Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-350/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində «X1» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməyərək yəni, yüngül dərəcəli sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus idarə etdiyi “VAZ-21074” markalı, **-CS-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində üzü Yeni Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «X1» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə avtomobilin idarəçiliyini itirməsi nəticəsində avtomobilin qabaq hisəsini qarşı əks hərəkət yolunun kənarında yerləşən ağaca vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ körpücük və sol qasıq sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, hər iki əlin sıyrıqları ilə müşayiət olunan, sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində Niyaməddinlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Dağüstü kafesində oturub yemək yeyib spirtli içki qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə, gecə saat 01:30 radələrində qeyd olunan kafedən çıxmışlar və Niyaməddindən xahiş etmişdir ki, onun idarə etdiyi VAZ-21074 markalı **-CS-*** qeydiyyat nişanlı avtomobili özü idarə etsin. Niyaməddin də etiraz etməmişdir. Bundan sonra qeyd olunan avtomobilə sükan arxasına əyləşmiş, Niyaməddin isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. İkisindən başqa avtomobildə heç kəs olmamışdır. Avtomobili Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Ramana yolu ilə üzü qəsəbə istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirmiş, həmin yolu tanımadığı üçün və hava qaranlıq olduğundan yolun döngəli hissəsində yolun düz olduğunu güman etmişdir. Buna görə də, avtomobilin idarəçiliyini itirmiş və avtomobil qarşı əks hərəkət yolunun kənarında yerləşən ağaca qabaq hissəsilə dəymişdir. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Niyaməddin isə müxtəlif növ bədən xəsarətləri aldığı üçün 3 saylı xəstəxanaya müraciət etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 20 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində Elgünlə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Dağüstü kafesində oturub yemək yeyib spirtli içki qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə, gecə saat 01:30 radələrində qeyd olunan kafedən çıxmışlar, Elgün ondan xahiş etmişdir ki, ona məxsus VAZ- 21074 markalı **-CS-*** qeydiyyat nişanlı avtomobili idarə etsin. Özü də etiraz etməmiş və sükan arxasına Elgün əyləşmişdir. Özü isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. İkisindən başqa avtomobildə heç kəs olmamışdır. Elgün avtomobili Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Ramana yolu ilə üzü qəsəbə istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirərkən, yolun döngəli hissəsində Elgün avtomobilin idarəçiliyini itirmiş və avtomobil qarşı əks hərəkət yolunun kənarında yerləşən ağaca qabaq hissəsilə dəymişdir. Hadisə nəticəsində xəsarət almış, bundan sonra 3 saylı xəstəxanaya müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş vermiş, hadisə yerində tormoz izləri yoxdur (i.v.03-08). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 21 oktyabr 2022-ci il tarixli, 1/2380 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs yüngül sərxoşluq vəziyyətində olmuşdur (i.v.09). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X3 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 2545 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ körpücük və sol qasıq sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, hər iki əlin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v.20-22). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 8/3265 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X1” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X1” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8- ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.55-58). Sabunçu RPİ-nin DYPŞ-dən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə BO 904117 nömrəli, «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin vəsiqə 18 mart 2032-ci ilədək aktivdir (i.v.60). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 22 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 332.2.5-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir (i.v.40-41). “Axtarışda olan şəxsin tutulması barədə” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Ağcabədi rayonu ərazisində saxlanılaraq Sabunçy RPİ-nin MSY-nə yerləşdirilmişdir (i.v.59). “Ziyanın ödənilməsi barədə” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi məqsədi ilə 2000 manat məbləğində pul ödəmişdir (i.v.79). Zərərçəkmiş şəxs tərəfindən 17 dekabr 2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmışdır (i.v.80). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.93). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, AR CM-nin 69.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2023-cü il tarixli qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək tutularaq saxlandığı 01 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək ona qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-350/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-350/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver