Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-35/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 04 (dörd) il 03 (üç) aya endirilmiş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 30-cu dalanda yerləşən nömrəsiz evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, saxlanc yeri hesab edilən həyətyanı sahədə yerləşən 1 ədədinin qiyməti 1 manat, ümumi dəyəri 500 manat olan 500 ədəd metal sıxqacı, 1 ədədinin qiyməti 26 manat, ümumi dəyəri 988 manat olan, 38 ədəd metal dirəyi, 1 ədədinin uzunluğu 6 metr, 5x10 ölçüdə, 12,5 manat olan, ümumi dəyəri 500 manat olan 40 ədəd taxta dirəyi və 1 ədədinin qiyməti 23 manat, ümumi dəyəri 368 manat olan, 16 ədəd taxta lövhəni gizli olaraq talayaraq zərər çəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2356 (iki min üç yüz əlli altı) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, dalan 39, bağ 51 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, həyətyanı sahədə yerləşən evin birinci mərtəbəsinin plastik pəncərəsini zərblə vurub açaraq evə daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki 200 manat dəyərində, 1 ədəd elektrikli divardeşəni, 40 manat dəyərində, “Victor” markalı, 1 ədəd “laqondanı’’, 70 manat dəyərində, 1 ədəd plastik boru ütüsünü, evin həyətyanı sahəsində quraşdırılmış 110 manat dəyərində, “Marsu” markalı, 1 ədəd su mühərrikini və 60 manat dəyərində, 1 ədəd hidroforu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, dalan 42 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, saxlanc yeri hesab edilən həyətyanı sahədə yerləşən 1 metrinin qiyməti 3 manat olan, 60 manat dəyərində, 20 metr uzunluğunda naqili, 1 metrinin qiyməti 10 manat olan, 50 manat dəyərində, 5 metr uzunluğunda naqili, 1 ədədinin dəyəri 30 manat olan, ümumilikdə 450 manat dəyərində, 15 ədəd metal tərtibatı gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İşsiz olduğundan və maddi çətinlikləri yarandığından, həmçinin, anası xəstə olduğu üçün onun dərmanlarını almaq məqsədi ilə oğurluq edərək pul əldə etməyi qərara almışdır. O, 18 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində bir qədər pivə içdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 30-cu dalanda gəzişərkən tikinti tamamlanmamış evə görərək, həmin evdə heç kəsin olmayacağını düşünərək həmin evdən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə, evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, ətrafa baxdıqdan sonra tikilməkdə olan evin yaxınlığına tikinti materiallarının yığıldığını görərək həmin hissəyə yaxınlaşmışdır. Orada olan kisəsinin içərisinə yığılmış dəmir metal sıxqacları kisə ilə birlikdə küçəyə çıxarmış, daha sonra geri qayıdaraq uzunluğu təxminən 1 metr olan, təxminən 20-25 ədəd dəmir dirəkləri hissə-hissə küçəyə çıxarmışdır. O, yenidən həyətə daxil olaraq orada olan taxta lövhələri küçəyə çıxarmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində müxtəlif yerlərdə fəhlə işlədiyi üçün həminəraziyə bələd olmuş, oğurladığı tikinti materiallarını yaxınlıqda yerləşən zibilxana tipli yerə daşıyaraq gizlətmişdir. Növbəti gün, tikinti materiallarını gizlətdiyi yerə gələrək metal qəbulu məntəqəsinə satmaq məqsədi ilə yalnız dəmir tikinti materiallarını götürmüş, küçədə “Qaz 24” markalı avtomobil ilə səyyar qaydada metal qəbulu satışı ilə məşğul olan anket məlumatlarını dəqiq bilmədiyi şəxsə özünə məxsus bildirməklə 225 manat müqabilində satmışdır. Bir neçə gün sonra yenidən tikinti materiallarını gizlətdiyi yerə gedərək orada taxtadan olan tikinti materiallarını yaxınlıqda yerləşən evlərdən birini qarşısına yığmış, məqsədi, taksi çağırdığı zaman sürücüyə həmin evdə yaşadığını və həmin materialların ona məxsus olduğunu bildirmək olmuşdur. O, avtomobil yoluna çıxaraq dövlət qeydiyyat nişanını xatırlamadığı, “VAZ-21014” markalı, ağ rəngli damında yük yeri olan taksini saxladaraq özünə məxsus tikinti materiallarını Sabunçu bazarına aparmaq istədiyini bildirmiş, həmin şəxs, bunun müqabilində ondan 15 manat istəmiş, o, həmin şəxslə razılaşmışdır. O, qeyd olunan tikinti materiallarını taksiyə yükləyərək Sabunçu bazarına aparmış, təxminən 1 saat sonra, 45-50 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq taxtalarla maraqlanmış, o, həmin materialların özünə məxsus olduğunu, evinin tikintisi zamanı artıq qaldığını bildirmişdir. O, taxtaları ümumilikdə 250 manata həmin şəxsə sataraq oradan uzaqlaşmışdır. Daha sonra, o, 29 oktyabr 2021-ci il tarixdə, fəhlə olaraq işlədiyi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ sahəsindən çıxaraq yaxınlıqda yerləşən mağazaya getmiş, oradan “Əfsanə” markalı pivə və “GO” adlı spirtli içki alaraq qəbul etmişdir. O, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 39-cu dalan ərazisində gəzişərkən işığının yanmadığı bağ evi görərək ora yaxınlaşmış, evdə heç kəsin olmadığına əmin olmaq məqsədi ilə bir neçə kiçik daş götürərək evin pəncərəsinə atmış, heç kəsin reaksiya vermədiyini görərək evdə yaşayış olmadığını anlamışdır. O, hasardan aşaraq həyətyanı sahəyə daxil olmuş, həyətyanı sahədə evin arxa tərəfindəki su çənin yanındakı 1 ədəd su mühərrikini və 1 ədəd hidroforu həyətdəki açarla söküb açmışdır. bundan sonra həyətyanı sahədə yerləşən evin birinci mərtəbəsinin plastik pəncərəsini zərblə vurub açaraq evə daxil olmuş, evdə qiymətli əşya axtarmağa başlamış, evin ikinci mərtəbəsindəki 1 ədəd elektrikli divardeşəni, 1 ədəd laqondanı, 1 ədəd plastik boru ütüsünü götürərək daxil olduğu pəncərədən həyətə çıxmışdır. Həyətdən ip salaraq həmin pəncərəni bağlamış və ipi mismara keçirmişdir. Həyətdən 1 ədəd ağ rəngli un kisəsi taparaq götürdüyü əşyaları kisəyə yığmış, kisəni hasardan küçəyə çıxarmışdır. Bir qədər aralaşdıqdan sonra mağazadan sellofan torba alaraq su mühərrikini, boru ütüsünü və hidroforu həmin sellofana qoymuş, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minərə həmin əşyaları Sabunçu bazarı yaxınlığına apararaq gizlətmişdir. Növbəti gün, oğurladığı əşyaları Sabunçu Bazarında ümumilikdə 150 manat müqabilində tanımadığı şəxslərə satmışdır. Təxminən 1 həftə sonra saat 23 radələrində əvvəllər fəhlə olaraq işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, dalan 42 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz bağ evinə gələrək evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, saxlanc yeri hesab edilən həyətyanı sahədə yerləşən dəmir profilləri və naqilləri götürərək hasardan küçəyə çıxarmışdır. Növbəti gün naqil və profilləri metal qəbulu məntəqəsinə 100 manat müqabilində satmışdır. O, etdiyi oğurluqlar nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyyaclarına və anasının müalicə xərclərinə sərf etmişdir. Törətdiyi əməllərdən səmimi peşmandır və barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxs ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, dalan 42 ünvanında yerləşən nömrəsiz bağ evi ona məxsusdur. 06 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində özünə məxsus bağ evinə gələrək darvazanı açıb içəri daxil olmuş, girişdən sol tərəfdə yerləşən 60 manat dəyərində, 20 metr uzunluğunda naqilin, 50 manat dəyərində, 5 metr uzunluğunda naqilin, 1 ədədinin qiyməti 30 manat olan, 15 ədəd metal “profil”in oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluqla bağlı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102" xidməti zəng-mərkəzi sisteminə zəng edərək məlumat vermiş, daha sonra hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, dalan 39, bağ 51 ünvanında yerləşən ev ona məxsusdur. 29 oktyabr 2021-ci il tarixdə, saat 19:30-da özünə məxsus Bakı şəhəri, Kürdəxanı rayonu, dalan 39, bağ 51 ünvanında yerləşən bağ evinə gəlmiş, bağ evinin həyətyanı sahəsinin darvazasını açaraq həyətə daxil olmuşdur. Evə yaxınlaşdıqda birinci mərtəbənin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görərək evə kənar şəxsin daxil olduğunu başa düşmüş, dərhal evə daxil olub evə baxış keçirmişdir. Baxış zamanı, evin ikinci mərtəbəsində yerləşən 200 manat dəyərində, 1 ədəd, markasını xatırlamadığım elektrikli divar deşənin, 40 manat dəyərində, “Viktor” markalı, 1 ədəd “laqonda”nı, 70 manat dəyərində, 1 ədəd, markasını bilmədiyi plastik boru ütüsünün naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra evin həyətyanı sahəsin baxış keçmiş, bu zaman, həyətyanı sahədəki daş su çəninin qarşısında quraşdırılmış, 110 manat dəyərində, 1 ədəd “Marsu” markalı su mühərrikinin və 60 manat dəyərində 1 ədəd hidroforun oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluqla bağlı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102" xidməti zəng-mərkəzi sisteminə zəng edərək məlumat vermiş, daha sonra hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini 21 yanvar 2021-ci il tarixdə təsis etmiş və həmin vaxtdan şirkətin direktorudur. Şirkətin təyinatı sifariş əsasında evlərin, digər tikililərin tikilməsi və təmiri ilə məşğul olmaqdır. Təxminən 2021-ci ilin avqust ayından Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 30-cu dalanda yerləşən nömrəsiz bağ sahəsində ev tikintisinə başlanılmış, bunun üçün tikintiyə lazım olan təmir-tikinti materialları həyətyanı sahəyə yığılmışdır. Qeyd olunan təmir-tikinti materialları yalnız şirkətə məxsus olmuş və digər şəxsə aidiyyəti olmamışdır. Həyətyanı sahə boş olduğu üçün və evi başdan tikməyə başladıqlarına görə həyətyanı sahəyə məsul şəxs onlara məxsus şirkət olmuşdur. Sonuncu dəfə, 17 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində bağ sahəsində olmuş, hər hansı neqativ hal müəyyən olunmamışdır. 18 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində bağ sahəsinə gəldiyi zaman tikilən evin yaxınlığına yığılmış təmir-tikinti materialların olmadığını yerində olmadığını görərək bağ sahəsinə baxış keçirmiş, baxış zamanı həyətyanı sahədə yerləşən 1 ədədinin qiyməti 1 manat, ümumi dəyəri 500 manat olan 500 ədəd metal sıxqacı, 1 ədədinin qiyməti 26 manat, ümumi dəyəri 988 manat olan, 38 ədəd metal dirəyi, 1 ədədinin uzunluğu 6 metr, 5x10 ölçüdə, 12,5 manat olan, ümumi dəyəri 500 manat olan 40 ədəd taxta dirəyi və 1 ədədinin qiyməti 23 manat, ümumi dəyəri 368 manat olan, 16 ədəd taxta lövhənin gizli olaraq talandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2356 (iki min üç yüz əlli altı) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 33-34-cü vərəqəsində 08 noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-81 vərəqəsində olan 09 noyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Müdafiəçi iştirakı ilə hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 100-103-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 883/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 154-156-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 96/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 165-168-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 182/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 205-ci vərəqəsində olan 08 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin bitməsi nəzərə alınaraq onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 104-106-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 04 (dörd) il 03 (üç) aya endirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 02 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 413/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanasının 28 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun təkrarən yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 08 noyabr 2021-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay azadlıqdan məhrum etmə cəzasının 05 (beş) ayına bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay müddəti azadlıqdan məhrumetmə cəzasının 05 (beş) ayına bərabər tutulmaqla, onun cəzasından 05 (beş) ay çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-35/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-35/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver