Məhkəmə qərarları › İş №1(008)-359/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-359/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-359/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərd əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəmnində baş vermiş mübahisə zamanı qəsdən əl və ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq boyun, sol bazu, sol mil-bilək oynağı, sağ said, sol baldır nahiyələrinin qançırları, sol saidin sıyrığı kimi dərəcələri təyin edilməyən və ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin dərialtı hematoması kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 2 azyaşlı övladları var. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində işləməyə başladıqdan sonra aralarındakı münasibət pozulmuşdur. 19 mart 2024-cü il tarixdə övladları ondan Novruz bayramı ilə əlaqədar qapılara papaq atmağa icazə verməsini xahiş etmiş, o, övladlara papaq atmağa binanın yuxarı mərtəbəsindən başlamağı təklif etmişdir. O, övladları ilə birlikdə binanın yeddinci mərtəbəsinə qalxmış, övladları bir neçə qapıya papaq atdıqdan sonra, həyətə enərək həyətdə olan küləfirəngidə əyləşmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs taksidən enərək yaşadıqları evə qalxmışdır. O, uşaqlara baxmaq üçün binanın yeddinci mərtəbəsinə qalxmış, lakin, bir neçə mərtəbəyə baxsa da, uşaqları tapa bilməmişdir. O, uşaqların evə gedə biləcəyini düşündüyü üçün evə daxil olaraq uşaqların harada olduğunu soruşmuş, həmin vaxt, Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmışdır. O, yenidən evdən çıxaraq 3cü mərtəbədən uşaqları götürərək evə geri qayıtmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yüksək səslə qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbləşərək ayağa qalxaraq otaqdan çıxmışdır. O, evin əsas qapısının giriş hissəsində Zərərçəkmiş şəxs onu təhqir edərək üzərinə gəldiyi üçün ilkin olaraq olaraq onu itələmiş, lakin, Zərərçəkmiş şəxs hərəkətlərini davam etdirərək onun üzərinə gəlməyə davam etmişdir. O, Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq məqsədi ilə 2-3 dəfə onun ayaq hissəsindən təpiklə vurmuşdur. Daha sonra X3 araya girərək onları ayırmağa çalışmış, barəsində polisə şikayət olunduğu üçün polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 2 azyaşlı övladları var. Şirvan Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir.19 mart 2024-cü il tarixdə, saat 20 radələrində taksi ilə yaşadığı ünvan 2 ünvanına gəlmiş, həmin vaxt, Təqsirləndirilən şəxs həyətdə olan külafirəngidə əyləşdiyini görmüşdür. O, evə qalxdığı zaman uşaqların evdə olmadığını görərək onların harada olduğunu anası Abbasova X1, anası uşaqların papaq atmaq üçün Təqsirləndirilən şəxs ilə birlikdə getdiyini bildirmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs evə gələrək uşaqların harada olduğunu ondan soruşmuş, o, bu barədə məlumatı olmadığını, anasının uşaqların onunla getdiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs qışqıraraq onun anası ilə mübahisə etmiş, o, Təqsirləndirilən şəxs anası ilə mübahisə etməsi ilə bağlı etirazını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs mübahisə zamanı onun üzərinə gələrək onu boğmağa çalışmış, ona təpik və yumruq zərbələri vuraraq onu itələmiş, o, evdə olan güzgüyə dəymişdir. Daha sonra yenidən onun boğmağa çalışmış, həmçinin, boyun nahiyəsindən tutaraq təpiklə onun ayağına bir neçə zərbə vurmuş, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Hadisə zamanı anası X3 araya girərək Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qızı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs isə qızının əridir. 19 mart 2024-cü il tarixdə, saat 20 radələrində qızı Zərərçəkmiş şəxs ona zəng edərək həyətdə olduğunu, aşağı düşərək əlində paketləri evə qaldırmaqda ona köməklik etməsini xahiş etmişdir. O, həyətə düşərək əlində paketləri qaldırmaq Zərərçəkmiş şəxs köməklik etmiş, həmin vaxt, Təqsirləndirilən şəxs həyətdə olan külafirəngidə oturduğunu görmüşdür. Evə qalxdıqdan sonra Zərərçəkmiş şəxs ondan uşaqların harada olduğunu soruşmuş, o, Zərərçəkmiş şəxs uşaqların Novruz bayramı ilə əlaqədar ataları ilə birlikdə papaq atmağa getdiyini bildirmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs evə gələrək uşaqların harada olduğunu soruşmuş, o, Təqsirləndirilən şəxs uşaqların onunla birlikdə papaq atmağa getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qışqıraraq onunla mübahisə etmiş, qızı Zərərçəkmiş şəxs onunla mübahisə etməsinə görə Təqsirləndirilən şəxs etiraz etdiyinə görə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs yaşadıqları evin dəhlizində Zərərçəkmiş şəxs boğmağa çalışmış, onun boynundan tutaraq ardıcıl təpik zərbələri vurmuşdur. O, onları sakitləşdirmək məqsədi ilə araya girərək mübahisəyə müdaxilə etmiş, həmin vaxt, Təqsirləndirilən şəxs ona da, xəsarət yetirməsinə baxmayaraq, bununla bağlı şikayətçi olmamışdır. İş materiallarının 30-32-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Sabunçu rayon şöbəsinin 02 aprel 2024-cü il tarixli, 622 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin dərialtı hematoması, boyun, sol bazu, sol mil- bilək oynağı, sağ said, sol baldır nahiyələrinin qançırları, sol saidin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sıyrıq və qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarının 47-ci vərəqəsində olan AZ İİİ seriyalı, 134256 nömrəli və AZ İV seriyalı, 067784 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. İş materiallarının 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar