Məhkəmə qərarları › İş №1(008)-35/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-35/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-35/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda kirayədə yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 22 iyul 2022-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs qaz tapançasının satışı ilə məşğul olduğunu bilərək əmlakını ələ keçirmək məqsədi ilə mobil telefon vasitəsi ilə özünü «Samir» adı ilə təqdim edərək Zərərçəkmiş şəxs qaz tapançası, balonunu və ona aid şərikləri ünvan 4 ünvanında yerləşən Aygün Mail TM-nin qarşısına gətirməsini sifariş edib buna nail olduqdan sonra qeyd edilən ünvanda 1150 manat dəyərində «Colt M 1911» markalı qaz tapançasını, 32 manat dəyərində 5 ədəd həmin tapançaya aid C02 qaz balonunu və 18 manat dəyərində 1000 ədəd həmin tapançaya aid şariki Zərərçəkmiş şəxs əlindən alıb, sonuncunun sifarişin dəyərinin ödənilməsi və ya əmlakınının geri qaytarılması tələbinə məhəl qoymayıb, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaya yönəldilmiş cinayət hərəkətlərini inadla davam edərək, sonuncunun gözü qarşısında həmin əmlakı cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ötürüb Zərərçəkmiş şəxs sözlə təhdid edərək oradan uzaqlaşmaqla özgənin 1200 manat məbləğində əmlakını açıq talayıb zərərçəkmiş şəxs Xancan Səmdliyə qarşı soyğunçuluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 22 iyul 2022-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs qaz tapançasının satışı ilə məşğul olduğunu bilərək əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə özünü «Samir» adı ilə təqdim edərək Zərərçəkmiş şəxs qaz tapançası, balonunu və ona aid şərikləri ünvan 5ünvanında yerləşən Aygün Mail TM-nin qarşısına gətirməsini sifariş edib buna nail olduqdan sonra qeyd edilən ünvanda 1150 manat dəyərində «Colt M 1911» markalı qaz tapançasını, 32 manat dəyərində 5 ədəd həmin tapançaya aid C02 qaz balonunu və 18 manat dəyərində 1000 ədəd həmin tapançaya aid şariki Zərərçəkmiş şəxs əlindən alıb, sonuncunun sifarişin dəyərinin ödənilməsi və ya əmlakınının geri qaytarılması tələbinə məhəl qoymayıb, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaya yönəldilmiş cinayət hərəkətlərini inadla davam edərək, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs alıb ona ötürdüyü sellofan torbanı ağzından çıxardığı ülgüc parçası ilə Zərərçəkmiş şəxs gözü qarşısında kəsib açıb sifarişin tam olduğuna əmin olduqdan sonra uzaqlaşmaqla özgənin 1200 manat məbləğində əmlakını açıq talayıb Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Binə qəsəbəsində yaşadığı məhlədən 15 il olar tanıyır, Şahid1 isə Sabunçu rayonu Ramana qəsəbəsindən 2015-ci il tarixdən tanımışdır, onlar hər ikisi onun vasitəsi ilə tanış olublar münasibətləri yaranmışdır. 17 iyul 2022-ci il tarixdə Emil usta kimi, o və Rövşən fəhlə kimi Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən adını və anket məlumatlarını bilmədiyi vətəndaşa məxsus yaşayış binasını tikən zamanlarda Emil onların yanında pnevmatik, yəni qaz tapançasının satışı ilə məşqul olan mağazaya zəng etmiş və onlardan adi şarik atan tapança istəmiş, həmin şəxslər onun whatsappına bir neçə şəkil atmış, onlar şəkillərə baxmış, Emil birini bəyənmiş, sifariş vermiş, həmin sifarişi Xancan adlı şəxs Pirşağı qəsəbəsinə gətirmiş və Emil həmin şəxsə 195 manat pul verib qaz tapançasını almış, həmin vaxt Xancan demişdir ki, tapança 70 metrə qədər şarik atır. Emin “Hell” qabı qoyub 3 metrdən atmış, lakin tapançadan çıxan şarik onu vurmamış, Emil həmin şəxslərə zəng etmiş demişdir ki, ya tapançanı dəyişin ya da pulu qaytarın, bu 70 metr deyil 3 metr ancaq atır. Həmin şəxs biz malı sənə satmışıq sən də açmısan, istifadə etmisən qaytara bilmərik demiş və telefonu söndürmüşdür. Həmin vaxt Emil demişdir ki, 1-2 gün keçsin başqa nömrə ilə sifariş verək, qaz tapançasını gətirsinlər, özüm həmin şəxsi tutub döyüb alacam. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrədən 099 *** ** ** saylı nömrəyə zəng edib 1150 manat dəyərində «Colt M 1911» markalı qaz tapançasını, 32 manat dəyərində 5 ədəd həmin tapançaya aid C02 qaz balonunu və 18 manat dəyərində 1000 ədəd həmin tapançaya aid şarikini sifariş etmiş və sifarişdə olanları ünvan 5ndə “Dynamic Express” mağazasının qarşısına gətirməsini xahiş etmişdir. Emilin idarə etdiyi “Volkswagen Passat CC” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə o və Rövşən Bakıxanov qəsəbəsində olan Aygün Mal TM-nin qarşısına gəlmişlər. Maşında olarkən onlar Rövşənə də planları barədə məlumat vermişlər. Xancan hadisə yerinə çatanda Emil onlara demişdir ki, Xancan onu üzdən tanıya bilər və sonra iş yerinə gələrək ona problem yarada bilər, siz ikiniz düşün tapançanı ondan götürün və gəlin. Emil onları gözləyəcəyini bildirsə də, 15 dəqiqə gözlədikdən sonra avtomobili idarə edərək getmişdir. Onlar Xancana yaxınlaşaraq qutunu açıb gətirdiyi mala baxdıqdan sonra o, həmin qutunu Rövşənə vermiş və demişdir ki, malı götürüb onu kənarda gözləsin, o, özü Xancanla danışacaq. Xancan onlardan malı qaytarmalarını tələb etsə də, onlar Xancana demişlər ki, o, bir neçə gün öncə dostlarına xarab tapança satdığına görə onlar malı qaytarmayacaqlar, Emil özü müdriyyətlə məsələni həll edəcək. Sonra Xancan kiməsə zəng etmiş, daha sonra o, Xancandan telefonu alaraq həmin adamla danışmış və demişdir ki, konum atsın, onlar da mağazaya gedərək məsələni həll etsinlər. Həmin adam onlara konum atdıqdan sonra o, həmin konumu Emilə göndərərək demişdir ki, getsin özü mağazada məsələsini həll etsin. Həmin danışıqdan sonra Xancan onların getməsinə imkan vermişdir. Onlar Emilə zəng edərək harada olduğunu soruşduqda Emil Komsomolski adlanan yerdə onları gözlədiyini bildirmişdir. Onlar Emilin yanına getdikdən sonra içərisində tapança və şariklər olan qutunu Emilə vermişlər. 6-7 ay tapança Emilin maşınında qalmış, daha sonra o, Emildən tapançanı götürərək satmaq üçün Sadiq adlı şəxsə vermiş, Sadiq isə tapançanın polis əməkdaşları tərəfindən götürüldüyünü bildirərək sata bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Emilin silah sifariş etməkdə məqsədinin həmin silahı maşınında gəzdirmək olduğunu, Emilin birinci silahı sifariş etdikdən sonra silahla bağlı dükançı ilə aralarında mübahisə olduğunu, dükançının onu bloka atdığını, bu səbəbdən Emilin ondan öz nömrəsindən tapança və şariklər sifariş etməsini xahiş etdiyini, Emilin dediyinə görə onun sadəcə sifariş etməli olduğunu, kuryerlə görüşərək tapançanı Emilin özünün almalı olduğunu, onların tapança sifariş etdikləri vaxt Rövşənin orada olmadığını, Rövşəni yolda gedərkən çağırdıqlarını, yolda gedərkən Rövşənə məsələni izah etdiklərini, yolda olarkən artıq Rövşənin məsələdən xəbərdar olduğunu, onların iş yerindən çıxarkən və yolda olarkən planlarının Emiin maşından düşərək təkbaşına tapançanı götürməsinin olduğunu, hətta Emilin onlara tapançanı götürüb kuryeri döyəcəyini də bildirdiyini, lakin hadisə yerinə çatdıqdan sonra Emilin kuryerin onu üzdən tanıyıb iş yerində problem yaradacağını deyərək onlara tapançanı götürüb gətirmələrini tapşırdığını, Rövşənə də düşməsini və onun yanında olmasını, onu tək qoymamasını tapşırdığını, özünün isə onları gözləyəcəyini bildirdiyini, 15 dəqiqə gözlədikdən sonra onlara heç bir söz demədən çıxıb getdiyini, hadisədən sonra Emillə görüşərək tapança və şarikləri ona verdiyini, Emilin onlara çox sag ol deyərək gerisini özünün həll edəcəyini bildirdiyini, Emilin uzun müddət həmin tapançanı avtomobilinin bardaçokunda gəzdirdiyini, 6-7 ay sonra onun Emilə tapançanı lazım olmadığını bildirərək satmağı təklif edərək ondan götürdüyünü və satmaq üçün Sadiq adlı şəxsə verdiyini, Xancanın onlara sadəcə sözlə malı qaytarmalarını bildirdiyini, aralarında sözlü mübahisədən başqa hər hansı dava-dalaş olmadığını, Xancana Pirşağıya dostu üçün gətirdiyi xarab tapançanın əvəzinə bu tapançanın pulunu vermədiklərini bildirdikdə Xancanın belə bir şey xatırlamadığını bildirdiyini, tapançanı Emilə verdikdən sonra Emilin mağaza ilə məsələni həll edəcəyini düşündüyünü və işin bu yerə çatmasını ehtimal etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Emil də onlarla birlikdə saxlanılsa da, sonradan 10000 manat pulu müstəntiqə verərək təqsirsiz hesab olunnmuş və bütün günahlar onların üzərinə atılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 10 ildən artıqdır tanımış, Emili də bir neçə ildir tanımış, birlikdə fəhlə işləmişlər. Hadisə günü o, işdə olmamışdır. Lakin hadisədən bir neçə gün öncə Emil özü üçün tapança sifariş etdiyini və tapançanın yaxşı işləmədiyini bilmişdir. Hadisə günü Aqil ona zəng edərək Emillə birlikdə onu maşınla götürmüşlər. Onlar kafeyə gedəcəkdilər. Lakin yolda olarkən Emil ona demişdir ki, tapança sifariş etmişlər onu götürməyə gedirlər. O, kafeyə getməli olduqlarını bildirdikdə, Emil sonra gedəcəklərini demişdir. Hadisə yerinə çatanda Emil onlara kuryerin onu üzdən tanıdığını bildirərək onlardan tapançanı kuryerdən almalarını xahiş etmişdir. Onlar razılaşmışlar. Xancana yaxınlaşmışlar, Xancanın əlindəki qutunu açıb içinə baxmaq üçün ağzında gəzdirdiyi lezvianı çıxararaq qutunu açmışdır. Qutuya baxdıqdan sonra Aqil qutunu ona vermişdir ki, o qabaqda getsin, Aqil isə Xancanla danışıb gələcək. O, qutunu götürüb qabaqda getmiş, Xancanla Aqil isə danışa-danışa onun arxası ilə gəlmişlər. Aralarında təxminən 10 metr məsafə olmuşdur. Xancan ona da dəfələrlə demişdir ki, malı qaytarın yoxsa başınız ağrıyacaq. O isə Xancana onluq bir şey olmadığını demişdir. Onlar Xancandan ayrıldıqdan sonra taksidə olarkən o, qutunu Aqilə vermiş, Emilin yanına çatanda isə Aqil həmin qutunu Emilə vermiş və tapança Emildə qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 hadisə yerində olarkən Aqillə Emildən hansı səbəbdən pul vermədən tapançanı götürmək istədiklərini soruşmadığını, ağzında lezvia saxlamağın onun adəti olduğunu və hər zaman ağzında lezvia saxladığını, hal-hazırda ağzında lezvia olmadığından özünü narahat hiss etdiyini, istintaq zamanı yazılmış ifadələri ilə razı olmadığını, onun Azərbaycan dilində oxuya bilmədiyini və ifadəsini oxumadan imzaladığını, Komsomolskidə Emillə görüşərkən Aqilin həmin tapançanı Emilə verdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində özünü ona Samir kimi təqdim edən şəxs ***-***-**-** saylı sim nömrədən zəng edib demişdir ki, “sizin telefon nömrənizi «İnstagram» sosial şəbəkəsində olan «Vip Airsoft» səhifəsindən götürmüşəm”. «Colt M 1911» markalı qaz tapançası, 5 ədəd həmin tapançaya aid C02 qaz balonu və 1000 ədəd həmin tapançaya aid şarik lazımdır demiş, o ünvanın hara olması barədə soruşanda həmin şəxs gəl “Aygün Mall” TM-nin qarşısına demiş, razılaşdıqdan sonra danışığa görə 1150 manat «Colt M 1911» markalı qaz tapançasına, 32 manat 5 ədəd həmin tapançaya aid C02 qaz balonuna və 1000 ədəd həmin tapançaya aid şəriklərə görə ödəniş etməli olduğunu desə də, Aqil “narahat olmayın siz malı gətirin mən pulunu verəcəm” demiş, həmin malı Bolt şirkətinə məxsus olan nömrə nişanlarını xatırlamadığı “Toyota Prius” markalı avtomobillə “Aygün Mall” TM-nin qarşısına gətirmiş, Aqilə zəng etmiş, onunla ünvan 5ndə “Dynamic Express” mağazasının qarşısında görüşmüşlər, Aqil mala baxmaq istədiyini dediyi üçün Rövşən ağzından lezvia çıxararaq qutunun ağıznı açmışdır. Onlar mala baxdıqdan sonra Aqil malı götürərək Rövşənə vermiş, Rövşən getməyə başladıqda o, pulu tələb etmişdir. Aqil demişdir ki, pul yoxdur, ötən gün gətirdiyi xarab tapançaya görə bu malı götürür. O, etiraz edərək ya malı qaytarmalarını, ya da pulu ödəmələrini tələb etmişdir. Sonra o, həmin tapançaları birlikdə satdığı qardaşı Behzad ilə danışmış, bu zaman Aqil və Rövşən ondan uzaqlaşaraq getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs əmlakı Rövşənin əlindən almaq istəyən zaman Rövşənin onu itələdiyini, hadisə yerində Aqillə Rövşəndən başqa şəxsi görmədiyini, Aqilgilin getməsinə razılıq vermədiyini, onlara dəfələrlə əmlakı qaytarmalarını ya da pulunu ödəmələrini bildirməsinə baxmayaraq onların deyilənlərə məhəl qoymayaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Aqil və Rövşənlə bir yerə işləmişlər. Bir gün Aqil ona demişdir ki, tapança almaq istəyir. Həmin vaxt Aqil telefonunda kontur olmadığından onun telefonu ilə tapançanı sifariş etmişdir. Lakin tapançanın pulunu Aqil yox, o, özü vermişdir. Aqilin həmin tapança xoşuna gəlməmişdir. Sonra Aqil öz telefonu ilə yeni tapança və şariklər sifariş etmişdir. O, Aqili öz avtomobili ilə hadisə yerinə aparan zaman Aqilin planlarını bilmiş, onun tapançanı götürərək pulunu vermək niyyətinin olmamasından xəbəri olmuşdur. Yolda Rövşəni də götürmüşlər. Rövşən də yolda olarkən “Aygün Mall” ticarət mərkəzinin qarşısına nəyə görə getdiklərini öyrənmişdir. O, Aqilgili hadisə yerində düşürdüb özü evinə doğru getmişdir. O, Komsomolski adlanan yerdə olan zaman Aqil ona zəng etmiş və onlar Komsomolskidə görüşmüşlər. O, Aqililin götürdüyü silahı görmüş, sonra Aqil silahı götürərək getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 yolüstü hadisə yeri tərəfdən keçəcəyi üçün Aqilgili ilə öz maşını ilə apardığını, əvvəlcədən Aqilin hadisə yerinə hansı məqsədlə getməsindən xəbərinin olduğunu, ilk dəfə tapançanı Aqilin özünün onun mobil telefonu ilə sifariş etdiyini, sifariş edən zaman kuryerlə Aqilin özünün danışdığını, tapançanın pulunun isə onun tərəfindən (yəni, Emil) verildiyini, həmin vaxt üzərində o qədər pulu olduğundan pulu özünün verdiyini, hazırda Aqillə Rövşənin onunla əvvəllər dost olduqları halda niyə belə ifadə verdiklərini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Şahid1 üzünə qarşı onun yalan söylədiyini, hər şeyi Emilin planlaşdırdığını, hadisə yerinə çatanda kuryerin onu tanımasından ehtiyat etdiyini bildirərək onlardan tapançanı alıb qayıtmalarını xahiş etdiyini, tapançanı aldıqdan sonra Emilə verdiklərini və bir neçə ay tapançanın onun avtomobilində qaldığını, sonradan Emilin müstəntiqlə razılığa gəldiyini və maddi mükafat müqabilində onun məsuliyyətdən kənarda qaldığını bildirmişlər. Sədrlik edən şahidin istintaq zamanı verdiyi ifadəsini elan edir və şahidə istintaq vaxtı birinci dəfə tapançanı özünün sifariş etdiyini, satıcı ilə özünün danışmasını, tapançanı özünün yoxladığını bildirməsinə baxmayaraq hazırda məhkəmədə bunun əksinə olaraq Aqilin özünün onun telefonu ilə satıcı ilə danışaraq tapança sifariş etdiyini, tapançanı Aqilin özünü yoxladığını bildirməsinin səbəbini soruşduqda o, istintaqda elə söz demədiyini, sədrlik edən müstəntiqin həqiqətə uyğun olmayan ifadə yazmasına dair sualına isə Şahid1 müstəntiqin heç nəyi təhrif etmədiyini, ifadəsinin niyə elə yazılmaısnın səbəbini bilmədiyini göstərmişdir. Sədrlik edən Şahid1 istintaq vaxtı tapançanın onun avtomobilində də qalmasını göstərməsinə baxmayaraq hazırda tapançanın onun avtomobilində ümumiyətlə qalmamasını bildirməsi ilə bağlı sual verdikdə o, yenə də elə ifadə vermədiyini, bəlkə Aqil çantası ilə onun avtomobilinə oturan zaman tapançanın onun çantasında olmasını düşünərək elə ifadə verdiyini bildirmişdir. Şahidlər X3 və Şahid3 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Airsoft adlı onlayın satış yolu ilə səhfə açmış və həmin səhifədə şarik atan oyuncaq tapançaların satışı ilə məğuldur. Hazırda ifadə verməyinin səbəbi ona aydındır, Xancan və Şahid4ları tanıyıra onlar ondan şarik atan tapançanı 70 və ya 60 manata alaraq satırdılar. Mağazası Yasamal rayonu H.Cavid pr. 85 ünvanında yerləşib 2019-cu il tarixdə mağzanı bağlayıb ünvan 6a köçmüş və həmin yerdə işləyir. Mağazadan çıxandan sonra dəfələrlə zəng gəlib deyiblər “siz Yasamal rayonu H.Cavid pr. 85 ünvanında işləyirsiz” o isə həmin ünvanda işləmdəiyini bildiyinə görə Xancan və qardaşı onun adından həmin ünvanı tanıdıqları üçün belə deyirlər, müştəriləri cəlb edib onlayın alver edərək qazanc əldə etsinlər. Həmçinin Xancan və Behzad Youtubda səhifə açaraq qaz tapançalarını mağazalardan alıb satışını həyata keçirdikləri barədə məlumatı olduğunu, qaz tapançası satmadığını, ancaq şarik atan tapança satdığın, qaz tapançasını və şarik atan tapançanı şəhərdə satan çoxdur və gətirən çoxdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından Sabunçu rayonu Bakıxanov qəsəbəsində Sabunçu Məhkəməsinin yanında olan fəhlə bazarından X8 tanıdığını, həmin vaxtlarda Aqilin bazara gəlib fəhlə axtardığı zaman o Aqilin yanında fəhlə kimi işləməyə başlamış tanışlığı belə başlamışdır. 2023- cü ilin yanvar ayının dəqiq tarixini xatırlamadığı bir gün Aqil ona demiş ki, “şarik atan tapança var satmaq istəyir, amma həmin tapançanı vaxtı ilə sifariş verib aralarında olan söz söhbət nəticəsində əvəssiz almış birdən satdığı adamlar həmin adamlardan olar gəl mənimlə gedək kənarda dayanım sən tapançanı ver 250 manat razılıq olmasa 200 manat al gəl mənim yanıma həmin puldan sənə 30 manat verəcəm”. O Aqilin sözü ilə razılaşmış və bir yerdə Yasamal rayonu Yeni Yasamal kimi tanınan yerə getmiş həmin adamla Aqil telefonla danışmış, tanımadığı şəxsin dediyi binanın qarşısında durmuşlar. Aqil kənara çəkilmiş o tək dayanmış, 15- 20 dəqiqə sonra ona yaxınlaşan şəxs tapança səndədir demiş, o bəli tapnçanı gətirmişəm deyə cavab vermiş, həmin şəxs arxasınca gəlməyi tapançanı yoxlayıb pulunu verəcəyini deyib onu həmin binanın 9-cu mərtəbəsində olan mənzilə aparmış içəri salmış, o dəhlizdə dayanmış başqa otaqda 2-3 nəfər şəxs domino oynamış, həmin şəxs ondan tapançanı alaraq baxmış harda işlədiyini tapançanı ona kimin verdiyini soruşmuş, o tapançanı qardaşının verdiyini deyəndə həmin şəxs qardaşının harda olması barədə sual vermiş o Bakıxanov qəsəbəsində işdəddir işdən çıxa bilmədi mən gətirdim demiş, bundan sonra həmin şəxs bu tapançanın onun qardaşı Xancanın əlindən alındığını pulu verilmədiyini aşağıda polis əməkdaşlarının onu gözlədiyini və tutacaqlarını demişdir. O öz nömrəsindən Aqilə zəng etmiş və həmin şəxslə onu danışdırmış sonra isə tapançanı götürüb ona get burdan demişdir. O həmin yerdən çıxıb Aqilin yanına getmiş keçiddə görüşdükdən Aqildən nə məsələdir niyə belə oldu deyə soruşmuş Aqil isə tapançanın pulunu verməmişəm deyə elə etdilər demiş və birlikdə Bakıxanov qəsəbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs2 və Şahid1 usta kimi tanıyır, Emillə bir yerdə Ramana qəsəbəsində işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5dir (i.v.8-9). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üç nəfər şəxslə Zərərçəkmiş şəxs təqdim edilmiş, zərərçəkmiş şəxs sol tərəfdən üçüncü şəxsi tanıyaraq həmin şəxsin ona qarşı soyğunçuluq edən şəxs olduğunu və yanında başqa şəxsin də olduğunu bildirmişdir (i.v.107-109). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerində cinayət törətdiyi yeri, şəraiti və mexanizmi əyani şəkildə göstərmişdir (i.v.195-196). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerində cinayət törətdiyi yeri, şəraiti və mexanizmi əyani şəkildə göstərmişdir (i.v.197-198). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair şübhəli məqamlar yaranaraq verilmiş ifadələr arasında da müəyyən diqqətəlayiq məqamlar müəyyən edilməklə hətta istintaq orqanı özü də Şahid1 cinayəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birgə planlaşdıraraq hadisə yerinə getdiyini qəbul etsə də, sonradan naməlum əsaslarla Şahid1 hadisə yerindən getməsinə cinayətdən könüllü imtina kimi qiymət vermişdir. Halbuki, təqsirləndirilən şəxslərin hər birinin ifadələri, onların məhkəmə iclasında Şahid1 üzünə qarşı malın Xancandan alınaraq pulunun ödənilməməsi fikrini Şahid1 irəli sürdüyünü, hətta özünün Xancanı döyərək ondan tapançanı alacağını bildirdiyini, hadisə yerinə çatanda isə Xancanın daha öncə onu gördüyünü və üzdən tanıdığını bildirərək tapançanı götürməyi onlara həvalə etdiyini və onları kənarda gözləyəcəyini bildirdiyini, hadisə yerinə də onları Emilin öz avtomobilində apardığını bildirmələri, Emilin ibtidai istintaq və məhkəmə istintaqı zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlarla bağlı ziddiyyətli ifadələr verərək məhkəmə iclasında verilmiş suallar qarşısında aciz vəziyyətdə qalaraq əsaslı cavablar verə bilmədiyi nəzərə alınaraq cinayətin törədilməsində Şahid1 da iştirak etməsinə, hətta malın zərərçəkmiş şəxsdən pulu ödənilmədən götürülməsi fikrinin də Şahid1 tərəfindən irəli sürülməsinə dair əsaslı şübhələrin yaranmasına əsas verir. Bundan savayı, cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə hadisə yerinə getməsinə və sonradan hadisə yerinə tərk etməsinə cinayətdən könüllü imtina kimi qiymət vermişdir ki, bu da istintaq orqanın da Şahid1 qabaqcadan digər təqsirləndirilən şəxslərlə cinayət törətmək barədə razılığa gəlməsi, hadisə yerinə də digər təqsirləndirilən şəxslərlə məhz bu məqsədlə getməsi ilə razılaşmasına dəlalət edir. Buna baxmayaraq istintaq orqanı Şahid1 digər təqsirləndirilən şəxsləri hadisə yerinə gətirib onların edəcəyi əməli bildiyi və əvvəlcədən özünün də bu əməllə bağlı razılaşmasının olmasına baxmayaraq digər təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin yanına getdikdən sonra plan üzrə nəzərdə tutulmuş əməli törədəcəkləri açıq-aşkar olduğu halda onlara heç bir söz demədən hadisə yerindən getməsinin könüllü imtina kimi qiymətləndirilməsi əsassız olmuşdur. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə, Şahid1 da cinayətdə təqsirli olmasına dair şübhələrin yaranmasına baxmayaraq bu halın təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət etdiyini və qanunvericiliklə bu kimi hallarda təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi əsası ilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatətin olması mütləq şərt kimi nəzərdə tutulduğundan məhkəmə ittiham funksiyasını öz üzərinə götürərək göstərilən halın araşdırılması ilə bağlı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq üçün səlahiyyətli deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Hazırki halda məhkəməyə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair dövlət ittihamçısının diqqətinin cəlb edilməsinə baxmayaraq dövlət ittihamçısının vəsatəti olmadığından və zərərçəkmiş şəxs də belə bir vəsatət vermədiyindən məhkəmə işə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxmağa haqlıdır. Lakin məhkəmə göstərilən xüsusatlara laqeyd qalmayaraq yuxarıda göstərilən hallarla bağlı zəruri araşdırmanın aparılmasının təmin edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulmasına dair” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə ünvan 8 ünvanının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.37). “Tutma haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə, saat 18:50-də tutulmuşdur (i.v.48). “Tutma haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2023-cü il tarixdə, saat 21:25-də tutulmuşdur (i.v.95). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(008)- 372/2023 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmaqla 01 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.161-162). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(008)- 371/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmaqla 01 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.163-166). AA3180932 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2014-cü il təvəllüdlü (X4) uşağı var (i.v.177). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v.191-192). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.193). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(008)- 480/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə, 16 iyul 2023-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(008)- 479/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə, 16 iyul 2023-cü il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. AA2790474 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2013-cü il təvəllüdlü (X5) uşağı var. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(008)- 684/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmiş və onların məhkəmə iclas zalında həbsdən azad edilmələri qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 törədilmiş oğurluq cinayətini Şahid1 ilə birlikdə törətmələri və məhz Şahid1 cinayəti təşkil etməsinə dair məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr, Şahid1 özünün ziddiyyətli ifadələri məhkəmədə Şahid1 törədilmiş cinayətə aidiyyətinin olmasına əsaslı şübhə yaratdığından Şahid1 əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsindən ötrü zəruri araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Saunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Saunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar