Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-346/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 1(103)-660/2018 saylı qərarı ilə CM-nin 126.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş və ya ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq odlu silahı əldə edib, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qərarı ilə əməli CM-nin 126.1 və 228.1-ci maddələrinə tövsif edilərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericailikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz ilkin təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2025-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Nizami rayonunda yerləşən «Koroğlu» metrostansiyasının 4-cü çıxışının yaxınlığında saxlanılaraq həmin gün saat 17:37-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətində yerləşən tikilidəki dolabdan keçmiş SSRİ dövlətində 1968-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 114801 nömrəli, 16 kalibrli, TOZ-BM modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz ilkin təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 il əvvəl yaşadığı qəsəbədəki zibillikdən bir ədəd qundağı və lüləsi kəsilmiş “TOZ” markalı ov tüfəngi tapmış və həmin tüfəngi yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində gizlədib saxlamışdır. 12 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində qonşusu Şahid2 ilə birlikdə «Koroğlu» metro stansiyasının yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onalara yaxınlaşaraq saxlamış və onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib onu və həmçinin yanında olan Vilayəti Baş İdarəyə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları ona evinə də baxış keçiriləcəyini əvvəlcədən dediklərindən o, şəxsi axtarış zamanı evində qundağı və lüləsi kəsilmiş tüfəng saxladığını etiraf etmişdir. Bundan sonra müdafiəçinin və özünün razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı o, evin sol tərəfindəki tikilidə olan dolabda gizlətdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş suallara cavabında bildirmişdir ki, məhkəməyədək icraat zamanı ona hər hasnı fiziki və psixi təsir göstərilməmişdir. Qundağı və lüləsi kəsilmiş “TOZ” markalı ov tüfəngini həmin vəziyyətdə tapmış, həmin silahı evinin sol tərəfindəki tikilidə olan dolabda gizlətmişdir. Qundağı və lüləsi kəsilmiş ov tüfəngini heç vaxt istifadə etməmişdir. Törətdiyi əməldən peşman olduğunu etiraf edir, ona ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbə sakini, əvvəllər odlu silahdan qəsdən bədən xəsarəti yetirməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən 12 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə həmkarları Fərid Kazımlı, Roman İsmayılov və Samir Əzimi daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmış və keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:10-da Bakı şəhəri, Nizami rayonunda yerləşən «Koroğlu» metrostansiyasının 4-cü çıxışının yaxınlığında tərəflərindən saxlanılmış, həmin zaman Təqsirləndirilən şəxs yanında özünü sonuncunun qonşusu kimi təqdim edən Şahid2 da olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah edərək hər iki şəxsə onlarla birlikdə Baş İdarəyə gəlməsini təklif etmişlər, onlar da buna etiraz etməyərək müşahitələri altında Baş İdarəyə getmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamış, daha sonra Şahid2 üzərinə baxış keçirilmiş, lakin onun da üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra yaşadığı evə baxış keçiriləcəyini bildiyi üçün Təqsirləndirilən şəxs səmimi olaraq yaşadığı evdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi saxladığını bildirib yaşadığı mənzilə özünün iştirakı ilə baxış keçirilməsinə razılıq vermiş, bundan sonra əməliyyat qrupunun üzvləri, təhqiqatçı, müdafiəçisi və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, orada videçəkilişlə həyata keçirilən baxış zamanı təhqiqatçı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu da öz növbəsində baxış onları yaşadığı evin həyətinin girişdən sol tərəfdə yerləşən tikiliyə apararaq orada olan dolabı göstərib həmin dolabda lüləsi və qundağı kəsilmiş ov tüfəngini gizlətdiyini bildirmiş, həmin dolab açıldıqda oradan içərisində predmet olan qara rəngli kostyum örütüyü aşkar olunmuş, təhqiqatçı tərəfindən örtük açıldıqda oradan bir ədəd lüləsi və qundağı kəsilmiş qoşalüləli ov tüfəngi və iki ədəd ov tüfənginin patronu aşkar olunmuşdur. Daha sonra ov tüfəngi və patronlar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş ov tüfəngini 8 il əvvəl tapdığını və lüləsinin, qundağının onun tərəfindən kəsildiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 12 fevral 2025-ci il tarixdə saat 14:10-da qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə «Koroğlu» metro stansiyasının yaxınlığında olarkən əvəllər tanımadığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşaraq saxlamış və Təqsirləndirilən şəxs odlu silah əldə edib saxlamaqla şübhəli olduğumu bildirib sonuncunu və həmçinin onu Baş İdarəyə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamış, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə silah saxladığını etiraf etmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş, lakin üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 12 fevral 2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlaması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etibarlı mənbədən məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir(i.v.6-7). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış, baxış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını deyərək ona məxsus ünvan 3 ünvanında odlu silah saxladığını bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonu, əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən isə pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi "İphone" markalı mobil telefona baxış keçirildi və həmin mobil telefonun arxa hissəsinin çatlamış vəziyyətdə olması müəyyən edildi. Pula baxış keçirilərkən isə 55 manat pulun olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs ona məxsus mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu bildirdi. Bundan sonra 55 manat pul onun özünə geri qaytarıldı, mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanışı Şahid2la qonşuluqda yaşadıqlarını, özü üçün bank kartı almaq məqsədi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu. Koroğlu metrostansiyasına getdiklərini, özünə məxsus ünvan 3 ünvanında saxladığı silahdan tanışı Şahid2, eləcə də hər hansı bir başqa şəxsin məlumatının olmadığını, həmin ünvana baxış keçirilməsinə hər hansı etirazının olmamasını bildirdi. Daha sonra Şahid2 üstünə baxış keçirildi. Şahid2 prosesin videoçəkiliş vasitəsi ilə keçiriləcəyi barədə məlumat verildi, Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra V Mayılov üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 manat pulu təqdim edərək masanın üstünə qoydu. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra onun təqdim etdiyi 1 manat pul özünə qaytarıldı. Şifahi sorğu zamanı Şahid2 tanışı Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşadıqlarını, Təqsirləndirilən şəxs üçün bank kartı əldə etmək məqsədi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasına getdiklərini bildirərək tanışı Təqsirləndirilən şəxs sonuncuya məxsus qeyd olunan ünvanda odlu silah saxlamasından məlumatının olmadığını bildirdi(i.v. 28-30). “Ünvana baxış və əşyaların götürülməsi haqqında” 12 fevral 2025-ci il tarixli protokolla və baxış hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı bir ədəd DVD-R diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin gün saat 17:37-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətində yerləşən tikilidəki dolabdan 114801 nömrəli, qoşa lüləli, lüləsi və qundağı kəsilmiş bir ədəd ov tüfənginin kəsiyi və iki ədəd ov tüfənginə aid patron aşkar edilərək götürülmüşdür(i.v.33-35). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 13 fevral 2025-ci il tarixli, 23/205 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 114801 nömrəli silah, 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, TOZ-BM modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hazırda öz ilkin təyinatını itirmiş ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır(i.v.54-58). DVD disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, DVD-R diskdəki şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı videoçəkilişə baxış keçirilərkən müəyyən edildi ki, təhqiqatçı Arif Rzayev tərəfindən baxış hərəkətləri şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, onun müdafiəçisi Pərviz Musayevin, BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Fərid Kazımlının, Roman İsmayılovun və Samir Əziminin iştirakı və videoçəkilişlə həyata keçirilir. Baxış zamanı təhqiqatçı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs də öz növbəsində baxış iştiakçılarını yaşadığı evin hətəinin girişdən sol tərəfdə yerləşən tikiliyə apararaq tikilidə olan dolabı göstərib həmin dolabda lüləsi və qundağı kəsilmiş ov tüfənginin olduğunu bildirir. Həmin dolab açıldıqda dolabdan içərisində predmet olan qara rəngli kostyum örütüyü aşkar olunur. Təhqiqatçı tərəfindən örtük açıldıqda oradan bir ədəd lüləsi və qindağı kəsilmiş qoşalüləli ov tüfəngi və iki ədəd ov tüfənginin patronu aşkar olunur(i.v 70). “Maddi sübut kim tanınma haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd lüləsi və qundağı kəsilmiş 114801 nömrəli, 16 kalibrli TOZ-BM modelli ov tüfənginin kəsiyi maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (i.v.101-103). Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ 84/MEŞ saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir(i.v. 121-123). “Sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şübhəli şəxs qismində saxlandıqdan sonra ona edilmiş təklifə əsasən Təqsirləndirilən şəxs odlu silahı könüllü olaraq təqdim etməsindən ibarət əməli odlu silahı könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, Cinayət işinin materiallarından qanunsuz olaraq odlu silahın hazırlanması və həmçinin qanunsuz olaraq odlu silahın əldə edilmə mənbəsinə görə materialın ayrılması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd odlu silah hesab edilən yivsiz ov tüfənginin kəsiyinin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi barədə qəbul olunmuş qərar nəzərə alınmış, cinayət işinə əlavə edilmiş baxış və götürmə aparılması barədə 12 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır(i.v.165-171). İş materiallarında olan: 13 fevral 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v. 1-2). “Şübhəli şəxsin tutulması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə, saat 14:10-dan tutulmuş hesab edilmişdir(i.v.25). 13 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir(i.v 75-76). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 4(005)- 171/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir(i.v.96-99). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 1(008)-346/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona məxsus olan ünvan 4 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə icazə verir və hər hansı etirazı yoxdur(i.v.31). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qərarı ilə əməli CM-nin 126.1 və 228.1-ci maddələrinə tövsif edilərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli qərarı cəzadan vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarması ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır(i.v.132-133). Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 1(101)-318/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.134-147). Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 1(103)-660/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs əməli CM-nin 126.1 və 228.1-ci maddələrinə tövsif edilərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır(148-156). Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixə cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(i.v 157-160). 15 mart 2025-ci il tarixli məktubdan görünür ki, 6/75-071 nömrəli xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığınıza cavab olaraq bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunuz olaraq lüləsi və qundağı kəsilmiş qoşalüləli ov tüfəngini əldə edib saxlaması müəyyən edilmiş, lakin onun həmin silahı özü tərəfindən kəsilməsi, qanunsuz olaraq əldə etdiyi ov silahını, nə zaman, kimdən, harada və hansı şəraitdə aldə etməsi, ov silahının əldə edilmə mənbəyinin müəyyən edilməsi, həmçnin onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır(i.v 164). Cinayət işinin materiallarından ayrıca materialın ayrılması haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından bir ədəd odlu silahın əldə edilməsi, saxlanılması, daşınması və hazırlanması faktlarına görə ayrıca material ayrılmışdır(i.v. 173-174). 18 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittihamın məzmununa dəyişiklik edilməklə yenidən ittiham elan edilmişdir(i.v 181-182). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs özünü təqsirli bilərək silahı üzərində deyil, evində saxladığını və ondan heç vaxt istifadə etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin dispozisiyasında cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə təşkil edir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır(6-cı bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-cü maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini(CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir(CM-61.1.1). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əvvəlki törədilmiş cinayətlərin xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmaması nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1 və 228.1ci maddələri məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran hallar(cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutbir ədəd 114801 nömrəli 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, TOZ-BM modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi(lüləsi və qundağı kustar üsul ilə kəsilmiş və hazırda öz ilkin təyinatını itirmiş) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılmalıdır(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan bir ədəd 114801 nömrəli 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, TOZ-BM modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi(lüləsi və qundağı kustar üsul ilə kəsilmiş və hazırda öz ilkin təyinatını itirmiş) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 22 saata(10s*6m=60m, 12s*11m=132m) görə 192 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-346/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-346/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver