Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-361/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı tanışı Zərərçəkmiş şəxs spirtli içkilərin satışı ilə bağlı uzunmüddətli səriştəsi olmasını və çoxlu müştərisi olduğunu bildirməklə birgə iş qurub spirtli içkilərin satışı ilə məşğul olaraq yüksək qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək onu inandırmaqla aldadıb icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən və fəaliyyət göstərən “Yeni Markef’in içində 2021-ci ilin may ayının əvvəlində günorta saatlarında 1.000 manat, 2021 -ci ilin may ayının ortalarında 5.000 manat, 2021-ci ilin may ayının sonlarında 8000 manat, 2021-ci ilin iyun ayının əvvəllərində 13.000 manat və 2021-ci ilin iyun ayının ortalarında isə 5.000 və 8.000 manat pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alaraq, vədinə əməl etməyib ələ keçirmiş və bununla Zərərçəkmiş şəxs ümumilikdə 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən 2021-ci ilin yanvar ayına kimi "xxxx" MMC-də ticarət nümayəndəsi işləmiş və Bakı şəhərində mağazalara şokalad və şirniyyat paylamış, həmin ərəfədə ünvan 3 ünvanında yerləşən və fəaliyyət göstərən «Yeni Market» adlanan marketin sahibi Zərərçəkmiş şəxs ilə tanış olmuş, işlədiyi dövrdə onun mağazasına da mal vermiş, sonradan Rövşənlə çox yaxın münasibəti yaranmış və işdən çıxdıqdan sonra da onunla görüşmüş, Rövşən ona qarşı çox səmimi olmuş və problemlərinin həll olunmasında köməklik göstərmişdir. Eləcə də o, göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəlində işsiz olduğu üçün Zərərçəkmiş şəxs işlətdiyi mağazaya gedərək ona müəyyən məbləğdə pul vəsaiti verməsini xahiş etmiş və həmin pulla topdansatış qiymətə spirtli içki alıb Respublikanın rayonlarında olan tanışlarına sataraq bu yolla hər ikisinin qazanc əldə edəcəklərini bildirmiş, Rövşən onu tanıdığına və yaxın münasibətdə olduğuna görə inanaraq birinci dəfə 2021 -ci ilin may ayında günorta saatlarında işlətdiyi mağazada 1.000 manat pul vermiş, həmin pulla bir az mal alıb Bakıxanov qəsəbəsində tanıdığı müştərilərə satmış və müəyyən qazanc əldə etmiş, hətta Rövşənə 200 manat qazanc vermiş, bu səbəbdən Rövşən onun iş görməsinə inanmış, ikinci dəfə isə may ayının ortasında Rövşəndən 5.000 manat götürmüş və həmin pulun da üstündə Rövşənə 700 manat qazanc vermiş, bununla Rövşəni geniş əhatə dairəsi olmasına və çoxlu müştərisi olmasına inandırmış və məqsədi ondan böyük məbləğdə pul almaq istəmiş, belə bir addım atmaqda məqsədi isə ayrı-ayrı şəxslərə və əvvəl işlədiyi şirkətə toplamda 15.000 manat borcu olması olmuş, ona görə Rövşəndən pul alıb borclarını bağlamaq istəmiş, Rövşənin pulunu isə hissə-hissə qaytarmağı fikirləşmişdir. Həmçinin o, göstərmişdir ki, 2021-ci ilin may ayının sonlarında Rövşəndən 8.000 manat pul götürmüş, həmin məbləğə görə Rövşənə 400 manat qazanc vermiş, bundan bir həftə yəni 2021- ci ilin iun ayının əvvəlində Rövşəndən əlavə olaraq 13.000 manat pul götürmüş, həmin pula görə isə ona 500 manat qazanc vermiş, bu səbəbdən Rövşən ona inanmış və onu iş adamı kimi qəbul etmiş, Rövşəndən aldığı pulun bir hissəsini borclarından qaytarmış, eyni zamanda alverlə məşğul olmuş, 2021-ci ilin iyun ayının ortalarına kimi isə Rövşəndən 5.000 və 8.000 manat olmaqla ümumilikdə ondan 40.000 (qırx min) manat götürmüş, həmin pulun çox hissəsini borclarına vermiş, 8.000 manatını isə Rövşənə qaytarmış, hazırda onun Zərərçəkmiş şəxs 32.000 manat borcu qalmışdır. Daha sonra o, göstərmişdir ki, Rövşən ondan pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək vaxt almış, çünki işləmədiyinə görə pulunu qaytarmaqda çətinlik çəkmiş, Rövşəndən birgə iş görüb qazanc əldə etmək adı ilə götürdüyü pulun bir hissəsini «Topaz» mərc oyununda uduzmuş, hətta Rövşən qumarda pul uduzduğunu öyrənərək Masallı rayonunda yaşayan valideynlərinin yanına getmiş və bu barədə onlara bildirmiş, həmin vaxt atası ondan pulu düzəldib qaytarması üçün vaxt istəmiş, ancaq imkan olmadığına görə Rövşənin pulunu qaytara bilməmiş və buna görə Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş, Zərərçəkmiş şəxs aldığı pulun hamısını onun işlətdiyi ünvan 3 ünvanında yerləşən və fəaliyyət göstərən «Yeni Market» adlanan marketin içərisində həyat yoldaşı Leyla Əmirovanın iştirakı ilə almış, Rövşəni birgə iş görüb qazanc əldə etmək adı ilə aldadıb pul almaqda məqsədi borclarını qaytarmaq olmuş, çünki borclarını qaytarması üçün başqa yolu olmamışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşamış, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olub ünvan 3 ünvanında yerləşən «Yeni Market» adlı marketi icarəyə götürərək işlətmişdir. Bundan başqa o, göstərmişdir ki, mağazanı işlətdiyi dövr ərzində "xxxx" şirkətində işləyən təmsilçi Təqsirləndirilən şəxs tanımış və o, işlətdiyi mağazaya gələrək şirkətin mallarını satdığı üçün onunla yaxın münasibəti yaranmış, 2021-ci ilin əvvəlində Təqsirləndirilən şəxs işdən çıxarılmasına baxmayaraq onunla yaxın münasibəti olduğuna görə hər gün iş yerinə gəlibgetmiş, 2021-ci ilin may ayının əvvəlində Təqsirləndirilən şəxs iş yerində olan zaman ona müəyyən məbləğdə pul vəsaiti verməsini və onunla birgə iş qurub qazanc əldə etmələrini, həmin pulla Respublikanın rayonlarında olan müştərilərinə spirtli içkilər satıb qazanacaqlarını təklif etmiş, fikirləşərək Təqsirləndirilən şəxsm təklifi ilə razılaşmış və ona hissə-hissə istədiyi məbləği vermiş, hətta Təqsirləndirilən şəxs onu inandırmaq üçün qohumu Vüqarı “Xalid” adlı şirkət meneceri kimi təqdim etmiş və yaxşı əhatə dairəsi olmasını bildirmiş, bu səbəbdən Təqsirləndirilən şəxs inanaraq ilk dəfə 2021-ci ilin may ayının əvvəlində günorta saatlarına iş yerində ona 5.000 manat vermiş və üç gün sonra Savalan həmin pulun üstündə qazanc olaraq ona 200 manat gətirib vermiş, sonra 5.000 manat pulun üstünə 3.000 manat da qoyaraq ona 8.000 manat vermiş və Savalan həmin məbləğin üstündə qazanc olaraq ona 400 manat vermiş, bundan sonra həmin 8.000 manat pulun üstünə əlavə 5.000 manat qoymaqla ona 13.000 manat vermiş və Təqsirləndirilən şəxs həmin məbləğə görə ona 500 manat qazanc vermiş, beləliklə Təqsirləndirilən şəxs onu inandırmaqla ümumilikdə 40.000 manat pulunu almış, sonradan məbləğin artdığını görərək Təqsirləndirilən şəxs verdiyi pulu qaytarmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış, sonradan isə Savalanın aldığı pulları qumarda uduzmasını eşidib-bilmiş, ona görə Savalanın Masallı rayonunda yaşadığı ünvana gedib onun valideyinləri ilə görüşmüş və baş vermiş hadisə ilə bağlı valideyinlərinə məlumat vermiş, həmin vaxt Savalanın valideyinləri şikayət etməməsini xahiş edərək qısa zaman ərzində pulunu tam qayrtaracaqlarına söz vermiş, lakin hissə-hissə olmaqla Təqsirləndirilən şəxs valideyinləri ona ümumilikdə 7.750 manat pul qaytarmış, sonradan isə pulunun qalan hissəsini qaytarmaqdan imtina edərək «bizim sənə verəcək pulumuz yoxdur» demiş, bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlasa da heç bir nəticə olmadığını görüb ondan şikayət etmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs aralarında olan dostluq münasibətlərindən istifadə edərək onu aldadıb pulunu ələ keçirmiş və müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyanın çox hissəsi ödənilmiş, digər hissənin isə hissə-hissə ödənilməsi barədə təqsirləndirilən şəxslə razılığa gəlinmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə törədilmiş cinayət nəticəsində ona 40000 manat məbləğində maddi ziyan dəydiyini, həmin zərərdəm 16450 manat hissəsinin ona qaytarılmadığını qeyd edərək ödənilməmiş həmin məbləğin və mülki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş 140 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qohumu Savalan 2017-ci ildən 2021-ci ilin yanvar ayınadək "xxxx" MMC-də ticarət nümayəndəsi işləmiş və Bakı şəhərində mağazalara şirniyyat paylamışdır. O, sonradan işdən çıxmışdır. O, əvvəllər Zərərçəkmiş şəxs tanımamış, onu ilk dəfə 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül salonunun qarşısında görmüş, həmin vaxt Savalanla Rövşən maşında oturmuş, onlara yaxınlaşaraq maşına əyləşmişdir. O, Rövşənin Savalana pul verməsini görməsə də, Savalan həmin gün bağlı paketi verərək içərisində pul olduğunu bildirmiş və saxlamaq üçün ona vermiş, şirkətin pulu olduğunu, təxminən iki saata gəlib götürəcəyini bildirmiş, sonra maşından düşüb getmiş, Savaln isə maşında qalmışdır. Evdə olan zaman Savalanın zəngi ilə Qaraçuxur qəsəbəsinə getmiş və orada Savalanla görüşüb pulu ona vermiş, təxminən 30 dəqiqə sonra Savalan ona zəng edərək burada 10.000 manat var, 5000 manat çatmır demişdir. O, isə Savalana pulu nevə vermişdisə elə də qaytardığını bildirmişdir. Daha sonra 2022-ci ilin əvvəllərində o, Savalanın Rövşəni birgə iş qurub spirtli içki satmaq adı ilə aldadaraq 40000 manat pulunu ələ keçirdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərinin ifadələrinin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.127-133). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.39). “Axtarışda olan şəxsin tutulması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 10 noyabr 2022-ci il tarixdə tutulmuşdur (i.v.51). 11 noyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.68-69). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli, 4(008)- 924/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmaqla 26 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v.98-102). Zərərçəkmiş şəxs tərəfindən 18 noyabr 2022-ci il tarixdə verilmiş qəbzdən görünür ki, təqsirləndirilən şəxsin atası tərəfindən vurulmuş zərərdən ümumilikdə 22750 manat məbləğində pul ödənilmiş, qalan 17250 manat məbləğin isə hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir (i.v.106). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.114-116). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2019-cu il təvəllüdlü (X1) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini (CM-nin 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibətdə məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 40000 manat məbləğində maddi ziyan vurulmasının sübuta yetirildiyini, həmin ziyandan 23550 manat hissəsinin zərərçəkmiş şəxsə qaytarılmasının, qalan 16450 manat hissəsinin isə qaytarılmamasının iş materialları ilə təsdiq edildiyini nəzərə alaraq mülki cavabdeh tərəfindən verilmiş mülki iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 16450 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə isə 140 manat məbləğində pul vəsaiti, cəmi 16590 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 noyabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 ay 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 16450 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə isə 140 manat məbləğində pul vəsaiti, cəmi 16590 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-361/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-361/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver