Məhkəmə qərarları › İş №1(008)-354/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-354/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-354/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1965-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı AC 379708 nömrəli nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus «Suzuki SX4» markalı, «az ** FX ***» dövlət qeydiyat nişanlı ağ mirvari rəngli minik avtomobili ilə 15 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti, Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun «Olimpiya Stadionu» ilə «Koroğlu» metrostansiyasının arasında olan hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydanı pozaraq avtomobilin qabaq sol hissəsi ilə qarşısında yolu sağdan sola keçən piyada X5 ehtiyatsızlıqdan vurub ona sağ baldır sümüklərinin yerini dəyişən, açıq-qəlpəli sınığı və həmin səviyyədə baldırın əzilmiş yarası, sol bazu və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları kimi, həyati olub dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs M.İ.Mazanovun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 23:05 radələrində avtomobil ilə ailə üzvləri, həyat yoldaşı Elnarə, qaynanası Gövhər, baldızının qızı Aynurə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində yolun sağ hərəkət hissəsi ilə təxminən 60-70 km/saat sürətlə hərəkət edərkən yolun «Olimpiya Stadionu» ilə «Koroğlu» metrostansiyasının arasında olan hissəsində qəfildən sol tərəfindən zərbə hiss etmişdir. Nə baş verməsini öyrənmək üçün avtomobilinin sürətini azaldaraq sağ tərəfə istiqamətləndirməklə qarşısındakı yol ayırıcını keçib bir qədər irəli hərəkət edərək avtomobili qarşıdakı asma körpünün alt hissəsində saxlamışdır. Ondan bir qədər irəlidə isə gümüşü metallik rəngli «Toyota Rav 4» markalı, «az ** BV ***» dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Məlum olmuşdur ki, həmin avtomobil də həmin vaxt zərbə alıb. Hər ikisi avtomobillərinə baxıb zədələnmiş hissələrini müəyyən etmişlər, onun avtomobilinin sol hissəsi, «Toyota Rav 4» markalı avtomobilin isə sağ hissəsi deformasiyaya uğramışdır. Arxaya çevrilib baxdıqda görmüşlər ki, arxada yolun sol hissəsində vətəndaşlar toplaşıb. Həmin hissəyə yaxınlaşdıqda görmüşlər ki, yerdə asfaltın üzərində, yolun sol hərəkət hissəsində üzərində xəsarət izləri olan kişi meyiti var. Hər ikisi hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlmişlər. Həkimlər ölüm faktını təsdiq edib çıxıb getmişlər. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, mərhum M.İ.Mazanov onun atası idi. Mərhum atası hadisədən təxminən 5-6 ay əvvəl Zabrat qəsəbəsindəki dəmir sexlərindən birində fərdi qaydada qaynaqçı kimi fəaliyyət göstərirdi. 15 sentyabr 2023-cü il tarixdə axşam atası evə gəlmədiyindən narahat olmağa başlamışlar. 16 sentyabr 2023-cü il tarixdə səhər saatlarında polisdən onlara zəng gəlmiş, atası Musanı yolda avtomobil vurduğunu və onun Sabunçu Xəstəxanasında olduğunu bildirmişlər. Ora getdikdə isə müəyyən etmişdi ki, atası Musa Bakı şəhəri, Sabunçu rayonu ərazisində, X10 Olimpiya Stadionunun yaxınlığında yolu keçmək istəyərkən onu əvvəl «Suzuki SX4» markalı, «az ** FX *** dövlət» qeydiyyat nişanlı avtomobil, daha sonra isə həmin avtomobilin arxası ilə hərəkətdə olan «Toyota Rav 4» markalı, «az ** BV ***» dövlət qeydiyat nişanlı avtomobil vurmuş, nəticədə atası elə hadisə yerindəcə dünyasını dəyişib. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gümüşü metallik rəngli «Toyota Rav 4» markalı, «az ** BV ***» dövlət qeydiyyat nişanlı avtomobil qohumu S.T.İsrafilova məxsusdur. Həmin avtomobili satmaq üçün bibisi oğlu Nemət Abdulovun məhəlləsinə qoymuşlar. Hərdən Nemətə avtomobil lazım olduqda həmin avtomobili götürüb idarə edirdi. 15 sentyabr 2023-cü il tarixdə Nemətin səhətində problem yarandığından həmin avtomobilin açarlarını ona verərək xahiş etmişdir ki, Buzovna qəsəbəsinə gedib bağındakı itlərinə yemək aparsın. O belə də etmiş, həmin avtomobil ilə Buzovna qəsəbəsinə getmiş, axşam saat təxminən 23:05 radələrində həmin avtomobil ilə tək Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində yolun soldan sonuncu hərəkət hissəsi ilə təxminən 80-85 km/saat sürətlə hərəkət edərkən yolun «Olimpiya Stadionu» ilə «Koroğlu» metrostansiyasının arasında olan hissəsində sağ tərəfindəki hərəkət zolağı ilə ondan təxminən 5-10 metr irəlidə hərəkət edən «Suzuki SX4» markalı, «az ** FX ***» dövlət qeydiyyat nişanlı ağ mirvari rəngli minik avtomobili qəfildən ziqzaqvari hərəkət etməsini, qarşısında qaraltı olmasını, sol qabaq hissəsindən toz qalxmasını və kənarlara ehtiyat hissələrinin sınıqlarını sıçramasını görmüş və avtomobilinin ön sağ təkəri tərəfdən yan hissədən nəyin isə dəyməsini hiss etmişdir. Nə baş verməsini öyrənmək üçün avtomobilinin sürətini azaldaraq sol tərəfdə öz hərəkət istiqamətində saxlamışdı. Lakin arxadan intensiv avtomobil axını olduğundan yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə avtomobilini yolun sağ tərəfinə çəkmiş və qarşıdakı asma körpünün alt hissəsində saxlamışdır. «Suzuki SX4» markalı, «az ** FX ***» dövlət qeydiyyat nişanlı ağ mirvari rəngli minik avtomobili də həmin yerdə dayanmış və orta yaşlı sürücüsü aşağı enmişdir. Hər ikisi avtomobillərinə baxıb zədələnmiş hissələrini müəyyən etmişlər. Onun avtomobilimin qabaq buferinin sağ alt hissəsi, «Suzuki SX4» markalı avtomobiln isə qabaq sol hissəsi deformasiyaya uğramışdır. Arxaya çevrilib baxdıqda görmüşlər ki, arxada yolun sol hissəsində vətəndaşlar toplaşıb. Həmin hissəyə yaxınlaşdıqda görmüşlər ki, yerdə asfaltın üzərində, yolun sol hərəkət zolağı ilə sağ hərəkət zolağının arasında olan xəttin üstündə üzərində xəsarət izləri olan kişi meyiti var. Hər ikisi hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlmişlər. Həkimlər ölüm faktını təsdiq edib çıxıb getmişlər, polis əməkdaşları isə onların iştirakı ilə hadisə yerinin müayinəsini keçirmişlər. Həmin vaxt hava qaranlıq olduğundan, əks istiqamətdən hərəkət edən avtomobillərin işıqları gözünə düşdüyündən, əynindəki paltarlar qara rəngli olduğundan piyadanın qarşılarına çıxması anını o, görməmişdir. O, sadəcə olaraq qarşında hərəkət edən «Suzuki SX4» markalı avtomobilin qarşısından zərbə dəyməsini görmüşdür. Hadisə vaxtı o, hərəkəti üçün təhlükəni yalnız özündən 5-6 metr öndə hərəkət edən «Suzuki SX4» markalı avtomobilin ön hissəsindən toz qalxması və detal hissələrinin kənarlara sıçraması anında hiss etmişdir, həmin vaxt da ara məsafələri az imiş, həmin anda o, əyləci sıxaraq sürətini azaltsa da qabaq sağ təkərindən zərbə hiss etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəisndə göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində xidmətdə, əməliyyat qrupunun tərkibində növbədə olarkən İdarəyə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektinin Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində, yolun «Olimpiya Stadionu» ilə «Koroğlu» metrostansiyasının arasında olan hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi. Əməliyyat qrupunun tərkibində hadisə yerinə getmiş, müstəntiq ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. Müəyyən olmuşdur ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində, yolun «Olimpiya Stadionu» ilə «Koroğlu» metrostansiyasının arasında olan hissəsində yolu sağdan sola keçən piyada, şəxsiyyəti sonradan müəyyən edilmiş M.M.Mazanov ehtiyatsızlıqdan Hava Limanı istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olan, Təqsirləndirilən şəxs idarə etdiyi «Suzuki SX4» markalı, «az ** FX ***» dövlət qeydiyat nişanlı ağ mirvari rəngli minik avtomobilinin qabaq hissəsi ilə vurularaq asfalt üzərinə çırpılıb, daha sonra isə arxadan eyni istiqamətdə hərəkət edən, Şahid1 idarə etdiyi «Toyota Rav 4» markalı, «az ** BV ***» dövlət qeydiyat nişanlı gümüşü metallik rəngli minik avtomobili yerə çılpılmış piyadanın üzərindən keçib, nəticədə piyada elə hadisə yerindəcə ölmüşdü. Onlar hadisə yerinə çatdıqda hər iki nəqliyyat vasitəsinin sürücüləri və idarə etdikləri avtomobillər hadisə yerində idilər. Hər iki avtomobilin ön hissələrinin üzərində hadisəyə dəlalət edən deformasiya izləri aşkar surətdə müşahidə olunurdu. Sürücülər hadisənin qəfildən baş verməsini bildirərək hadisənin qarşısını almağa imkan tapmadıqlarını qeyd edirlərdi. İş üzrə keçirilmiş, məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Hüquqi şəxsin 253 saylı, 16 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum X3 meyitində baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyinin hissəvi evakuasiyası, beyin maddəsinin yumşaq qişalarına və onurğa beyninin boyun şöbəsinə qansızma, kəllə tağı, əsası və üz skelet sümüklərinin açıq-qəlpəli, 1-İİ boyun fəqərələrinin, döş fəqərələrinin, hər iki körpücük sümüyünün, iki tərəfli qabırğaların, çanaq sümüklərinin, hər iki bazu, sağ said, hər iki bud sümüklərinin yerini dəyişən, qapalı, qəlpəli sınıqları, sağ baldır sümüklərinin yerini dəyişən, açıq-qılpılisınığı və həmin səviyyədə baldırın əzilmiş yarası, aralıq nahiyəsinin geniş ölçüdə əzilmiş-cırılmış yarası, qarın, çanaq, sol əl nahiyələrinin qançır və sıyrıqları kimi, həyati olub, ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 sentyabr 2023-cü il tarixdə və şəraitdə, yəni eyni istiqamətdə hərəkətdə olan iki avtomobilin birinin onu vurub asfalt örtüyünə çırpması, digərinin isə onun üzərindən keçməsi nəticəsində törənə bilən, xarakter və lokalizasiyasına görə sağ baldır sümüklərinin yerini dəyişən, açıq-qəlpəli sınığı və həmin səviyyədə baldırın əzilmiş yarası, sol bazu və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları hərəkətdə olan birinci avtomobilin ön-yan qabarıq hissəsi ilə vurub asfalt örtüyünə çırpması, digər xəsarətlər isə eyni istiqamətdə hərəkətdə olan digər avtomobilin onun üzərindən keçməsi nəticəsində törənə bilən, istər sağ baldır sümüklərinin yerini dəyişən, açıq-qəlpəli sınığı və həmin səviyyədə baldırın əzilmiş yarası, sol bazu və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, istərsə də digər xəsarətlər ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər aşkar edilmişlər. Mərhum M.İ.Mazanovun ölümünə səbəb almış olduğu xəsarətlərlə bağlı baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvələ uyğun gəlir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/3905 saylı, 24 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Suzuki Sx4» markalı, «az ** FX ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 14 noyabr 2023-cü tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.D.Y.P.İ-in 24 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx xxxxxx 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29 dekabr 2019-cu il tarixdə (29 dekabr 2029-ci il tarixədək etibarlı olan) AC 379708 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında tərtib olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin göstərdikləri, ekspertiza rəyləri, videodisk və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Onların təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə) məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 09 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,104). Cinayət işinin materiallarında olan 09 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,129). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut hesab edilən bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilən bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar