Məhkəmə qərarları › İş №1(008)-351/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-351/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-351/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəssiz ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən, özünə məxsus olmayan 3 sot torpaq sahəsini 16500 manata alacağına dair yalan vəd verib aldatmaqla bir neçə dəfəyə ilk dəfə 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 58-ci Kürdəxanı küçəsi, məcburi köçkünlərə məxsus yaşayış kompleksinin qarşısında 6500 manat, ikinci dəfə eyni ünvanda 2021-ci ilin avqust ayının son 10 günlüyündə 3500 manat, 2021-ci ilin sentyabr ayının əvvəlində eyni ünvanda 360 manat və sonuncu dəfə 2021-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda hər biri 240 manat olmaqla ümumilikdə 6720 manat dəyərində 28 baş xırda buynuzlu heyvanları alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 17080 (on yeddi min səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə onun özünə məxsus ət dükanında tanışlığı yaranmışdır. Həmçinin, zərərçəkmiş şəxsin qardaşı da ona məxsus təndirdə işçi olaraq çalışmışdır. O, Elnurla birlikdə şərikli şəkildə heyvan kəsərək satışını həyata keçirmişdir. O, zərərçəkmiş şəxsə qarşı dələduzluq etməmiş, torpaq və ya ev alışı ilə bağlı hər hansı vəd verməmişdir. Heyvan almaq üçün Elnurdan 4.000 manat məbləğində nağd borc pul almış, lakin sonradan işlərinin zəifləməsi səbəbindən həmin məbləği geri qaytara bilməmişdir. Elnurun 28 baş xırda buynuzlu heyvanı evin satışı ilə bağlı pul əvəzində verdiyini bildirməsi tamamilə yalandır. Elnur ona qurban bayramı ərəfəsində təxminən 15 baş xırda buynuzlu heyvan vermiş, onlardan 4–5 başını sonradan geri aparmışdır. Həmin heyvanların verilməsində məqsəd yalnız ticarət olmuşdur. Belə ki, qəssab dükanı ona məxsus olmuş, Elnur isə onunla şərikli şəkildə özünə məxsus heyvanları həmin dükan vasitəsilə kəsərək satmışdır.O, evin alınması ilə bağlı Elnur və digər şəxslərlə hər hansı kafedə görüşdə iştirak etməmişdir. Ev sahibinin oğlu onun işlədiyi ət dükanına gələrək, özünə toy etdiyini və pul lazım olduğuna görə evlərini satmaq istədiyini bildirmişdir. O, həmin evin həyətində tövlə olduğunu və özü üçün heyvan saxlamağa yer olmadığına görə həmin tövləni aylıq kirayələmək niyyətində olmuş, bu barədə ev sahibi ilə danışıq aparmağı planlaşdırmışdır. Bu məqsədlə o, ev sahibinin oğluna 50 manat beh vermişdir. Məhkəmə iclasında evin sahibinin oğlunun və digər şahidlərin bildirdikləri ifadələr tamamilə yalandır. Şahid3 və digər şahidlər zərərçəkmiş şəxslər tərəfindən ona qarşı ifadə vermələri üçün öyrədilmişlər. İbtidai istintaq zamanı o, ifadəsini oxumamış, hadisələrin bu həddə çatacağını düşünmədiyi və tərəflər arasında barışığın əldə olunacağı qənaətində olduğu üçün elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəni imzalamışdır. Elnurla birlikdə çalışdıqlarına görə, tövlə ilə bağlı danışıqlardan Elnurun da xəbəri olmuşdur. Həmin vaxt Elnura torpaq lazım olduğundan, onun bu torpaq sahəsini Elnur üçün alacağı barədə Elnurda təəssürat yaranmışdır. O, özünə məxsus torpaq sahəsinin bir hissəsini sataraq Elnurun borcunu ödəyəcəyini bildirmiş, lakin bu, hər hansı dələduzluq niyyəti ilə deyil, yalnız Elnura olan borcun ödənilməsi məqsədilə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, onun zərərçəkmişə yalnız 4000 manat borcu var. 28 baş xırda buynuzlu heyvanla bağlı heç bir borcu yoxdur. Anasına məxsus 3 sot torpaq sahəsinin yarısını zərərçəkənə təklif etmişdir. Həmçinin həmin torpaq sahəsinin sənədlərini düzəldib sataraq yarısının pulunu zərərçəkənə verəcəkdi. Həmin torpağın sahəsi 3 sot olmuş, hər sotunun qiyməti isə təxminən 11 000 – 12 000 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs onun Zərərçəkmiş şəxs torpaq alıb verəcəyi ilə bağlı təəssüratın haradan yarandığını heç özünün də bilmədiyini qeyd etmişdir. Torpaq sahibinə heyvanlarının orada saxlanılması ilə bağlı beh ödəsə də, aralarında aylıq ödəniş şərtləri razılaşdırılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların məhəlləsində qəssab kimi fəaliyyət göstərmişdir. Onun və Təqsirləndirilən şəxs arasında tanışlıq, həmin məhəllədəki qəssab dükanında baş vermişdir. Təxminən 5-6 ay sonra, bu tanışlıq nəticəsində, tərəflər arasında dostluq münasibətləri yaranmışdır. O, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evini satmışdır. Özünə yeni ev almaq məqsədilə bu barədə Eldənizə məlumat vermişdir. Eldəniz isə ona Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Badamlıq adlanan ərazidə qohumlarına məxsus olan evin satıldığını bildirmiş və bundan sonra o, onun qardaşı Mübariz, Eldəniz və evin yiyəsinin oğlu Rahib bir araya gələrək, evin satışı ilə bağlı danışıqlar aparmışdır. Aralarında aparılmış danışıqlar nəticəsində evin qiyməti 16,500 manat müəyyən edilmişdir. Bundan sonra, evin yiyəsi ilə telefon vasitəsilə əlaqə saxlanılmış və evin yiyəsi, nəzərdə tutulmuş məbləğə evin satılmasına etiraz etmədiyini bildirmişdir. Bir gün sonra, Eldəniz onunla görüşərək, evin alışı ilə bağlı ödənişin edilməsi lazım olduğunu bildirmişdir. O, Eldənizə, hazırda evin tam məbləğini ödəmək imkanına malik olmadığını, bir gün səbrli olmasını, özünə məxsus xırda buynuzlu heyvanları həmin gün bazara aparacağını və satışdan əldə olunan məbləğlə tam şəkildə evin alınması üçün lazım olan məbləği ödəyəcəyini bildirmişdir. Lakin, Eldəniz ona bildirmişdir ki, ev yiyəsinin oğlu faiz ödəyir, bu səbəbdən mütləq ona ödəniş etmək lazımdır. Eldəniz təkidlə pulun ödənilməsini istədiyi üçün Mətin adlı tanışına zəng etmiş və ev almaq istədiyini, buna görə də ona pul lazım olduğunu bildirmişdir. Həmin gün, Mətin, o və Eldəniz Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüşərək, Mətinin ona verdiyi 6500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra, ailəsi ilə birlikdə evə baxmağa getmiş, həmin vaxt Eldəniz də onlarla birlikdə olmuşdur. Evinə baxıldıqdan sonra, Eldəniz açarı ona vermişdir. Ardınca, tanışları ilə birlikdə evə bir daha baxmağa getmişdir. O, ayrı-ayrı vaxtlarda, ümumilikdə təxminən 11,700 – 11,800 manat məbləğində pulu evin satışı ilə bağlı Eldənizə vermişdir. Özünə məxsus xırda buynuzlu heyvanları sata bilmədiyi üçün, Eldənizlə aralarında razılaşma əldə edilmiş, bu razılaşmaya əsasən, Eldəniz onun 28 baş xırda buynuzlu heyvanını satmalı və evin satışı üçün tələb olunan pul tam şəkildə ödənildikdən sonra, heyvanların satışından əldə olunan qalan pulu ona qaytarmalı olmuşdur. Özünə məxsus xırda buynuzlu heyvanları Eldənizin qəssab işlədiyi mağazanın qarşısına gətirmiş və Eldəniz burada heyvanları Vüsal adlı şəxsin avtomobilinə mindirərək, satış üçün aparmışdır. Təxminən 2-3 həftə müddətində evin açarı onda qalmış, daha sonra, Eldəniz evin yiyəsinin evdə olan əşyalarını götürmək istədiyini bildirərək evin açarını ondan almışdır. Lakin, açar ona geri qaytarılmamışdır. O, bir müddət gözləmiş, lakin Eldəniz açarı ona təqdim etməmişdir. Bundan sonra, həmin evə getmiş və orada başqa şəxslərin yaşadığını görmüşdür. O, evdə yaşayan şəxsdən ev sahibinin əlaqə nömrəsini alaraq, onunla əlaqə saxlamışdır. Ev sahibi, Eldənizin yalnız 50 manat beh ödədiyini, bir müddət gözlədikdən sonra isə özünə pul lazım olduğu üçün evi başqa şəxsə satdığını qeyd etmişdir. Eldənizlə iş birliyi, əsasən, onun vəsaiti hesabına heyvanların alınması və Eldənizə məxsus obyektə kəsilərək satışını əhatə etmişdir. Bundan əlavə, Eldəniz ona Kəlbəcərdə özlərinə məxsus ərazidə illər əvvəl qızıl basdırdıqlarını və həmin qızılları çıxarmağa gedəcəyini bildirmiş, qəssab dükanını onun işlətməsini təklif etmişdir. O, qəssab dükanını təxminən iki həftə işlətmiş, lakin, bu işi bacarmadığını anlayaraq, Eldənizin bacanağı vasitəsilə Eldənizə xəbər göndərmiş və qəssab dükanını gəlib təhvil almasını bildirmişdir. Evlə bağlı hər hansı sənədləşmə işi aparılmamışdır. Aralarındakı razılaşmaya əsasən, sənədləşmə yalnız evin tam ödənilməsi başa çatdıqdan sonra aparılmalı idi. Eldəniz, onu aldatmış və hər dəfə pulunu istədikdə müxtəlif bahanələr gətirərək, pulu qaytaracağını bildirmişdir. Lakin, daha sonra Eldənizi tapa bilməmiş, valideynləri ilə əlaqə saxladığı zaman, Eldənizin atası oğlunun etdiyi hərəkətlərə görə belə bir övladının olmadığını bildirmişdir. Bundan əlavə, heyvanları avtomobili ilə aparan Vüsal adlı şəxsi tapmış, Vüsal ona heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə apararaq, müəllim kimi müraciət olunan şəxsə verdiklərini bildirmişdir. Mülki iddianın təmin edilməsini Təqsirləndirilən şəxs 21700 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birgə heyvan təsərrüfatı ilə məşğul olmuşlar. O, Təqsirləndirilən şəxs məxsus ət dükanının arxasında yerləşən fermada heyvan saxlatdırdığı üçün onunla tanışlığı da oradan yaranmışdır. Pandemiya dövründə, dəqiq tarixini xatırlamasa da, Zərərçəkmiş şəxs ona zəng edərək ev almaq istədiyini və bunun üçün 8.000 manat məbləğində borc pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt onun 6.500 manat pulu olduğundan, bu məbləği Elnura borc verə biləcəyini demişdir. Bundan sonra o evə gedərək pulu götürmüş və ət dükanının yanında onu gözləyən Elnur və Eldənizin yanına getmişdir. Elnur, Eldəniz və o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qaçqınlar şəhərciyində Eldənizə məxsus ət dükanının yanında görüşmüş və həmin vaxt o, Eldənizə verilməsi üçün Elnura 6.500 manat pul vermiş, Elnur isə həmin pulu onun iştirakı ilə ev alınması üçün Eldənizə təqdim etmişdir. Daha sonra Elnur, evin satışı üçün nəzərdə tutulan məbləğin qalan hissəsinə görə Eldənizə xırda buynuzlu heyvanlar vermişdir. O, şəxsi olaraq heyvanların yük avtomobilinə yüklənməsində də iştirak etmişdir. Sonradan Elnur ona bildirmişdir ki, Eldəniz evin satışı ilə bağlı onu aldadıb. Eldəniz müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Hətta bir dəfə onları Mehdiabad qəsəbəsinə apararaq, içərisində iki mərtəbəli ev olan torpaq sahəsini göstərmiş və həmin torpağın bir hissəsini satmaqla borcu ödəyəcəyini bildirmişdir. Evin qiymətini və yerini o, dəqiq xatırlamır. Elnura verdiyi puldan hazırda 2.000 manat məbləğində vəsait ona geri qaytarılmamış və Elnur Eldənizdən pulunu aldıqdan sonra ona qaytaracağını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, hadisənin pandemiya dövründə baş verdiyini, üzərindən çox zaman keçdiyi üçün dəqiq xatırlamadığını, amma ibtidai istintaq dövründə hadisə yeni baş verdiyindən təfərrüatları daha yaxşı xatırladığını və tam sərbəst ifadə verdiyini bildirmişdir. Buna görə də, istintaq dövründə ifadə verərkən qeyd etdiyi “6500 manat verdikdən bir neçə gün sonra onun iştirakı ilə Elnurun yenidən Eldənizə 3500 manat verməsi” ilə bağlı ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. O, Eldənizə məxsus ət kəsimi dükanında gündəlik 30 manat məvacib almaqla satıcı olaraq çalışmışdır. Zərərçəkmiş şəxs qohumu Eldəniz vasitəsilə tanımışdır. Elnur və Eldəniz birlikdə şərikli şəkildə xırda buynuzlu heyvan və qarpız satışı ilə məşğul olmuşlar. Elnur ət dükanını işlətməyə başladıqdan sonra ona gündəlik 15 manat əməkhaqqı vermiş, lakin həmin məbləğ onun xərclərini qarşılamadığı üçün işdən çıxmışdır. Daha sonra Elnur ona zəng edərək bir neçə gün köməklik etməsini xahiş etmiş, o da ət dükanına gələrək gündəlik 15 manat əməkhaqqı müqabilində ət kəsimi işləri ilə məşğul olmuşdur. Elnurla Eldəniz arasında torpaq və ya ev alqı-satqısı ilə bağlı aparılan danışıqlar barədə onun məlumatı olmamışdır. Onun yanında xırda buynuzlu heyvanlar Eldənizə verilsə də, həmin heyvanların ev və ya torpaq satışı ilə bağlı verilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Sonradan Elnur ona zəng edərək, Eldənizin onu aldatdığını, torpaq alışı ilə bağlı Eldənizə pul verdiyini, lakin Eldənizi tapa bilmədiyini və bu səbəbdən onu polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasının oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla düşmənçiliyi və ya ədavəti yoxdur. Dəqiq xatrılamadığı tarixdə Elnur ona Abşeron rayonu, Məhəmmədi qəsəbəsi ərazisində ev aldığını bildirmişdir. O, ailə üzvləri ilə birlikdə həm Elnuru ev alması münasibətilə təbrik etmək, həm də evin təmizlik işlərində köməklik göstərmək məqsədilə həmin ünvana getmişdir. Elnur təxminən üç gün həmin evdə yaşamış, evin həyətyanı sahəsində heyvan saxlanılması üçün nəzərdə tutulmuş kiçik bir tövlə də olmuşdur. Sonradan o, öyrənmişdir ki, Elnurla onun tanışı arasında pul ilə bağlı mübahisə yaranmış və qeyd olunan ev başqa şəxsə satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs onların məhəlləsində qəssab kimi fəaliyyət göstərmişdir. Onun və Təqsirləndirilən şəxs arasında tanışlıq, həmin məhəllədəki qəssab dükanında baş vermiş, o, bir müddət Təqsirləndirilən şəxs məxsus təndirdə kabab bişirərək satmışdır. Onlar özlərinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evi satmış, özlərinə ev almaq istəməkləri barədə Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Eldəniz isə onlara Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Badamlıq ərazidə qohumlarına məxsus olan evin satıldığını bildirmiş və bundan sonra o, onun qardaşı Elnur, Eldəniz və ev yiyəsinin oğlu bir araya gələrək, evin satışı ilə bağlı danışıqlar aparmışdır. Aralarında aparılmış danışıqlar nəticəsində evin qiyməti müəyyən edilmiş, bundan sonra, evin yiyəsi ilə telefon vasitəsilə əlaqə saxlanılmış və evin yiyəsi, nəzərdə tutulmuş məbləğə evin satılmasına etiraz etmədiyini bildirmişdir. Bir gün sonra, Eldəniz qardaşı Elnurla görüşərək, evin alışı ilə bağlı ödənişin edilməsi lazım olduğunu bildirmişdir. Elnur, hazırda evin tam məbləğini ödəmək imkanına malik olmadığını, özünə məxsus xırda buynuzlu heyvanları həmin gün bazara aparacağını və satışdan əldə olunan məbləğlə tam şəkildə evin alınması üçün lazım olan məbləği ödəyəcəyini Eldənizə bildirmişdir. Lakin, Eldəniz ona bildirmişdir ki, ev yiyəsinə pul lazımdır, bu səbəbdən mütləq ona ödəniş etmək lazımdır. Heyvan satışı ilə bağlı bazarda olduqları zaman o, Elnurdan məsələnin nə yerdə olduğunu soruşmuş, Elnur isə ev ilə bağlı Eldənizə ödəniş etdiyini bildirmişdir. Bundan əlavə, evin ödənişi ilə bağlı Eldənizə iki dəfəyə 28 baş xırda buynuzlu heyvan verilmişdir. O, ailəsi ilə birlikdə evə baxmağa getmiş, həmçinin evin təmizlik işlərinin aparılmasında ailə üzvləri Elnurgilə köməklik etmişdir. Təxminən 2-3 həftə müddətində evin açarı Elnurda qalmış, daha sonra, Eldəniz evin yiyəsinin evdə olan əşyalarını götürmək istədiyini bildirərək evin açarını ondan almışdır. Lakin, açar ona geri qaytarılmamışdır. O, bir müddət gözləmiş, lakin Eldəniz açarı ona təqdim etməmişdir. Bundan sonra, həmin evə getmiş və orada başqa şəxslərin yaşadığını görmüşdür. O, evdə yaşayan şəxsdən ev sahibinin əlaqə nömrəsini alaraq, onunla əlaqə saxlamışdır. Ev sahibi, Eldənizin yalnız 50 manat beh ödədiyini, bir müddət gözlədikdən sonra isə özünə pul lazım olduğu üçün evi başqa şəxsə satdığını qeyd etmişdir. Elnur, qəssab dükanını təxminən iki həftə işlətmiş, lakin, bu işi bacarmadığını anlayaraq, Eldənizin bacanağı vasitəsilə Eldənizə xəbər göndərmiş və qəssab dükanını gəlib təhvil almasını bildirmişdir. Evlə bağlı hər hansı sənədləşmə işi aparılmamışdır. Eldəniz, onları aldatmış və hər dəfə pulunu istədikdə müxtəlif bahanələr gətirərək, pulu qaytaracağını bildirmişdir. Lakin, daha sonra Eldənizi tapa bilməmiş, valideynləri ilə əlaqə saxladığı zaman, Eldənizin atası oğlunun etdiyi hərəkətlərə görə belə bir övladının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Elnur onun qoşusudur. Eldəniz isə onun işlətdiyi kafenin yaxınlığında ət dükanı işlətmişdir. Elnur ona Eldəniz vasitəsilə ev aldığını bildirmiş və o da Elnurla birlikdə həmin evə gedərək, ev alması münasibətilə onu təbrik etmişdir. Sonradan, Eldənizin ona borcu olduğuna görə, Elnuru gördüyü zaman ondan Eldənizin harada olması barədə məlumatının olubolmadığını soruşmuş, həmin vaxt Elnur da, Eldənizi axtardığını və evlə bağlı aralarında problem yarandığını bildirmişdir. O, xırda buynuzlu heyvanların yük avtomobilinə yüklənməsində iştirak etsə də, həmin heyvanların Eldənizə hansı məqsədlə verilməsi barədə məlumatı olmamışdır. Elnurun Eldənizə hansı məbləğdə pul verdiyinin şahidi olmamış, ümumiyyətlə, tərəflər arasında hansı məbləğlə bağlı mübahisə yarandığı barədə də məlumata malik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmişş şəxsi əvvəllər tanımamış, təqsirləndirilən şəxsi isə qəssab olaraq tanımışdır. Özünə toy etmək istədiyinə görə pul vəsaitinə ehtiyac duymuş və bu məqsədlə Məhəmmədli qəsəbəsində yerləşən evini torpaq sahəsi ilə birlikdə satmaq qərarına gəlmişdir. Torpaq sahəsində heyvandarlıqla məşğul olmaq üçün tövlə mövcud olduğundan, Eldənizin işlədiyi ət dükanına gedərək bu barədə ona məlumat vermişdir. Təxminən bir həftə sonra Eldəniz onunla əlaqə saxlayaraq, xalası oğlu kimi təqdim etdiyi Elnur adlı şəxsin evi almaq istədiyini bildirmişdir. Bir müddət sonra Elnur, Eldəniz, Elnurun qardaşı və o, çayxanada görüşmüşlər. Görüş zamanı evlə bağlı danışıqlar aparılmış və evin qiyməti təxminən 16.000–16.500 manat məbləğində müəyyən edilmişdir. Həmin görüşdə ona bildirilmişdir ki, Elnura məxsus heyvanlar satıldıqdan sonra evin pulu tam şəkildə ödəniləcək və ev alınacaqdır. Təxminən bir həftə sonra o, Eldənizlə əlaqə saxlayaraq, evin alınıb-alınmayacağı barədə maraqlanmış, Eldəniz ona, Elnurun özünə məxsus heyvanları satışa çıxardığını və satışdan əldə olunan vəsaitlə evin ödənişinin ediləcəyini bildirmişdir. O, bir müddət gözləmiş, lakin Eldənizdən xəbər ala bilmədiyi üçün yenidən onun işlədiyi obyektə getmişdir. Eldəniz eyni fikirləri təkrarlayaraq, həmin vaxt ona evin alışı ilə bağlı 50 manat beh vermişdir. Təxminən iki-üç gün sonra Eldəniz onunla əlaqə saxlayaraq, rayondan satış məqsədilə heyvan gətirəcəklərini, onsuzda həmin evi alacaqlarını və hazırda boş olduğunu,onun həyətində tövlə olduğuna görə heyvanları ora yerləşdirmək istədiklərini bildirmiş və bu məqsədlə evin açarlarını istəmişdir. Eldəniz ona Elnurun evi alacağını qeyd etdiyinə görə, o, etiraz etməmiş və evin açarlarını Eldənizə təhvil vermişdir. Eldənizin 50 manat pulu heyvanların saxlanılması üçün verdiyini bildirməsi tamamilə yanlış məlumatdır, çünki Elnurun evi almaq niyyəti olmasaydı, o, bu məbləği qəbul etməzdi. Çünki hər 50 manat verənə həmin torpaqda heyvanlarını saxlamağa icazə verməzdi. Açarları verməsinin yeganə səbəbi Elnurun evi alacağına əmin olması olmuşdur. Eldəniz açarı heyvanları tövlədə yerləşdirmək üçün alsa da, ora heyvan aparmamışdır. Açar təxminən iki həftə Eldənizdə qalmışdır. Bu müddət ərzində Elnurun evə gedib gəldiyindən məlumatı olmuşdur. Lakin sonradan ona heç bir ödəniş edilməmiş, o, dəfələrlə Eldənizlə əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməmişdir. Bir neçə nəfərdən Eldənizin yerini soruşduqda isə onların Eldənizi axtardıqlarını, onlara da borcu olduğunu bildirmişlər. Bu səbəbdən, məcbur qalaraq özünə məxsus evi başqa şəxsə 14 000 manata satmışdır. Daha sonra barəsində şikayət olduğu bildirilərək polis bölməsinə dəvət edilmiş və orada Eldənizin ev satmaq adı ilə Elnurdan pul aldığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v.1). “Axtarışda olan şəxsin tutulması barədə” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v.36). “Üzləşdirmə haqqında” 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmişş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişş şəxs Zərərçəkmiş şəxs qeyd olunan məbləği və 28 baş xırda buynuzlu heyvanı, 3 sot torpaq sahəsinin zərərçəkmişş şəxs Zərərçəkmiş şəxs satışı ilə əlaqədar olaraq aldığını, lakin sonradan əldə etdiyi həmin vəsaiti şəxsi ehtiyaclarına sərf etdiyinə görə verdiyi vədə əməl edə bilmədiyini qeyd etmişdir. (i.v 68-69) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-924/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatəti təmin edilməmişdir. (i.v. 88-94). “Qətimkan tədbiri seçilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.98-100). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.103- 104). "Sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 132-136). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il və xx.xx.2013-ci il təvəllüdlü iki azyaşlı övladı var. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli törətmədiyini, onunla birlikdə şərikli qaydada iş gördüyünü, onda yalnız mülki qaydada 4000 manat məbləğində borc aldığını və ona evin, torpaq sahəsinin alınması ilə bağlı hər hansı vəd vermədiyini, bunun qarşılığından ondan pul almadığını.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin halları ilə təkzib olunmaqla rədd edilir. Təqsirləndirilən şəxs Eldəniz Kamil oğlunun bu ifadələr özünü müdafiə xarakterli olub, məhkəmə tərəfindən əsassız sayılır və aşağıdakılarla əsaslandırılır: - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə guya “şərik” olduqlarını, 4000 manat məbləğində pulun da Zərərçəkmiş şəxs tərəfindən ona bu şəriklik münasibətinə görə borc verildiyini bildirmişdir. Əvvəla, əgər tərəflər arasında həqiqətən şəriklik münasibəti olmuşdursa, şərik olan şəxsin digəri ilə yanaşı, eyni məqsəd üçün ona borc verməsi məntiqə ziddir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində bu barədə heç bir bəyanat verməmiş, yalnız məhkəmə istintaqı dövründə belə bir versiya irəli sürmüş, lakin öz iddialarını təsdiqləyən heç bir sübut – nə müqavilə, nə qəbz, nə də şahid ifadəsi – təqdim edə bilməmişdir. - Təqsirləndirilən şəxsin qəssab işləməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs isə mal-qara alqı-satqısı ilə məşğul olmasını nəzərə alsaq, Təqsirləndirilən şəxs zaman-zaman Zərərçəkmiş şəxs heyvan alaraq kəsib satması mümkündür və bu hal Zərərçəkmiş şəxs tərəfindən də təkzib edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs bu ticarət əlaqəsini “şəriklik münasibəti” kimi təqdim etməsi işin faktiki halları ilə tam ziddiyyət təşkil etmişdir. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara bir-birindən əlaqəsiz və ziddiyyətli cavablar vermiş, Zərərçəkmiş şəxslə aralarında ev və ya torpaq alqı-satqısı ilə bağlı hər hansı məsələ olmadığını bildirmiş, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş ev sahibinin oğlu Şahid3 ifadələrinin eyni məzmunda və bir-birini təsdiqləyən olması faktını izah edə bilməmişdir. Həmçinin, digər şahidlərin ifadələrinin də bu halları təsdiqləməsinə baxmayaraq, təqsirləndirilən şəxs onların hamısının eyni faktı niyə uyğun şəkildə ifadə etdiyini əsaslandıra bilməmişdir. - Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 50 manat pulu torpaq sahəsində yerləşən tövlədən istifadə üçün vermişdir. Lakin o, bu “razılaşmanın” konkret şərtlərinin nədən ibarət olduğunu açıqlaya bilməmişdir. Şahid3 isə ifadəsində göstərmişdir ki, əgər Zərərçəkmiş şəxs tərəfindən evin və torpaq sahəsinin alınması ilə bağlı razılıq olmasaydı, o, həmin torpaq sahəsində yerləşən tövlədən Təqsirləndirilən şəxs istifadəsinə heç vaxt razılıq verməzdi. Şahid3 sözlərinə görə, alınan 50 manat məbləğ ev və torpaq üçün beh olmuşdur. Şahid3 eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs dediklərindən belə çıxır ki, hər hansı şəxs 50 manat ödəməklə həmin tövlədən istifadə hüququ əldə edə bilərdi, bu isə heç bir məntiqə sığmır. - Təqsirləndirilən şəxs iddia etmişdir ki, evin açarını heyvanları tövlədə saxlamaq üçün Şahid3 istəmişdir. Lakin açar onun əlində olduğu müddətdə heç bir heyvan oraya aparılmamış, əksinə, o, açarı Zərərçəkmiş şəxs vermiş və həm özü, həm də Şahid3 Zərərçəkmiş şəxs həmin müddətdə evə gedibgəldiyini bilmişlər. - Şahid3 ifadəsinə əsasən, 3 açar birgə (evin, torpağın, tövlənin) birbaşa Təqsirləndirilən şəxs verilmiş, o isə açarı Zərərçəkmiş şəxs təqdim etmişdir. Əgər Təqsirləndirilən şəxs bildirdiyi kimi açarı heyvan saxlamaq məqsədilə almış olsaydı, açarı üçüncü şəxsə – Zərərçəkmiş şəxs verməsinin heç bir məntiqi izahı olmazdı. - Yuxarıda qeyd olunan bütün hallardan aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ev alqı-satqısı barədə yalan məlumat verməklə, onun etimadını qazanmış, evin açarını alaraq real alqı-satqı təəssüratı yaratmış, bundan istifadə edərək pul və heyvanları qəbul etmiş, daha sonra isə ev sahibinin evdən əşyalarını çıxarmaq istəməsi bəhanəsi ilə açarları geri alıb Şahid3 təqdim etmiş, tərəflərlə əlaqəni tamamilə kəsmiş və pul və ya əvəzedici əmlakı geri qaytarmamışdır. - Əmlak sahibinə hər hansı məbləğ ödənilmədiyi halda, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə guya evin artıq alındığını bildirərək onu elə dərəcədə inandırmışdır ki, zərərçəkmiş şəxsin yaxın qohumları belə bu münasibətlə onu təbrik etməyə getmişlər. Bütün qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə fərqli versiya danışmaqla məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Lakin iş materiallarının, şahid ifadələrinin və sübutların məcmusundan görünür ki, bu versiya həqiqətə uyğun deyildir. Hadisələrin ardıcıllığı açıq-aydın göstərir ki, Təqsirləndirilən şəxs əvvəlcədən plan quraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmiş, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, məhkəmə tərəfindən məhkəmə istintaqı dövründə tərəflərin diqqətinə çatdırılmışdır ki, ittiham aktında “17 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 58-ci Kürdəxanı küçəsi, məcburi köçkünlərə məxsus yaşayış kompleksinin qarşısında 6500 manat, ikinci dəfə eyni ünvanda 2021-ci İlin avqust ayının son 10 günlüyündə 3500 manat, 2021-ci ilin sentyabr ayının əvvəlində eyni ünvanda 360 manat və sonuncu dəfə 2021-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda hər biri 240 manat olmaqla ümumilikdə 6720 manat dəyərində 28 baş xırda buynuzlu heyvanları alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 17080 (on yeddi min səksən) manat məbləğində xeyli miqdarda maddi ziyan” vurulduğu qeyd olunsa da, qeyd olunan məbləğlərin cəminin 17080 manat deyil 17320 manat olduğu, lakin ittiham aktında və ibtidai istintaq dövründə yekun ziyan məbləğinin 17080 manat qeyd olunduğu bildirilmiş və təqsirləndirilən şəxsin müdafiəsini 17080 manat ziyan məbləğinə münasibətdə qurduğunu bildirmiş və bununla bağlı iş üzrə tərəflərin mövqeyi öyrənilmişdir. Məsələ ilə bağlı hər hansı vəsatət daxil olmamış, tərəflər məhkəmə istintaqının yekun ziyan məbləğinin 17080 manat qəbul edilməklə davam etdirilməsini xahiş etmişlər. Məhkəmənin ittihamın həcmini artırmaq səlahiyyəti olmadığından, nə dövlət ittihamçısının, nə də zərərçəkmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinə əsasən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə təklifi olmadığından məhkəmə hesab edir ki, cinayət işi üzrə yekun ziyan məbləği ittiham aktında qeyd olunduğu kimi 17080 manat qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxsin ifadəsi, işin faktiki halları və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 26 dekabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, mülki iddi maddi ziyana münasibətdə tam təmin edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iclasında zərərçəkmişş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verib 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmişş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 17080 (on yeddi min səksən) manat məbləğində pul vəsaitini ələ keçirməsi faktının təsdiq olunduğunu, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmişş şəxsə ümumilikdə 17080 (on yeddi min səksən) manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 69-cu bəndində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmişş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs (qaçqın statusu olduğuna görə dövlət rüsumunun ödənilməsindən azad) tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 17080 (on yeddi min səksən) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmişş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 dekabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs dələduzluq cinayəti nəticəsində vurulmuş 17080 manat məbləğində maddi ziyan, Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İki ədəd disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar