 137-154-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-69/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 320.2-ci maddələri ilə təqsirli bilinərək o, CM-nin 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 320.2-ci maddəsinə əsasən qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə nisbəti ilə hesablanaraq alınan 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq ona 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 182-ci vərəqəsində olan Bakı şəhəri 16 saylı Notariat Ofisində 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs5 ilə borc alan Təqsirləndirilən şəxs arasında 5500 manat pulun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Cinayət işinin 1-ci cildinin 190-cı vərəqəsində olan əl yazmadan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs5 əldə etdiyi 10000 (on min) manat pulu 2021-ci ilin noyabr ayının sonunadək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin 1-ci cildinin 196-212-ci vərəqəsində olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-69/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli hökmü zərərçəkmiş X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas cəzalar qismən və əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq, ona 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 177-179-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 310, 313, 320.1, 178.2.1, 178.2.3, 29,178.2.1 və 29,178.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 178.2.1, 178.2.3, 29,178.2.1 və 29,178.2.3-cü maddələri ilə olan hissəsinə bəraət verilməklə, CM-nin 310, 313, 320.1 -ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3 və 68.1.3-cü maddələri tətbiq edilərək 01 il 03 ay 19 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzanın çəkilməsi ilə bağlı həbsdən azad edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində CM-nin 73-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmiş, Yasamal RPİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi tətbiq edilməklə CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2 və 66.4-cü maddələri tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 178.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2 və 66.4-cü maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ona ittiham edilmiş əməllərdə özünü təqsirli bilməməsi özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, qəbzlər, notarial müqavilə və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarından əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 Oktay oğlunun Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 vurulmuş maddi ziyana görə 10800 (on min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 122 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik, Zərərçəkmiş şəxs1 Oktay oğluna cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və şəxslərə hüquqi xidmətlər göstərilməsi sahəsində fəaliyyət ilə məşğul olmağı qadağan edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1931/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10800 (on min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 122 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq digər mülki iddiaçı Zərərçəkmiş şəxs1 Oktay oğluna ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar