Məhkəmə qərarları › İş №1(008)-344/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-344/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-344/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə 05 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu E.Məhərrəmli küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus iri və xırda iribuynuzlu heyvanların saxlanıldığı fermanın həyətinə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermanın həyətindən özgənin əmlakını - hər birinin dəyəri 3000 manat olan iki baş iribuynuzlu heyvanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04 oktyabr 2024-cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı evin yaxınlığında Əmirxan adlı tanışının işlətdiyi kafedə Əmirxan, digər tanışı Vasiflə masa arxasında əyləşərək pivə içmişdir. Kafedə birlikdə bir neçə saat əyləşərək pivə içib söhbət etdikdən sonra təxminən saat 02 radələrində kafedən çıxan zaman küçə ilə 2 baş iribuynuzlu (inəklərin) ev heyvanlarının sahibsiz getdiklərini görmüşdür. İnəklərin sahibsiz olduğunu gördüyü üçün yalandan Vasifə inəklərin özünə məxsus olmasını bildirib həyətə aparıb salmağı xahiş etmişdir. Vasif onun qəssab olduğunu bildiyindən inəklərin ona məxsus olmasına dair sözlərinə təəcüblənməmişdir. Vasiflə birlikdə inəkləri evinin həyətinə aparmaq məqsədilə onları bir qədər apardıqları zaman inəklər qəflətən qaçmışlar. Vasiflə inəklərin arxasınca bir qədər qaçaraq yaxınlıqda olan fermanın ətrafında inəklərin fermaya girdiyini gördüyü üçün fermanın həyətinə daxil olub inəkləri oradan çıxartmışdır. Vasif ondan arxada qaldığı üçün onunla ayrı düşmüşdür, bu səbəbdən Vasifin mobil telefonuna zəng edərək inəklərin özündə olduğunu bildirmiş və Vasifə harada olduğunu ona bildirdikdən sonra fermanın ətrafında küçədə onunla görüşmüşdür. Vasiflə görüşən zaman Əmirxanın da Vasiflə bir yerdə olduğunu görmüş və Əmirxana da özünə məxsus inəklərin həyətə salmasına köməklik etməsini bildirib birlikdə inəkləri yenə də yaşadığı ünvana tərəf apardıqları zaman inəklər yenə də qaçmışdır. Onlar üçü də inəklərin arxasınca bir qədər getdikdən sonra qarşıda tanışları olan Rauf və Böyükağa onlara tərəf gəldiyini görmüşlər. Böyükağa və Raufa inəklərin özünə məxsus olmasını bildirib inəklərin qarşısını kəsərək yaşadığı evin həyətinə salmağa kömək etməklərini xahiş etmişdir. Hamısı bir yerdə köməkli inəkləri onun yaşadığı evin həyətinə aparıb salmışlar, sonra onlar hamısı çıxıb getmişlər. Səhər mal qara satışı ilə məşğul olan tanıdığı Nahid adlı şəxsin mobil telefonuna zəng edərək özünə məxsus iki baş inəyinin olduğunu və onları təcili olaraq satmaq istədiyini bildirmişdir. Bundan sonra Nahid onun yaşadığı ünvana gələrək inəklərə baxmış və iki baş inəyi 3000 manata razılaşaraq ondan almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə il olar ki, Ramana qəsəbəsi Südçülük sovxozu E.Məhərrəmli küçəsində yerləşən özünə məxsus fermer təsərrüfatı vardır. Həmin fermer təsərrüfatı 1 hektar 70 sot torpaq sahəsində yerləşməklə həyəti daş hasara alınmaqla dəmir qapısı vardır. Fermer təsərrüfatının içərisində 300 kv metr sahədən ibarət heyvanların saxlanılması üçün tikili vardır. İribuynuzlu heyvanlar gün ərzində fermanın tikili sahəsindən çıxarılaraq fermanın həyətində otlayaraq tikiliyə geri qayıdırlar. Fermer təsərrüfatında iri buynuzlu heyvanların yemlənməsinə, südünün alınmasına görə işçələri vardır. 05 oktyabr 2024-cü il tarixdə saat 05 radələrində işçiləri sağınla bağlı fermer təsərrüfatına gələrkən fermada olmuş 2 baş sağılan iribuynuzlu ev heyvanının yerində olmadığını gördükdə, bu barədə ona zəng vuraraq məlumat vermişlər. İşçiləri ona xəbər verdikdən sonra o fermaya gəlib fermanın ətrafında olan çöl sahəsinə baxış keçirsə də 2 iribuynuzlu ev heyvanını tapa bilməmişdir. Bundan sonra heyvanların fermadan oğurlanmasını düşünərək fermanın müşahidə kameralarına nəzər keçirdikdə 2 baş iribuynuzlu ev heyvanının fermanın həyətindən tanımadığı şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona sonradan məlum olmuşdur ki, onun fermasından oğurlanmış iki baş iri buynuzlu heyvanları Nəbi adlı şəxs tərəfindən Bülbülə qəsəbə sakininə satılmışdır. Ona məxsus olan iki baş iri buynuzlu heyvanları 05 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Bülbülə qəsəbəsi sakininin həyətindən götürülərək ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, iri və xırda buynuzlu ev heyvanların alqı-satqısı işi ilə məşğul olur. Onun yaşadığı ünvanı tanıyan şəxslər onun ünvanına gələrək ondan iri və xırda buynuzlu ev heyvanları alırlar və özü də ucuz düşdükdə iri və xırda buynuzlu ev heyvanlarını alır. Təqsirləndirilən şəxs qəssab olaraq tanıyır, onun işlədiyi qəssabxanalara dəfələrlə iri və xırda buynuzlu ev heyvanları vermişdir. 05 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Nəbi onunla əlaqə saxlayaraq anasının müalicəsi ilə bağlı təcili özünə məxsus olan iki baş iri buynuzlu heyvanı satmaq istədiyini bildirmişdir. O, Nəbiyə heyvanlara baxandan sonra qiymətini razılaşacağını bildirmişdir. Nəbinin satmaq istədiyi heyvanlara baxmaq üçün Nəbinin yaşadığı ünvana getmişdir. O Nəbinin satmaq istədiyi iki baş iri buynuzlu heyvanın vəziyyətinə baxıb heyvanın birini 1500 manata ala biləciyini bildirdikdə Nəbi onun inəklər üçün təklif etdiyi qiymətlə razılaşmışdır. O yaşadığı ünvanda Nəbiyə 3000 manat verərək onun gətirdiyi Nəbinin özünə məxsus olaraq bildiyi iki baş iri buynuzlu heyvanı ondan almışdır. Həmin günü gündüz saatlarında polis əməkdaşları onun yaşaığı ünvana gələrək Nəbinin ona satmış olduğu iki baş iri buynuzlu heyvanla maraqlandıqda o Nəbidən birini 1500 manat olmaqla iki baş iri buynuzlu heyvanı almasını bildirmişdir. 05 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən onun yaşadığı ünvanın həyətindən iki baş iri buynuzlu heyvan götürülərək sahibinə qaytarılmışdır. Nəbidən iki baş iri buynuzlu heyvan alarkən onların oğurluq olmasından məlumatı olmamış, bu barədə Nəbi də ona bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə təxminən saat 22 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən işlətdiyi kafedə tanışları Nəbi və Vasiflə masa arxasında əyləşmişlər, Vasiflə Nəbi həmin vaxtı pivə içmişlər. Onlar üçü də birlikdə bir neçə saat vaxt keçirib söhbət etdikdən sonra təxminən saat 02 radələrində Nəbi və Vasif kafedən çıxaraq getmişlər. O da işini qurtarıb kafedən çıxdıqda kafenin qarşısında Vasiflə qarşılaşmışdır, bir qədər sonra Nəbinin iki baş inəkləri qova-qova onlara yaxınlaşan zaman Nəbi onlardan inəklərin qarşısını kəsərək saxlamalarını xahiş etmişdir. Həmin vaxtı inəklər qaçaraq başqa bir istiqamətə getdikləri üçün Nəbi ilə birlikdə onların arxasınca qaçan zaman yolda Rauf və Böyükağa adlı tanışları qarşılarına çıxdıqlarından onlardan da inəklərin qarşısını kəsməklərini bildirsələr də, onlar da inəkləri saxlaya bilməmişdir. Bir müddət sonra o Vasif, Nəbi, Rauf, Böyükağa köməkli şəkildə iki baş inəkləri saxlayaraq Nəbinin yaşadığı evin həyətinə salmışdır, bundan sonra oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Nəbi həmin inəklərin özünə məxsus olduğunu bildirdiyi üçün onların oğurluq olmasından məlumatı olmamışdır. Nəbi inəkləri saxlayaraq onun həyətinə salmağa köməklik etməyini xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Elşən Məhərrəmli küçəsində yerləşən fermada baş vermişdir. Cinayət işinin 15-ci vərəqində olan “Maddi sübuta baxış keçirilməsi və götürülməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin təhqiqatçısı X5, Azərbaycan Respublikası CPM-in 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Şahid1 Təqsirləndirilən şəxs tərəfinədn 05 oktyabr 2024cü il tarixdə ona satılmış olan iki baş iri buynuzlu heyvana baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Şahid1 təqdim etdiyi 02 baş iri buynuzlu heyvanı 02 baş dişi, təxminən gün ərzində 10 litr süd verə bilən, hər birinin diri vəziyyətdə çəkisi təxminən 400 kiloqram olan “Xorşdeyn” alman cinsli iribuynuzlu heyvandır. Təqdim olunmuş həmin iki baş iribuynuzlu heyvan iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülərək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildi. Cinayət işinin 36-cı vərəqində olan “Cinayəti törətməkdə şübhəli edilən şəxsi tutmaq haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqində olan “Baxış keçirilməsi barədə” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X10, Azərbaycan Respublikası CPM-in 51, 85, 87, 134 və 236-cı maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, xx.xx.2024-cü il tarixli məktub ilə Sabunçu RPİ-nə daxil olmuş və cinayət işinin materiallarına əlavə olunmuş Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 01 ədəd CD diskə köçürülmüş görüntüyə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin görüntü açıldıqda qısaqol üst geyimində, üzü saqqalı şəxslərin bir-birinin arxasınca küçə ilə iti sürətlə hərəkətdə olan iki baş iribuynuzlu heyvanların arxasınca piyada hərəkətdə olması müşahidə edilir. Təqsirləndirilən şəxs çəkilişlərdə olan şəxsin onun olduğunu, ifadəsində qeyd etdiyi kimi iki baş iribuynuzlu heyvanları oğurladığını bildirir. Görüntüdə olan şəxslərin birinin Şahid3, digərinin isə X6 olduğunu onlara da heyvanların özünə məxsus olmasını bildirərək həyətinə salmaq üçün köməklik göstərmələrinə xahiş etdiyini bildirir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 78-ci vərəqində olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 997780 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi Təqsirləndirilən şəxs, anası kimi X3 qeyd olunmuşdur. Cinayət işinin 79-cu vərəqində olan Bakı şəhəri 4 saylı ASAN Xidməti Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı 481751 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi Təqsirləndirilən şəxs, anası kimi X3 qeyd olunmuşdur. Cinayət işinin 82-84-cü vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 87-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10359 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 baş dişi, təxminən gün ərzində 10 litr süd verə bilən, hər birinin diri vəziyyətdə çəkisi təxminən 400 kiloqram olan boğaz vəziyyətdə iribuynuzlu heyvanın 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə qiyməti təxminən 6000,00 (02 baş x 3000 manat) manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Cinayət işinin 117-122-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 02 baş iribuynuzlu heyvanın cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməklə zərərçəkmişə qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən iki baş iribuynuzlu heyvanların oğurlanması görüntülərini əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Ziyadxan oğlu ilə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs Ziyadxan oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 02 baş iribuynuzlu heyvanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən iki baş iribuynuzlu heyvanların oğurlanması görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 02 baş iribuynuzlu heyvanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən iki baş iribuynuzlu heyvanların oğurlanması görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Ziyadxan oğlunun hüquqlarının istintaqda və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar