Məhkəmə qərarları › İş №1(008)-350/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-350/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-350/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edib saxlayıb daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı, PM modelli tapançanı, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəsi üçün yararlı 01 ədəd darağı və zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 5 ədəd, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən təyinatı üzrə istifadə və atəş üçün yararlı olan ştat patronlarını əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsinə qədər üzərində gəzdirməklə daşımış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 12-ci PŞ-yə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının arxa tərəfindən kəmərinə keçirilmiş yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı, PM modelli tapança, əynindəki boz rəngli şalvarının sağ yan cibindən isə 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadəsi üçün yararlı olan 01 ədəd daraq və zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 5 ədəd, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən təyinatı üzrə istifadə və atəş üçün yararlı olan ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, səyyar qaydada metal toplamaqla məşğul olur, 2023-cü ilin dekabr ayının sonlarında, yəni “Yeni İl” bayramı ərəfəsində axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində metal yığarkən bir ədəd sellofanın içərisində “Makarov” konstruksiyalı tapança, tapança üçün daraq və 05 ədəd patron tapmışdır. Həmin silahı kənardan kiminsə görə biləcəyini fikirləşərək özü ilə daşımamış, tapdığı yerin ətrafında gizlətmişdir, fikirləşmişdir ki, bir müddət keçdikdən sonra götürüb satar.xx.xx.2024-cü il tarixdə silahı evinin yaxınlığında gizlətməsi üçün saat 15 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. O, silahı gizlətdiyi yerdən götürərək "Makarov” konstruksiyalı tapançanı əynindəki şalvarının arxa sağ tərəfdən kəmərinə keçirmiş, içərisində 5 ədəd patronu olan tapançanın darağını isə əynindəki şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində evinin yaxınlığında, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi ilə piyada gedərkən həmin küçədə, nömrəsiz ünvanda yerləşən fərdi evin qarşısında polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, ondan anket məlumatları barədə soruşmuşlar. O, bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əəkdaşları onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O, başa düşmüşdür ki, polis əməkdaşları üzərində silah olmasını bilirlər, o polis əməkdaşları ilə 12-ci PŞ-nə gəlmiş, ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir. Otaqların birində üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. O, üzərində silah olduğunu bildirərək əynindəki şalvarının kəmərinin arxa hissəsinə keçirdiyi 1 ədəd tapançanı və əynindəki şalvarının sağ yan cibindən, içərisində 5 ədəd patron olan darağı çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin darağın içərisindəki 5 ədəd patron çıxarılaraq masanın üzərinə düzülmüşdür. Suallara cavab olaraq bildirmişdir ki, həmin silah “Makarov” konstruksiyalı tapançadır, 1 ay qabaq Balaxanı qəsəbəsində, yaşadığı evdən bir az kənarda dəmir yığarkən tapmışdır və satması üçün həmin ərazidə gizlətmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, üzərindən heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş tapança, daraq və 5 ədəd patron təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, o, və şəxsi axtarışında iştirak edən polis əməkdaşları tərəfindən zərf imzalanmışdır. Bunlar barəsində təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir.Əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürmüş ki, ünvan 1 ünvanda yaşayan “Niyətağa” adlı şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirilməsi ilə məşğul olur. Bu barədə xidmət apardığı 12-ci PŞ-nin rəhbərliyinə məruzə etmiş, PŞ-də əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə “Niyətağa” adlı şəxsin olduğu yer müəyyən edilərək saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində fərdi evin qarşısında saxlanılmışdır. Həmin şəxslə aparılan söhbətlər zamanı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 12-ci PŞ-yə dəvət edilmiş, sonuncu etiraz etmədən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 3 ünvanda yerləşən 12-ci PŞ-nə getmişdir. Təqsirləndirilən şəxs 12-ci PŞ-nə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs PŞ-nə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi müdafiəçi ilə təmin edilmiş, onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. 12-ci PŞ-nin inzibati binasında təhqiqatçı xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılarkən təhqiqatçı tərəfindən, saxlanılan Niyyətağa Əliyevə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağı bir daha xatırladılmış, Təqsirləndirilən şəxs vəkil istəmədiyini demişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olubolmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs üzərində silah olduğunu bildirərək əynindəki şalvarının kəmərinin sağ tərəfdən arxa hissəsinə keçirdiyi 1 ədəd tapançanı və əynindəki şalvarının sağ yan cibindən, içərisində 5 ədəd patron olan darağı çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı darağın içərisindəki 5 ədəd patronu çıxardaraq masanın üzərinə düzmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah “Makarov” konstruksiyalı tapançadır, 1 ay qabaq Balaxanı qəsəbəsindən, yaşadığı evdən bir az kənarda dəmir yığarkən tapmışdır və satması üçün həmin ərazidə gizlətmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança, daraq və 5 ədəd patron təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, o, Təqsirləndirilən şəxs və Şahid2 zərfi imzalamışlar. Baş verənlər barəsində təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiqləmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X1 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının kəmərinin sağ tərəfdən arxa hissəsinə keçirdiyi 1 ədəd tapançanı və sağ yan cibindən içərisində patron olan darağı təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah “Makarov” konstruksiyalı tapançadır, 1 ay qabaq Balaxanı qəsəbəsində, yaşadığı evindən biraz kənarda dəmir yığarkən tapmış, orada gizlətmiş, xx.xx.2024-cü il tarixdə həmin silahı götürərək digər yerdə gizlətmək istəyərkən üzərində saxlandığını bildirmişdir. Həmin silahı satmaq məqsədi ilə saxladığını qeyd etmişdir (i.v. 29-30); DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-balistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibri Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibri olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir(i.v.36-42); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-55/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 71-73); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməsinin qeydə alındığı “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 12-ci PŞ-nin təhqiqatçısı, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, sonuncuya hüquq və vəzifələrini izah edir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının kəmərinin sağ tərəfdən arxa hissəsinə keçirdiyi 1 ədəd tapançanı və sağ yan cibindən içərisində patron olan darağı götürərək masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən həmin darağın içərisindən 5 ədəd patron aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin silah “Makarov” konstruksiyalı tapançadır, 1 ay qabaq Balaxanı qəsəbəsində, yaşadığı evindən biraz kənarda dəmir yığarkən tapmış və satması üçün həmin ərazidə gizlətmişdir. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır və üzərindən heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd odlu silah, 1 ədəd daraq və 5 ədəd patron təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır(i.v.78-80); DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 3154/2024 nömrəli məktubunda göstərilmişdir ki, 1 ədəd 9 mm kalibr, nömrəsi silinmiş “Makarov” konstuksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir(i.v.84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/392 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı tapançanın hissələrinin (sürgüsünün və gövdəsinin sol yan səthində) üzərindəki seriya nömrəsi sonradan kustar üsulla kənar predmet vasitəsiylə dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün deyil(i.v.87-89); Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd Makarov konstruksiyalı PM modelli tapança, 5 ədəd 9x18 mm kalibrli patronlar və 1 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq maddi sübut kimi tanınmış tədqiqata 2 ədəd patron sərf edildikdən sonra qalıq 3 ədəd patron, 1 ədəd Makarov konstruksiyalı, PM modelli tapança və 01 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.94-95); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 234.4.3-cü maddəsi CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən Suraxanı rayon məhkəməsinin qərarı ilə 05 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır(i.v.103-104); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı övladı vardır(i.v.106); Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntü şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübutlar Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan qalıq qalmış 3 ədəd patron, 1 ədəd Makarov konstruksiyalı, PM modelli tapança və 01 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar- Təqsirləndirilən şəxs götürülmüş Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan qalıq qalmış 3 ədəd patron, 1 ədəd Makarov konstruksiyalı, PM modelli tapança və 01 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 64(almış dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar