Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-347/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi X8, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və digər Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası, orta təhsilli, evli, işləməyən, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə, saat 21 radələrində birgə yaşadıqları ünvan 1 ünvanında aralarında əvvəlcədən mövcud olan ailə-məişət münaqişəsi zəminində formalaşmış gərgin şəxsi münasibətlər nəticəsində, səbəbli şəkildə baş vermiş mübahisə zamanı arvadı X9 əl və ayaq zərbələri ilə baş, sinə, qol, bud və baldır nahiyələrindən vurmaqla ona sağ təpə-gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol budun və sol baldır nahiyələrinin dərialtı hematomaları, döş qəfəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, 06 iyul 2022-ci il tarixdə, saat 21 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında arvadı X9 döyərkən qorxaraq qışqırıb ağlayan xx.xx.2022-ci il təvəllüdlü körpə övladı X2 susdurmaq üçün sillə ilə sifətindən zərbə vurmaqla ona sifətin və başın sol yarsının (sol təpə-gicgah alın, sol gözyuvasıətrafı, sol almacıq- yanaq-çənə nahiyələri) dərialtı hematoması, hər iki sağrı nahiyəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 27 aprel 2018-ci il tarixdə X10 ilə ailə həyatı qurmuş, rəsmi nikahlarından xx.xx.2022-ci il tarixdə Dəniz adlı bir qız övladları dünyaya gəlmiş, evlilikləri dövründə aralarında bəzən xırda sözsöhbətlər olurmuş. 06 iyul 2022-ci il tarixdə qızı Dənizi oynatmaq üçün qucağına almış, qızı qucağında ağladığı üçün həyat yoldaşı Şəlalə uşağı ondan almış, narazılığını bildirdikdə Şəlalə ona kobud cavab vermiş, o da əsəbləşərək azyaşlı qızı Dənizin sifət nahiyəsinə sillə ilə vurmuşdur. Daha sonra Şəlaləni təpiklə və əli ilə vuraraq ona xəsarətlər yetirmişdir.Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, xx.xx.2019-cu il tarixdə ailə qurmuşlar, rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü bir körpə uşaqları Zərərçəkmiş şəxs2 var. 06 iyul 2022-ci il tarixdə, tarixdə saat 21 radələrində Cəbrcəlil ilə onun valideynləri ilə birgə yaşadıqları ünvan 1 ünvanında olarkən Cəbrcəlil heç bir səbəb olmadan onunla dava etməyə, onu körpəsinin gözü qarşısında döyməyə başlamış, həmin vaxt qışqırıq səslərindən və onu döyməsindən körpə uşaqları Dəniz də qorxaraq qışqırıb-ağlamağa başlamış, Cəbrcəlil də sakitləşməsi üçün hətta körpə Dənizə də əl qaldıraraq sifətindən sillə zərbəsi vurmuşdur. O, uşağı üçün qorxaraq uşağı tez bağrına basmışdır və sakitləşdirmişdir ki, gecəni bir təhər yola verib səhər ata evinə qayıtsın. Belə də etmiş, səhər Cəbrcəlil evdən çıxan kimi körpəni də götürüb ata evinə getmişdir. Orada onun və körpəsinin bədəni üzərində olan xəsarətləri görən valideylərin məsləhəti ilə polisə müraciət etmiş, hər ikisinin məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişlər, Cəbrcəlil tərəfindən döyülərək xəsarət almaqları təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə onun baş, sifət, qol və ayaq, sinə nahiyələrindən vuraraq xəsarət yetirmiş, körpə Dənizə isə sifətindən zərbə ilə sillə vurmuşdur. Hazırda o, həm zərərçəkmiş, həm də digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxslə barışmış, onlara dəymiş ziyan tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qızı, xx.xx.2022-ci il təvəllüdlü X6 isə nəvəsidir. Təqsirləndirilən şəxs isə qızı Şəlalənin əridir, xx.xx.2019-cu il tarixdə onlar ailə qurmuşlar. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Cəbrcəlil ilə onun valideynləri ilə birgə yaşadıqları ünvan 1 ünvanında olarkən Cəbrcəlil heç bir səbəb olmadan Şəlalə ilə dava etməyə, onu körpəsinin gözü qarşısında döyməyə başlamış, həmin vaxt qışqırıq səslərindən və anasının döyməsindən körpə Dəniz də qorxaraq qışqırıb-ağlamağa başlamış, Cəbrcəlil də sakitləşməsi üçün hətta körpə Dənizə də əl qaldıraraq sifətindən sillə zərbəsi vurmuşdur. O, hadisənin şahidi olmasa da, sonradan qızı ona olanlar barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında bir mərtəbəsi olan üç otaqlı fərdi yaşayış evidir (i.v.10-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X14 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 07 iyul 2022-ci il tarixli, 1460 saylı rəyindən görünür ki, X3 təpə gicgah nahiyəsinin, sağ saidin, sol bazunun, sol budun və sol baldır nahiyələrinin dərialtı hematomaları, döş qəfəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanının(əşyaların) təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir, xəsarətlər üzərində zədə yetirən əşyanın(əşyaların) fərdi xüsusiyyətləri əks olunmadığından əşya(əşyalar) barədə daha dəqiq məlumat vermək mümkün deyil (i.v.21-22). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X14 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 07 iyul 2022-ci il tarixli, 1461 saylı rəyindən görünür ki, azyaşlı X1 və başın sol yarısının (sol təpə-gicgah alın, sol gözyuvasıətrafı, sol almacıq-yanaq-çənə nahiyələrinin) dərialtı hematoması, hər iki sağrı nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanının(əşyaların) təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (i.v.23-24). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.76-77). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.80). “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v. 81-85); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iclasında çıxış zamanı zərərçəkmiş şəxs və digər Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, cinayət nəticəsində vurulmuş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-347/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-347/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver