Məhkəmə qərarları › İş №1(008)-35/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-35/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-35/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-X3, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1966-cı il tarixdə Qazax rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.945 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlamaqla daşımış, 25 may 2021-ci il tarixdə, saat 10:30 radələrində Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, «Seyid» marketin yaxınlığında saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş 0.945 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün narkotik vasitə olan kokos almışdır. Həmin gün narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 25 may 2021-ci il tarixdə, saat 10:30 radələrində Zabrat qəsəbəsində yerləşən «Seyid» marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 15-ci PB-nə dəvət etmişlər. O buna etiraz etməmiş və birlikdə PB-nə gəlmişdir. Ona üzərində üzərində olan qanunsuz əşya və ya maddəni təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyduğu narkotik maddə olan kokosu təqdim etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 may 2021-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, qəbul etməsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə raport ilə bölmə rəhbərliyinə müraciət edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra saat 10:30 radələrində Mübariz adlı şəxsin xarici əlamətlərinə uyğun şəxs Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsində «Seyid» marketin yanında saxlanılaraq özlərini təqdim edib hüquqlarını izah etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şəxsiyyəti müəyyən olunduqdan sonra aydın olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Hüquq və vəzifələri izah olunduqdan sonra məlumat verilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Bununla bağlı Sabunçu RPİ-in 15-ci PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən 15-ci Polis Bölməsinə gəlməyə razılıq vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz maddə və ya sənəd varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təhvil vermiş, şəmin maddənin narkotik vasitə olan heroin olduğunu və bir gün əvvəl Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2059 saylı, 25 may 2021-ci il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazısı olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.945 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. eroinin təmiz çəkisi 0.945 qram, tədqiqata istifadə olundu cəmi 0.05 qram, qalıq-0.895 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 Ambulator X1 2483 saylı, 27 iyul 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 11 mart 1993-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1 hissəsi, 23-1-ci hissəsi 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə - bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 25 may 2021-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,09). Cinayət işinin materiallarında olan 26 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,45). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 26 may 2021-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 61). Cinayət işinin materiallarında olan 26 may 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 65). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.895 heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.895 heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar